Qaraciyərinlə
gülümsə
(Esse)
İmkanları
hüdudsuz, vəzifəsi nəhəng beyin!.. Bir az kobud şəkildə
bunu insanın bütün fiziksəl və zehinsəl həyatının
asılı olduğu mükəmməl aparat da adlandıra
bilərik.
Gözə
görünməyən fikirlərdən tutmuş hər
şey bu incə aparatda analiz edilir, nəticə çıxarılır,
qərarlar qəbul edilir. Əsrlərcə öyrənilməsinə
baxmayaraq, yenə də sirli qalan beynin adi halda çox cüzi
bir hissəsindən istifadə edə bilirik. Bir film izləmişdim,
şəxsin bədəninə məcburi yerləşdirilən
və cüzi bir hissəsi dağılaraq qana keçən
psixotrop maddənin təsirindən beyin yüksək işləmə
fazasına keçid alır. Beyin aktivliyi yüksəldikcə
insanda indiyədək gizli qalan bacarıqlar meydana
çıxmağa başlayır, ağrı hissi yox olur,
görmədən görə, eşidə bilir, ən nadir
tibbi cihazların aşkar edə bilmədiyi xəstəliyi və
onun fəsadını təyin edir. Yaddaşı son dərəcə
güclənir, məsələn, bir neçə dəqiqədə
qalın elmi əsərləri oxuyub başa çıxır
və yadda saxlayır... Sanki bir ömrü bir günə, bir
neçə saata sığdırır və ən yüksək
həddə cism olaraq əriyib yox olur...
Sevgili
peyğəmbərimiz "təbəssüm də sədəqədir"
deyirdi, salamı da təbəssümlə verməyi məsləhət
görürdü. Nakam şairimiz Mikayıl Müşfiq isə
"Yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl
yaraşır insana gülmək..." deyə insanları
pozitiv olmağa, həyatı sevməyə səsləyirdi. Bəs
nədir təbəssüm? O, necə yaranır, nədən
yaranır və özü nələri yaradır?..
Üz
əzələlərinin mimik dəyişməsi baş verməzdən
öncə, beynin işidir təbəssüm. Bir çox əməllərin
sonucu olan daxili rahatlıq hissindən insanın içi də,
çölü də şəfəqlənir. Təbəssüm
qonur gözlərinə, dodaqlarına, dərisi belə bu
zaman nur saçır. Siz yuxuda gülümsəyən bir
uşaq təsəvvür edin, heç bir qayğısı,
fikri, narahatlığı olmayan, bəxtəvərcəsinə
gülümsəyən bir uşaq... Böyüklər də
belə gülümsəyə bilirmi?!.
Emosiyalar,
onların orqanizmin işinə, insan sağlamlığına
təsiri ta orta əsrlərdən öyrənilməyə
başlamışdır. Qəzəb və kin qara ciyərin
işinə mənfi təsir göstərir, öd kisəsində
sıxılmalar yaradaraq ödün hərəkətini
artırır, beləliklə, həm də insanın immun
sistemini zəiflədir. Sevinc duyğusu daxili sekreiya vəzilərində
xoşbəxtlik hormonu sayılan serotonin ifrazını
stimullaşdırır, bu zaman ürək və qan-damar
sisteminin işinə ahəng qatır. Qorxu hissi böyrəkləri,
narahatlıq mədə-bağırsaq sistemini zəiflədir,
hiss-həyəcanın dalğası isə birinci ürəyi
və qan-damar sistemini "vurur". Kədər isə ağ
ciyərlərin düşmənidir. Anam deyərdi ki, dərd
dərdi, sevinc sevinci gətirər...
Deyə
bilərsiniz ki, bunlar hər biri insana aid hissdir və bunsuz
keçinmək olmaz, düz düşünürsüz, mən
də hamı kimi bu hava okeanında yaşayıram və
saydığım hisslər mənə də aiddir. Amma mən
bu duyğuların normadan artıq olmasının əleyhinəyəm.
Gülümsəmək
təkcə üzü gözəlləşdirmir, dərinin
rəngini durultmur, həm də daxili rahatlıq, özünəinam
yaradır. Təbəssüm insan üzünə yaraşan ən
mükəmməl makiyajdır, bir şərtlə ki, o da
daxildən gələ...
Təbəssümün
yanından dahilər də səssiz ötüb keçməyib,
onu hər biri öz bildiyi kimi dəyərləndirərək
sevdirməyə çalışıb. Tolstoya görə, təbəssüm
Günəş işığına bənzəyir,
Mövlana göz yaşlarının da sonrakı təbəssümün
yollarını təmizlədiyini bildirir, Qrin
fırtınalı göydə yaranan göy
qurşağına bənzədir, Hüqo isə məsləhət
görür ki, gülümsəmək
üçün xoşbəxt olmağı gözləmək
lazım deyil, düşünün ki, gülümsəmədən ölə
bilərsiniz...
Şirin
dil, saf təbəssüm insana həm də Allahın
lütfüdür, acı dil, qaşqabaqlı adamla münasibət
qurmaq da çətin olur. Elə bu cür adamların özləri
də az əziyyət çəkmir bu müstəvidə.
Kifayət qədər atalar misallarımız da var
gülüş, təbəssüm barəsində:
-
Şirindil adam beş evi yeyər, acıdıl isə
heç bir evi də yeyə bilməz.
-
Canımı al, amma gülə-gülə.
Bir səmimi
təbəssümlə dağ boyda dərdi əritmək
olar... "Ferrarisini satan rahib" əsərində Robin
Şarma gülüşü yüksək dəyərləndirir:
"Gülmək ruhun dərmanıdır, içindən gəlməsə
belə, bir aynaya bax və bir neçə dəqiqə
gül.., özünü xoşbəxt hiss edəcəksən".
Lap elə o məşhur mahnıda deyildiyi kimi:
...
"Bir sevinc tap özündə,
Belə
qəmli dayanma..."
Atalardan qalma belə məsəl var,
deyir, sirkə nə qədər tünd olsa, öz
qabını çatladar. Qəzəbi, kin və nifrəti həmin
sirkənin yerində təsəvvür edin, axı sirkə məcazi
məna daşıyır! Ətrafına yaydığı mənfi
enerji payı bir yana, ilk ziyan çəkən də elə
insanın özü olur, öz bədən orqanlarına dəyir
zərbə... Amma sağlam gülüş və saf təbəssümlə
həm özünü, həm də ətrafında olan
insanları qoruya bilər.
Təbəssüm
də musiqi kimidir, şeir kimidir, dinlədikcə
yüngülləşirsən, yamyaşıl
budağıdır həyatın, təptəzə pöhrəsidir
ağacın, yazda ilk gözə dəyən
qızılgül tumurcuğudur... dinləyin, qoruyun,
qoxlayın... Bütün ürəklərə düşən
tək açardır təbəssüm, icazə gözləmədən
keçib əyləşə bilərsiniz...
Hərdən
lap "Həmin o Münhazen" filmindəki məşhur
ifadəni xatırlayın və "gülümsəyin, cənablar,
gülümsəyin..!"
Bəlkə
xətrinizə dəyən olub, əşşi, unudun getsin!
Stresləri, sıxıntıları menyunuzdan
çıxarmağa çalışın, bir neçə
dəqiqəlik təkliyə çəkilin,
özünüzlə danışın,
özünüzü dinləyin.., bəlkə elə o, sizə
bu məşhur sözləri pıçıldayır:
Mən
bilirəm xatirinə dəyiblər,
Unut
mənim xatirimə, gül bir az.
Hamı
xoşbəxt olmaq istəyir, qəmi, kədəri sevmir, amma
göy qurşağı
yağış yağmadan olurmu?!. Ətrafınıza
keçilməz hasarlar çəkməyin,
özünüzü xoşbəxt olmaqdan çəkindirməyin,
xoşbəxt olmaqdan, bəxtəvər görünməkdən
qorxmayın, gülümsəyin. Bütün əzalarınızla,
lap elə qara ciyərinizlə gülümsəyin..,
gülümsəyin.., gülümsəyin...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2021.-
19 yanvar. S. 14;15.