Əminliyin gücü
"Güllələnmiş
heykəllər" məhz bu gücün sayəsində
öz doğma ünvanına qayıda bildi
Hər
şey insan üçündür, deyirlər: ölüm də,
həyat da, sevinc də, kədər də. Amma bəzən elə məqamlar olur ki, onda insanın
insana yox, dilsiz-ağızsız heyvana,
daşa-kəsəyə, torpağa,
əşyaya yazığı
gəlir, ürəyi
yanır. Çünki insan xoşbəxtliyini
də, şikayətini
də sözlərə
tökə bilir, ürəyinin ağrısını
ya danışaraq, ya ağlayaraq, ya da müxtəlif
şəkillərdə ifadə
edir. Bəs heyvan? Bəs əşya?
Bəs torpaq? Bəs daş? Onlar danışa
bilmir axı. Bir Allahın bəndəsi üzünü
çevirib onların
nə hiss etdiyini düşünmür də.
Allahdan gizli deyil, sizdən nə gizlədim?! İllərdən bəri ürəyimizin düz ortasında yaraya çevrilmiş Qarabağ dərdi o yerlərin şəkillərinə,
videolarına baxanda, bir də "güllələnmiş heykəllər"i
görəndə daha
qüvvətli şəkildə
için-için qanayıb,
nəfəsimi kəsib.
Bir milyondan çox məcburi köçkünlə
bərabər, o üç
"köçkün heykəllər"in
yurd dərdi də ürəyimi göynədib. O lal daşların çəkdiyi
iztirabları, o heykəl
sahiblərinin narahat ruhlarını iliklərimə
qədər hiss etmişəm.
1992-ci il may ayında
Şuşanın işğalı
zamanı gülləbaran
edilən Xurşidbanu
Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün heykəlləri...
Erməni vəhşiliyinin,
vandalizminin və dünyanın kor səssizliyinin həm şahidi, həm nümunəsi olan heykəllər...
İşğaldan sonra onların da taleyinə "köçkünlük" yazıldı. Öncə İrəvana,
sonra Gürcüstana aparıldılar. Erməni
təcavüzkarları onları
əridib qiymətli
metal kimi satmaq istəsələr də,
Ulu öndər Heydər Əliyev və həmin dövrdəki Mədəniyyət
nazirimiz Polad Bülbüloğlu sayəsində
abidələr xilas edilərək Bakıya gətirildi. "Xilas
edilərək" deyəndə,
əlbəttə, düşmənin
özümüzün halal
abidələrimizi, tariximizi
bizə həyasızcasına
pulla satmağını
nəzərdə tuturuq.
O vaxtdan Azərbaycan Milli İncəsənət
Muzeyinin həyətində
yerləşdirilən heykəllər
illərdir ki, küskün ruhlarıyla birgə qərib talelələrinə səssizcə
dözürdülər.
O gündən etibarən
"Güllələnmiş heykəllər" ətrafında
ağrı dolu söhbətlər səngimək
bilmədi. Kimisi onların Şəhidlər
Xiyabanında nümayiş
olunmasını təklif
edir, kimisi Dənizkənarı Parkda
(bulvar) sərgilənməsini
uyğun hesab edirdi. Amma dövlətimiz tərəfindən
bu istiqamətdə heç bir addım atılmırdı.
Nəhayət, erməni işğalçılarıyla
Azərbaycan ordusu arasında ötən ilin sentyabrında başlanan və 44 gün davam edən müharibə Qarabağın azadlığı
və tarixi qələbəylə nəticələndi. Artıq nə
bir milyondan artıq məcburi köçkünümüz vardı,
nə də düşmən tapdağında
əsir torpaqlarımız.
Qələbənin eyforiyası
bir az
səngiyən kimi hər kəs öz "xurcununa" nəzər salmağa başladı. Kimi evinin paslı açarını çıxartdı,
kimi 28 il
qabaq evindən çıxarkən götürdüyü
kəlağayısını, kimi xilas edə
bildiyi muzey eksponatlarını. İnsanımızla bərabər, tariximiz də qayıdacaq axı öz yurd-yuvasına.
Ən böyük
və ən kövrək qayıdış
isə yanvarın 14-də
baş tutdu. Azərbaycan
Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyev Şuşaya səfər elədi. Bu səfərdə həmin o "güllələnmiş
heykəllər" də
Şuşaya - öz doğma torpaqlarına qovuşdular. Cənab Prezident
tərəfindən Şuşada
açılışı edilən heykəllərin
sahibləri - Natəvanın,
Üzeyir bəyin, Bülbülün küsgün
ruhları nəhayət,
rahatlığa qovuşdular.
Heykəllərin açılışında dövlət
başçısı keçmişi
xatırlatdı, bu abidələrin ətrafındakı
söz-söhbətləri yada saldı. Söylədi ki, illərdi, mənə də bu heykəllərin aqibətiylə bağlı
çox suallar, təkliflər verilir, onların sərgilənməsi
üçün yerlər
deyilirdi. Amma mənim bunlara tək cavabım vardı: "O heykəllər
zamanı gələndə
Şuşaya - öz yurduna geri dönəcəklər".
Bu çıxışla çoxillik müəmma aradan qalxmış oldu. Heykəllərin muzey həyətində
sanki bir sığıntı kimi qaldığını deyənlər,
buna hər fürsətdə etiraz edənlər, yəqin ki, ölkə başçısının bu
əminliyindən və
nəhayət, dediyi sözə yüksək şəkildə əməl
etməsindən nəticə
çıxardılar. Şuşanı, Qarabağı, Azərbaycanı
bütün qəlbiylə
sevən, bu sevgisini ən gözəl şəkildə
ifadə edən və Azərbaycanın ərazisinə, tarixinə,
mədəniyyətinə sahib çıxmağı özünün
ən müqəddəs
həyat amalı bilən Ali Baş Komandan, sən demə, bu qələbəyə,
bu qayıdışa illərlə hazırlaşıb.
Buna onu vadar
edən isə qəlbindəki sonsuz inam və əminlik
olub. Deyərdim ki, bu tarixi qələbəmizin
də təməlində
məhz bu inam dayanır. Dövlət
başçısı özünə,
ordusuna, xalqına olan inamını ilk gündən elə gözəl şəkildə,
elə ciddi əminliklə dilə gətirdi ki, balacadan böyüyə hər kəs inandı, daha doğrusu, əmin oldu. Və bu əminliyin gücü sayəsində
bu gün insanımız yurduna, tariximiz məskəninə
geri döndü!
P.S. Yazını yazarkən
yenidən internetdə
"güllələnmiş heykəllər" birləşməsini
axtarışa verirəm
və zamanında onların yeriylə bağlı ziyalılarımız
tərəfindən irəli
sürülmüş təkliflər,
müzakirələr qarşıma
çıxır. Həm gülümsəyirəm, həm
də gözlərim dolur - sevinclə, qürurla, fərəhlə...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 7.