Vasif
Babayev: "20 Yanvar hadisələri hələ də
yuxularımda canlanır" -
1990-cı
il 20 Yanvar faciəsinin şahidlərindən və zərərçəkmişlərindən
biri olan görkəmli televiziya və kino rejissoru, Xalq artisti
Vasif Babayevlə həmin gün və ondan sonra
yaşananları bir daha xatırladıq.
-
Vasif müəllim, 20 Yanvar günü sizinçün nə
ifadə edir?
-
Şəhidlər Xiyabanı və vaxtilə
çalışdığım Azərbaycan Dövlət
Televiziyası mənə və mənim timsalımda 30 il
öncə baş verənlərin əsl şahidi olmuş
insanlara çox həqiqətləri deyir. Çox təəssüf
edirəm, illər bizi Qara Yanvar hadisələrindən
uzaqlaşdırdıqca, mətbuat səhifələrində,
internet saytlarında təhrif olunmuş faktlar və
yalançı qəhrəmanların "xatirələri"nə
rast gəlirik. Mən həmin illərdə Azərbaycan
Dövlət Televiziyasında baş rejissor vəzifəsində
çalışırdım, hadisələrin sıravi şahidi
yox, birbaşa iştirakçısı idim. Ölkədə
baş verən mürəkkəb siyasi-ictimai proseslər
dövlətin əsas və yeganə televiziya kanalından
daha aydın görünürdü.
- Hər
şey bir gündə olmadı, əlbəttə. Öncəki
günlərdə nələr baş verirdi?
-
1990-cı il yanvarın 16-18-də Azadlıq meydanında, Azərbaycan
KP MK-nın, Respublika Ali Sovetinin binaları
qarşısında izdihamlı mitinqlər keçirilirdi. 19
yanvar 1990-cı ildə saat 18:30-da Bakıda müşavirələrin
birində Moskvanın, Kremlin məsul işçiləri
Qorbaçovun Azərbaycana göndərilmiş SSRİ Ali
Soveti Millətlər Şurasının sədri Y.Primakov, KP
MK-nin katibi A.Qirenko və millətlərarası münasibətlər
şöbəsinin müdiri V.Mixaylovun arasında olan dialoqun
stenoqramı çox şeydən xəbər verirdi. A.Qirenko:
"Əmr var, Sovet ordusu Bakıya daxil olacaq. Azərbaycan
rayonlarında və başqa şəhərlərində bunu
əhali bilməməlidir". Y.Primakov: "Respublikanın
bütün əhalisi demək olar ki, informasiyanı yalnız
televiziyadan alır". V.Mixaylov: "Rabitəni mütləq
ləğv etmək lazımdır!" Bu, həmin Mixaylov idi
ki, yanvarın 17-də Azərbaycan KP Mərkəzi Komitəsinin
şöbə müdiri A.Daşdəmirovla AzTV-də
çıxış edərək, tamaşaçılara
söz verirdi ki, ordu Bakıya heç vaxt daxil olmayacaq.
-
Ordu şəhərə girməzdən saatlar öncə
Televiziyanın enerji bloku da partladılır. Həmin vaxt siz də
işdə olmusunuz. Necə xatırlayırsınız o
anları?
-
Yanvarın 19-da Dövlət Teleradio verilişləri komitəsinin
baş girişinin qarşısında mitinq
iştirakçıları "Rəsmi dövlət
orqanları dezinformasiyalarına son qoysunlar, hadisələr
haqqında xalqa düzgün informasiyalar
çatdırsınlar" tələbi edirdilər. Mitinqdən sonra buraxılış
şöbəsinin böyük redaktoru Eldar Bayramov mənə
dedi ki, yarım saata axşam efiri başlamalıdır, mən
nə edim? Eldar haqlı idi, doğrudan da idarədə
heç kim yox idi, qapılar bağlı idi. Tez zamanda
axşam efiri üçün şərti proqram tərtib
edib, efiri açdıq. Həmin gün növbəyə
çıxan diktor Sevda Ağazadə idi, onunla bərabər
Televiziyada Roza Tağıyeva və baş diktor Sabir Ələsgərov
da vardı.
Jurnalistlər
Telman Qafarovu və Alı Mustafayevi işə
çağırdım, birgə "Xəbərlər"
proqramını efirə hazırlayırdıq. Jurnalist Rafiq
Ağayev "Reuters" informasiya agentliyi ilə telefonla
danışırdı. Bu vaxt dəhşətli
partlayış baş verdi. Biz pilləkənlərlə həyətə
düşdük, artıq tüstü ikinci mərtəbəyə
qalxırdı. Enerji blokunun qarşısına çatanda,
onun alışıb yandığını gördük. Dərhal
yanğınsöndürmə xidməti və təcili
yardımla əlaqə saxladıq. Təxminən 5-6 dəqiqəyə
gəldilər. Təsəvvür edirsiz, həmin vaxtlarda nə
yanğınsöndürənlər, nə də təcili
yardım heç vaxt bu qısa müddətdə yetişmirdilər.
Bu, artıq ondan xəbər verirdi ki, hər iki qurum hadisə
ilə bağlı əvvəlcədən məlumatlandırılıblar.
Biz onlar gələnə qədər su ilə
yanğını söndürməyə
çalışırdıq və məlum oldu ki, enerji
blokunda olan iki mühəndis - Viktor Romanov və İbrahim
Hüseynov yoxa çıxıblar. Hadisə yerinə Mərkəzi
Komitənin, Dövlət Təhlükəsizlik Komitəsinin
və Teleradio Komitəsinin məsul şəxsləri gəlmişdilər.
Onlar mənimlə ayaqüstü 10 dəqiqəlik söhbətdən
sonra getdilər. Televiziya işçilərindən birinin
"xatirələr"ində yazıldığının əksinə
olaraq, söyləmək istəyirəm ki, məsul şəxslərin
heç biri həmin axşam Komitənin hər hansı bir
otağına daxil olmamışdı. Çünki
işıqlar sönmüşdü, hər tərəf
zülmətə qərq olmuşdu. Bütün söhbətlər
həyətdə və foyedə, mənim iştirakımla
baş vermişdi.
Onu
da qeyd edim ki, son aylar bizim Teleradio Verilişləri Komitəsini
hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbçilər,
adətən, kollegiya zalında dislokasiya olunurdular. Biz 5-6 nəfər
əməkdaşlar ora getdik və gördük ki, təxminən
15-20 nəfər qeyri-adi, xüsusi geyimdə olan hərbçilər
oranı tərk etməyə hazırlaşırlar. Onlar hər
gün gördüyümüz əsgərlərə
oxşamırdılar, sanki kosmosdan gəlmişdilər. Sinələrində
balaca qısa avtomatlar, dəbilqələrinin üzərində
isə iki kiçik antenlər, əllərində
telefon-ratsiya vardı. Özləri də hündürboylu idilər.
Bizlə kəlmə kəsmək belə istəmədilər,
bizi söyməyə, hədə-qorxu gəlməyə
başladılar. Onlar "Alfa"dan idilər. Sabahısı
gün isə yoxa çıxan həmin iki mühəndisimiz
söylədilər ki, mənim "Alfa" ilə mübahisəmi
eşidiblər. Çünki onlar həmin yerdə hərbçilər
tərəfindən qapı arxasında həbsdə
saxlanılmışdılar. Deyim ki, "Alfa" qrupunu
görən və yola salan yalnız mən və
adlarını unutduğum bəzi əməkdaşlar olub.
- Qətliam
vaxtında harda idiniz və səhəri gün nələr
yaşandı?
-
19-dan 20-nə keçən gecə Sovet
işğalçı ordusu Bakı şəhərini
gülləbarana tutdu. Gecə saat 1-ə işləmiş
idarədən çıxdıb evə gəldim. Səhəri
diri gözlü açdım, sübh tezdən işə
hazırlaşarkən, evimə naməlum şəxs zəng
edib dedi ki, iki işçiniz - Romanov və Hüseynov milis
idarəsindədirlər, onları buraxmırlar. Sonra:
"yubansanız, partlayışı sizin boynunuza
yıxacaqlar" - dedi.
Evdən
işə gedərkən həyatımın ən
ağır, ən çətin, ən dözülməz
anlarını yaşadım. Böyükdən balacaya hər
kəs ağlayır, qadınlar saçlarını
yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər,
ağaclar... Küçələr
milyonlarla qərənfil dənizinə qərq olmuşdu.
Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi
Komitəsinin əməkdaşları, müstəntiq Rüfət
Mansurov və teleradio üzrə kuratoru Məmmədəli
Əliyev orada idilər.
Dövlət
Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən
bəzi vətənpərvər televiziya operatorlarına
tapşırıq verərək onları Bakı küçələrinə,
xəstəxanalarına, morqlara, idarələrə, faciə
baş verən yerlərə çəkilişə göndərdik.
O günlər AzTV-nin bəzi operatorlarının, o cümlədən,
Ələkbər Muradov, Seyidağa Mövsümov, Rəsul
Babayev, İzzət Əzizov, Fikrət Qafarov, Adil Bunyadov və
Zahid Bağırovun işlərini xüsusi ilə qeyd etmək
istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də
bütün dünya ekranlarında göstərilir, Sovet
Kommunist rejiminin siyasətini və qəddarlığını
bir daha ifşa etdirirlər.
Həmin
20 Yanvar gününün səhəri komitənin həyətində
mən, Fuad Tariverdiyev və gecə ikən
işğalçı ordu ilə Bakıya girmiş Sovet
Ordusunun baş senzoru, general-leytenant Ovçinnikov söhbət
edirdik. Nə biz onu, nə də o bizi tanıyırdı. Bu
vaxt həyəcan içində gözləri dolmuş Xalq
şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşır, radio
vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək
istəyirdi. Bəxtiyar müəllim nifrətlə
Ovçinnikova baxıb "Okuppantı" deyib, onun
üstünə tüpürdü. Təsəvvür edin
Ovçinnikov nə vəziyyətə düşdü? Onun ətrafında
duran bir neçə silahlı əsgər dərhal
avtomatlarını hazır vəziyyətə gətirdilər.
Mən tez hərəkətə gəldim və aralarına
girdim: "Bu, bizim hörmətli xalq şairimizdir, millətimizin
sevimlisidir, deputatdır". Nələr baş verə bilərdi?
Fuad Tarverdiyevlə birlikdə birtəhər vəziyyəti
sabitləşdirdik. Faciənin qarşısını
aldıq. Bu hadisə ilə bağlı Bəxtiyar müəllim
televiziya müsahibələrinin birində mənim
adımı yaddan çıxararaq demişdi ki, məni bir
rejissor ölümdən xilas etdi, adını bilmirəm.
- Həmin
iki əməkdaşınızın aqibəti necə oldu?
-
Televiziya jurnalisti Cavanşir Cahangirov, operator Ələkbər
Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli
Əliyev, DTK-nın maşınında milis idarəsindən
Romanovu və Hüseynovu televiziyaya gətirdik. Mənim
göstərişimlə Cavanşir dərhal partlayışa
məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə
aldı. İbrahimlə Viktor təsadüfən sağ
qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki,
onları partlayışdan sonra məhv etməliydilər. Həmin
müsahibə bir neçə əməkdaşımız və
mənim üçün əhəmiyyətli məsələ
oldu. Mühəndislərin müsahibələrindən və
istintaqa verdikləri ifadələrdən bütün
qaranlıq suallara cavab tapıldı. Bəziləri hələ
də, yanvarın 18-dən 27-ə qədər Azərbaycan
Dövlət Televiziyasında baş verən proseslərdə
fəal iştirak etdiklərini iddia edirlər. Biz birmənalı
şəkildə bu insanların uydurmalarını rədd
edirik. Məlumat üçün bildirim ki, həmin "qəhrəmanlar"
ümumiyyətlə Televiziyada yox idilər.
- Həmin
vaxt siz özünüz də həbs olunmusunuz, deyəsən.
-
Faciədən bir neçə gün keçsə də,
hiss edirdim ki, məni də təhlükə gözləyir.
Belə bir həbsi demək olar ki, çoxları
görürdü və gözləyirdi. Bir gün Şəhidlər
Xiyabanından təzəcə Komitəyə
qayıtmışdım. Axşamüstü olardı, mənə
dedilər ki, küçədə səni bir nəfər
gözləyir. Çıxanda gördüm Xalq
yazıçısı İsmayıl Şıxlı
dayanıb, dedi: "Vasif, sən televiziyaya bir müddət gəlmə,
onsuz da o, işləmir, evə də getmə, get başqa yerdə
qal. Biz səni təhlükədən qorumalıyıq! Mən
Mərkəzi Komitədən bura ayaqla gəlmişəm! Sənə
demək üçün! Orada sənin adın
hallanırdı!" Mən məhəl qoymadım...
Amma
yanvarın 26-dan 27-ə keçən gecə saat 1-2 radələrində
mənzilin qapısı bərk döyüldü və zəngi
çalındı. İki nəfər mülki geyimdə,
üç əsgər "Alfa" geyimində evə daxil
oldular. Biri sənədlərimizi yoxlayırdı, digərləri
isə evdə nəsə axtarırdı. Onlardan biri: "Sən
bizimlə yarım saatlıq Bakı şəhəri hərbi
komendantının yanına gedəcəksən!" - dedi.
Digəri isə kitab rəfində Heydər Əliyevlə mənim
birgə fotoşəklimi görüb o birisinə isteza ilə
dedi: "Petroviç, sən bir bura bax - dahi insan". Sonra əsəbi
halda soruşdu: "Bu, sizin nəyinizdi?" BDU-nun Şərqşünaslıq
fakültəsinin üçüncü kursunda oxuyan
qızım Hüsniyyə cavab verdi: "Niyə bizim, o,
bütün Sovet xalqının tanıdığı və
sevdiyi bir şəxsiyyətdir". Bu dialoqdan sonra silahlı əsgərlərdən
biri mənim qulağıma
pıçıldadı: "Teplo odevaytes!" Mən
buna əməl etdim. Çünki başa düşdüm
ki, ya məni uzağa, ya da uzunmüddətə aparırlar.
Aşağı düşəndə əsgərlərdən
biri silahı kürəyimə dirəyib dedi: "Bir
addım sağa-sola dönsən atacağam". Artıq həbs
edildiyimi anladım. Məni altı hərbçi və iki
müstəntiq müşayiət edirdi. Onların
hamısı gəlmə idi.
O
günlər operatorlarımızın çəkilişləri
sayəsində erməni daşnaklarının separatizmi və
Sovet Kommunist ordusunun Azərbaycan xalqına qarşı törətdiyi
qəddar hücumlar genosid adlandırılır. Qanlı Yanvar
kimi faciəli günlər, verilən qurbanlar, bizim millətin
azadlığa və müstəqilliyə gedən bir yolu kimi
qiymətləndirilir.
Həmin
çəkiliş kasetlərinin bir hissəsi operator
Seyidağa Mövsümovda idi. Məni aparanda, həyat
yoldaşım, Teleradio komitəsinin əməkdaşı Afət
xanım ona zəng edib, "Vasifi apardılar, ola bilsin, sənin
arxanca da gəlsinlər. Kasetlərlə birgə evi tərk
edin" - demişdi. Seyidağa da ailəsi ilə mənzili tərk
etmişdi.
Qara
şəhərdəki, təcridxanada mənə guya
günahkar olduğum barədə sənəd təqdim etdilər.
Televiziyanın işinə maneçilikdə, mitinqlərə
çağırışda çəkilmiş videokasetlərin
gizlədilməsində günahlandırırdılar. Əlbəttə, belə bir
ittihama imza ata bilməzdim. Bir azdan olduğum kameraya iş
yoldaşlarım - rejissor Azər Zamanlı və radio
jurnalisti Rafiq Ağayevi gətirdilər.
Yanvarın
19-dan işləməyən Azərbaycan televiziyası,
yanvarın 27-də, məhz biz həbs ediləndən sonra
öz proqramlarını efirə verməyə başladı.
Sanki ölkə rəhbərliyi və televiziyanı o günlər
idarə edənlər bizim həbsimizi gözləyirdilər.
Ertəsi gün əllərimi boğazdan keçən polad məftillə
bağlayaraq, Nasosnı qəsəbəsində yerləşən
hərbi hava limanına, oradan isə silahlı hərbçilər
və alman cinsindən olan köpəklərin müşayiətilə, hərbi təyyarələr
vasitəsilə Krasnodar şəhərinə apardılar. Dəmiryolu
vağzalına gətirdilər. Bizi dəyənəklərlə
döyürdülər, köpəklər üstümüzə
hürürdü. Bütün bunlar filmlərdə
gördüyümüz nasist konslagerlərini
xatırladırdı. Bizi "Stolıpin" deyilən
vaqon-zindana doldurdular. Ac-susuz üç gün, üç gecə
Ulyanovsk şəhərinə yollandıq. Hərbi nəzarətçilər
dustaqlara işgəncələr verirdilər, döyüb
dişlərimizi sındırırdılar. Pulları,
saatları əlimizdən aldılar. Nəhayət, Ulyanovska
çatdıq. Bizi yerli həbsxanada bir aydan çox
saxladılar. Çəkdiyim zillətləri ömrüm boyu
unutmaram. O vaxtdan 30 il keçməsinə baxmayaraq, hələ
də 20 Yanvarın ağır ovqatı, o günlərin hadisələri
yuxularımda canlanır.
- Bəs
necə azad edildiniz?
-
Ulyanovska çatandan sonra çoxdan orada yaşayan, əslən
Göyçaydan olan Sovet milis kapitanı Varis Məhərrəm
oğlu Məcidov bizim bura gətirilməyimizdən xəbər
tutub, yerli yüksək rütbəli general və zabitlərlə
həbsxanaya gəldi. Elə ilk gündən Ulyanovskda məskunlaşan
bu yeddi Məcidov qardaşlarının mərdliyi, qeyrəti
bizi, 46 nəfər bütün Azərbaycan dustaqlarını
heyran etdi. Həmin görüşdən sonra onlar Bakıya,
ailələrimizə xəbər göndərmişdi ki,
nigaran qalmayın, əzizləriniz sağ-salamatdırlar. Həbsxanada
saxlandığımız bir aydan çox vaxt ərzində Məcidov
qardaşları bizim bütün təminatımızı
üzərlərinə götürdülər. O çətin
və əzablı günlərimizdə bizə arxa, dayaq
oldular. "Cəza" müddətimiz başa
çatdıqda eyni vəziyyətdə Azərbaycana yola
salınacağımızdan xəbər tutan Varis
qardaşlarıyla birlikdə Bakıdan xüsusi nəqliyyat təyyarəsi
sifariş verib, öz vəsaitləri hesabına bizi vətənə
çatdırdılar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
20 yanvar. S. 10.