Vüsalə İsazadə:
"Qarabağla bağlı suallarım
onları narahat edir"
"Azərbaycanı
yaxından tanıyan millət vəkillərindən,
senatorlardan müsahibə götürmək hər zaman
böyük zövq verir"
Jurnalistika özündə bir neçə peşəni
ehtiva edir. Buna görə də, bu peşəni seçən hər bir şəxs xüsusi dünyagörüşə
sahib olmalı və davamlı şəkildə
cəmiyyəti maraqlandıran
mövzularda araşdırmalar
aparmalıdır. Jurnalistika ilə
məşğul olmaq
istəyən şəxsin
burada istiqamətlərdən
seçib davam etməsi daha məqsədəuyğundur. Müxbirlik də bu istiqamətlərdən
biridir. Məkanından asılı olmayaraq
müxbirlər hər
an operativ, obyektiv və jurnalistikanın etik prinsiplərinə əməl edərək auditoriya üçün xəbər çatdırmalıdırlar.
Xaricdə işləyən müxbirlərimiz üçün
bu məsuliyyətin üzərinə biri daha əlavə olunur. Onlar digər ölkələrdə
həm də Azərbaycanın təmsilçiləri
olduqları üçün
çıxış etdikləri
istənilən media tribunasında
ölkəmizin maraqlarını
qorumağa borcludurlar.
Bu mövzu ətrafında
"Report" informasiya agentliyinin
Fransadakı müxbiri
Vüsalə İsazadə
ilə həmsöhbət
olduq.
Qeyd edək ki, Vüsalə
İsazadə, "Report" informasiya
agentliyinin Fransada və Avropa Şurası yanında xüsusi müxbiridir. O, Bakı Dövlət Universitetində Beynəlxalq
Jurnalistika üzrə
təhsil alıb. Paris Sarbonna Universitetini
isə sosial elmlər üzrə doktorluq dərəcəsi
üzrə bitirib.
- Vüsalə xanım, xarici ölkələrdə
müxbir olmağın
hansı özəllikləri
və çətinlikləri
var?
- Fransada jurnalistlərə ehtiyatla yanaşılır.
Fransa Xarici İşlər Nazirliyində akreditə olunmuş xarici jurnalistlərə xüsusi
mətbuat kartları verilir ki, bu
kartı gördükdə
bizə xüsusi hörmət göstərirlər.
Ölkə ərazisində bir
sıra imtiyazlarımız
da var. Mətbuat kartımızla ölkənin
demək olar ki, bütün muzeyləri və bir sıra mədəni
tədbirləri üzümüzə
açıqdır.
Çətinliklərə gəldikdə isə, Azərbaycan Prezidenti, Azərbaycan diplomatı olmaq digər ölkənin prezidenti və diplomatı olmaqdan daha çətin
olduğu kimi, Azərbaycan media orqanının
xarici ölkədə
müxbiri olmaq da asan deyil. Misal üçün,
Avropa Şurası yanında daimi akreditə olunmaq üçün müraciətimə
bu günə kimi müsbət cavab ala bilməmişəm.
Hər dəfə Strasburqa
AŞPA-nın sessiyasında
iştirak etmək üçün müvəqqəti
akkreditə olunmaq məcburiyyətindəyəm. Qeyri-rəsmi
olaraq bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı suallarımla onları narahat etdiyim üçün AŞPA rəhbərliyi
mənim daimi akkreditasiyama imkan vermir. Halbuki mənim digər
ölkələrdən olan
həmkarlarım AŞPA rəsmilərinə
qurum təşkil etdiyi istənilən tədbir çərçivəsində
suallarını verib cavablarını ala bilirlər.
Bu, jurnalistin hüququdur.
Lakin Dağlıq Qarabağla bağlı suallar onları narahat edir.
- Bu müddətdə digər
ölkələrdən olan
müxbirlərlə yerli
müxbirlər arasında
hansı fərqlər
görmüsünüzmü? Azərbaycanlı müxbirlər xaricilərdən
nə ilə fərqlənirlər?
- İş bacarığı,
professionallıq baxımından
o qədər də böyük bir fərq müşahidə
etməmişəm. Geyim tərzimizdə
fransalı jurnalistlərdən
fərqlənirik. Fransada yazılmamış
qanun var ki, jurnalistin geyimi çox sadə olmalıdır.
Bizim jurnalistlər hər zaman səliqəli və eleqant olurlar. Kişi müxbirlərimizi bəzən hətta kostyumda görürəm ki, bu da
fransız jurnalistlərinə
demək olar ki, yaddır.
- Müxbirlik karyeranızda ən yaddaqalan məqam hansı olub?
- Azərbaycanı yaxından
tanıyan millət vəkillərindən, senatorlardan
müsahibə götürmək
hər zaman böyük zövq verir. O məqamların hamısını yaddaşıma
həkk etmişəm.
Çünki bu zaman Azərbaycan haqqında əsl və dürüst bilgilərə
malik fransızların
olduğunu görmək
sevinc hissi yaşadır. Ölkəmiz, xalqımız haqqında yüksək fikirlər eşitmək, böyük
hörmət və ehtiram bəsləndiyini görmək hər zaman xoş olur. Həmin an azərbaycanlı olduğuma görə bir daha fəxr
edirəm.
- Hazırda Avropa
üzrə müxbirsiniz. Digər bir
qitədə çalışmaq
məqsədiniz varmı?
Bu sahədə çalışmaq istədiyiniz
dövlət hansıdır?
- Xarici ölkədə çalışan müxbirin
əsas silahı onun yiyələndiyi xarici dilləridir. İngilis və rus dillərini iş prosesində istifadə edə bilsəm belə, fransız dilini ana dilim kimi
bildiyim üçün
Fransada, Belçikada və İsveçrənin
fransızdilli ərazisində
fəaliyyət göstərməkdə
daha maraqlıyam. Beynəlxalq jurnalistika ixtisası üzrə oxuduğum müddətdə xarici siyasəti və xüsusilə beynəlxalq
təşkilatların fəaliyyətini
öyrəndiyim üçün
beynəlxalq təşkilatlar
yanında da işləməyə daha
çox meyilliyəm.
İnsan hər zaman yaxşı bildiyi və tanıdığı istiqamətə
getməyə can atır.
- 44 günlük Vətən müharibəsi Fransa mətbuatında nə dərəcədə ədalətli
işıqlandırılırdı?
- Döyüşlərin ilk iki
günü düzgün
məlumatlara rast gəldik. Çünki erməni diasporu
fəaliyyətə keçməyə
imkan tapmamışdı.
Lakin təəssüf ki,
ermənilər Fransada
həm çoxluq təşkil edirlər, həm də çox uzun müddətdir ki, məskunlaşıblar. Bu səbəbdən də onların səsi Fransada eşidilir və ictimai fikrə təsirləri olduqca böyükdür.
Dəfələrlə Dağlıq Qarabağ
münaqişəsini dini
zəmində baş verən münaqişə
kimi qələmə verən və həqiqətdən tam uzaq
yazılara rast gəlmişik. Lakin bununla
belə, ilk dəfə
Fransa mətbuatında
Dağlıq Qarabağdakı
rejim "separatistlər"
adlandırıldı. Demək olar ki, ilk dəfə
olaraq Dağlıq Qarabağın Azərbaycan
ərazisi olması və aidiyyatı beynəlxalq sənədlər
haqqında ictimaiyyətə
dolğun məlumat verildi.
- Qarabağ döyüşləri
Fransa-Azərbaycan siyasi
əlaqələrinə nə
dərəcədə ziyan
vurdu?
- Fransa hər zaman öz maddi
maraqlarını güdən
bir ölkə olub və bu
gün də belədir. Harada iqtisadi
mənafeyi varsa, hər zaman həmin istiqamətə üz tutub və
bundan sonra da bu tarixi
təcrübəsinə zidd
gedəcəyini düşünmək
üçün hələlik
heç bir əsas yoxdur.
- Qərb mətbuatında Azərbaycanla bağlı
məlumatlar tez-tez dərc olunur? Əsasən
hansı mövzulara yer ayrılır?
- Azərbaycan mədəniyyəti,
Azərbaycanda dini tolerantlıq mövzularına
maraq böyükdür.
Lakin tənqidi məqalələrə
də tez-tez rast gəlinir. Bunun səbəbi jurnalistlərin
belə məqalələri
mətbuat orqanlarına
asanlıqla sata bilmələridir.
- Bu sahədə çalışmaq
istəyənlərə nə tövsiyə
edirsiniz?
- Beynəlxalq jurnalistika ixtisasını təsadüfən
seçməmişəm. O zaman topladığım bal ilə beynəlxalq
hüquqa da düşə bilərdim.
Lakin özüm bu ixtisası seçmişəm.
O zaman bu arzumun gerçəkləşəcəyini
ağlıma belə gətirmirdim. Beynəlxalq münasibətlərdə oxuyan tələbə yoldaşlarım diplomat olmaq,
mən isə xaricdə müxbir olmaq arzusu ilə
beynəlxalq təşkilatlar,
beynəlxalq hüquq və digər bir çox dərslərə birgə
qatılırdıq. Bu
gün o tələbə
yoldaşlarımla çiyin-çiyinə
çalışıram. Onlar xarici ölkələrdə
Azərbaycanı təmsil
edən diplomatdır.
Azərbaycan ən əlçatmaz
arzuların gerçəkləşdiyi
bir ölkədir.
Hər kəsə öz arzularının dalınca
getməsi tövsiyə
edərdim.
Azad NURİYEV
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 13.