Vətənə bənzəyən şair  

 

DƏRDİ, HƏSRƏTİ SÖZƏ ÇEVİRƏN BƏXTƏVƏR ADAM

 

Keçmişi tarix elmi öyrənir, amma tarix keçmişin əhval-ruhiyyəsini, ruhunu, enerjisini gələcəyə daşıya bilmir, eləcə quru rəqəmlərlə, adlarla yetinir. Yəni tarix keçmiş barədə düşündürür, ancaq keçmişi hiss etdirmir, keçmişin ağrısını, acısını, sevgisini, nifrətini gələcəyə folklor daşıyır. Məncə, buna görə, tarixçilər daha çox rasional, folklorşünaslar daha çox emosional olur.

 

Azərbaycanlılar tarixpərəst deyil, folklorpərəst xalqdır. Çünki xalqımız duyğusaldır, həm də keçmişə, ənənəyə bağlıdır. Bunun nəticəsidir ki, folklorumuzun daşıdığı enerji, ruh, hətta şifrələnmiş tarix bizim üçün bitib-tükənməz xəzinədir. Üstəlik, folklorumuzun sərhədləri ölkəmizin sərhədlərindən qat-qat böyükdür, hissələrə parçalanmış Vətənin, pərən-pərən olmuş xalqın, bəlkə də, bölünməyən yeganə mirası onun folklorudur.

 

Bu xalq klassiklərindən çox öz folklorunu, ondan "su içib", ona bənzəyən qələm sahiblərini sevir. Onları anlayır, duyur, özünə doğma sayır. Bir də əsas məqam budur ki, folklorumuzla iç-içə olanlar, ondan ilhamlananlar tək indiki Azərbaycanın yox, bütöv xalqın, bütöv vətənin şairinə çevrilə bilirlər; Arazın bu tayında, o tayında, Dərbənddə, Borçalıda, Kərkükdə sevilirlər. Məncə, bizdən uzaq salınmış bu vətən ellərində ən çox tanınan, oxunan, Təbrizdə, Kərkükdə kitabları çıxan folklorumuzdan yazanya folklorumuz kimi yazanlardır! Odur ki, yaradıcılığına az-çox bələd olduğum şair İlham Qəhrəmanın Təbrizdə, Tehranda doğma dildə kitablarının çap olunduğunu oxuyanda bu, mənə təəccüblü yox, məntiqli gəldi.

 

Mənə görə, İlham Qəhrəmanın yaradıcılığı folklorla yazılı ədəbiyyatın vəhdətidir.

 

Hətta düşünürəm ki, onun kitabları imzasız çap edilsə, oxucu həmin kitabların əksəriyyətini folklor nümunəsi kimi qəbul edə bilər. Bu mənada İlham Qəhrəmanı bizim ustad aşıqlarla, folklora bağlı adlı-sanlı şairlərimizlə müqayisə etmək olar.

 

İlham Qəhrəmanı fərqləndirən, sevdirən həm də onun "bütöv ana dili"dir. Onun diliniAraz, nə tarix, nə də dövlətlərin sərhədi bölə bilir. Çünki şair laçınlının, təbrizlinin, kərküklünün, dərbəndlinin - hər birimizin anladığı "bütöv ana dili"ndə yazır. Nəticədə, laçınlı da, təbrizli də, kərküklü də, dərbəndli də onu özününki kimi oxuyur, doğması kimi qəbul edir.

 

Əslində, İlham Qəhrəman həm də tikələrə bölünmüş Vətənin dərdini yazır. Vətənin ağrısını içində bişirib sözə çevirir. Təbrizdə yaşamasa da, təbrizli kimi yaşaya, təbrizlinin, dərbəndlinin, kərküklünün dərdini duya bilir.

 

Telli balam,

Fələk oğlu Fələk olsam,

mən yağmaram, daş tökərəm.

Təbriz yadıma düşəndə

bir yumaram, beş tökərəm.

 

Beləcə, vətən dərdi, yurd həsrəti İlham Qəhrəman üçün müqəddəs, həm doğma hissdir. Hətta o qədər doğmadır ki, şair dərdi, kədəri, taleyi ilə özü vətənə bənzəyir.

 

Məyus görkəm, kəm taleynən

Mən sənin tayınam, Vətən.

 

Bəzən İlham Qəhrəman haqqında elə danışılır ki, sanki o, Laçının laçınlıların şairidir. Halbuki dediyim kimi, onun yaradıcılığının əhatə dairəsi Azərbaycanın coğrafi sərhədləri ilə deyil, Azərbaycan xalqının tarixi sərhədləri ilə ölçülə bilər. Bu mənada İlham Qəhrəmanın yaradıcılığına bəzən bir elin, bir rayonun miqyasında qiymət verilməsi ədalətsizlik insafsızlıqdır. Amma onu da etiraf etməliyik ki, İlham Qəhrəmanın yaradıcılığındakı "Laçın" hər bir laçınlı üçün sarı simdi, toxunan kimi göynəyir.

 

Başdan düşən yaylıq kimi

Düşən bayrağı demədim.

Qollarımın üstə alıb

Sənə bir ağı demədim,

Laçın.

 

Mən İlham Qəhrəmanın özündən əvvəl şeirlərini tanımışam. Daha doğrusu, onun şeirə çevirdiyi "Laçın"la tanış olmuşam. Elə zənn eləmişəm ki, İlham Qəhrəmanın Laçına həsr etdiyi şeirlər hər bir laçınlının ürəyindəki həsrətin rentgen aparatından çıxmış şəklidir. Çünki o, həsrətin, dərdin rentgen aparatı qədər dəqiq şəklini çəkə bilir. İlham Qəhrəmanın "Laçın"ı həm müqəddəs, sehrli məkan, həm dünya qədər böyükdür.

 

Dünya bir kağız ola,

Mən bircə kəlmə yazam:

Laçın.

 

Yurd həsrəti günah kimidir, yaddan çıxr, adama dinclik verir. O, elə bir hissdir ki, yaşamayanlar tam dərk edə, duya bilməz. Ən xoş günündə, ən sevincli anında başının üstündə duran "Damokl qılıncı" kimi sevincini gözündə qoyar. Bəzən gecələr yuxunu ərşə çəkər, ilan kimi qıvrıldar səni, bəzən "it olub ulamaq" həddinə çatdırar.

 

Laçın həsrəti itə dönübdü

əlac eyləyim keçə bu həsrət?!

Bu dərd ulamasa, bağrı çatlayar,

İt olub ulayır gecə bu həsrət.

 

Əslində, İlham Qəhrəmanın "həsrəti" təkcə Laçın deyil, düşmən tapdağına düşmüş, bu gün isə günə çıxmış bütün yurd yerlərimizdir - Şuşadır, Kəlbəcərdir, Qubadlıdır, Ağdamdır. Məsələn, şairin viran qoyulmuş Ağdama müraciəti həsrətdən bezməyin, həm acizliyin nəticəsidir.

 

Bir salamat künc varmı? -

Göz dağıdı hara baxsan.

Sən bizim üz qaramız,

Gözəlliyə xarabasan.

 

Sən demə, illərdir dərdi, həsrəti sözə çevirən İlham Qəhrəman bəxtəvər adammış.

 

Çünki qismətində Laçının, Qarabağın qurtuluşunu görmək var imiş. İyirmi səkkiz illik həsrətin vüsalına yetişmək bəxtəvərlik deyil, bəs nədir? Amma daha gözəl günlər hələ qabaqda - Laçındadır. İlham Qəhrəmanla həmin günlərdən birində Laçında görüşmək arzusu ilə...

 

Gündüz KAMİLOĞLU

 

525-ci qəzet.- 2021.- 30 yanvar.- S.21.