Ay işığı, dağ çayının şəlaləsi və
meşə sarmaşığı...
Ustad həmkarım Hacı Qüdrət Piriyevin 70 yaşına triptix
I
Qoca nə qədər asta getsə də, uşaq yenə də ona çata
bilmirdi. Bir tərəfdən çiynindəki yük, digər tərəfdən
də gecənin vahiməsi onun addımlarının ritmini
pozurdu. Yol hərlənib dağın
o biri üzünə
çatanda uşağın
yerişi daha
da ağırlaşdı.
Çünki qaranlıq
idi, bu tərəfə Ay işığı
düşmürdü.
Çaya
çatmağa az qalanda qoca nəfəsini dərmək üçün
dayandı. Uşaq da gəlib ona
çatdı: - Baba, çaydan
o tərəf görünür.
Ora Ay işığı düşür.
Mən daha qorxmuram, rahat gedə biləcəm. Ağ işığı
yol göstərdi.
Baba, Ay işığı niyə hər yerdə olmur? - deyə ara
vermədən soruşdu.
Qoca gülümsündü: - Ay işığı
hər yerdə olur, oğlum. Bayaqkı qaranlıq dediyin yer dağın kölgəsi idi. Belə işlər çox olur. Maneələr Günəşin işığını yox
edə bilməsələr
də, Ayın qabağını kəsə
bilirlər.
- Mən Ay işığını
sevdim, baba. O, bizə
yolu göstərdi.
... Cavanlıqda qələmə
aldığım bu sətirləri indi ona görə xatırlayıram ki, bəzi insanlar da nabələdlərin və
ya yolu azanların
mənzil başına
rahat çatması üçün öz gücü çatan qədər nur saçmağa, işıq
olmağa çalışırlar.
Di gəl ki,
həmin işığa
da mane olmaq istəyənlər tapılır.
Amma xeyirxah insanların işığı
itmir və onlar uzun müddət
yaddaşlarda yaşayırlar.
II
Qardaşım Təbriz əsgərliyini
Leninqradda çəkmişdi. O, Zərdabın
Kürqırağı kəndlərindən
olan köhnə əsgər
yoldaşı ilə dostuq edir, get-gəllərini kəsmirdilər. Leninqradda Nevanın, Zərdabda isə Kürün eləcə sakit, səssiz axdığını
görən zərdablı
oğlan bir dəfə Qəbələdəki
"Yeddi gözəl"
şəlaləsinin yaxınlığında
məndən soruşdu
ki, müəllim, mən o boyda iki çayın sahilində olsam da, səslərini eşitməmişəm.
Bəs olsa-olsa bir-iki dəyirmanı güclə
işlədə biləcək
bu şəlalənin
səsi niyə aləmi başına götürüb?
Arandan gəlmiş qonağımıza
təbiətşünaslıq dərsi
keçmək istəməsəm
də, cavab xatirinə nə isə deməli idim:
- Çünki dağdan axan bu kiçik
çayın qarşısında
yüzlərlə, minlərlə
əngəl, maneə
var. O çay "Yeddi
gözəl" şəlaləsi
olanadək nəhəng
qayaların, ağır
daşların, kötüklərin,
kol-kosun arasından keçərək, hansısa
dərəni dolduraraq
axıb arana getmək istəyir. Qarşısında ona mane olan çox şey var. Qabağına dərə
çıxanda isə
çığıraraq "özünü qayadan atır". Yəni
o çayın səsinin
çox olmasının
əsas səbəbi ona badalaq gələnlərin olması ilə bağlıdır.
Əgər o dediyin çaylar da bu qədər
maneələrlə üzləşsəydilər,
onların səsinə
dünyanın qulağı
tutulardı.
Əlavə etdim ki, elə
cəmiyyətdə də
belədir. Bəzilərinin
"çoxdanışan" adlandırdığı, gündəlik
həyatda hər daşa - kəsəyə irad
tutan adamların həmin xasiyyətini biz -
onun öz yolunu sakitcə getməsinə mane olanlar yaratmışıq.
III
Bizim tərəflərdəki meşələrdə çoxlu sayda cır üzüm - tənək və gövdəsi eynilə tənəyə bənzəyən, ancaq bar verməyən yabanı - adını bilmədiyim sarmaşığa oxşayanlar olur. Tənəklər də, həmin sarmaşığa bənzəyənlər də ya palıda və ya qovağa sarmaşaraq, ağacın özündən də yuxarı qalxırlar.
Belə lövhələri nə vaxt görsəm, rəhmətlik Hikmət Ziyanın "Elə isə, açıl yaxamdan" təmsili yadıma düşür. Şair həmin təmsildə yazırdı ki, palıda sarmaşaraq, onun budaqlarına yalmanaraq, ağacın özündən də hündürə qalxan sarmaşıq həyasızcasına lovğalandı: "Ey palıd, mən səndən güclüyəm, səndən ucayam, hər yeri daha yaxşı görürəm!" Palıd isə ona qayıtdı ki, di elədirsə, açıl yaxamdan.
Palıdın "yaxasından açılan" sarmaşıqda ayaq üstdə dayanmağa güc, taqət, qabiliyyətmi var?
Cəmiyyətdə də belədir. Yaşlı və təcrübəli həmkarlarımıza söykənə-söykənə, ona istinad edə-edə bir balaca boy qaldıranlar bir gün utanmadan "mən səndən ucadayam" deyirsə, bu, bar verməyən meşə sarmaşığının timsalı deyilmi? Nə Hacı Qüdrət "Elə isə açıl yaxamdan" - deyir, nə də həmin zat açılıb gedir.
İş qalır idrakın və kamalın ixtiyarına. O da, ya bəxt!
P.S. Dünya binə olandan bəşər övladı Xeyirlə Şərin mübarizəsinə şahidlik edib: yaxşı da olub, pis də, halal da olub, haram da, düz də olub, əyri də... xülasə, öyrədən də olub, öyrənən də, bəzən öyrənmək istəməyən də...
Dünya belə gəlib, görünür Qiyamət gününədək də belə gedəcək... İnsan isə bu dünyaya gəlir, yaşayır və bir gün Haqq dünyasına köç edir. Hərə bir üzlə...
İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.21.