Balaca tavalardakı böyük yalanlar
Həyatın maraqlı tərəflərindən
biri odur ki, yaşamağın konkret düsturu yoxdur. Nəyin yaxşı, nəyin
pis olduğunu anlamaq üçün bəzən bir ömür də kifayət eləmir.
Həyatın müəyyən dönəmində
doğru hesab etdiyin bir şey
bir gün öz mahiyyətini itirə bilir. Bir sözlə,
doğrular belə nisbidir. Bəlkə də, insanlar
bu nisbiliyin öhdəsindən gələ
bilmədiklərindən əvvəlki
nəsillərin təcrübəsindən
bəhrələnmək adı
ilə yalan-doğru qanunlara sığınır.
Nəsildən-nəsilə ötürülən bu yalanlar bir
müddət sonra toplumun həqiqətinə
belə çevrilə
bilir. Elə bir həqiqət
ki, bu "həqiqət"i sorğulamaq
heç kimin ağlına gəlmir.
Bəlkə də, kiminsə
ağlına gəlir,
ancaq dilə gətirmir. Bu mövzu ilə bağlı çox sevdiyim bir hekayə
var. Deməli, uşaq
anasının həmişə
toyuğu balaca tavada bişirdiyini görür. Anlaya bilmir
ki, niyə anası toyuğun ancaq kiçik bir hissəsini bişirir. Axı böyük tavada
eyni yeməyi daha çox bişirə bilər.
Bir gün bunun səbəbini soruşanda
anası cavab verir ki, bişirdiyi
toyuq yeməyinin reseptini öz anasından öyrənib,
o da həmişə bu yeməyi balaca tavada bişirirmiş.
Məsələnin nənəsindən qaynaqlandığını öyrənən
uşaq bu dəfə eyni sualı nənəsinə
verir. Nənənin də cavabı
çox sadə olur. Sadəcə o vaxt mənim
balaca tavam vardı. Bəsit hekayə kimi
görünə bilər,
ancaq mənim üçün bu hekayə çox şey deyir. O balaca tava kimi
sorğulamadığımız, niyəsini bilmədən əməl etdiyimiz o qədər şeylər var ki, altında
yatan səbəbləri
də başqa tavanın olmaması kimi sıradan səbəblərdir.
İnkişaf etmiş toplumun əsas fərqlərindən biri sorğulayan fərdlərin çoxluğundadır. Hansı insanlar ki, hazır həqiqətlərə nazir olur, onlar bir ömür öz həqiqətlərini tapa bilmir. Cəmiyyət özü də belə fərdlər yetişdirməyə meyillidir. Çünki yenilik dəyişiklik deməkdir. Dəyişiklik isə illərlə, bəlkə də, əsrlərlə qurulanları yıxıb-dağıtmaqdır. Mühafizəkar cəmiyyət isə öz inandıqlarından asan-asan imtina etmir. Əgər imtina edirsə, bu imtina xeyli qurban tələb edir. Bu qurbanlar sorğulayan, həqiqət axtarışına çıxanlar olur. Tarixə nəzər salsaq görərik ki, ilk dəfə o dediyimiz şəxsiyyətlərin çoxunun aqibəti yaxşı olmayıb. Ya cəmiyyət onları qəbul etməyib, ya da gec qəbul edib. Sağlığında qəbul edilməyib əsrlər sonra qəbul olunan inqilabçı ruha malik şəxsiyyətlər tarixdə çoxdur. Əslində, inqilabi ruh hər insanda az da olsa var. Çörçil deyirdi ki, insan gəncliyində liberal, qocalığında mühafizəkar olur. Gənclik enerjisi, yaxud da ərköyünlük adı verdiyimiz inqilabi ruhun işartıları yaş ötdükcə yoxa çıxır sanki. Böyük ideallar uğrunda savaşan adamların müəyyən bir vaxtdan sonra "az aşım, ağrımaz başım" prinsipi ilə yaşadığını görə bilirik. Ona doğru adı ilə sırınanları sorğulamağdan vaz keçən, yaxud bu sorğu-sualı sakitcə özlüyündə, səsini çıxarmadan aparan adamların həyat hekayəsində itirilmiş cəsarətin mühüm rolu var. Əslində, həqiqət axtarışı təkcə bəşəri dəyərlərdə özünü göstərmir. Hər kəs şəxsi həyatı ilə bağlı ən incə detalda belə niyə sualını verə bilsə, bunun özü belə kifayət edir. Niyə hamı qara geyinir deyə mən də qara geyinməliyəm? Niyə otuz yaşına qədər evlənməliyəm? Niyə müəllim olmalıyam? Bu niyələrə cavabı sizə deyilənlərdə axtarmamışdan öncə öz içinizdə axtarmağa cəhd edin. Görün, ağlınızdakıları dilinizə gətirəcək qədər cəsarətiniz varmı?
Nəyisə sorğulamaq həmişə
ona qarşı çıxmaq, bütün həyatı radikal
ideyalarla yaşamaq da düzgün deyil, məncə. Əlbəttə, bizə
deyilən, öyrədilən hər şey
yalan ola bilməz. Məsələ
bütün deyilənlərin içərisində
öz həqiqətini tapa
bilməkdir.
Aytac
SAHƏD
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.20.