Axırı yaxşı bitir, ya pis?..  

 

 

Sonluqlara elə öyrəşmişik ki. İstənilən hekayədə, filmdə ya xoşbəxt, ya da kədərli sonluq gözləyirik.

 

Əslində, məntiqlidir, hər hadisəyə yanaşmalarımız olur axı təbii olaraq. Hər şeyi dəyərləndirə bilirik: necə başladı, necə bitdi. "Hər şeyi" dedim. Əmin idim. Hər şey gözəl bitə bilər, öz əlimizdədir. Amma bəs bitmirsə, yarımçıq qalırsa? Bəzən yarım qalan hadisələrin davamının olması mümkün olmur real həyatda. Vergüldən sonra heç gəlmir bu halı qəbul etmək, vergülə ilişib qalmamaq, yeni abzasa keçmək lazım olur. Amma suallar yaranır: necə olacaq? Necə davam etmək olar? Həmişə oralarda bir yer bizim üçün olmayacaq? Hər zaman ora boylanmaq, qayıtmaq, qaldığı yerdən, ya da lap əvvəldən, fərq etmir - yaşamaq istəməyəcəyik onu?

 

Bu sualların, sözügedən vəziyyətin içində itib-batanlar var. Belə bir cümlə oxumuşdum: " qədər kədərli olmasından asılı olmayaraq, hər zaman bitmiş cümlələr yarımçıq cümlələrə nisbətən daha az ağrı verir".

 

Doğrudan da, belə olması həqiqətdir, səbəb isə ona o gücü verməyimizdir. Həyatında yarımçıq qalan hadisələrin sadəcə yaşanmış olması xoşbəxtliyi ilə yetinən rəfiqəm yadıma düşdü. ya hadisələri sadəcə o cür dəyərləndirən. Axı həyatımızdakı hər şey ancaq bizim onları necə qiymətləndirməyimizdən, necə münasibət bəsləməyimizdən asılı olaraq formalaşır.

 

Bəlkə , doğrudan da, hər şey tamamlanmamalıdır? Əsas olan yaşanmasıdır.

 

Üstəlik, insanların pul verib bilet aldığı, film izləməyə gəldikləri kinoteatrın ekranlarında deyilik. Xoşbəxt ya kədərli sonluq nümayiş etdirib reaksiyalara məruz qalmağa məcbur deyilik.

 

Bəzi şeylər yarımçıq qalmağa məhkumdur. Sadəcə xatirələri götürüb yola davam etməkdən başqa variant yoxdur. Unutmaq cəhdlərini düşünməklə özünüzü yormayın, heç unudulmur, sadəcə xatırlamamaq mümkündür. Yarımçıq qalanları olduğu kimi qəbul edib boşluğunu doldurmağa cəhd etməmək, "yaxşı ki yaşandı" deyib keçmək, baş verməyənlərdən çox baş verənlərə fokuslanmaq.

 

Bu yazı da tamamlanmasın, yarımçıq qalmağı ki onun yazılmamağı demək deyil. Bir neçə dəqiqənizi də alsa, rast ki bu yazını oxudunuz, onda sonluq kimə lazımdır?

 

Nəzrin HƏSƏNOVA

 

 

525-ci qəzet.- 2021.- 30 yanvar.- S.20