Mənim Qarabağım və ya Qarabağ
düyünü
İkinci
hissə
Tanınmış alim Hamlet İsaxanlı Qarabağ
mövzusunda düşüncələrini ətraflı şəkildə
qələmə alaraq bir kitab həcmində ərsəyə
gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu
kitabdan günümüzə, gündəmimizə uyğun
müəyyən hissələri oxuculara təqdim edirik.
Nərmənazik
bayatı
Musiqi olan yerdə şeir də var, ədəbiyyat da,
teatr da. Qarabağ şairə də, yazıçıya da,
həm qarabağlı yazıçılara, həm də
Qarabağı sevən, Qarabağı vəsf edən digər
yaradıcı şəxslərə ilham qaynağı
olmuşdur. Qazaxlı məşhur şair
Molla Pənah Vaqif (1717-1797) Qarabağda yaşamış,
Qarabağ xanı İbrahimxəlil xanın sarayında vəzirliyə
qədər yüksəlmiş, gözəlləri vəsf edən
qoşma və qəzəllərinin əksəriyyətini
Qarabağda yazmışdır. Lakin zənnimcə,
Qarabağ haqqında gözəl misralar Vaqifə deyil, onun
dostu və yerlisi şair Molla Vəli Vidadiyə (1709-1809) məxsusdur.
Molla Vəli Vidadinin Vaqiflə müşairəsindən bu
misralar dillər əzbəridir:
Külli
Qarabağın abi-həyatı
Nərmi-nazık
bayatıdır, bayatı
Oxunur məclisdə
xoş kəlimatı
Ox kimi
bağrını dələr, ağlarsan!
Şairlərimiz Qarabağın gözəlliyini,
Qarabağla bağlı tarixi hadisə və əfsanələri
şeirə düzmüşlər. Qazaxlı böyük
şair Səməd Vurğun Qarabağı çox sevirdi.
Onun Qız qayası əfsanəsi barədə
yazdığı poema ("Qız qayası") 1938-ci ildə
nəşr olunmuşdu.
Dağların
döşündə durur Qarabağ
Xəyalı
gəzdirir hər qaya, hər dağ...
Mən
Cıdır düzünü gördüyüm zaman
Keçmişəm
gecələr Çanaqqaladan,
Orda dinləmişəm
bir qız səsini
Bülbülün
"Qarabağ şikəstəsi"ni.
Bir yanda
tar səsi, bir yanda qaval...
Boynunu
bükmüşdür dağlarda maral
Çıxmışam
dağların göy yaxasına
Doyunca
baxmışam Qız qayasına...
Qarabağı görən onu yaddan çıxara bilməz,
çoxsaylı xatirələr, şeir və digər bədii
əsərlər bunu təsdiq edir. Təbii ki, Qarabağda doğulub
boya-başa çatan adam qəriblikdə
Qarabağ üçün darıxacaq. Qarabağ
xanı İbrahimxəlil xanın qızı Ağabəyim
ağa Fətəli şaha girov göndərilmişdi.
İncə qəlbli ağıllı Ağabəyim ağa
Qarabağı yaddan çıxara bilmirdi:
Mən
aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönsə,
Yaddan çıxmaz Qarabağ.
(Qeyd: Bu
bayatının bir neçə fərqli deyilişi
mövcuddur, məsələn, "Şəki, Şirvan, Qarabağ"
misrası əvəzinə "Qara salxım, qara
bağ".)
Qarabağın ən tanınmış şairi
şuşalı Qasım bəy Zakir (1784-1857) olub. Digər iki
şuşalı - Xan qızı Natəvan (1832-1897) və
Fatma xanım Kəminə (1841-1898) də kifayət qədər
istedadlı şair olmuşlar. Qarabağlı
yazıçılar Nəcəf bəy Vəzirov (1854-1926),
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) və
Süleyman Sani Axundov (1875-1939) Azərbaycan
dramaturgiyasının inkişafında misilsiz rol
oynamışlar. Haqverdiyev musiqi və
teatrın inkişafına da öz töhfələrini
vermişdir. S.S.Axundov isə öz "Qorxulu
nağıllları" ilə, xüsusilə "Qaraca
qız", həmçinin, "Nurəddin" hekayələri
ilə həm də Azərbaycan uşaq ədəbiyyatının
klassiki sayılır.
Şuşalı
yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli
(1887-1943) öz həyat hekayəsini Qarabağ haqqında deyilmiş
bayatılarla başlayır:
Qarabağda
talan var,
Zülfü üzə salan var.
Gedirsən
tezcə qayıt,
Gözü yolda qalan var.
Əslim
qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn
var, nə gedən
Məgər yollar bağlıdır?
Və
şəhərin keşməkeşli tarixini vərəqləyir,
bu gününü xatırlayır: "Dağ başında
yazı-yayı yaşıllığa,
payızı-qışı dumana və qara
bürünmüş bir şəhər təsəvvür
ediniz. Bu, mənim şəhərimdir... Şəhərin hər
nöqtəsi bir tarix söyləyir: Ibrahim xan kahası, Məlik
Şahnəzər kahası, Şahnişin, Cıdır
düzü, Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi
bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə
dünyaya gəldim. Taleyim bu imiş"...
Firidun bəy
Köçərli (1863-1920), "həssas bir insan, qərəzsiz
ədəbiyyatçı, yorulmaz bir maarifçi"
(A.Şaiq) olan bu şəxs, pedaqoq, jurnalist və naşir
Haşım bəy Vəzirov (1867-1916), publisist və "Yeni
Türk Əlifbası" hərəkatının fəal
üzvü Fərhad Ağazadə (1880-1931) də
Şuşada doğulan dəyərli ziyalılardandır. Şuşada doğulmuş məşhurlar
sırasında böyük siyasətçi, jurnalist və mütəfəkkir
bir insan - Əhməd bəy Ağayev (Ağaoğlu, 1969-1939)
xüsusi yer tutur. Uzaqlarda keşməkeşlərlə
dolu həyat keçirmiş Əhməd bəy vətənini
- "Qışı kəklikləri, turacları,
qırqovulları bol olan Qarabağ"ı, "yayda isə
1200 metr hündürlükdə bir dağın başında
qartal yuvası kimi qonmuş, suları buz kimi
Şuşa"nı unutmurdu.
Hacıbəyov qardaşlarının kiçiyi,
yazıçı və jurnalist Ceyhun Hacıbəyli
(1891-1962) 1919-ci ildə Paris sülh Konfransına gedən Azərbaycan
nümayəndə heyətinin üzvü olmuş və geri
dönməmiş, Parisdə yaşamış və
yazıb-yaratmışdı. O, Qarabağ və ümumiyyətlə,
Azərbaycan folkloru nümunələrini, əsasən
kiçik həcmli poetik formaları toplamış,
orijinalı, fransızca tərcüməsi və qısa
şərhlərlə "Qarabağ dialekt və folkloru
(Qafqaz Azərbaycanı)" adı altında “Journal Asiatique”də
dərc etdirmişdi.
Əlbəttə, görkəmli qarabağlıları
sayıb qurtarmaq kimi məqsədim yoxdur. Sadəcə, uşaq və
ilk gənclik illərimdə Şuşanı, Qarabağı
və Qarabağın həlledici rol oynadığı Azərbaycan
mədəniyyətini kimlər və nələr vasitəsilə
tanıdığımı qısaca yadıma saldım...
Ürəkdə
qalan arzu
Leninqrad Maliyyə-İqtisad İnstitutu öz Bakı
filialında riyaziyyat kafedrasının müdiri vəzifəsini
tutmaq üçün müsabiqə elan etmişdi. 1988-ci ilin yaz
aylarında Leninqrad riyaziyyatçılarının dəvəti
və təkidi üzrə bu müsabiqədə iştirak
etməli oldum. O zaman Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitututu (İndiki Azərbaycan Dövlət İqtisad
Universiteti) rüşvətin geniş yayılması maddəsi
ilə Sovet Siyasi Bürosunda (Politburo-da) müzakirəyə
çıxarılmış və bağlanmışdı;
həmin institutun əsasında yeni ali məktəb
yaratmaq və onu Leninqrad Maliyyə-İqtisad İnstitutunun
filialına çevirmək qərarı
alınmışdı. Müsabiqədə çox adam iştirak edirdi; müəyyən macəralardan
sonra Leninqrad Maliyyə-İqtisad İnstitutunun Elmi
Şurasında kafedra müdiri seçildim və işə
başlamaq üçün Bakıya qayıtdım.
İlk işim, təbii ki, riyaziyyat kafedrası üzvləri
ilə tanışlıq idi. Kimin riyaziyyatın
hansı sahəsi üzrə mütəxəssis olması və
hansı fənləri tədris etməsi barədə söhbət
edirdik. Hərə qısaca
özünü təqdim edirdi. Müəllimlərin
dördü, ya beşi Qarabağdan idi. Mənə
"Qarabağı yaxşı
tanıyırsınızmı" deyə soruşanlara
"yox" cavabı verməli oldum; Qarabağı musiqisinə
və böyük mədəniyyətinə görə
çox sevdiyimi, ancaq bu günə kimi Dağlıq
Qarabağa, o cümlədən, Şuşaya gedə bilmədiyimi
təəssüflə və utana-utana qeyd etdim. Müəllimlərdən
biri tez münasibət göstərdi: indi Qarabağda ermənilər
işi qarışdırıblar, yəqin bir-iki aya hər
şey qaydaya düşər və sizi Qarabağa,
Şuşaya aparıb doyunca gəzdirərik.
Təəssüf
ki, bu arzu ürəyimizdə qaldı...
***
Mən
Sovet dövründə yaşamış, Sovetlərin
dünyaya meydan oxuduğu illərdə orta məktəbdə,
sonra ali məktəbdə oxumuşam. Sosializmin müsbət və mənfi tərəflərini
görmüş insanlardan biriyəm. Zənnimcə,
Sosializmdə xüsusi vurğulanan Xalqlar dostluğu ideyası
bir gerçəklik idi. Müxtəlif dildə
danışan, SSRİ-nin ateist dövlət olmasına
baxmayaraq, ən azı tarixi irs və mədəniyyət
baxımından müxtəlif dinlərə mənsub xalqlar
dinc-yanaşı yaşayır, bu xalqların nümayəndələri
dostluq edir, əməkdaşlıq edir, birgə təhsil
alır, ailə qururdular. Səməd Vurğunun üç Cənubu
Qafqaz (Zaqafqaziya) xalqlarının birliyini ifadə edən bu
misraları (1931) azərbaycanlılara yaxşı tanış idi:
Qarışsın
Qazağa Dilcan dərəsi,
Daha da
birləşib olsunlar bir can
Yoldaş
Azərbaycan, Hinger Hayastan,
Bir də
Amxanaqo qızıl Gürcüstan!
(Qeyd.
"Hinger" ermənicə, "Amxanaqo" gürcücə
"yoldaş" deməkdir)
Gürcüstanda kəndimiz (Kosalı), rayonumuz (Qardabani,
əvvəlki adı Qarayazı) aran yerdədir. Bizim xalqın
yay vaxtı Ermənistandakı dağlara, əsasən Lori tərəflərə,
Lorinin cənubundakı səfalı dağlara, yaylağa getmək
ənənəsi olub. Arandan dağa
köç, səfər həm qoyun-quzu, mal-qaranı
otlağa çıxarmaq, həm də istirahət etmək məqsədi
güdmüşdür. Xalqımız
yüzillərlə Qaraxaç adlanan dağlarda, dağ
döşündə çadırlar (dəyələr) qurub
dincələrmişlər; mən və mənim
yaşıdlarım və övladlarımız bu ənənəyə
sadiq qalmışıq. Mənim babam
Qaçaq İsaxanın orada öz yurd yerləri
varmış, onu mənə göstərib bura İsaxanın
yaylaq yerləridir demişdilər.
Lori
bölgəsinin əhalisi qarışıq idi - ermənilər,
Azərbaycan türkləri, ruslar. Azərbaycanlıların
ən böyük kəndi İlməzli idi. Ailəmizdə baş vermiş bir faciə ilə
bağlı mən birinci sinif dərslərimi İlməzlidə
davam etməli oldum, birinci sinfi bitirib yenidən öz kəndimizə
qayıtdım. Mən anadan olandan 1987-ci ilə
qədər yay aylarını əsasən Ermənistan
dağlarında keçirmişəm - İlməzlidə,
Qaraisəli kəndi və onun yaxınlığında,
Novoselsovo adlı kənddə, Dolama yolu və Sarı bulaq
deyilən səfalı dağ ətəklərində,
dağ döşündə.
Lorsovxoz adlı erməni kəndində atamın iki azərbaycanlı
dostu yaşayırdı - Vələd və Zeynal. 8-9
yaşım olardı, o yay Vələd əminin evində
qaldım. Uşaqları Elza, Elba, Eldar erməni dilində
oxuyurdular, Azərbaycanca, demək olar ki, danışa bilmirdilər.
Zeynalın uşaqları isə yaxşı
danışırdılar. Mən orada bir az
erməni dili öyrənmişdim. Xeyli sonralar biz Dolama yolu ətəyində
dincələrkən Vələd əmi Elbanı
götürüb bizə gəldi, Elba tibb fakültəsinə
hazırlaşır, onunla bir az məşğul
ol, kimyası zəifdir dedi. Elba ilə
qeyri-üzvi kimya dərsi keçməyə başladıq.
Məsələn, sulfat turşusuna Haş Erqu Es O çors
deyirdim, yəni, Haş iki Es O dörd
(H2SO4). Beləcə rus, erməni və azərbaycan
dillərini qarışdırıb Elba ilə məşğul
oldum; Elba yaxşı öyrəndi.
Yerli sakinlər, azərbaycanlı və ermənilər
babam İsaxan haqqında, onun həyatı, igidliyi, qəhrəmancasına
ölümü barədə xatirələr söyləyirdilər. Bir qoca ermənin söhbəti
yadımdadır: "Oğluma toy tədarükü
görürdüm, bir dostumla bərabər dolu arabamızla
dolama yolunu enirdik. Qarşıda bizə doğru hərəkət
edən bir dəstə atlı
göründü, yaxınlaşanda dostum həyəcanla:
"Qaçaq İsaxandır" - dedi. Çox
qorxdum, adını çox eşitmişdim. Bizə
çatanda dayandılar, salam verdilər.
İsaxan gülə-gülə "Ay erməni, nədir,
arabanı yaman doldurubsan, xeyir ola?" -
dedi. Mən özümü itirdim,
"İsaxan, başına dönüm, oğluma toy edəcəm,
onun tədarükünü görürəm, bizə dəymə"
- deyə yalvardım. İsaxan yenə
güldü, "A kişi, səninlə nə işim var,
toyunuz mübarək olsun, al, bu da mənim nəmərim" -
deyə mənə yaxşı pul uzatdı. Heyif, o qəhrəmanı,
o alicənab gənci pusquya salıb öldürdülər..."
Məskən saldığımız, dincəldiyimiz
dağlarda Borçalı - Qarayazı aşıqları ilə
yanaşı, bəzən erməni sənət adamları ilə
görüşlər də olurdu. Bizim cəm
olduğumuz yerlərdə, o cümlədən, Dolama yolu deyilən
yerdə erməni müğənnilərin
qarşımızda konsert proqramı ilə çıxış
etdikləri yadımdadır. Bu, əlbəttə,
Sovet zamanı idi. Erməni müğənnilər
Azərbaycan, hətta Türkiyə türklərinin də
mahnılarını, şərqilərini həvəslə
ifa edirdilər. Bir türk şərqisini mən ilk dəfə
uşaq vaxtı məhz Ermənistanda erməni müğənninin
sevə-sevə, şövqlə ifa etdiyi zaman dinlədim və
sevdim:
Yar
saçların lüle - lüle
Yar
benziyor gonca güle
O gül
benim hayatımdır
Ölürüm de, vermem ele.
Yar, yar
aman, yar yar aman
Yar
yüreğim oldu keman
Kavuşmamız
yar ne zaman
Yar, ne
zaman, yar, ne zaman?..
Bu şərqinin Türkiyədə çox sevildiyini
sonralar bildim, onu Zeki Müren, Nesrin Sipahi və digər
türk müğənnilərin ifasında eşitdim.
O
dağları çox sevirdim. Qaymaqçiçəyi,
yarpız, əvəlik, kəkotu, çiyələk, göbələk
yığardıq, çayda çimər, balıq
tutardıq. Aşıqlar oxuyardı,
motalın necə basıldığına və ətin
alışma yolu ilə paylanmasına baxmaq necə də
maraqlı idi. Qayaların üstündə oturub və
ya ot üstündə uzanıb sevimli bədii
kitabları və ya dərs kitablarını oxumaq ləzzət
verirdi. Yaşıl otun üzərində futbol
oynamaqdan yorulmurduq. Bir dəfə qonşu
erməni kəndinin uşaqları bizi öz
meydançalarında futbol oynamağa dəvət etdilər.
Getdik və udduq. Bəziləri
dava salmaq, bizi döymək fikrinə düşsələr də,
daha ağıllıları buna imkan vermədilər.
Üzü cənuba doğru baxanda irəlidə sağ
tərəfdə Dəli dağ, sol tərəfdə isə
Ağlağan dağı (sıra dağlar)
görünürdü. Kiçik bir dəstə düzəldib Dəli
dağın zirvəsinə qalxdım. Dağın
zirvəsində duman bizi bürüdü, göz-gözü
görmürdü. Duman açılana qədər
gözləməli olduq; aşağı enmək də asan
olmadı, yorulmuşduq. Yayın
ortasında Ağlağan dağının təpəsində
və üst döşündə görünən
ağ-sarımtıl qar bizə təəccüblü gəlirdi.
Ora çatmaq üçün uzun yol getdik, əlimizlə
qara toxunduq. Geri qayıdanda erməni mal fermasının
yanından keçdik, çörək bişirən erməni
qadınları bizi təzə, xoş qoxulu çörəyə
və pendirə qonaq etdilər...
Mən ailə qurduqdan sonra da yay aylarında ailəm,
uşaqlarım, qardaşlarımla birlikdə həmin
dağlarda dincələrdik - ta Qarabağ münaqişəsi
başlanana qədər. Sonra Gürcüstanda, Başkeçid (Dmanisi)
dağlarına getdik, amma həmin həzzi duya bilmirdim; Ermənistanda
gün keçirdiyim dağların hər qarışı, hər
qayası, hər daşı, hər bulağı bir xatirə
idi...Yay zamanı arandan və ya şəhər həyatından
dağlara üz tutmağım "vəhşi, köçəri
türk" olmağımdan deyil, dağlara sevgimdən irəli
gəlirdi...
Üzeyir
Hacıbəyovun opera və operettaları Çar
dövrü erməni qəzetlərində
Tiflisdə
ermənicə nəşr olunan "Surhandağ"
("Qasid") qəzetində (1909, 6 dekabr, ¹ 39) "Azərbaycanca
opera" adlı yazıda 1909-cu il noyabrın 30-da Bakıda
Üzeyir Hacıbəyovun Şeyx Sənan operasının
tamaşaya qoyulması, teatrın müxtəlif təbəqədən
olan insanlarla, o cümlədən, "alovlu Azərbaycan gəncləri
ilə" dolu olması xəbəri verilirdi,
"Bakının azərbaycanlı ziyalıları yorulmaq
bilmədən işə başlamışlar. Onların
bu işləri ictimaiyyətə qibtə ediləcək bir gələcək
vəd edir" (kursiv mənimdir - H.İ.). Atrpet adlı bu müəllif əsərin opera tələblərinə
cavab vermədiyini, "şərq havalarını qərb
havaları ilə qatıb
qarışdırdığını" iddia etməklə
yanaşı, onun cəlbedici, xoşagələn olduğunu
deyir. O, qibtə qarışıq Azərbaycanın
çox inkişaf etdiyini, bəlkə intibah dövrünə
qədəm qoyduğunu yazır: "Gündəlik qəzetlər,
yumoristik, elmi məcmuələr, dramatik, musiqi, incəsənət,
ədəbi klublar... bütün bunlar oyun deyil, bəlkə
intibahın başlanğıcıdır, Muxtarov kimi bir neft
istehsalçısı gündəlik qəzet saxlamaq
üçün 75 min manat xərcləyir və neçə-neçə
Muxtarovlar xalqın intibahının sürətlənməsi
üçün öz pul kisələrinin ağzını
açıblar". Ümumilikdə müəllif
azərbaycanlıların bu sahədəki fəaliyyətini
ermənilərin fəaliyyətindən üstün qiymətləndirirdi.
(Qeyd. Üzeyir bəyin xüsusi Avropa musiqi məktəbində
təhsil almadığını deyən opponentləri və
bəzi həmkarları ona guya Avropa musiqi texnikasını tam
bilmədiyini irad tuturdular. Onlar, zənnimcə,
bir şeyi unudurdular - Üzeyir bəy misilsiz dahi idi, Avropa
texnikasını, necə deyərlər, göydə tuturdu və
onu şərq musiqisinə tətbiq edərkən şərq
musiqisini korlamır, əksinə, ona yeni kolorit verirdi.)
1914-cü ildə Ü.Hacıbəyovun
"Arşın mal alan" və "O olmasın, bu
olsun" operettaları erməni dilinə tərcümə
olunub Tiflis, İrəvan və Bakıda tamaşaya
qoyulmuşdu.
Bu əsərlər əməlli-başlı müzakirə
mövzusuna çevrildilər; onlar barədə mübahisəli
və qərəzli rəylər (həmçinin, azərbaycanlılar
tərəfindən) yazılsa da, həzz alıb tutarlı tərif
yazanlar az deyildi. Tanınmış erməni
aktyoru Adam Vruyr (1863-1924) "Horizon" qəzetində dərc
olunmuş mənfi rəyə cavab vermişdi (1915, 20 dekabr, ¹
286): "Arşın mal alan", "O olmasın, bu olsun"
operalarının xalqımız arasında
tapdığı müvəffəqiyyət həqiqətən
diqqətəşayan bir hadisə hesab edilməlidir... Xalq təsvirə
gəlməyən həvəslə qəlbə zövq verən
musiqiyə və qonşu xalqın gülməli adətlərinə
doğru meyl göstərir... Haqlı olaraq bu əsərlər
erməni operettasının gələcək işinin əsasını
qoyur (kursiv mənimdir - H.İ.)... Pyeslərin
əyləncəliliyinin ən böyük sirri də
musiqisindədir".
(Qeyd.
Üzeyir bəy öz içimizdə "Arşın mal
alan"ı heçə sayanlara qısa və məntiqli
cavab verir (1924): "Burasını dəxi qeyd etməyə məcburam
ki, türk opera və operettalarından "Arşın mal
alan" hər yerdə rəğbət qazanıb, dildən
dilə tərcümə edilib, Gürcüstanda, Ermənistanda,
yüzlərcə dəfə oynandıqdan sonra Rusiyanı,
Türkiyəni, İranı, Fransanı, Amerikanı,
İspaniya, İtaliya və Misiri dolaşıb, Azərbaycan
teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi
bir zamanda vətəndaş Samitin (maarif nazirinin müavini
Tağı Şahbazinin təxəllüslərindən biri -
H.İ.) bu əsərin səhnədən
qaldırılmasını və qadağan edilməsini tələb
etməsinə heç bir məna verməyirik.)
"Arşın
mal alan" 1915-1916-cı illərdə
gürcü və rus dillərinə də tərcümə
olunmuş və tamaşaya qoyulmuşdu. Tiflisli
erməni aktyor Setrak Maqalyan Əsgər rolunu dord dildə - azərbaycanca,
erməni, gürcü və rus dillərində
oynamışdı. Əsərin ermənicəyə
ilk tərcüməsi də S.Maqalyana məxsusdur. Erməni
aktyor truppasının ifasında "Arşın mal alan" müxtəlif ölkələrdə
- ABŞ-ın əksər böyük şəhərlərində,
Hindistanda, Yaxın Şərqdə və Rusiyada dəfələrlə
tamaşaya qoyulmuşdu (1915-1921-ci illər arasında 800 dəfə;
burda səhv, artıq sıfır yoxdur - səkkiz yüz dəfə!).
Erməni "Arev" ("Günəş") qəzeti
"Arşın mal alan"ın Bakıda erməni dilində 40-cı dəfə
tamaşaya qoyulmasını və Şekspirin
tamaşalarından çox bu
tamaşaya getmələrini "erməni
tamaşaçılarının zövqünün
kasıblığı" kimi qiymətləndirmiş,
tamaşada oynayan erməni aktyorları təhqir etmişdi. Yenə
də A.Vruyr cavab yazmış və
tamaşaçıların nə üçün
"Arşın mal alan"ı
üstün tutma səbəbini göstərmişdi
("Arev", 6 fevral, ¹ 27): "Yeni Amerika açmağa
ehtiyac yoxdur... O günahsız “Arşın mal alan”da
ictimaiyyət öz qəlbinə yaxın, onun başa
düşdüyü, ona çatan, əziz musiqi ahəngli
havalar tapır və zövqlə ona qulaq asır. Bəlkə də əsərin çox
nöqsanları var. Qoy bizim yazıçılar ondan
yaxşısını yarada bilsinlər (kursiv mənimdir -
H.İ.). İctimaiyyət məmnuniyyətlə
qulaq asacaq. O, sözsüz demək olar ki, mahnı və
musiqinin həsrətini çəkir".
Tədqiqatçılar
S.Maqalyanın və operettanı satmaqla məşğul olan
digər şəxslərin müəllif
hüquqlarını pozduğunu, "Arşın mal alan"ın tamaşa afişalarının
çoxunda (məsələn, ABŞ-da) Üzeyir Hacıbəyovun
adının yazılmadığını irəli
sürmüşlər
Musiqidə
plagiat məsələsinə Üzeyir bəy də
toxunmuşdu (1924): "Azərbaycanda özlərindən əsər
yaradan bir çox Avropa musiqişünaslarından başqa,
bir neçə Şərq müsiqişünasları
vardır. Bu musiqişünaslardan Avropada təhsil
görmüş və Bakıda xormeyster olan Anton Mailyandır
ki, bir neçə kiçik nəğmələri
vardır. Bununla fəxr etmək kafi
deyilmiş kimi başqalarının əsərlərini də
xorda oxudaraq öz musiqisi adlandırır. Bu
nəğmələrdən biri "Şah
İsmayıl" operasından "Haydı, qızlar!" nəğməsidir
ki, müsamirə vaxtı proqramda öz musiqisi olduğunu
göstərir. Bundan əlavə, "Ay
yoldaşlar!" nəğməsini notaya alaraq öz musiqisi
hesab edir..."
Üzeyir
bəy öz opera və operettalarının ermənilər
arasında populyarlığından, sözsüz ki, həzz
alır və bunu felyetonlaşdırır; bu felyetondan bir
parça:
"Yazıq ermənilər! Yenə yazıq ermənilər! Axı sizə kim qarğış etmişdi? Kimin ahü nəvası sizi tutdu? Kim sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz?
- Nəyə?
- Operaya,
operettaya!
Yazıq
ermənilər! Yenə yazıq ermənilər! Aya siz görmədinizmi ki, necə bu opera müsəlman
millətinin evini yıxdı? Aya siz
özünüz görmürsünüzmü,
eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu opera meydana
çıxandan bəri necə xarab olublar?"
Üzeyir bəy "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Leyli və Məcnun" və "Arşın mal alan" kimi məşhur opera və operettalarının Azərbaycanda necə populyar olduğunu, tacirlərin, bəylərin, qoçuların, arvadların zövqünü, həyatını necə dəyişdirdiyini yazır. Və davam edir:
"Yazıq ermənilər!.. Məgər siz
bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!... A yazıq
ermənilər, nə üçün özünüzü
bəlaya salıb "Arşın mal alan"ı, "Məşədi
İbad"ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!"
Hamlet
İSAXANLI
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.18-19.