Şəhid tələbəm
Qrupun ən sakit, dinməz, ilk baxışda fağır
görünən tələbəsi
idi. Uzun boyu, avazımış solğun
bənizi, sığala
gəlməyən açıq
xurmayı saçı,
işıqlı, mehriban,
bir az
da utancaq baxışları vardı.
Dərs
dediyim müddətdə
onda tay-tuşlarının
çoxuna məxsus
od-alov, temperament, dəcəllik-cığallıq
görmədim. İyirmi
illik təcrübəsi
olan müəllim, bəlkə də həyatın çox üzünü görmüş
yazıçı kimi
onun bu sakitliyinin
arxasında çoxunun
dərhal görə bilmədiyi başqa bir cavanın, özgə bir mənin olduğunu hiss edirdim, bəlkə elə buna görə də ona xüsusi
bir sayğı ilə, bəlkə də ehtiyatla yanaşır, hörmətimi, hətta rəğbətimi
hiss etdirirdim.
Zaman çox gözlətmədi,
ilk baxışda fağır,
başıaşağı, utancaq görünən
bu gəncin içində demə cəsur bir qəhrəman uyuyurmuş.
Bu qəhrəman gizlindən
çıxıb özünü
göstərmək üçün
zamanını,
şəraitini gözləyirmiş.
Dramaturji əsərlərdə
qəhrəmanın xarakterini
açmaq, əslində,
onun kim olduğunu göstərmək
üçün ekstremal
şərait, dramatik situasiya yaratmaq lazım gəlir. Elə bir situasiya,
elə bir məqam ki, kimin kim
olduğu aşkara çıxsın. Həmin zaman,
həmin məqam mənim qəhrəmanım
üçün də
gəlib yetişdi.
Yeni tarixinin 30 illik məğlubiyyət acısını yaşamış Azərbaycan, nəhayət, ayağa qalxmaq üçün özündə qətiyyət,
cəsarət, güc-qüvvə
tapdı, hər cəhətdən mənfur
düşmənin murdar
ayaqları altında əzilmiş, barbarcasına
tarımar edilmiş kəndlərimizi, şəhərlərimizi azad etmək üçün ayağa qalxdı. Böyük arzularla daxil olduğu Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
kinoşünaslıq ixtisasını
bir il əvvəl
uğurla bitirmiş Fəqan Məmmədov da minlərlə azərbaycanlı gənc kimi cəbhəyə könüllü yollandı,
rəşadətli igidlərimizin sırasına
qoşuldu. Bəlkə
də "mənəm-mənəm"
deyib sinəsinə döyən tay-tuşlarının
çoxundan
fərqli olaraq hərbidən çağırış, dəvət
gözləmədən. O sakit
baxışlı, təvazökar, fağır
Fəqan silaha sarıldı, qanımıza
susamış vəhşi
düşmənlə ön
cəbhədə döş-döşə
gəldi, döyüş
meydanında şir kimi vuruşdu, düşmənin
bağrını yardı.
Fəqanı şəhidlik zirvəsinə
yüksəldən son döyüşü
Ağdam istiqamətində baş
verdi, o, müharibə səhnələrində
görünməmiş bir
igidlik nümunəsi göstərdi və Qarabağ müharibəsinin qəhrəmanlıq
səlnaməsinə adını
qanı ilə yazdı. Bu son döyüşü
təsvir etmək, təsəvvürdə
canlandırmaq
çox ağırdır,
ağrılıdır, amma
bizim hər birimiz bu ağırlığı
bütün varlığımızla
hiss etməli, ağrını
içimizdən keçirməliyik.
Azərbaycanlılara nifrəti ana südü ilə bəslənən ermənilərin növbəti dəstəsini
mühasirəyə alan
Fəqan və onun döyüş yoldaşları daha bir qələbə
döyüşünü bitirmək
məqamında ikən
yağı düşmən
ağ bayraq qaldırıb aman istəyir. Bizimkilər düşmənin erməni olduğunu unudub atəşi saxlayır, əsir düşənlərə aman
verirlər. Fəqan
səngərdən birinci
çıxıb əsirləri
tərkisilah etmək istəyəndə ağ bayraq qaldıran hiyləgər erməni milli xislətinə xas bir xainliklə qumbara atır. Fəqan bir an belə ləngimədən özünü
yerdə partlamaq üçün fırlanan
qumbaranın üstünə
atır, öz bədəni,
canı, qanı bahasına döyüş
dostlarını şəksiz
ölümdən xilas
edir. Bu anda, bu zamanda Fəqan
nə düşündü,
bu ölüm qərarını necə
qəbul etdi, bu şüurlu qərardı, yoxsa affekt məqamı idi... bunu heç
vaxt bilməyəcəyik,
amma bir şey gün kimi aydındır, Fəqan döyüş yoldaşlarını xilas
etmək üçün
canını qurban verdi, torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda döyüşdü, gəncliyini,
gələcəyini, kino
ilə bağlı arzularını, onu xoşbəxt edəcək
sevgisini "uf" demədən qurban verdi. Onun öz
canı, bədəni
hesabına xilas etdiyi döyüş yoldaşları Fəqan adlı xilaskarlarını heç
vaxt unutmayacaqlar, unuda bilməzlər, sağ qalanlar onun yarımçıq qalmış
həyatını da yaşayacaqlar. Zaman gələcək Fəqanın
bu igidlik aktı bir nağıla,
rəvayətə, mifə
çevriləcək.
Burda bir vacib məqamı da deyim, Fəqan
Məmmədov milliyyətcə
saxur idi. Etiraf edim ki, onlarla
millətin, xalqın dostluq-qardaşlıq şəraitində
yaşadığı çoxmillətli
Azərbaycanımızda bu
etnik qrup haqqında heç bir məlumatım yox idi, mən
saxurları Fəqanla
tanıdım, onların
qədim tarixini araşdırdım, öyrəndim.
Həqiqətən, milləti,
xalqı, ölkəni onun
böyük elm-mədəniyyət
xadimləri və qəhrəman oğulları
tanıdır. Necə
ki Zaqatalanın Suğagil kəndində
1998-ci ildə doğulub,
cəmi 22 bahar yaşamış Fəqan
Məmmədov heyrətamiz
qəhrəmanlığı ilə məxsus olduğu xalqın başını uca tutdu, saxurların və bütövlükdə
Azərbaycanın fəxr
yerinə çevrildi.
Bir məqamı da deyim, Azərbaycanın ən şanlı tarixini yaradan bu Vətən müharibəsində millətindən, dilindən, dinindən, sosial vəziyyətindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Böyük Zəfərə imza atan şanlı ordumuzun, ona rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib mənfur düşmənin qafasını, türklər demiş, param-parça etdi. Böyük qələbənin qazanılmasında bu möhtəşəm birliyin həlledici rolu şəksizdir, danılmazdır.
Bu yerdə Fəqanın simasında Böyük Qələbəmizin qazanılmasında canını fəda etmiş şəhidlərimizin ruhuna, döyüş qüdrəti ilə cahanı heyrətə salan qəhrəman qazilərimizə müraciət edirəm: müdriklər demiş, hər bir kişinin yaşadığı ömür payında mütləq bir müharibə, savaş olmalıdır. Bu sarıdan sizin bəxtiniz gətirdi, sizə müqəddəs bir müharibə qismət oldu, bu müharibə müqəddəs olduğu qədər də şərəfli idi. Siz vətənimiz Azərbaycanın qiymətli incisi Qarabağın düşmən işğalından azad olunması uğrunda mərdliklə döyüşdünüz. Siz bu müharibədə qalib oldunuz. Siz bu qələbə ilə bizim əyilmiş qəddimizi dikəltdiniz, bizi düşmən həqarətindən, dost qınağından, qonşu tənəsindən qurtardınız. Cəbhədə şir kimi döyüşdünüz, ermənini rəzil etdiniz. Düşmənin ağıl əvəzinə hiylə dolu qafasını əzdiniz, məkrlə dolu qəlbini parçaladınız, çirkin niyyətlər yuvası bağrını dağıtdınız, üç rəngli müqəddəs bayrağımızı Pənahəli xanın ucaltdığı Şuşa qalasının ən yüksək zirvəsində dalğalandırdınız. Nə gözəldir qalib ordunun əsgəri olmaq! Nə böyük xoşbəxtlikdir qalib ölkənin vətəndaşı olmaq!
Siz çox xoşbəxtsiniz, çünki sizin rəşadətiniz, igidliyiniz sayəsində gələcək nəsillərə Qarabağsız Azərbaycanı deyil, Qarabağlı bütöv Azərbaycanı miras qoydunuz. Bu, gələcək nəsillərə sizdən ən böyük ərmağandır. Bəlkə də zaman keçəcək, illər dolanacaq, adlarınız yaddaşlardan silinəcək, amma əməlləriniz, böyük əməlləriniz heç vaxt unudulmayacaq.
8 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaşayacaq. O səhifəni siz yazdınız. O möhtəşəm qələbə gününü Siz yaratdınız.
Əli
ƏMİRLİ
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.17.