"Molla Nəsrəddin"
ensiklopediyası - əsrin söz abidəsi
Azərbaycan satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan "Molla Nəsrəddin" jurnalı 25 illik fəaliyyəti dövründə türk-müsəlman dünyasında, eləcə də Yaxın Şərqdə geniş yayılaraq xalqların azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizəsində mütəşəkkil və ardıcıl rol oynadı.
Jurnal Azərbaycan ədəbi-ictimai fikrinə yeni
üslub, yeni baxış və düşüncə tərzi
gətirməklə yanaşı, həm də
yayıldığı ölkələrdə demokratik ictimai
fikrin təkamülünə, satirik mətbuat və ədəbiyyatın
inkişafına güclü təsir göstərdi. Milli və bəşəri
dəyərləri özündə yaşadan "Molla Nəsrəddin"
jurnalının yürütdüyü ideoloji xətt
çağdaş dövrümüzdə də olduqca aktual
görünür. Əbədiyaşarlıq
qazanan "Molla Nəsrəddin" jurnalı
xalqımızın zəngin söz xəzinəsidir. Elə bir xəzinə ki, biz bütün dövrlərdə
ondan yaradıcılıqla bəhrələnə bilirik.
Məhz elə bu yüksək məziyyətlərinə
görə də "Molla Nəsrəddin" jurnalı həmişə
çoxsaylı oxucuların və ziyalıların diqqət
mərkəzində qərar tutur. Xüsusilə də,
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu və
onun rəhbərliyi "Molla Nəsrəddin" ədəbi
abidəsinə həmişə diqqət və qayğı
ilə yanaşır. Bu günlərdə
akademik İsa Həbibbəylinin redaktorluğu ilə
işıq üzü görən "Molla Nəsrəddin"
ensiklopediyası da bu ölməz, zəngin irsimizə
böyük məhəbbətin bariz nümunəsidir. İnstitutun Mətbuat tarixi və publisistika
şöbəsində hazırlanan ensiklopediya şərəfli
və məsuliyyətli bir işin nəticəsi kimi olduqca
qiymətli və dəyərlidir.
Ensiklopediyanın ideya rəhbəri
və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylidir. Tərtib
edən və çapa hazırlayan filologiya elmləri doktoru, professor
Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənlidir. Ensiklopediyanın
korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva,
operatoru isə Şəbnəm Şəfizadədir.
Nəşrin
əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli,
Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz
Babayeva, Aygün Bağırlı və Mehman Həsənli
daxil edilmişdir. Ensiklopediya üzərində
işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin
şəxsi təşəbbüsü ilə "Molla Nəsrəddin"
ensiklopediyası üçün "Sözlük"
hazırlanmışdır. Şöbənin əməkdaşı
Gülbəniz Babayeva 420 səhifədən ibarət olan
sözlüyü "Molla Nəsrəddin"
jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova
və Afaq Əliyevanın "İmzalar" kitabı,
keçən əsrin əvvəllərindən başlayaraq
çağdaş dövrümüzə qədər Cəlil Məmmədquluzadə,
"Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər
haqqında yazılmış tədqiqat əsərləri əsasında
tərtib edilmişdir. Bu mərhələ
başa çatdıqdan sonra akademik İsa Həbibbəyli
sözlüklərin seçilməsi ilə bağlı
şöbə əməkdaşları və müəlliflərlə
müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş
və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli
olan sözlər seçilmiş və elmi məqalələrin
əsas mövzusuna çevrilmişdir.
Ensiklopediya akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin"
ədəbi məktəbinin ensiklopediyası" adlı
"Ön söz"ü ilə başlanır. Görkəmli tədqiqatçı
Azərbaycan satirik mətbuatının əsasını
qoyan, 25 illik fəaliyyəti boyunca milli mətbuatımızın
və ədəbiyyatımızın salnaməsini yaradan
"Molla Nəsrəddin" jurnalının
cahanşümul rolundan bəhs edərək yazır: "Cəlil
Məmmədquluzadə və "Molla Nəs-rəddin"
jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və
mətbuat cəbhəsi-nin liderliyi missiyasını uğurla
həyata keçirmişdir... "Molla Nəsrəddin"
jurnalı məktəb hazırlayıb meydana çıxaran
nadir mətbu-at orqanıdır... "Molla Nəsrəddin"
jurnalı dövrün ən tanınmış, iste-dadlı,
milli düşüncəyə malik ziyalılarını
öz ətrafında birləş-dirməyi
bacarmışdır. C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi,
M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz (Şəbüstəri),
B.Abbaszadə, Ə.R.Şamçızadə, M.Sidqi, Ə.Məhzun
və başqa görkəmli yazıçı, şair və
publisistlər "Molla Nəsrəddin" ordusunun mübariz əsgərləri
kimi həm milli istiqlal uğrunda, həm də realist-demokratik ədəbiyyat
yollarında dönmədən mübarizə aparmaqda davam
etmişlər".
İlk dəfə
“Molla Nəsrəddin” ensiklopediyası çap olunub
Ensiklopediyada
"Ön söz"dən sonra akademik İsa Həbibbəyli
və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz
Babayevanın birgə yazdıqları "Görkəmli
dövlət xadimi Heydər Əliyev "Molla Nəsrəddin"
jurnalı və mollanəsrəddinçilər
haqqında" adlı məqalə yer almışdır. Məqalədə
Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni
həyatında müstəsna xidmətləri olan Ulu öndər
Heydər Əliyevin Cəlil Məmmədquluzadə
yaradıcılığına, "Molla Nəsrəddin"
jurnalına və bütövlükdə klassik irsimizə, ədəbiyyatımıza
və mədəniyyətimizə verdiyi yüksək qiymət
diqqət mərkəzində saxlanılır. Heydər
Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə
zəngin və çoxşaxəli Azərbaycan ədəbiyyatına,
milli mətbuatımıza və onun yaradıcılarına
diqqət və qayğı göstərmişdir. "Cəlil
Məmmədquluzadə yaradıcılığı elə
bir dəryadır ki, o dəryanın dibinə gedib
çatmaq, hamısını əhatə etmək
mümkün deyildir" kimi yüksək bir fikir irəli
sürən dahi Heydər Əliyev təkcə böyük
realist ədibə deyil, həm də onu bütün
dünyada tanıtdıran, məşhurlaşdıran və
şöhrət qazandıran "Molla Nəsrəddin"
jurnalının Azərbaycan xalqının milli
şüurunun formalaşmasındakı, mətbuatımızın
inkişafındakı müstəsna roluna böyük dəyər
verir.
Ensiklopediya vahid süjet və kompozisiya əsasında
qurulmuş mükəmməl və sanballı bir əsər
təsiri bağışlayır. Çünki mövzu və
problematika baxımından zəngin olan bu orijinal məlumat
kitabı bir neçə istiqamətdə şaxələnsə
də, vahid bir məcrada, yəni "Molla Nəsrəddin"
və mollanəsrəddinçilər ətrafında təmərküzləşərək
mükəmməllik yaradır, ensiklopediyanın effektivliyini və
əhəmiyyətini artırır.
Üç illik gərgin, səmərəli, məsuliyyətli
axtarış və fəaliyyətin nəticəsi kimi ərsəyə
gələn ensiklopediyada hər bir müəllifin fədakarlığı
və zəhməti danılmazdır. Xüsusilə də,
ensiklopediyanın ideya müəllifi akademik İsa Həbibbəylinin
Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları
ilə sıx əlaqəsi, fikir mübadiləsi,
vaxtaşırı toplantılar keçirərək prosesin gedişi
ilə ciddi maraqlanması və ən başlıcası isə
işi dönə-dönə oxuyub, dəyərli tövsiyə
və məsləhətlər verməsi mükəmməl və
monumental bir ensiklopediyanın
ortaya çıxması ilə nəticələndi.
Akademik
İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsini,
onun redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin"
jurnalını həmişə diqqət mərkəzində
saxlamış, yaradıcılığının və
çoxsaylı tədqiqatlarının prioritet mövzusuna
çevirmiş, nəinki Azərbaycanda, eləcə də
Şərqdən Qərbə qədər geniş bir arealda nəşrinə
və təbliğinə nail olmuşdur. İsa
Həbibbəylinin bu mənəvi irsə yüksək
münasibəti həm də "Molla Nəsrəddin"
jurnalının on cildliyini nəfis tərtibatla nəşrə
hazırlayıb çap etdirməsində də aydın
görünür. Ensiklopediyada təbii olaraq ön plana
çəkilən, işin ana xəttini təşkil edən
"Molla Nəsrəddin" jurnalı, onun Tiflis, Təbriz,
Bakı mərhələləri, "Molla Nəsrəddin"
ədəbi məktəbi, "Molla Nəsrəddin"in Təbriz
şəhəri üzrə abunə dəftəri, Cəlil Məmmədquluzadə,
mollanəsrəddinçilik təlimi, tənqidi realizm, "Səyahətnamələr"
və başqa oçerk və məqalələr akademik
İsa Həbibbəyli tərəfindən işlənmişdir.
Ensiklopediyanın
əsas istiqamətlərindən birini də mollanəsrəddinçilər
- Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy
Haqverdiyev, Əli Nəzmi, Əli Razi, Bayraməli Abbaszadə,
Salman Mümtaz, Məmməd Səid Ordubadi və
başqaları haqqında yazılmış oçerklər
təşkil edir. Burada da XX əsrin əvvəllərində
Azərbaycan satirik ədəbiyyatının və milli mətbuatımızın
inkişafında müstəsna xidmətləri olan
böyük ədəbi simalar haqqında elm aləminə məlum
olmayan yeni faktlar aşkarlanaraq oxucuların ixtiyarına
verilmişdir.
Ensiklopediyanın əsas problematikasını təşkil
edən satirik publisistika və poeziyanın müəlliflərinin
həyat və yaradıcılıqları, jurnaldakı fəaliyyətləri
də geniş işıqlandırılmışdır.
Məlumdur ki, dövrün, zamanın sərt
senzurası mollanəsrəddinçiləri gizli imzalardan
istifadə etməyə yönləndirmişdir. Minlərlə
imzanın aşkarlanması, müəlliflərinin müəyyənləşməsində
böyük salnaməçi Qulam Məmmədlinin və bu
gün xeyirxah missiyanı uğurla davam etdirən filologiya
üzrə fəlsəfə doktoru Elmira Qasımovanın
xüsusi əməyi vardır. Bu prinsip
ensiklopediyada da gözlənilmiş, gizli imzaların əksəriyyəti
Elmira Qasımova tərəfindən işlənilmişdir.
"Molla Nəsrəddin" jurnalını geniş
oxucu auditoriyasına sevdirən və əhəmiyyətini
artıran həm də onun çoxsaylı, satirik
yönümlü rubrikalarıdır. Jurnalın nəşri boyunca istifadə
etdiyi folklor nümunələrinə parodiya və perifrazlar
şəklində yaratdığı "Atalar sözləri",
"Bayatılar", "Nağıllar", "El ədəbiyyatı",
"Tapmacalar", "Hikmətli sözlər", eləcə
də, "Teleqraf xəbərləri", "Ticarət və
ekonomi xəbərləri", "Daxili xəbərlər",
"Xarici xəbərlər", "Qafqaz xəbərləri",
"Mətbuat xəbərləri", "Elanlar" və
s. çoxsaylı rubrikalar haqqında nəzəri məlumatlar
jurnaldan seçilmiş nümunələr əsasında
Gülbəniz Babayeva tərəfindən
yazılmışdır.
"Molla Nəsrəddin" jurnalında onun
publisistikası və satirik poeziyası ilə tam uyarlıq
yaradan çoxsaylı karikaturaların böyük rolu
vardır. Oxucuların bütün təbəqələri tərəfindən
anlaşılan, istedadlı rəssamların yüksək sənətkarlıqla
çəkdikləri karikaturalar jurnalın populyarlıq
qazanmasında mühüm əhəmiyyət kəsb
etmişdir. Jurnalda Şərq və Qərb mədəniyyətini
qovuşduran, rəssamlıq sənətinin, xüsusilə də
qrafika və karikatura janrının inkişafında misilsiz
xidmətləri olan O.Şmerlinq, İ.Rotter, Beno,
Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş,
İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları
haqqında yazılmış oçerklər
ensiklopediyanın maraqlı səhifələrindəndir.
Məlumdur ki, jurnal keçən əsrin 30-cu illərindən
başlayaraq ədəbi ictimaiyyətin diqqət mərkəzində
olmuş, görkəmli ədəbiyyatşünaslar, ədəbi
tənqidçilər, nəzəriyyəçi alimlər tərəfindən
müxtəlif aspektdən təhlilə cəlb edilmişdir. "Molla Nəsrəddin"
ədəbi hərəkatının mənbəyi və əsas
istiqamətləri, tənqidi realizm, mollanəsrəddinçilik,
onun dünya nəzəriyyələr sistemindəki yeri,
orijinallığı və beynəlxalq aləmdə
yayılaraq xarici oxuculara çatdırılması məhz
görkəmli alimlərimizin cəfakeşliyi sayəsində
reallaşmışdır. Ensiklopediyada böyük bir təkamül
yolu keçərək çağdaş dövrümüzdə
də uğurla davam etdirilən bu sistemli
araşdırmaların müəllifləri - Əli Nazim, Mirzə
İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov,
Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov,
Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam
Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev,
Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov,
Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında
oçerklərə də yer verilmişdir. Mollanəsrəddinçi
alimlərin Azərbaycan Mollanəsrəddinşünaslığına
bəxş etdikləri tədqiqat əsərləri,
onların ideya-bədii mündəricəsi, əsas parametrləri
və bu sahədə əldə olunan qənaət və nəticələr
təhlil süzgəcindən keçirilmişdir.
Ensiklopediyada
"Molla Nəsrəddin" jurnalında əksini tapan ədəbi
janrlar - bəhri-təvil, dəyənək, felyeton, karikatura,
pamflet, parodiya, publisistika, satira, taziyanə, təxmis,
tragikomediya və sair haqqında nəzəri məlumatlar da
"Molla Nəsrəddin" jurnalından seçmə
nümunələr əsasında şərh edilmiş,
ensiklopediyanın söz bazasının, siqlətinin və məna
tutumunun zənginliyinə və çoxçeşidliliyinə
imkan yaratmışdır.
"Molla Nəsrəddin" jurnalı ədəbi məktəb yaradan ilk satirik dərgi kimi özündən sonra bir çox satirik jurnalların yaranmasına və nəşrinə yol açdı. Bu baxımdan, "Babayi-Əmir", "Bəhlul", "Məzəli", "Tuti", "Zənbur" və başqa satirik jurnallar "Molla Nəsrəddin" ənənələrini davam etdirən mətbuat orqanları kimi mühüm əhəmiyyət kəsb edir. Ensiklopediyada bu satirik jurnallara da xüsusi yer ayrılıb.
Ensiklopediyanın "Əlavələr" bölməsində jurnalın redaktoru, ilk dəfə olaraq nömrələrinin illər üzrə dəqiqləşdirilmiş sayı, nəşr olunduğu yer, mətbəə haqqında məlumatlar əksini tapmışdır. Eyni zamanda, həmin bölmədə doktorluq və namizədlik dissertasiyaları, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı haqqında tədqiqat əsərləri də yer almışdır.
Akademik İsa Həbibbəyli bu monumental söz abidəsini yüksək dəyərləndirərək yazır: "Molla Nəsrəddin" ensiklopediyası" - Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır.
"Molla Nəsrəddin" ensiklopediyası" - Azərbaycanda konkret bir ədəbi məktəb haqqında yazılmış birinci ensiklopediyadır.
"Molla Nəsrəddin" ensiklopediyası" - Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının kollektiv elmi əsəri, xüsusən, "Mətbuat tarixi və publisistika" şöbəsi əməkdaşlarının elmi axtarışları və böyük zəhməti əsasında hazırlanmış ədəbiyyatşünaslıq salnaməsidir.
"Molla Nəsrəddin" ensiklopediyası" - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının Azərbaycan elmi qarşısında növbəti hesabatıdır".
Ensiklopediyanın hər bir məqaləsi, oçerki müəlliflərin gərgin və səmərəli axtarışları dərin məntiqi təfəkkürü əsasında yazılmış dəyərli məlumatlar mənbəyi kimi qiymətlidir. İnanırıq ki, bu zəngin topluda əksini tapan hər bir faktoloji, terminoloji və nəzəri məlumatlar neçə-neçə tədqiqatlar üçün tükənməz, əvəzsiz bir mənbəyə çevriləcək.
Biz "Molla Nəsrəddin"
ensiklopediyası"nı nəşrə hazırlayıb
oxucuların ixtiyarına verən AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə,
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri
Vüqar Əhmədə, şöbənin əməkdaşlarına
və bu işdə xidməti olan digər müəlliflərə
vətən qarşısında, onun milli-mənəvi sərvətlərinin
aşkarlanması, qorunması və xalqımıza
çatdırılması istiqamətindəki xeyirxah işlərində
uğurlar arzulayırıq!
Cahangir
MƏMMƏDLİ
BDU
Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.16;17.