Nizami Gəncəvini Sovet tənqidçilərindən qorumuş alim  

 

FƏDAKAR TƏDQİQATÇI SALMAN MÜMTAZIN XATİRƏSİ ƏZİZ, XİDMƏTLƏRİ UNUDULMAZDIR

 

Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı "Nizami Gəncəvi ili"nin  elan edilməsi böyük şairin irsinin daha geniş öyrənilib tədqiq olunmasına imkanlar açır. Eyni zamanda, Nizami şəxsiyyəti ilə bağlı həqiqətlərin tədqiq olunub ictimaiyyətə çatdırılması çox önəmlidir.

 

Bu mənada tanınmış ədəbiyyatşünas, şair, Azərbaycan klassik ədəbiyyatı irsinin toplanılıb nəşr edilməsində böyük xidmətlər göstərmiş Salman Mümtazın (1884-1941) xüsusi yeri vardır.

 

Böyük alim Sovet rejiminin ilk illərində Nizamiyə olan  mənfi yanaşmaların qarşısını almış əks mövqedə olanlara əsaslı cavablar vermişdi. İndi həmin məlumatları oxuculara təqdim edirəm.

 

... 1923-25-ci illərdir. Böyük şairimiz Nizamiyə Bakı şəhərində heykəl qoyulması söhbəti gedir. Azərbaycan ictimaiyyətinin əksəriyyəti bu ideyanı dəstəkləsə , mane olanlar vardır. Nizaminin böyüklüyünü inkar edənlər müxtəlif adlarla ona ləkə yaxmağa çalışırlar. Qəribə faktlar irəli sürürlər. Qeyd edirlər ki, Nizami niyə fars dilində yazıb? Öz doğma dilində niyə əsərlər yaratmayıb?

 

Nizami bir məsələdə "ittiham" olunur: "Padşahları tərifləyən şeirlər yazıb".

 

S.Mümtaz böyük şairi müdafiə edir. Şairi əsassız tənqid edən bədxahlara  sərt cavablar verir. Zinətulla Nuşirəvanın "Ölənlərdən əvvəl yaşayanları düşünməlidir" məqaləsinə cavab olaraq S.Mümtaz 1925-ci ildə "Kommunist" qəzetində "Şeyx Nizami" adlı yazı ilə çıxış edir. O yazırdı: "...Bunlar böhtan, iftira yalandır. Nizami padşahlara deyil, padşahlar daim Nizamiyə əyilərək təzim etmişlər. Bu nöqtəyə məxəz göstərmək üçün Nizaminin öz layəmut əsəri olan "Xosrov Şirin"inə  müraciət edəlim. Qızıl Arslan öz qəsrində oturaraq eyşü işrətlə məşğul ikən Nizaminin gəldiyini buna birdən-birə xəbər verirlər. Padşah o böyük eyşü  işrət üçün sazəndə, xanəndələrlə tərtib edilən məclisi filfövr bərhəm etdirərək, Nizamini istiqbalə hazırlaşmışdır... Nizami yazır:

 

Şaha söyləyəndə "gəlir Nizami",

Daha da şən oldu bu eyş əyyamı".

 

S.Mümtaz Nizaminin böyüklüyünü, şahlara baş əymədiyini sübut etmək üçün "Xosrov Şirin"dən bir misranı da xatırladır:

 

"Şah qalxdı yerindən fələklər kimi".

 

Sonra S. Mümtaz Zinətulla Nuşirəvana bir qaranlığı da aydınlaşdırır. Nizaminin fars dilində yazmağının səbəbini izah edir: "...Nizaminin farsca yazması əgər eyib sayılırsa, bu da yanlışdır. Zaman, məkan, mühit nəzərə alınmalıdır".

 

sonra S.Mümtaz Nizaminin heykəlini qoyulması  üçün yeddi min manat vəsait ayrılmasını  da alqışlayır.

 

Bu, dəqiq məzmunlu, konkret faktları olan cavabdır. Elə cavabdır ki, zinətulla nuşirəvanlar bir cəhd edib Nizamini ləkələməyə çalışa bilməzdilər. Bu, həm əsaslı cavabdır. Çünki bu cavabı verən adam Nizaminin yazdıqlarını kəlmə kəlmə, sözbəsöz "süzgəc"dən keçirib, oxuyub öyrənmişdi. dediklərinə kimsə etiraz edə bilməzdi.

 

Çox maraqlıdır ki, 1937-ci ildə S.Mümtazı həbs etdikdə onu həm "Koroğlu" dastanına görə ittiham edirdilər.

 

 

 

DTK-nın leytenantı erməni Qalustyanın etdiyi bütün cəhdlər boşa çıxır, S.Mümtaz bütün ittihamları rədd edir. Sovet dövlətinə qarşı əksinqilabi millətçi mövqedə dayanmadığını, əksinqilabi millətçi təşkilatın üzvü olmadığını qətiyyətlə bildirirdi. Onda S.Mümtazı günahlandırırlar ki, guya onun "millətçi Azərbaycan dastanı "Koroğlu"nun (ittihama bir fikir verin) üzərində işləməkdə məqsədi xalqı SSRİ-dən ayırmaq, milli azadlıq hərəkatına səsləməkdir".

 

İttihamları qəbul etmədiyinə baxmayaraq, Salman Mümtaza 10 il həbs cəzası kəsirlər...

 

Sonrakı illərdə S.Mümtazın adı unuduldu, uzun illər müddətində  kitabları çap olunmadı. Dərsliklərdən, ali məktəb müəllimlərinin mühazirələrindən, radio - televiziyadan eşidilmədi adı. Ədəbiyyatımız tarixindəki xidmətlərinin üstündən qara xətt çəkildi.

 

1956-cı ildə bəraət qazanandan sonra da bir çox illər onu xatırlamadılar. Maraqlanan, haqqında geniş yazı çap etdirən, kitablarını çapa verən tapılmadı. Yaxın tanışlarından biri deyirdi ki, S.Mümtazın adının 1960-70-ci illərdə çəkilməyi heç bəzilərinə sərf etmirdi. Çünki onlar S.Mümtazın topladığı kitabları dəfələrlə çap etdirmiş, öz adlarına çıxmışdılar. Neçə elmlər doktoru, elmlər namizədi  S.Mümtazın kitablarının hesabına alim olub, vəzifə stoluna yiyələnmişdi.

 

bu yerdə sərt həqiqətləri söyləmiş şair Hüseyn Arifin bir şeirini xatırlamaya bilmirəm:

 

Alim tanıyıram - qoca Qafqazın,

Çeşmə tək durulub dibindən çıxır.

Alim var, sol əli Salman Mümtazın,

Sağ əli Hümmətin cibindən çıxır.

 

1937-ci ildə həbs edilərkən S.Mümtazın evindən az-nə çox - 238 qiymətli əlyazması aparılıb.

 

S.Mümtazın topladığı əlyazmaların əksəriyyəti haqqında bu gün məlumat əldə edə bilməmişik. Evindən gecə ilə aparılan iki maşın əlyazmasından indiyə qədər səs-soraq yoxdur. Haradadır o əlyazmaları, görəsən?

 

S.Mümtaz ədəbiyyat tariximizi, folklorumuzu toplayanda, axtarıb soraqlayanda məxəzlər dağınıq idi, sistemləşdirilməmişdi. Yaşlı adamların yaddaşında yaşayan söz sənətimizin izinə düşürdü. İşıqlı ünvanlara da gedib çıxdığı vaxtlar da olurdu, qaranlıq ünvanlara tuş olduğu vaxtlar da. Bəzən bir yazının harada olduğunu, kimə mənsubluğunu müəyyənləşdirmək üçün 10, 15, 20 il il axtarır, soraqlayırdı. Bu işlərin hamısını S.Mümtaz öz cibinin  maliyyəsi ilə edirdi.

 

İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi haqqında ilk məlumatı verən S.Mümtaz olub. Hekayəni tapmağa 25 il vaxt sərf edib. Hekayəni əldə etmək üçün hansı şəhərlərə üz tutmayıb!

 

İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsəri Azərbaycan dilində ilk dəfə 1936-cı ildə çap olunur. Beləliklə, Azərbaycan xalqı öz ədəbiyyatında ilk bədii nəsr nümunəsi haqqında məlumat əldə edir.

 

Salman Mümtazın fəaliyyət dairəsi təkcə ədəbiyyat tariximizin tədqiqi ilə məhdudlaşmayıb. O, həm də şair, jurnalist, publisist kimi şöhrət qazanıb. "Molla Nəsrəddin", "Zənbur", "Kəlniyyat" jurnallarında, "İqbal", "Yeni İqbal" qəzetlərində maraqlı yazılarla, şeirfelyetonlarla çıxış edib.

 

Qəzet və jurnallarda çıxış etdiyi imzalar: "Xortdan bəy", "Xortdanbəyzadə", "Sərçə", "Sərçəqulubəy", "Moz bəy", "Aşqabadlı", "Türkməndost", "S.M.", "S.Əsgərov", "Mümtaz" və başqaları.

 

Burjua millətçilərinə qarşı kəskin mübarizə aparan Salman Mümtazı qanlı 1937-ci ildə elə bu adla da ləkələyib həbs etdilər. "Burjua millətçisi" adlandırdılar. İşdən çıxarılmağı haqqında verilən əmrdə isə saxta sözlər yazıldı: "İfşa olunmuş burjua millətçisi kimi..."

 

 

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

 

525-ci qəzet.- 2021.- 30 yanvar.- S.15.