Nizaminin "Yeddi gözəl"i
Mir Cəlalın tərcüməsində
Dövrün ədəbi tələblərinə və
ictimai sifarişə görə dünya ədəbiyyatı
xəzinəsini zənginləşdirmiş ölməz əsərlərini
dəri dilində qələmə almış dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı tərcüməçilərin
diqqətini çox qədim zamanlardan cəlb edib. Hələ
XIII yüzillikdə Turan şairi Qütb Xarəzmi Azərbaycan
şairinin "Xəmsə"sində xronoloji baxımdan
ikinci yerdə duran "Xosrov və Şirin"
poemasını türk dilinə tərcümə etmişdi.
XVIII
yüzillikdən bu yana isə Nizami
yaradıcılığı rus və Avropa şərqşünaslarının
diqqətini çəkib, şairin ayrı-ayrı əsərləri
həm poetik, həm də nəsrlə tərcümə və
çap olunub.
Azərbaycanda Nizami tərcümələrinin zəngin
bir tarixi vardır və müxtəlif dövrlərdə
istedadlı şairlər və alimlər bu dahi həmvətənləri
qarşısında öz övladlıq borclarını yerinə
yetirmişlər. Əksərən şeirlə edilmiş
bu tərcümələr arasında nəsrlə edilmiş
bir tərcümə diqqəti xüsusilə cəlb edir.
Bu, 1941-ci ildə Azərnəşrdə
işıq üzü görmüş "Yeddi gözəl"
poemasının nəsrlə tərcüməsidir. Tərcüməni o zaman 30-31 yaşlarında olan gənc
və istedadlı yazıçı, eyni zamanda, ədəbiyyatşünas-alim
Mir Cəlal Paşayev yerinə yetirmişdi.
Kitaba
"Ön söz" yazmış başqa bir gənc
istedadlı şair Mikayıl Rzaquluzadə həmin tərcüməni
xüsusi halda belə qiymətləndirmişdi: "Yeddi
gözəl"i nəsrə təbdil və tərcümə
edən Mir Cəlal yoldaşın gördüyü iş bu
sahədə ilk böyük təcrübədir. Əlbət ki, o, öz qarşısında təcrübə
etmək məqsədini qoymamış, əsəri olduqca diqqət
və ciddi-cəhd ilə nəsrə çevirmişdir.
Ancaq belə bir iş bizim nəsrimiz qarşısında həm
teoretik, həm də praktiki cəhətdən bütün
böyüklüyü və ciddiyyəti ilə ilk dəfə
durduğundan, biz bunu çox mühüm bir təcrübə
saymalıyıq".
Zənnimizcə, Mir Cəlalın tərcüməsi bu
gün də öz əhəmiyyətini və gərəkliyini
qoruyub saxlamış və məhz buna görə
böyük ədib və alimin 100 illik yubileyi münasibətilə
"Adiloğlu" nəşriyyatında 2008-ci ildə təkrar
nəşr edilib. Nəşrin redaktoru AMEA-nın müxbir
üzvü Təhsin Mütəllibov, "Nəsrin poetik
imkanları" adlı sanballı ön sözün müəllfi
isə akademik Nərgiz Paşayevadır.
Aşağıda həmin kitabdan
götürdüyümüz bir parçanı - "Bişr
və Məlixa" hekayəsini oxucuların diqqətinə təqdim
edirik.
Mir Cəlal
Paşayev - Uşaq Bilik Portalı
Ümidvarıq ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Sərəncamı ilə "Nizami ili" elan
edilmiş 2021-ci ildə dahi şairimizin başqa poemaları
da böyük yazıçımız və ustadımız
Mir Cəlal müəllimin örnəyi üzrə nəsrlə
tərcümə edilib gənclərimizə
çatdırılacaq, Nizami irsinin daha dərindən öyrənilib
sevilməsində yaxşı bir vasitə olacaq.
Teymur
KƏRİMLİ
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin katibi
***
BƏHRAMIN
ANADAN OLMASI
Sirr
gövhərinin ustaları söz xəzinəsinin
qapısını açıb belə söyləyirdi: fələyin
bir tərəzisi var. Bir gözündə daş, bir
gözündə qaş, cavahirat çəkilir. Dünyanın işi də belədir. Şahlar nəsli də bunun kimidir. Övladları gah naxələf, gah xələf
olur. Bəzən gövhərdən
daş çıxan kimi, yaxşı atadan yaman oğul olur.
Bəzən də əksinə, boz dağdan,
daş-qaya içindən ləl törəyən kimi pis
atadan xələf övlad əmələ gəlir. Çox qəribədir ki, bu dünyada daş ilə
gövhər, tikan ilə xurma bir yetişir. Yəzdigürdün oğlu Bəhram da daşdan
çıxan bir gövhər kimi oldu. Atası
nə qədər pis və zalım idisə, oğlu o qədər
yaxşı və adil oldu. Atası
camaatı incitmişdi. Bəhram camaatı
razı salırdı. Atası
döydürdüyü adamı, Bəhram mehriban dindirir,
yarasını sağaldırdı.
Bəhram xoşbəxt bir gündə qaranlıqdan
sübh doğan kimi doğuldu. Bu xoş günü
bütün göy kimyagərləri - münəccimlər əvvəlcədən
xəbər vermişdilər. Onlar
gümüş axtarırdılar, əllərinə saf və
xalis qızıl gəldi.
Bu uşağın taleyi Hut idi; bu zaman Müştəri
ulduzu da Hut bürcündə idi. Yaqut ləl ilə necədirsə,
Zöhrə Müştəri ilə elə idi. O gün
Ay Sövrdə, Tir Cövzada idi. Mərrix ulduzu
Əsədə yüksəlmişdi. Zühəl
Dəlvdən düşməni hədələyirdi. Zənəb Zühələ doğru
çevrilmişdi. Günəş Həmələ
düşürdü. Bütün ulduzlar
və bütün göy aləmi bu təzə doğulan
uşağın səadətindən xəbər verirdi.
Bəhram belə bir xoşbəxt tale ilə
doğulmuşdu.
Atası
neçə il şahlıq etmiş,
zülm ilə aləmin nifrətini qazanmışdı. Öz taleyinin gülməyəcəyini və
taxt-tacın əldən gedəcəyini
düşünürdü. İyirmi il
idi ki, onun bir neçə övladı olmuşdu, heç
biri yaşamamışdı. Bəhram
doğulan kimi şahın sevinci yerə-göyə
sığmadı. Onun xoşbəxt
böyüməsi və tərbiyəsi üçün tədbir
aradı. Münəccimlər məsləhət
gördülər ki, şahzadə İranda saxlanmasın,
Ərəbistana göndərilsin. Ərəbistanda
yaxşı və səfalı bir yer seçilsin. Bəhram orada böyüsün. Hər şəhərin
bir şərafəti, hər ölkənin bir təbiəti
var. Bəlkə Ərəbistan iqlimi şahzadəyə
düşə və onun tez, sağlam böyüməsinə
səbəb ola. Doğrudur,
deyərlər, ölkə şahın ucundan dövlətə
çatar; ancaq şah da ölkənin ucundan səadətə
çatar.
Yəzdigürd münəccimlərin
məsləhətini bəyəndi. Oğlunun
sağlamlığı, böyüməsi xatirinə
ayrılığına razı oldu. Süheyl
ulduzu kimi, oğlunu vətənindən Yəmənə
köçürdü. Neman şahı
çağırıb ona tapşırdı ki, oğluna
şahlıq ədəb-ərkanı öyrətsin. Laləni laləzara yetirdi ki, Nemanın tərbiyəsi
ilə böyüsün.
Neman şahzadəni çox yaxşı
saxlayırdı. Şahlıq sarayından
ayrılmışdısa da, qucağını onun
üçün kəcavə etmişdi. Onu
gözlərindən əziz tuturdu. Dörd il bu qayda ilə uşağı bəsləyib
böyütdü. Uşaq elə fərəh ilə
boy atırdı ki, deyərdin aslan balasıdır.
Bir
gün Neman öz oğlu Mənzərə dedi:
-
Oğul, bu uşağı inanıb bizə
tapşırıblar. Ancaq mən narahatam. Bizim yerlərin havası isti və qurudur. Şahzadə isə incə, zərif uşaqdır.
O, çox uca bir yerdə bəslənməli, yüksək qəsrdə
qol-qanad açmalıdır. Elə qəsr olsa,
uşaq həm təmiz hava ilə böyüyər, həm də
yerin buxarından, toz-torpağından uzaq, rahat olar.
Ata-bala məsləhətləşib Bəhram
üçün uca, geniş və səfalı bir yer
axtarmağa başladılar. Elə bir yer
tapdılar ki, Yəmən vilayətində onun misli yox idi.
Yaxşı bir usta tapıb burada qəsr tikdirmək istəyirdilər.
Elə usta da tapılmırdı. Bu işə
qol qoyan ustalar, tikintini başlayır, sonra öhdəsindən
gələ bilmir, binanı yarımçıq qoyub gedirdilər.
Bir
gün Nemana xəbər gətirdilər ki, sən deyən
usta olsa-olsa, Rum ölkəsində yaşayan Simnar olacaq. Simnar Sam övladındandır. Sənətinin
şöhrəti dünyanı tutub. O, zirək, hünərli,
iş bacaran sənətkardır. Misirdə,
Şamda çox binalar tikmişdir. Heç
birində bir qüsur yoxdur. Hamı onun
qabiliyyətinə heyrandır. Rumlular onun
sənətinə məftundurlar. Çinlilər
onun kərkisindən qopan ovuntunu yığırlar. Özü bənna, memardırsa da, minlərlə rəssam
ondan sənət öyrənir. Onun
tayı bütün dünyada yoxdur. Onun
hünərinə çatan, bildiyini bilən yoxdur. Bir baxışı ilə bütün yüksəklikləri
təyin edir. Rumlu Bəlinas kimi möhkəm
iradə və səbat sahibidir. Həm rəsəd
tikir, həm tilsim açır. Göyün
sirlərindən, aydan, günəşdən xəbər
verir. Şahzadə üçün
yüksək sarayı ancaq o, tikə bilər. Belə
iş onun əlindən gəlir. Palçıqdan elə bir
tağ tiksin ki, göy qübbəsi yalan olsun.
Bu xəbərdən Neman sevindi. O sənətkarı görmək
arzusu ilə qəlbi alovlandı. Adam göndərib
onu çağırtdı, qızıl gücünə
aldadıb Rumdan gətirdi. Simnar gələndən
sonra Nemanın qəsr tikmək həvəsi birə yeddi
artdı. Fikrini ona dedi və lazım olan hər şeyi
hazırlatdı.
Simnar qollarını çırmayıb işə
başladı.
Dəmir kimi möhkəm əlləri ilə yorulmadan beş il işlədi. Qızıl
işləyən barmaqları ilə kəc və daşdan
gümüş kimi gözəl bir bina tikdi.
Simnarın tikdiyi qəsr elə bir bina idi ki, bürcləri
aya yüksəlmişdi. Bütün yer üzünün qibləsi
olmuşdu. Od rəngli, Simnar sənətinin
naxışları ilə bəzənən qəsr nazla
ayaqlarını altına yığıb oturmuş fələyə
bənzərdi. Doqquz fələk onun
başına dolanırdı. Cənub və
şimal gözəllərinə qütb olmuşdu. Simnarın tikdiyi qəsr Təngi-Luşanı yalan
eləmişdi. Onun tamaşası xalqa,
yorğun adama yuxu kimi şirin, naxışları susuza su kimi
ləzzətli idi. Qəsrin divarına
gün düşəndə, şəfəqdən hurinin də
gözü qamaşardı. Eşiyi
göy kimi gözəl, içi cənnət kimi rahat idi.
Divarları süd kimi
suvarıldığından, ayna kimi əks salırdı.
Gecə-gündüzdə gəlinlər kimi üç rəngə
düşürdü: göy, ağ və
sarı. Səhər, asimanın göy rəngindən
qəsr göy rəngə çalardı. Günəş üfüqdən aralanıb
günorta yerinə qalxanda, Xəvərnəq sarayının
üzü gün kimi saralardı. Bulud günəşi
örtəndə, saray ağ, lətif rəngə
boyanardı. Havaya münasib, gah rumlu kimi
ağarır, gah zənci kimi qaralırdı. Qısası, Xəvərnəq elə bir qəsr
idi ki, günəş də ondan zinət alırdı.
Simnar bu dəstgahlı sarayı tikib qurtarandan sonra Neman ona gözlədiyindən iki qat artıq peşkəş, xələt verdi. Qızıl cahazlı, yüklü dəvələr, müşk, mirvarı, saya-hesaba gəlməyən cavahirat bağışladı. Yaxşı iş üçün bu da azdır. Odunu əsirgəyənin kababı çiy qalar. Xəvərnəq kimi bir sarayı ancaq səxavətli əllər tikdirə bilər. Səxavətlinin əli pulun qənimidir, kərəmin sahibi.
Simnar, o kasıb bənna bu peşkəşləri görəndə, gözü bərəldi və dedi:
- İşə başlamazdan əvvəl bu peşkəşləri, bu hörməti bilsəydim, bu qəsrin bəzəyini indikindən qat-qat artıq edərdim. Daha çox zəhmət çəkib bir qəsr tikərdim ki, illər keçdikcə onun gözəlliyi daha da artardı.
Neman soruşdu:
- Çox muzd versələr, bundan yaxşı qəsr tikə bilərsənmi?
Simnar cavab verdi:
- İstəyirsən, elə bir saray tikim, Xəvərnəq onun yanında heç olsun. Bu, üç rənglidirsə, o, yüz rəngli olsun. Bu, daşdandır, o, yaqutdan olsun. Bu, bir günbəzlidirsə, o, göy kimi yeddi günbəzli olsun.
Simnarın bu cavabından Nemanın rəngi qızardı. Bu hirs qızartısı şahın sənətkara olan hörmətini yandıran qəzəb atəşi idi. Şahın mərhəməti od kimidir. Kənar gəzənlər onun işığını görərlər, yaxındakılar isə yanarlar.
Onun odu gövhər saçan gülə bənzər; önündə olduqca gözəl görünər, qucağına alsan, tikanı batar.
Şah üzüm tənəyinə bənzər. Kənardan
ötənlər ona ilişməzlər. Yaxından ötənləri isə o yıxar; ilişdiyi, sarındığı ağacın meyvəsini tökər.
Neman şah öz-özünə dedi: - Bu hərifi salamat buraxsam, pul gücünə Xəvərnəqdən yaxşı qəsr tikəcək. Mənim ad-sanımı, sarayımın şöhrətini heçə-puça çıxaracaqdır.
Şah bu fikir ilə, öz qulluqçularına tapşırdı ki, Simnarı tikdiyi qəsrin başından yerə atıb öldürsünlər.
Sənətkarın taleyinə bir bax ki, öz əli ilə ucaltdığı torpaq, necə onun özünü torpaqlara salır! İllər uzunu əmək qoyub qəsr yüksəltdi, indi zəmanə onu bir anda qəsrdən yerə salır. Yandırdığı odun tüstüsündə boğuldu. Çətin və gec çıxdığı bir damdan tez yıxıldı. O, binadan yıxılacağını bilmədiyindən, bacardığı qədər uca tikmişdi. Bilsəydi ki, tikdiyi qəsr onun qəbridir, üç qarışdan artıq yüksəltməzdi. Atalar yerində demişlər: elə yerə çıx ki, yıxılanda şikəst olmayasan!
Xəvərnəq sarayının sayəsində Nemanın adı aya qədər ucaldı. Yerlər onu cadu, xalq onu Xəvərnəq allahı [kimi] tanıyırdı.
XƏVƏRNƏQİN TƏRİFİ VƏ NEMANIN YOX OLMASI
Xəvərnəq sarayı Bəhramın uğurlu taleyi sayəsində yer üzünün qibləsinə çevrildi. Yüz minlərlə insanlar onu Çin baharıstanı sayır, ziyarətinə gəlirdi. Görənlər afərin deyir, astanasını ətəyi ilə silirdi. Xəvərnəqin tərifinə su kimi saf şeirlər yazılırdı. Xəvərnəq fələk Süheyli kimi Yəmənə qədər işıq saldı, Ədən kimi dürr saçdı. Günəş və ay ona baş əydi. Onun sayəsində Yəmən dillərə düşdü, İrəm bağçası kimi əziz oldu. O sarayda yaşayan Bəhram da Həməl bürcü kimi dünyaya zinət verdi. Bəhram, Xəvərnəqin damına çıxanda Zöhrə ulduzu şadlıq qədəhini qaldırdı.
Bəhram göy kimi dairəvi bir qübbə gördü ki, eşiyində ay süd kimi işıq salır, yolçulara yol göstərir, içərisində günəş parlayır. Xəvərnəqdə bağ-bağçanın nəfəsi kimi həmişə xəfif külək olurdu. Xəzan yeli ondan uzaq idi. Qəsrin dörd tərəfində cənnət kimi geniş və səfalı bağ var idi. Bir tərəfdən abi-həyat kimi Fərat çayı axır, bir tərəfdə də uca Sədeyr məbədinin ardında yağı-südü bol bir kənd görünürdü. Sarayın ön tərəfi səhra, arxası çəməndi.
Neman bu kəyan dəstgahlı sarayın damından Bəhram ilə tamaşaya durmuşdu; bu cənnət bağının hər yanı yaşıl otlar və qırmızı çiçəklər, lalələrlə örtülü idi. Çöl Şüştər fərşinə dönmüş, göyərçin və bildirçin məskəni olmuşdu.
Neman bağı-bağçanı seyr edir və öz-özünə deyirdi: - Bundan gözəl yer ola bilməz. Burada insan həmişə şad və xoşbəxt yaşar.
Nemanın xristian dinində olan ağıllı və ədalətli bir vəziri var idi. Neman saray haqqında düşünəndə vəzir ona dedi:
- Allahı tanımaq sənin şahlığından yaxşıdır. Sən əsl mərifətdən xəbərdar olsaydın, bu bəzək-düzəyə, dəm-dəstgaha uymazdın.
Vəzirin sözü şaha bərk təsir elədi. Bir od olub onun ürəyini mum kimi yumşaltdı, bir mancanaq olub onu sarayın kəlləsindən yerə atdı. Neman eyvandan aşağı düşən saat, şir kimi çöllərə qaçdı. "Din ilə dünya tutmaz" deyə, ölkəsindən, xəzinəsindən əl çəkdi.
Süleymanlığından əl çəkib pəri kimi gizlənən, insanlardan üz döndərən şahı evində də kimsə görmədi. Zəmanəsinin Keyxosrovu oldu. Mənzər atasını tapmaq üçün çox çalışdı, fayda vermədi. Şahdan bir xəbər verən olmadı. Mənzərin qüssəsi daha da artdı. Müsibətə düşməyinə baxmayaraq, taxt və tacı başsız qoymadı. Ölkəni idarə işinə məcbur oldu. Zülmün daşını atdı, ədalətə başladı. Ölkəni tamam-kamal nizam, qaydada saxladı. Yaxşı və xeyir işləri üçün Yəzdigürd şahdan peşkəşlər aldı və razılıq gördü. Bəhrama Neman kimi, bəlkə ondan da artıq ehtiram edirdi.
Mənzərin də Neman adlı bir oğlu var idi. Bəhram ilə
bir dayədən süd əmmişdi. Onlar
yaşıd və əziz yoldaş idilər. Bəhram Nemandan ayrı durmazdı. Bir yerdə oxuyar, bir söhbət edər, bir oturub
bir durardılar. Biri günəşdisə,
biri də nur idi. Heç zaman bir-birindən
ayrılmazdılar.
Bəhram o yüksək sarayda uzun illər idi ki,
böyüyür, tərbiyə alırdı. Öyrənməkdən
başqa heç nəyə meyli yox idi. Çox
ağıllı və həvəsli şagird idi. Müəllim
ona ərəb, fars, yunan dillərini
öyrətdi.
Bəhramın mürəbbisi Mənzər şah isə
nücum elmində çox mahir idi. Yeddi ulduz və on iki
bürcü, göy aləminin sirlərini ovcunun içi kimi
bilirdi. Gecələri yatmayıb
ulduzların hərəkətini seyr etmişdi. Bütün çətin mətləbləri Bəhrama
açır, uşağın inkişafına
çalışırdı. Lövhə
və mil ilə göyün və yerin gizli
rümuzlarını yazır, başa salırdı.
Bəhram elmlərin əslini bildi, rəsəd elmi və
üstürlab aləti ilə göyün sirlərini öyrənirdi. Lövhə və
mil ilə fələyin gərdişini açıb göstərirdi.
Bəhram dil və yazı elmində kamil olandan
sonra silah işlətməyə, hərbi işləri öyrənməyə
başladı. Çox çəkmədi
ki, at minmək və sürməkdə, qılınc vurmaq, ox
atmaqda fələyi heyran qoydu. Bundan sonra Bəhram
şirin pəncəsini, qurdun başını
qoparırdı. Bəhram miniciliyi və
nizə vurmağı ilə sübh şüasını
ötürdü. Oxu ilə daşları,
ipək parça kimi bir-birinə tikirdi. Cəbə
dolusu oxların hamısını bir hədəfə,
üst-üstə vura bilirdi. Qılıncını
çırpdığı daş, od rəngli
su kimi ətrafa yayılırdı. Nizəsi ilə
darı dənəsini halqa kimi götürür, şirin
boğazından halqa qoparır, qılıncı ilə xəzinələrin
qıfılını açırdı. Düz
ov vurmağı ilə də hamını heyran qoyurdu.
Tükü nişan alıb vururdu. İstər
gecə, istər gündüz nişan
aldığını dürüst vurardı. Bəxti
elə yeyin idi ki, bəzən seçə bilmədiyi hədəf
belə oxundan yayınmırdı. Bütün
igidlər Bəhramın hünərindən dəm vururdular.
Bəhram belə Bəhram idi. Gah pələng ilə üz-üzə durar, gah şirə hücum çəkərdi. Bütün Yəmən vilayəti Bəhramı Süheyl ulduzu adlandırırdı.
525-ci qəzet.- 2021.- 30 yanvar.- S.12-13.