Mən ayağa qalxacam

 

 

Əriməli, yanmalı pərvanələr şam üçün,

Bu sözlər qanun olsun gərək hər adam üçün,

Dizinizə döyməyin, qan verən yaram üçün,

Mən ayağa qalxacam,

yarama torpaq tökün!

 

Gərək bu gün poladdan qolum-qanadım olsun,

Vətənin dar günləri məhşər saatım olsun!

Vətənin qarşısında bu əsgər andım olsun,

Mən ayağa qalxacam,

yarama torpaq tökün!

 

Bəsdi deyib-ağladım, yoxdu bir kəsim deyə,

Qoymaram borclu qalıb ruhum tələssin göyə?

Anamın göz yaşları bir yolluq kəssin deyə,

Mən ayağa qalxacam,

yarama torpaq tökün!

 

Bu səs əsgər səsidi, ürəkdən gəlir, bilin!

Yatmış baxtım, iqbalım, oyanıb gülür, bilin.

Qoy o qız da durmasın, elə boynu bükülü,

Mən ayağa qalxacam,

yarama torpaq tökün!

 

Qan itirə-itirə elə bil qan tapmışam,

Allahdan nazil olan Quran, iman tapmışam.

Bütün dərdləri yenən təzə dərman tapmışam,

Mən ayağa qalxacam,

yarama torpaq tökün!

 

Barat VÜSAL

 

 

525-ci qəzet.- 2021.- 23 yanvar.- S.23.