Korların fil təsviri
Məsnəvidə keçən "Korların
fil təsviri" deyə bir hekayə
var. Deməli, korlarla dolu bir otağa
fil gətirirlər. Onlara bunun
hansı canlı olduğu deyilmir, sadəcə bir yerinə toxunaraq nə olduğunu təxmin etmələrini söyləyirlər.
Verilən cavablar müxtəlif olur. Yəni içərisində doğru da olur,
yanlış da, məntiqli də olur, məntiqsiz də. Məsələn, onların filin
ayağına toxunaraq
söylədikləri doğrudur,
amma əskikdir. Qulağı,
xortumu, quyruğu ilə bağlı təxminlər də eynidir - doğru, amma əskik və ya yanlış.
Çünki həmin an insanlar
öz fikirlərini təxəyyüllərinin və
təcrübələrinin yetdiyi qədərini söyləyə bilmişdilər.
Əslində, bu hekayədə
hamımızdan bir parça var. Hər şeyi bildiyimizi sanırıq, amma yalnız beynimizin əl verdiyi qədərini anladığımızı
qəbul etmək istəmirik. Hər şeyi
başa düşməyimiz
çətindir. Eqomuz etiraf
etməyə imkan verməsə də, bu, bir həqiqətdir.
Hətta
nə qədər özümüzü inkişaf
etdirsək belə, tamamilə anlamağımız
sual altındadır.
İnsana yaradılışdan "hər şeyi anlayır, dərk edir, başa düşür, qavrayır"
kimi dünyadan da ağır məsuliyyət yükləyiblər.
Fərqi
yoxdur, kimsən, nəçisən, yaşın
neçədir, bütün
hallarda bunların hamısına eyni anda sahib olmaq çətin məsələdir.
Bu üstünlüklərə az da olsa,
çatmağın başlıca
şərti səbrli
olmaqdır. Amma bu, məsələnin
ən kritik nöqtəsidir. Çünki səbr etmək sinifdə qaldığımız,
çox vaxt iki aldığımız
ən çətin dərsimizdir. Bəzən bir
saniyənin, bir dəqiqənin, bir saatın içində ilişib qalırıq.
Birdə
baxırıq ki, heç bir günü tamamlamağa belə hövsələmiz
çatmayıb, özümüzdən
çıxmışıq. Səbirsiz davranışlarımız xəta
üstünə xəta
işlətməyimizə səbəb
olur. Hər xəta isə
bizi əvvələ
- dırmanmağa başladığımız
yerə vurub salır, yəni sıfır nöqtəsinə.
Kim bilir, neçənci
dəfə dişimizi
dişimizə sıxıb,
dırnaqlarımızı qayalara sürtüb yenidən dırmanmağa
başlayırıq. Yanlış insanları seçirik, yanlış insanları sevirik. İli ilin qoltuğuna
verib göndəririk.
Amma özümüzü dəyişməyi,
canımızı o köhnə
illərdən dartıb
gətirməyi unuduruq.
Eyni ilə öncəki ildəki kimi təkrarlayırıq səhvlərimizi,
günahlarımızı, yanlışlarımızı. Dünya qədər gücümüz
olduğuna inanırıq,
di gəl, bir üfürməklə
yıxılacaq qədər
zəif oluruq bəzən. Dəmir kimi
möhkəm olduğumuzu
düşünürük, amma şüşə kimi çilik-çilik olmağımız bir gözqırpımına bağlıdır.
Çünki səbrlə sonu
gözləmək bacarığından
kasadıq. Guya bir mərhələdən sonra
səbr etməyi öyrəndiyimizi düşünürük,
amma elə bir məqam gəlir ki, bütün öyrəndiklərimizin
yerlə bir olduğunu görürük.
Elə
hey tələsirik, vaxtı
qovalayırıq - ya keçmişə qaçırıq,
ya da gələcəyə.
"Bu gün" anlayışımız məişət
səviyyəsindədir. Ya iş-güc düşünürük, ya
da yemək-içmək,
ev-eşik... Bütün arzularımızı, xəyallarımızı, zövqlərimizi
ya keçmişə
bağlamışıq, ya
gələcəyə yükləyirik.
Xoşbəxtkən də beləyik,
bədbəxtkən də
eyniyik. Bir münasibətə başlayanda da, bir münasibəti bitirəndə də qaçaraq davranırıq.
Qərarımız dilimizin ucunda
olduğu üçün
aramsız peşmanlıqlar
yaşayırıq.
Adi bir söz eşidəndə dərininə enmədən
özümüzdən çıxmaq
əlimizdədir. Dərhal ağlımıza gələn nəticəni
çıxarırıq. Məntiqinə, çəkisinə fikir vermədən, nəyin nə olduğunu başa düşmədən partlayırıq.
Hər dəfə bir də səhv etməyəcəyimizi özümüzə
söz versək də, bunu dönə-dönə,
dayanmadan təkrarlayırıq.
Bir də baxırıq ki, ömrün yarısına gəlib çıxmışıq. İdrak, bilgi, dərk bizləri bir nöqtəyə qədər
gətirmək iqtidarındadır.
Səbr,
dözüm dəstək
vermirsə, hər dəfə eyni yerdən qırılırıq.
Sözə gələndə "N" qədər xırdalayıb
tökürük, dil
qəfəsə qoymuruq,
kəlmələr dilimizin
ucundan vedrə-vedrə
aşır çölə.
Əməldə isə
xamıq, naşıyıq!
Praktikamız zəifdir. Elə
keçməyi bacarmadığımız
yer bir az da buralardır.
Həyatda hər şey üçün səbr şərtdir. Bir roman yazarkən, film çəkərkən, hətta kartof soyarkən... gördüyümüz
iş nə olur-olsun,
səbr tələb edir. Qabiliyyətin,
bacarığın olsa, istədiyin
nöqtəyə çatacaqsan, deyirlər.
Hətta böyük imzaların adları
bizə fövqəladə qabiliyyət və bacarıqlı
olmaqları ilə sırınır. Halbuki
qabiliyyət hamımızda var. Özü də kifayət qədər. Doğuşdan bu cür üstünlüklərlə gəlirik
dünyaya. Sadəcə bunları ortaya çıxarmaq mərhələsində
əlimiz ayağımıza dolaşır. Halbuki
qərarlı, inanaraq, səbr edərək
irəliləyə bilərik. Hər şeyi
anlamaq, qavramaq, başa düşmək, sırınanları
qəbul etmək kimi bir
məcburiyyətimiz yoxdur, əsas budur toxunduğumuz bir parçanın mahiyyətini tam dərk edək.
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.21.