Donald Trampın "qu nəğməsi"
Amerika Birləşmiş Ştatları 20 yanvar 2021-ci
ildə yeni prezidentini qarşıladı və seçkilərdə
məğlub olsa da, öz uğursuzluğunu etiraf etməyən
keçmiş prezident Donald Trampla vidalaşdı.
45-ci
prezident Tramp özünə vurğunluğu ilə
seçilirdi, dahi olduğunu iddia edir, çox vaxt saxta olan qələbələrini
gözə soxmaq üçün faktları təhrif etməkdən,
uydurmalardan,"Amerikanı yenidən böyük etmək"
kimi vəzifəni yerinə yetirməkdən deyil, əsl
xilaskar missiyasına girişməsindən, yeri gəldi-gəlmədi,
danışırdı. Ölkədə
ümumdaxili məhsulun xeyli artdığını,
işsizliyin azaldığını öz şücaətinin
nəticəsi kimi gözə soxurdu. Ekspertlər isə
bu irəliləyişin Barak Obama dövründə meydana gəldiyini,
yeni prezidentin işlədiyi illərdə davam etdiyini sübut
etsələr də, özünü ABŞ tarixində ən
güclü prezident hesab edən Tramp öz ağılsız
mövqeyini tərk etmək istəmirdi, özünü
böyük tarixi şəxs kimi qələmə vermək
üçün hər cür yalanlara əl atmaqdan da çəkinmirdi.
Onun dilindən çıxanları
"yüzilliyin yalanları" adlandırmaq olardı.
O, bəlkə də, son 155 ildə yeganə prezident idi ki, nəinki
irqçiliyə qarşı mübarizə aparmırdı, əksinə,
fürsət düşən kimi onu
qızışdırmağa çalışırdı,
qara adamın polis tərəfindən boğulub
öldürülməsindən razı
qaldığını bildirirdi. Əgər tarixə nəzər
salsa idi, Prezident Abraham Linkolnun 1863-cü ildə zənciləri
köləlikdən azad etməsi, quldarlığı ləğv
etməsi ilə inqilabi bir iş gördüyünü,
prezident Con Kennedinin 1963-cü ildə Alabama universitetdə iki
zənci tələbənin təhsilini davam etdirməsi naminə,
həmin ştatın irqçi qubernatorun mövqeyinin əleyhinə
ştata federal milli qoşunların göndərməsini,
açıqca nifrət bəslədiyi və nüfuzunu daim
basqılara məruz qoyduğu afroamerikalı Barak Obamanın
özündən əvvəl prezident seçilməsini yaddan
çıxarmamalı idi. Tarix sübut
etmişdir ki, irqçilik demokratiyanın zəifləməsidir.
Bütün bunlar onun üçün elə
bir əhəmiyyət kəsb etmirdi. O, özünün
ağılsız, səhv hərəkətlərini və
mövqeyini daim nəciblik nümunəsi hesab etməkdə
davam edirdi.
2016-cı
il seçkilərində o, elektorların
çoxluğunu əldə etdiyinə görə prezident
seçilmişdi, ümumi səsverənlərin sayına
görə isə rəqibi Hillari Klintona uduzurdu. Lakin ABŞ seçki sistemi nə qədər
mükəmməl olmasa da, burada müstəqim seçki inkar
edilsə də, rəqibi onun qalib gəlməsi ilə
razılaşdı və onun inauqurasiyası təntənəli
şəkildə, heç bir fövqəladə hadisə
baş vermədən keçdi.
Trampın prezidentliyi olduqca sakit bir şəraitdə
gedirdi. Ölkədəki bəzi hadisələrin,
iğtişaşların təşəbbüsçüsü
kimi ya özü çıxış edir, ya da onların
baş verməsi səbəblərini araşdırmaqdan
bütünlüklə imtina edirdi. Haqsızlıqların
müdafiəsinə qalxmaqdan da çəkinmirdi. Administrasiya və əsas nazirliklər dövlət
vəzifələrinin həlli ilə məşğul olmaq əvəzinə,
onun şıltaqlıqlarının girovlarına
çevrilirdi. O, ən vacib vəzifələrə
özü təyin etdiyi adamları, az
sonra vəzifədən götürürdü, yenisi də
işlə tanış olmağa macal tapmamış, onun
üstündə dəyişilmə təhlükəsi
küləyi əsməyə başlayırdı. Dövlət katibi, Müdafiə naziri, Mərkəzi
Kəşfiyyat İdarəsinin rəisi bir neçə dəfə
dəyişdirilmişdi. Sadəcə olaraq bir az sonra onlar Trampın xoşuna gəlmədiklərindən
yüksək postları ilə vidalaşmalı olmuşdular.
Tramp üçün öz şəxsi maraqları prioritet əhəmiyyətli
idi, dövlət mənafeyinin zərər çəkməsi
onu o qədər də düşündürmürdü. O,
özünü tramvay konduktoru kimi aparırdı, tramvaya yeni
daxil olanları sonrakı dayanacaqlarda düşürməklə
öz vəzifəsini məharətlə yerinə yetirdiyi ilə
öyünürdü. Heç bir vəzifəli
şəxs özünü müstəqil hesab etmirdi,
çünki bilirdi ki, prezident əsaslı bir səbəb
olmadan belə, onun haqqında olan rəyini dəyişəcək
və ən ağır cəza növünə əl
atacaqdır. O, bir generalı Müdafiə naziri təyin
etmişdi. Onun "quduz" ləqəbi var
idi, sonra onu vəzifədən uzaqlaşdırdı. Yüksək vəzifəli şəxslərə
münasibətdə isə prezidentin özü həmin ləqəbə
daha çox layiq idi.
O, beynəlxalq
münasibətlərdə şahmatçı kimi davranmaq əvəzinə,
zər atmaqla münasibətləri qurur, təsir altına
düşərək, iri problemlərin həllinə
çalışmaq əvəzinə, daha çox onların
dərinləşdirilməsinə meyl edirdi. Bu
vacib məsələlərin həllində tarixi təcrübəyə
əsaslanmaq, haqqı müdafiə etmək əvəzinə,
mafiya başçısına xas olan qaydada hərəkət
etməkdən həzz alırdı. İsrail
tərəfindən işğal altında saxlanılan Qolan
yüksəkliyi Suriyanın ərazisi olduğu halda, o, öz
qərarı ilə onu İsrail ərazisi elan etdi və buna qədər
olan beynəlxalq qanunları, BMT-nin qərarlarını ayaqlar
altına atdı. Çünki o, Dövlət
Departamentinin təkliflərinə məhəl qoymayaraq,
kürəkəni, yəhudi əsilli Cerald Kuşnerin və
qızı İvankanın məsləhətinə qulaq
asırdı. Kuşner isə İsrailin mənafeyinə
xidməti ilə öyünə bilərdi. Prezidentin və kürəkəninin fəaliyyəti
hesabına Fələstinin öz dövlətini yaratmaq məqsədinin
sıradan çıxması ilə yanaşı, ərazisində
yəhudilər üçün yaşayış evləri
tikilməsi prosesi daha geniş miqyas aldı.
Tramp
Meksikadan qanunsuz miqrasiyanın qarşısını kəsməküçün
sərhəddə uca sədd tikiləcəyini vəd
etmişdi və xərcləri Meksika hökumətinin ödəyəcəyini
bəyan etmişdi. O, bu divarın çəkilməsinə
başladı, onun xərci ABŞ-ın hərbi büdcəsi
hesabına ödənilirdi. Sədd çəkilib
qurtarmadı, ancaq vəzifədən getməzdən əvvəl
Tramp Texas ştatında iftixarla onu müşahidə etdi və
üstündə özünün kəmər kimi uzanan
avtoqrafını qoydu.
Tramp
Obamanın prezidentliyi dövründə İran və Kuba ilə
normal münasibətlərin bərpa edilməsi üzərindən
də qalın xətt çəkdi. İrana
ağır sanksiyalar qoyuldu, Kubanın əvvəlki
blokadası daha sərt şəkildə davam etdirildi.
ABŞ-ın Şimali Koreya ilə əlaqələrini
Trampın müəllifi olduğu detektiv roman adlandırmaq
olar. O,
koreyalı lider Kim Çen Ina özünün güclü təsir
göstərəcəyi imkanlarını şişirdir və
buna inanırdı. İki lider arasında iki dəfə
görüş keçirildi. Tramp tələb etdi ki,
Şimali Koreya nüvə sınaqlarına son qoysun, yalnız
bundan sonra tətbiq edilən sanksiyaların götürülməsinə
və ya yumşaldılmasına baxıla bilər. Kim
Çen In isə ABŞ-ın Səddam Hüseynin və
Müəəmmər Qəddafinin başına gətirdiklərindən
hali olduğundan, bu təklifi qəbul etmədi və bəyan
etdi ki, yalnız sanksiyalar götürüldükdən sonra
ölkəsi nüvə silahı proqramında dəyişiklik
edə bilər. Beləliklə, Trampın
çoxsaylı cəhdləri kimi bu da bir sıfır nəticə
ilə əlamətdar oldu.
Trampın ikinci seçki marafonu isə
biabırçılıqlarla müşahidə olundu. O, ikinci müddətə
prezident seçilməyə can atırdı və rəqibi
Cozef Baydeni zəif rəqib hesab edib, onu "sleepy Joe" -
"yuxulu Co" adlandırırdı. O, kampaniyasının
uğuruna şübhə etmirdi, ancaq son mərhələdə
uduzmaq təhlükəsini hiss edib, bir gündə beş ştata uçmaqla adamlara təsirini
gücləndirmək istədi. Lakin artıq gec
idi. Çünki onun fəaliyyəti,
ciddi məsələlərə yüngül münasibəti,
xüsusən koronavirus təhlükəsinə istehza ilə
yanaşması onun taleyinə hökmən zərbə
vurmalı idi. Çünki Birləşmiş
Ştatlar COVİD-19-a yoluxanların sayına görə
dünyada birinci yeri tutur və ölkədə həmin xəstəlikdən
artıq 400 min adam ölmüşdür.
Tramp
vidalaşanda bir cəhəti qeyd etdi ki, onun dövründə
ABŞ heç kəslə müharibəyə
başlamamışdır və bu, həqiqətdir. Əvvəlki prezidentlər olan ata Buşun, Klintonun,
oğul Buşun, Obamanın dövrlərində İraqla,
Yuqoslaviya ilə müharibə aparılmış, Bağdad
işğal olunmuş, Liviyaya hərbi müdaxilə
edilmişdi. Tramp isə isti müharibə əvəzinə
hibrid müharibələrə, soyuq müharibəyə
geniş vüsət vermişdi.
Tramp 3
noyabr 2020-ci il seçkilərinin nəticələri
ilə 3 aya yaxın idi ki, barışmaq istəmir və
cürbəcür səbəblər uydururdu. Guya
onun qələbəsi oğurlanmışdır. O,
ştatların məhkəmələrinə 61 iddia ilə
müraciət etmiş, onlardan 60-ı onun iddiaların ırədd
etmiş, yalnız biri kiçik bir nahiyədə səslərin
yenidən sayılması qərarını vermişdi. Özününkü saydığı Ali Məhkəmə
də (Ali Məhkəmə üzvlərinin üçdə
ikisi Trampın tərəfdarı idi) onun iddiasını
aşağı məhkəmələr kimi rədd
etmişdi. Sonra o, ümidini elektorlara
bağlamışdı. Onlar da öz rəylərini
bildirdilər ki, Bayden 306, Tramp isə 232 səs
almışdır. Kimsə elektorların
ümumi səsverməyə uyğun olmaması fikrini irəli
sürsə, yenə indiki vəziyyət bu rəyin də
xeyir vermədiyini göstərəcəkdir. Çünki Bayden Trampdan 6 milyon artıq seçici
səsi almışdır. Bəziləri Trampın
75 milyon səs aldığını onun böyük xidmətinin
nəticəsi kimi göstərməyə cəhd edirsə,
bunun da elə bir təsir qüvvəsi yoxdur. Bu adamlar sadəcə ABŞ-dakı prezident
seçkilərinin tarixinə yaxşı bələd
deyildirlər, çünki prezident seçilənlə onun rəqibi
arasında, adətən, səslərin sayında elə
böyük fərq olmur. Hətta Con
Kennedi 1960-cı ildə prezident seçiləndə rəqibi
Riçard Niksondan cüzi səslə irəlidə idi.
Oğul Corc Buşun isə 2000-ci il
seçkisində Al Qor üzərində qələbəsi
yalnız məhkəmənin qərarı ilə təsdiq olunmuşdu.
Buna cavab olaraq Al Qor demişdi ki, məhkəmənin
qərarındantamamilə narazıdır, lakin dövlətinin
nüfuzu xatirinə onunla razılaşmalı olmuşdur.
Hillari Klinton isə 2016-cı il seçkilərində
Trampdan 3 milyon artıq səs toplasa da, rəqibinin
elektorların sayındakı üstünlüyünə
görə seçkini uduzmuşdu. Elektorlar isə
öz istəyinə görə deyil, ştatda səslərin
yarıdan çoxunu qazanmış namizədin lehinə səs
verməlidir. Və bəzən nadir
hallarda çox kiçik istisnalar baş verir. ABŞ seçki sistemi prezidentin seçilməsində
ştatın rolunu artırmaq üçün məhz
elektorlar institutunu yaratmış və indiyədək sistemin
fəaliyyətinə elə bir inamsızlıq halı
müşahidə olunmamışdır.
Trapmı indiki seçkidə elektorların qərarı
pərt etmişdi, bu vaxt ümidini Konqresin iki Palatasında bu
qərarın təsdiq edilməyəcəyinə
bağlamışdı. Əslində isə Konqresin bu barədəki
rəyi yalnız formal xarakter daşıyır. Buna baxmayaraq, o, 6 yanvarda tərəfdarlarına
müraciət etdi ki, Kapitoliyə yürüş edib, bizim
oğurlanmış səsləri bərpa edin. Sonradan "daxili terrorçular" adlanan kütlə
qiyam şəklində Kapitoliyə hücum etdi, pəncərə
şüşələrini və qapıları
sındırdılar. Sonradan məlum oldu
ki, onlara hətta vitse-prezident, Senata sədrlik edən Mayk Pensi
girov götürmək tapşırığı
verilibmiş. Əgər konqresmenlər və
senatorlar vaxtında binadan zirzəmiyə aparılmasaydı,
daha dəhşətli hadisələr baş verə bilərdi.
Parlamentdəki demokratların
hamısının və bir sıra
respublikaçıların rəyi belə oldu ki, Tramp
adamları qiyam qaldırmağa təhrik etmiş,
ABŞ-ın müqəddəs demokratiya məbədinə, əslində,
hücumun təşkilatçısı kimi
çıxış etmişdir. O, riyakarlığa əl
atıb, Kapitoliyə hücum edənlərin demokratlar
olduğunu iddia edirdi. Respublikaçı senator ona bu fikrin səhv
olduğunu bildirdi və qeyd etdi ki, onlar sizin tərəfdarlarınız
- MAGA-nın (bu ad Trampın " Make
America great again!" - "Amerikanı yenidən
böyük edək" şüarından
götürülmüşdü) üzvləri idi, onları
mən yaxşı tanıyıram. Tramp bundan sonra
özünü müdafiə üçün hansı
fırıldaqlara əl atsa da, Kapitoliyə hücum
çağırışı ilə özünü
biabır etməklə yanaşı, onu məsuliyyətə
cəlb etmək cəhdi, yəqin ki, əsaslı dəlillərə
malik olacaq və mustanq boynuna sarılmış lassodan
canını qurtara bilməyəcəkdir.
1814-cü ilin avqustunda ingilis qoşunları Vaşinqtonu
tutanda, hələ tikintisi başa çatmamış
Kapitolini və Ağ Evi yandırmışdılar. Şəhəri
və həmin binaları yalnız tufan xilas etdi. Çox güclü tufan ingilis toplarını
göyə qaldırıb yerə çırpırdı, əslində,
tornadoya bənzəyirdi. İngilislər
qorxuya düşüb ABŞ paytaxtını tərk etməli
oldular, güclü yağış yanğınları da söndürdü.
Bu dəfə isə tornadonu seçkidə məğlub
olan Tramp özü qaldırmışdı və əgər
milli qvardiya işə qarışmasaydı, Kapitoli 1814-cü
ildəki taleyini yenidən yaşaya bilərdi.
Belə bir rəy vardır ki, qu quşu ölməzdən
qabaq gözəl səslə oxuyur və bu, "qu nəğməsi"
adlanır.
Tramp da siyasi fəaliyyətinin sonunda bir qədər saxta səslə
də olsa, həmin quşları təkrar etmək istəyir.
O, öz ambisiyalarından əl çəkmək istəmir,
respublikaçılar partiyasına da inanmır, axı
heç vaxt özü əsl respublikaçı
olmamışdır, yalnız seçkilərə bu adla
qatılmışdı.
Ağ Evlə vidalaşmağı o, özünün siyasi ölümünə bərabər hesab edir, baxmayaraq ki, hətta "Vətənpərvərlər" adında yeni partiya yaratmaq fikrindədir. Bu, olduqca çətin və həm də əslində, müşkül məsələdir. ABŞ Linkoln dövründən iki partiyalılığı qəbul etmişdir. Baxmayaraq ki, ölkədə çox sayda cılız partiyalar da mövcuddur.
Tramp özünü buzqıran gəmi hesab etsə
də, ABŞ demokratiyasının aysberqlərinə
gücü çatmayacaqdır, çünki ABŞ
Konstitusiyasına, siyasi qaydalarına hörmətsizlik
etmişdir. Son 152 ildə ilk dəfədir ki, eks-prezident yeni
prezidentin inauqurasiyasında iştirak etmir. Bunun yeni
prezidentə elə bir təsiri olmayacaqdır, bumeranq
qayıdıb, özündən çox razı olan, məğlubiyyətini
etiraf etməyi bacarmayan Donald Trampa xətər toxundura bilər.
4 il ərzində və son 3 ayda etdiyi və
"qırmızı xətti" keçmək kimi
xarakterizə olunan hərəkətləri onu hələ
çox sayda cəza tədbirləri ilə üzləşdirə
bilər.
Vaxtilə öyündüyü hərəkətlər
indi onun özünə qarşı çevrilmişdir. O, faydalı
olub-olmamasına əhəmiyyət vermədən əvvəlki
prezidentin düzgün hesab edilən fərmanlarının
üstündən xətt çəkməsi ilə qürrələnirdi.
Bəzən onlara hansısa bir alternativ də təklif
edə bilmirdi. Dövlət işi uşaq
şıltaqlığının girovuna çevrilmişdi.
Yeni prezident də elə ilk fərmanları ilə Trampın əllaməliklərini
ləğv etdi - ABŞ yenidən Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) üzvlüyünə,
iqlim barədə Paris razılaşmasına qayıtdı,
bir sıra müsəlman ölkələrindən ABŞ-a gəlməyə
qoyulmuş qadağa ləğv edildi.
Tramp ölkəni çox sayda
yazdığı tvitlərlə idarə edirdi. Bu qəribə iş forması da başında
çatladı, 6 yanvar hadisələrindən sonra onun
yazılarının ölkəyə təhlükə
törədəcəyini nəzrə alaraq Tvitter, Feysbuk və
digər rəqəmsal kampaniyalar sosial şəbəkələrdə
görünməsinə qadağa qoydu. Ümumiyyətlə,
Trampın prezidentlikdən getməsi eybəcərliklər
nümayişinə çevrildi, səfehliklərin apogeyi
rolunu oynadı və bunlar Amerikanın da nüfuzuna xeyli zərbə
vurdu. Demokratiyanın bastionu sayılan ölkə onun
karikaturasını nümayiş etdirdi. Trampın bu
"irsi" heç vaxt yaddan çıxmayacaqdır.
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.20;21.