Mənim Qarabağım və ya Qarabağ
düyünü
Birinci hissə
Tanınmış alim Hamlet İsaxanlı Qarabağ
mövzusunda düşüncələrini ətraflı şəkildə
qələmə alaraq bir kitab həcmində ərsəyə
gətirib.
Müxtəlif dillərdə nəşr olunacaq bu
kitabdan günümüzə, gündəmimizə uyğun
müəyyən hissələri oxuculara təqdim edirik.
Giriş
Gözəl Qarabağ Azərbaycan və Ermənistan, azərbaycanlı
və ermənilər arasında gərginliyə,
qarşıdurma meydanına, düşmənçiliyin
alovlanmasına və savaşlara səbəb oldu. Bu necə
oldu? Niyə belə oldu? Nə durur bu məsələnin kökündə?
Çıxılmaz vəziyyət,
açılmayan düyün necə əmələ gəldi?
Düyünü necə açmaq olar? Bu və bənzər suallar, həmçinin, 2020-ci
ilin payızında baş verən 2-ci Qarabağ savaşı
ətrafında düşüncələr məni bu yazı
üzərində işləməyə
çağırdı. Azərbaycan və erməni
xalqları, Azərbaycan və Ermənistan arasında münasibətlər
tarixi, xüsusilə son dövrdə baş verənlər, mənim
öz müşahidələrim, başıma gələnlər,
Azərbaycan və erməni xalqlarının həyatı və
qayğıları barədə Azərbaycan və erməni ədəbiyyatı
və mətbuatında yazılanlar, indiki vəziyyətdə
nə etməli, gələcəyimiz necə ola bilər
suallarına cavab axtarışı - bütün bunların
oxucuya maraqlı ola biləcəyi iddiasındayam. Birinci növbədə azərbaycanlı və erməni
oxucularına müraciət edirəm - xüsusilə, ermənilərə.
Belə söhbətə ehtiyac olduğunu
düşünürəm...
Mən azərbaycanlıyam. Mən qafqazlıyam,
Qafqazı pis tanımıram. Azərbaycan
türklərindənəm, Gürcüstanda doğulmuşam.
Uşaqlığım və məktəb illərim
Gürcüstanda keçib. Valideynlərim
Gürcüstanda yaşayıblar. İndi tez-tez
Gürcüstana gedirəm - evimizə, Tbilisiyə,
Gürcüstanın digər yerlərinə, universitetlərə...
Gürcü dostlarım var, böyük məmnuniyyətlə
görüşürük, daimi əlaqə saxlayırıq.
Şimali Qafqazda, Dağıstanda,
Çeçen-İnquşda, Kabardin-Balkarda, Krasnodar və
Stavropolda olmuşam, gəzmişəm, dincəlmişəm.
Ermənistanı, erməni xalqını
tanıyıram. 40 ilə yaxın hər
yay, Ermənistan ərazisindəki dağlarda ailəmlə
çadır (dəyə) qurub yaşamışam. Erməni elm və sənət dünyası ilə
tanışam. Qafqaz xalqlarının
gözəl qonşuluq, əməkdaşlıq, dostluq şəraiti
olan dinc Qafqaz evində yaşamasını istəyirəm.
Bu, bir zamanlar sanki vardı... Araya nifaq
düşdü, xalqlar bir-birinə dəydi. Erməni-Azərbaycanlı davası közərdi,
alışdı, alovlandı, bədbəxtlik gətirdi.
Mən azərbaycanlıyam. Hər azərbaycanlının
öz Qarabağnaməsi var. Harada doğulduğundan, peşəsindən,
cinsindən asılı olmadan hər azərbaycanlının
bir Qarabağ sevgisi və bir Qarabağ ağrısı var.
Qarabağ Azərbaycan mədəniyyətində və Azərbaycan
tarixində xüsusi yer tutur. Qarabağ
mövzusu, Dağlıq Qarabağ problemi ermənilərin həyatında
da böyük rol oynayır.
Bu yazını Qarabağın Azərbaycan
üçün nə olduğunu, Azərbaycan təbiətində,
Azərbaycanın musiqi, ədəbiyyat, mədəniyyət,
sənət dünyasında nə yer tutduğunu anlatmaqla
başlayıram. Qarabağa, Şuşaya gedə bilməməyim
və uzun illər Ermənistan ərazisindəki dağlarda
keçirdiyim günləri xatırlamaqla davam edirəm.
Ermənilər və azərbaycanlılar
bir-birini necə tanımışlar, necə yola getmişlər,
qonşuluqda necə yaşamışlar - bunu Azərbaycan və
erməni ədəbiyyatının dediklərinə və
öz müşahidələrimə söykənərək
anlamağa, təhlil etməyə
çalışmışam. Çar
dövründə erməni mətbuatının Azərbaycan
türkləri haqqında yazdıqlarına baş vurmuşam.
Erməni əsilli sənətkarların Azərbaycanla
necə bağlı olduqlarını yada salmışam.
Əksər halda dostluğu, sevgini tərənnüm edən
ədəbiyyat və mətbuatla yanaşı, bəzi
araqızışdırıcı yazıların
varlığına da fikir vermişəm.
Xalqlararası münaqişələrin, demək olar ki,
hamısı tarixi miflərin yaradılması, tarixdə
baş verənlərin şişirdilməsi, bir millətin
seçilmiş, üstün olması iddiaları ilə
bağlıdır. Tarix digər xalqları
günahlandırmaq, arada düşmənçilik toxumu əkmək
üçün istifadə edilir. Tarixin təhlükəli
olduğunu yada salan tarix fəlsəfəsinə baş
vurmuşam, çünki istər-istəməz tarixə
qayıtmaq, onun heç də bizə aşılanan şəkildə
olmadığını görmək lazımdır. Qafqaz və Azərbaycan tarixi haqqında, dövlətçilik
barədə çox qısa, eskizvari söhbət
açıram. Erməni tarixi və
tarixçiliyinə, Alban tarixi ətrafındakı
dumanlığa baxmağa çalışmışam. Daha yaxın tarixə, Rusiyanın Qafqaza gəlməsinə,
Azərbaycan xanlıqları və ermənilər məsələsinə,
köçlər və etnik cürbəcürlüyə nəzər
salmadan bugünü yaxşı anlamaq olmur.
Tarixin qanlı səhifələrini yada salmağa məcburuq,
bu səhifələr bizi qızışdıra bilir,
düşmənçiliyi şiddətləndirə bilir,
amma nə üçün belə oldu, belə olmaya bilərdimi
kimi həyati vacib suallar da yaradır, bizi düşünməyə,
ehtiyatlı olmağa da çağırır. "Erməni
məsələsi", 1905-1906-cı illər erməni-müsəlman
davası, erməni və azərbaycanlıların müstəqil
dövlət qurma cəhdləri, bu yolda
qarşı-qarşıya gəlmələri, ərazi
davası və qırğınların, terrorun baş
alıb getməsi, təəssüf ki, tariximizdə iz
salıb, o iz ilə gedib düşüncələrə
dalmışam.
Erməni tarixi və siyasəti barədə söhbət
açarkən ermənilərin özünə müraciət
etməyi qərara aldım, azərbaycanlı və ya türk
müəlliflərini deyil, əsasən erməni şair və
yazıçılarını, müxtəlif siyasi
baxışları olan erməni siyasət və dövlət
adamlarını danışdırdım. Bütövlük
üçün, mənzərəni geniş görmək
üçün doğru yol göstərən, sülhə
çağıran, gələcəyi düşünənlərlə
yanaşı, tarixi yaddaşı əldə bayraq tutub
savaşa çağıranları da təqdim etdim.
Dağlıq
Qarabağın Sovet dövrü, Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi, 1-ci Qarabağ savaşı,
savaş sonrası həyat və siyasət, bəzi erməni
dövlət adamları və ziyalılarının hərb və
sülh düşüncələrinə yer verdim. Erməni-Azərbaycanlı
münaqişəsi ətrafında gördüyüm bir
neçə iş, keçirdiyim
görüşləri də unutmadım. 2-ci
Qarabağ savaşının baş vermə səbəbləri,
ağrılı Qarabağ düyününün
açılması, sülh yaranma ehtimalının yüksəlməsi
kimi məsələləri şərh etdim. Nəhayət,
bu yazını nə etməliyik, yolumuz hayanadır,
dayanıqlı sülhü necə əldə edək, necə
qoruyaq, dinc-yanaşı yaşamaq üçün azərbaycanlı
və ermənilər nə etsələr yaxşıdır
kimi suallara cavab axtarmaqla, yaxın, dinc, xoş gələcək
arzusu ilə başa çatdırıram.
Nəğmələr
gülüstanı
Qarabağdan uzaqda, Gürcüstanda, bir kənddə
doğulub böyüyən uşaq kimi mən Qarabağı
necə tanıdım?
Səməd
Vurğunun məşhur "Azərbaycan" şeirinin bu
misraları dillər əzbəridir:
Könlüm
keçir Qarabağdan
Gah bu
dağdan, gah o dağdan
Axşam
üstü qoy uzaqdan
Havalansın
Xanın səsi
Qarabağın şikəstəsi.
Burada Qarabağın dağlar diyarı və
böyük musiqi məkanı olduğu vurğulanır, məşhur
Qarabağ şikəstəsi və onun bənzərsiz
ifaçısı Xan Şuşinski vəsf olunur. Mənim
Qarabağımda bu misraların xüsusi yeri olub (Deyilənə
görə, S.Vurğun bir gün küçədə Xan
Şuşuinski ilə görüşəndə "Xan, səni
də tarixə yazdım" deyir. Xanın
başa düşmədiyini görən şair ona bu
misraları oxuyur).
Dəqiq
tarixi yaxşı məlum olmayan, 20-ci əsrin birinci
yarısında yaranmış və xalq mahnısı kimi
geniş tanınmış "Şuşanın
dağları" mahnısı isə birbaşa böyük
Xan Şuşinskinin adı ilə bağlıdır. Bu mahnı Şuşanın
"dağlarını, bağlarını, qızlar
oylağını", həmçinin, İsa
bulağını, axşamlarını yada salır.
"Segah" ladında yazılmış bəstə
Xanındır, mümkündür ki, sözlər də
onundur:
Şuşanın
dağları başı dumanlı,
Qırmızı
qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu
gümanım.
Nəqarat:
Ay
qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm
dərdindən, onu bil,
Danışmasan
da, balam, barı gül.
Bu mahnını oxumayan xanəndə tapmaq çətindir. Əbülfət
Əliyev, Yaqub Məmmədov, Vəli Məmmədov və
Arif Babayevin ifalarından həzz almışam.
"Qarabağ şikəstəsi" və
"Şuşanın dağları"ndan sonra uşaq
vaxtı dinlədiyim "Qarabağın maralı"
mahnısı kəndimizdə çox sevilirdi. Şövkət
xanım Ələkbərova və Sara xanım Qədimovanın
ifasında eşitdiyim bu mahnını bəzən "Azərbaycan
maralı" adlandırırdılar.
Turşsu
olsun yaylağımız
Gözəl
Şuşa oylağımız
Sən
olaydın qonağımız
Qarabağın maralı.
Çıxaq
Qırxqız yaylağına
Ceyran-cüyür
oylağına
Enək
İsa bulağına
Qarabağın
maralı...
Beləliklə,
xəyalən Turşsu, Şuşa,
Şuşanın dağları, Qırxqız yaylağı və
İsa bulağı və oralarda gəzən gözəl
Qarabağlı qız - Qarabağın maralı ilə
tanış oldum, o yerlərin qonağı oldum, Cıdır
düzündə gəzdim.
Səsimdə bir məlahət olmasa da, mahnı
oxumağı, zümzümə etməyi çox sevirdim, indi
də beləyəm. Xoşuma gələn, orta məktəbdə
oxuduğum mahnılardan biri də Əşrəf Abbasovun bəstələdiyi
və Mobil Əhmədovun gözəl ifa etdiyi
"Qarabağın qızları" adlı sadə
mahnı idi.
El bilir
ki, gözəldir
Qarabağın
qızları
Od
salır ürəklərə
Hər
baxanda gözləri
Gülə
bənzər üzləri
Şirin
olur sözləri
Nə
gözəldir, nə qəşəngdir
Qarabağın
qızları...
Bakıda
ali məktəbdə təhsil alarkən
Qarabağla bağlı eşitdiyim bir populyar musiqi Cahangir
Cahangirovun bəstələdiyi və "Cənnətim
Qarabağ" adı ilə tanınmış mahnı idi. Bu mahnı Şövkət xanım və Sara
xanımla yanaşı, Flora xanım Kərimova və digər
müğənnilərin ifasında səsləndi.
Cənnətim
Qarabağ
Zinətim
Qarabağ
Nəğmələr
gülüstanısan
Sevgi dastanısan.
Gözəl
Şuşa
Bir
tamaşa
Yay
günləri sərin...
Və bir qədər sonra xoşuma gələn daha bir
Qarabağ mahnısı meydana çıxdı. Bəhram Nəsibovun
bəstələdiyi və "Anadır arzulara hər zaman
Qarabağ" misrası ilə anılan bu mahnı görkəmli
Qarabağ xanəndəsi Arif Babayevin ifasında yadda qaldı.
Bu çəmənlərdə
gəzib
Vaqifin
şux gözəli
Ruhunu
burdan alıb
Natəvanın
qəzəli
Anadır
arzulara hər zaman Qarabağ
Danışan
dil-dodağım tar-kaman
Qarabağ
Qarabağ,
can Qarabağ, ana yurdum.
Şuşa
oxuyur
Populyar mahnılar, əlbəttə, bəlli məkanın,
gözəlliyin, sevginin tərənnümündə əvəzsizdir,
onlar ürəyimizinin telləri ilə oynayır. Musiqi kimi
universal dil varmı?! Qarabağın torpağı, suyu və
havasının tərkibini təşkil edən əsas maddə
musiqidir! Qarabağ oxuyur! Qarabağlılar oxuyur! Qarabağlı xanəndələri saymaq, hətta
tanınmışların adını çəkmək uzun
işdir. Görkəmli rus şairi Sergey Yesenin Şərqə,
Şiraza getmək istəyini belə əsaslandırmışdı:
"Nedarom musulğmane qovorət: esli on ne poet, znaçit on
ne iz Şuşu, esli on ne pişet,
znaçit on ne iz Şiraza" ("Müsəlmanlar əbəs
yerə demirlər: əgər o oxumursa, deməli, o,
şuşalı deyil, əgər o, yazmırsa, deməli, o,
şirazlı deyil").
Məktəb illərində musiqi və teatr tarixi ilə
çox maraqlanırdım, bu barədə əlimə
keçən ədəbiyyatı oxuyur, əlimə keçməyənləri
əldə etməyə çalışır, Azərbaycan
radiosu - o nəhəng mədəniyyət ocağından
gen-bol bəhrələnirdim. Azərbaycan
muğamını formalaşdıran məşhur xanəndələrdən
Hacı Hüsünün (1839-1898) səsini və
böyük tarzən, Azərbaycan tarının
islahatçısı, Azərbaycan muğamının
inkişafına böyük töhfə vermiş
Sadıqcanın (1846-1902) sənətini dinləyə bilməsək
də (onların fəal olduğu illər səsin yazıya
alınmasından əvvəlki dövrə aiddir), onlar
haqqında gözəl xatirələr qalmışdır.
Xoşbəxtlikdən böyük Cabbar
Qaryağdıoğlunun (1861-1944), onun bəzi müasirlərinin
- müxtəlif dillərdə muğam oxuyan, Bülbülcan
adı ilə əzizlənən Əbdülbağı
Zülalov (1841-1927), Məşədi İsi (?-1905), Keçəçioğlu
Məmməd (1864-1940), Məşədi Məmməd Fərzəliyev
(1872-1962), Zabul-segahı çox gözəl oxuduğuna
görə Zabul Qasım adı ilə tanınan Qasım
Abdullayev (1873-1927), Məcid Behbudov (1873-1945), "Segah"
muğamını gözəl oxuduğuna görə Segah
İslam adı ilə tanınan İslam Abdullayev (1876-1964),
Zülfü Adıgözəlov (1898-1963) kimi xanəndələrin
səsləri yazıya alınmışdır, məclislərdə
onların sehrinə düşənlərlə yanaşı,
sonrakı nəsillər də, içində biz olmaqla,
onların sənətini duya bilmişik.
İlk dərslərini
məşhur tarzən Sadıqcandan alan
qarabağlı Qurban Pirimov (1880-1965) özü də məşhur
tarzən oldu. Şuşalı Məşədi
Cəmil Əmirov (1875-1928) tarzən və bəstəkar kimi
tanındı. Seyid Şuşinski (1889-1965),
Bülbül (1897-1961), Xan Şüşinski (1901-1979) - bu
adlar nələr söyləyir! Xan
Şuşinski Qarabağlı Pənahəli xanın nəslindəndir
(Pənahəli xandan sonra 5-ci nəslin nümayəndəsidir).
Bu görkəmli xanəndələr hamısı
qarabağlıdır, daha dəqiq desək,
şuşalıdır! Sonrakı nəsil Şuşa
xanəndələri sırasında Əbülfət
Əliyev (1926-1990) seçilirdi. Qarabağlı
xanəndələrin sayı-hesabı bilinmir, Qarabağda
doğulmuş və bu gün fəaliyyətdə olan, musiqi
sənətimizi zənginləşdirən çoxsaylı
görkəmli xanəndə və ifaçılar öz
canlı konsertləri ilə, radio və televiziyada
çıxışları ilə, indi həm də internet
vasitəsilə milyonlarla insana zövq verirlər.
Şuşa
musiqi məktəbinin yaradıcısı, görkəmli xanəndələrin
yetişməsində böyük rol oynamış Xarrat Qulu
(1823-1883) və musiqişünas, müəllim, geniş bilik
və bacarıq sahibi olan Mir Möhsün Nəvvab (1833-1918)
xüsusi qeyd olunmalı şəxslərdir. Mir
Möhsün Nəvvab Hacı Hüsü ilə birlikdə
xanəndə yetişdirən, xanəndə təkmilləşdirmə
məktəbi sayılan musiqi məclisi yaratmışdı.
O, "Məclisi-Fəramuşan" adlı şairlər məclisinə
də başçılıq edirdi.
Adlarını
çəkdiyimiz bu böyüklər ya Şuşa
şəhərində, ya onun yaxınlığında
doğulmuşlar, Şuşa mühitində yetişmişlər.
Bir xalqın mədəniyyətinə bir şəhər
nə qədər töhfə verə bilər?! Şuşa öz musiqili mədəni mühiti ilə
Qafqazın və xüsusilə Azərbaycanın əsas mədəni
mərkəzlərindən biri olub; onu Azərbaycan mədəniyyətinin
beşiyi adlandırırlar. Bu baxımdan Şuşa
ilə müqayisə oluna bilən ikinci şəhər
göstərmək çətindir. Azərbaycanlılar
üçün Şuşa nədir?
Almanlar üçün Vyana, italiyalılar üçün
Milan, ya Florensiya, ruslar üçün Sankt-Peterburq, yaponlar
üçün Kyoto, israillilər və fələstinlilər
üçün Yerusəlim (Qüds, Jerusalem) necə əzizsə,
azərbaycanlılar üçün Şuşa elə əzizdir.
Şuşa mühiti dünyaya dahi bəstəkar,
yazıçı və publisist, pedaqoq, musiqi nəzəriyyəçisi
və musiqi təşkilatçısı Üzeyir Hacıbəyovu
(1885-1948) bəxş etdi. Şuşa musiqi
və teatr həyatında böyümüş Üzeyir bəy
Azərbaycan polifonik musiqisini - muğamı Avropa polifonizmi ilə
sintez etdi, Azərbaycan bəstəkarlıq məktəbinə
yol açdı. Şuşalılar - Üzeyir bəyin
bəstəkar qardaşı Zülfüqar Hacıbəyov
(1884-1950), bəstəkar Soltan Hacıbəyov (1919-1974), aktyor
və rejissor Şəmsi Bədəlbəyli (1911-1987), opera
solisti Sürəyya Qacar (1910-1992), aktrisa Barat Şəkinskaya
(1914-1999), aktyor və rejissor Mehdi Məmmədov (1918-1985), bəstəkarlar
Zakir Bağırov (1916-1996), Əşrəf Abbasov (1920-1992),
Süleyman Ələsgərov (1924-2000) və b. bəstəkarlıq
və teatr sənətinin inkişafında Üzeyir bəyi
izlədilər.
Qarabağdan
güc alanlar
Dağlıq
Qarabağ öz ətrafı - Aran Qarabağ və Dağətəyi
Qarabağla birlikdə vahid sosial-iqtisadi məkan əmələ
gətirir, bunlar bir-biri ilə sıx surətdə
bağlıdır, aqrar və sosial sahə, təhsil və mədəniyyət
üzrə bir-birini tamamlayan, bir-birini gücləndirən
bölgələrdir. Məsələn, Ağdam və Şuşa çox işlərdə
yanaşı olmuşlar, bir-birinə dayaq olmuş, bir-birilə
yarışmışlar. Şuşalı elm
adamları arasında botanik alim Validə Tutayuk (1914-1990) yada
düşür. Ağdam Azərbaycana neçə-neçə
istedadlı elm və sənət adamı bəxş
etmişdir: yazıçı Süleyman Sani Axundov (1875-1939),
kristalloqraf alim Xudu Məmmədov (1927-1988), qeyri-səlis
sistemlər və idarəetmə üzrə mütəxəssis,
professor Rafiq Əliyev (1942), Bakıda anadan olmuş, lakin
atası Ağdamdan olan, uşaqkən Qarabağda muğam
öyrənən xanəndə Sara Qədimova (1922-2005), xanəndələr
Arif Babayev (1938), Qədir Rüstəmov (1935-2011), Səxavət
Məmmədov (1953-1991), Mənsum İbrahimov (1960), tarzən
Ramiz Quliyev (1947)... Görkəmli Qarabağ xanəndələri
arasında Füzuli rayonunda doğulmuş İslam Rzayevi
(1934-2008) və ağcabədili Yaqub Məmmədovu (1930-2002)
da yada salmaq lazımdır; tanınmış filoloq və
diplomat, professor Vilayət Quliyev (1952) də
Ağcabədidə doğulmuşdur. Dağlıq
Qarabağ ətrafı bölgələrdə yetişmiş
görkəmli insanları saymaq kimi çətin işi
öhdəmə götürmürəm.
Kökü
Qarabağdan olub başqa yerdə doğulan məşhurlar da az deyil. Şuşalı bəstəkar
Zülfüqar Hacıbəyovun (1884-1950) Tiflisdə doğulan
oğlu, bəstəkar və dirijor Niyazi (1912-1984),
şuşalı tanınmış pedaqoq Bədəl bəy
Bədəlbəylinin ailəsində Bakıda doğulan bəstəkar
və dirijor Əfrasiyab Bədəlbəyli (1907-1976),
şuşalı xanəndə Məcid Behbudovun oğlu,
Tiflisdə doğulan Rəşid Behbudov (1915-1989),
şuşalı Məşədi Cəmil Əmirovun ailəsində,
Gəncədə dünyaya göz açan bəstəkar
Fikrət Əmirov (1922-1984), şuşalı xanəndə
Zülfü Adıgözəlovun oğlu, Bakıda doğulan
bəstəkar Vasif Adıgözəlov (1935-2006),
şuşalı Bülbülün oğlu, Bakıda
doğulan bəstəkar və müğənni (və
diplomat) Polad Bülbüloğlu (1945) kimi tanınmış bəstəkar,
xanəndə və müğənniləri də
Şuşa musiqi məktəbinin nümayəndəsi saymaq olar.
Musiqi ilə bağlı olmayan məşhurlar
arasında da əsli Şuşadan və Qarabağdan olanlar
var. Buna misal olaraq Şuşadan Lənkərana
köçmüş ailədə, Lənkəranda
doğulmuş general Səməd bəy Mehmandarovun (1855-1931)
adını çəkmək olar.
Qarabağ:
sənət, canlı aləm, məktəb
Qarabağ deyəndə hər şeydən əvvəl,
təbii olaraq, musiqi yada düşür. Qarabağlılar ədəbiyyat,
elm və təhsil, memarlıq və teatr, aqrar təsərrüfat
və sənaye, hərbi iş kimi sahələrə də
qiymətli töhfə vermişlər. Qarabağ
tarixi və Qarabağ həyatı gözəl, incə sənət
növləri, flora və fauna gözəlliyi, öyrənməyə,
biliyə can atan insanları ilə seçilmişdir. 18-ci əsrin ikinci yarısında Şuşada
inkişaf etmiş xalçatoxuma işi Qarabağın
dağ və aran bölgələrinə də
yayıldı. Çoxçeşidli
Qarabağ xalçaları parlaq rənglərinə və
özünəxas naxışlarına görə
tanınır. Xalçaçı rəssam
və xalçaşünas Lətif Kərimov (1906-1991)
Şuşada xalça toxumaqla tanınmış bir nəslin
nümayəndəsidir.
Qarabağın təbiət gözəlliyindən ürəkdolusu söhbət açmaq təbiidir. Şuşa ətrafında rast gəlinən və qırmızı kitaba düşən "Xarı bülbül" adlı çoxillik bitki gül üzərinə qonmuş bülbülü xatırladır. Ofris bitki qrupuna (ophrus mammosa) aid edilən bu nadir gül Şuşanın, Qarabağın rəmzi sayılır. Xarı bülbül gülü bülbül və gül arasındakı məhəbbət əfsanəsinin də rəmzidir. Qarabağ adını tanıdan Qarabağ atları fenomenini unutmaq günah olardı. Şərqin ən yaxşı at növlərindən biri olan Qarabağ atlarını çəkinmədən dünya şöhrətli deyə tərif etmək olar. Pənahəli xan vaxtından üzü bəri Qarabağda atçılıq inkişaf etmişdir. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan xanım Qarabağ atlarının yetişdirilməsi və tanıdılması işi ilə xüsusi məşğul olmuşdur. Qarabağ atları dünya sərgilərində qızıl daxil olmaqla medallar və fəxri fərmanlara layiq görülmüşdür. Qarabağ atları, onların xüsusiyyətləri, istifadəsi və şöhrəti haqqında Avropa, Asiya və Rusiyada diplomatlar, səyyahlar, şair və yazıçılar, o cümlədən, Lermontov, Puşkin, M.F.Axundov, L.Tolstoy, Qurban Səid söhbət açmışlar. "Slovo "Karabax" v Rossii vızıvalo vovse ne qeoqrafiçeskoe predctavlenie, a obraz neobıknovenno krasivoqo i porodistoqo skakuna" "Qarabağ" sözü Rusiyada heç də coğrafi təsəvvür deyil, qeyri-adi gözəl və bərk qaçan cins at obrazı yaradırdı". SSRİ dövründə Ağdam atçılıq zavodu Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olmuşdur.
Qafqaz Rusiyanın hakimiyyəti
altına keçdikdən sonra Rusiya hökumətinin
yürütdüyü təhsil siyasəti və yerli
xalqın maddi köməyilə yeni tipli məktəblər
açılmağa başlandı. Şuşa Qafqazın təhsil
mərkəzlərindən biri idi. Azərbaycan ərazisində
ilk qəza (uyezd) məktəbi 30 dekabr 1830-cu ildə
Şuşada açılıb; sonrakı 3 ildə
ardıcıl olaraq Nuxa, Bakı və Gəncədə qəza
məktəbləri açıldı. Azərbaycan ərazisində
ilk müsəlman məktəbləri 1849-cu ildə Gəncə,
Şuşa, Şamaxı və Bakıda açıldı
(Tiflisdə şiə məktəbi 1847-də, sünni məktəbi
isə 1848-ci ildə açılmışdı). Zaqafqaziyada qəza məktəbləri əsasında
yaradılan ilk 6 illik şəhər məktəbi də
Şuşada fəaliyyətə başladı (1874). İlk dəfə
Kazanda yaradılan (1871) rus-tatar məktəbi ideyası Rusiya
müsəlmanları arasında şöhrət qazandı:
Bakıdan sonra Şuşada rus-tatar məktəbi
açıldı (1893). Şuşada realnı məktəb və
qız məktəbi də fəaliyyət göstərirdi.
Hamlet
İSAXANLI
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.18-19.