"Miniatür sənəti
mənim xilasımdır"
PƏRİ
MİNİATÜR: "MİNİATÜRLƏ
MƏŞĞUL OLANDA ÖZÜMÜ SANKİ
CƏNNƏTDƏ HİSS EDİRƏM"
"
Azərbaycan miniatür sənəti incəsənət tarixində
özünəməxsus yer
tutur.
Ötən ilin dekabr ayında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın
birgə hazırladığı
"Miniatür sənəti"
nominasiya sənədinə
əsasən bu mədəni elementin
UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına
daxil edilməsi qərarı bu sənətin aktuallığını
bir daha göstərdi.
Sevindirici haldır ki, bu sənəti sevən, onun təbliği ilə məşğul olan miniatür rəssamlarımız
indinin özündə
də var. Onlardan biri də bugünkü
həmsöhbətimiz miniatürçü
rəssam Pəri Miniatürdur.
***
- Pəri xanım, necə oldu ki, sizdə miniatür sənətinə
maraq yarandı?
- Mən uşaqlıqdan rəssamlıqla məşğul
olmuşam. Anam deyirdi ki, hələ üç yaşım olanda evdəki döşəkçələrin,
paltarlardakı çiçəklərin
şəklini çəkirdim.
Böyüdükcə bu maraq da mənimlə birgə böyüyürdü.
Əslində, bizim qohumlarımızın
arasında rəssam olmayıb. Mən Naxçıvanda balaca bir kənddə
böyümüşəm. Daha sonra rəssamlıq təhsili almaq üçün Bakıya
gəldim. Tələbə
olduğum dövrdə
Faiq Əkbərov adlı miniatür çəkən bir nəfərlə tanış oldum. Beləcə,
bu sənətə marağım yarandı.
Yadımdadır, biz beş-altı qız bu sənəti
ondan öyrənirdik.
Sonra yavaş-yavaş o biri qızlar ayrıldılar,
təkcə mən qaldım. Daha sonra mən
də Naxçıvana
qayıtmalı olduğumdan
dərsləri yarımçıq
qoymaq məcburiyyətində
qaldım. Buna baxmayaraq, artıq xeyli şey öyrənmişdim. Bəzən saatlarla
oturub kiçik kvadratların içərisində
beş-altı detal çəkirdim. Bir sözlə,
Naxçıvana qayıdandan
sonra da miniatürü atmadım.
- Miniatür sənəti çox böyük səbr tələb edir. Səbr sizin xarakterinizin bir parçasıdır, yoxsa iş prosesində
mənimsədiyiniz xüsusiyyət?
- Deməzdim ki, həyatda o qədər də səbirli insanam. Düzdür, bəzən susmağı,
səbr etməyi bacarıram, ancaq müəyyən bir yerə qədər.
Bu işi görəndə
isə tamam başqa adam
oluram. Təsəvvür edin, bəzən
bir budaqda xırda-xırda səksən
yarpaq çəkirəm.
O yarpaqlardan biri yaxşı alınmayanda rahat ola
bilmirəm. Mütləq qayıdıb onu
yenidən işləməliyəm.
Bu mövzuda olduqca
səbirli davranıram.
Yəqin
bu sənəti sevirəm, onun üçün.
- Ümumiyyətlə, sizin
xarakterinizdə ziddiyətli
məqamlar çoxdur.
Bir tərəfdən səbrin
simvolu olan miniatür, digər tərəfdən Qarabağ
savaşında iştirak
edən 16 yaşlı
dəli-dolu bir qızcığaz. Deməli, siz
hələ o illərdən
bu xüsusiyyətlərlə
var olmusunuz.
- Hə. Mən gənc olanda xüsusilə bu mövzuda həssas idim. On altı yaşım olanda cəbhəyə getmişdim.
İki
ay orda qaldığımı
xatırlayıram. O günlər
mənim üçün
müqəddəs günlər
idi. Vətən sevgisini indi
də qəlbimdə daşıyıram, ancaq o
vaxtkı kimi bu hissi büruzə
verə bilmirəm.
Bu gün mənim
üçün vətən
sevgisi həm də xalqını, ölkənin insanlarını
sevməkdir. Tutaq ki,
marşrutda mənim yanımda sürücü
kiminsə üstünə
qışqırırsa, əzirsə,
mən buna sakit dayanıb baxa bilmərəm. Düşünürəm ki, hər kəs öz cəbhəsində vətəni,
xalqı üçün
çalışmalı, əlindən
gələni etməlidir.
- Saçınızın rəngi,
geyim tərzinizlə fərqlənirsiniz. Bu nədir - üsyan, yoxsa yaradıcı adamın şıltaqlığı?
- Məncə, yaradıcı
adam olmağım
artıq standartlara qarşı getməyimdən
xəbər verir. Zahiri görkəmimlə bağlı
bəzən tənqidlər
də eşidirəm.
Düzü, indi bu yaşımda belə şeylərə o qədər
də əhəmiyyət
vermirəm. Çünki hazırda məni cəmiyyətlə yola getməkdən daha çox özümlə yola getmək maraqlandırır. Bilmirəm, bunu
demək nə qədər düzgündür,
ancaq mən cəmiyyətdən daha çox özüm üçün rəsm çəkirəm. Öz mənəvi
rahatlığım üçün.
Rəsm çəkərkən aldığım
zövqü sözlə
izah edə bilmərəm. Bu, eqoizm deyil, bu,
insanın özü ilə bütünləşməsidir.
Mən özüm-özümlə daha
xoşbəxtəm və
güclüyəm. Ətrafımdakılar məni güclü qadın olaraq tanıyır. Düzü, mən
istəməzdim məni
bu qədər güclü bilsinlər.
Haqqımda elə düşünürlər
ki, sanki mən hər şeyin öhdəsindən
gələ bilərəm.
Buna görə də mənə dəstək olmaq, bir xoş söz
demək ağıllarına
da gəlmir.
- Nə vaxt hiss etdiniz ki, artıq
tanınırsınız?
- Düzü, mənim tanınmağımda sosial
şəbəkələrin böyük rolu olub. İlk dəfə on il
bundan öncə Feysbukda özümə Pəri Miniatür adı ilə səhifə açmışam.
Bu adı seçməyim
də təsadüf idi. Əsl adım Pərinisədir,
qısaca Pəri olaraq qeyd etdim.
Miniatürü də sevdiyim
bir sənət kimi yanına əlavə etmişdim.
Daha sonra hamı məni bu adla
tanıdı. İlk sərgim
36 yaşımda olub.
Həmin
sərgidən sonra müəyyən qədər
tanınmağa başladım.
- Heç bu sənəti
seçdiyiniz üçün
peşman olmusunuzmu?
- Heç vaxt. Hərdən
düşünürəm ki, rəssamlıq olmasa, dəli olardım. Ola bilsin ki, mən
heç güclü rəssam da deyiləm. Ancaq bu sənət
sözün əsl mənasında mənim xilaskarımdır. Həm maddi,
həm mənəvi.
Özüm öz yağımda
qovruluram. Ümumiyyətlə, insanın sevdiyi işdən pul qazanması olduqca gözəl duyğudur.
Ən əsas tərəfi də odur ki,
mən bu işi görəndə xoşbəxt oluram. Bu sənət mənim
işıqlı yolumdur.
İnsan
içindəki işığı
kəşf edəndə
ona yaşamaq daha asanlaşır. Belə adamlar paxıllıqdan,
kin-küdurətdən də
uzaq olur. Çünki başı özünə,
öz işığına
qarışır.
- Sizcə, bugünkü məşhurluğunuz istedadınıza
görədir, yoxsa Azərbaycanda miniatür ustalarının az
olmasına görə?
- İlk növbədə onu qeyd edim ki, bu sənətlə hər kəs məşğul ola bilmir. Bu sənətdə hər şey şərtidir. Sən bir rəssam kimi ceyranın su içməsini öz istədiyin kimi təsvir edə bilərsən, ancaq miniatür sənətində belə bir şey yoxdur. Tutaq ki, bir padşahı çəkirsənsə, sən onun üz cizgilərini verə bilmərsən, yalnız müəyyən detallarla, məsələn, aristokrat duruşu ilə onun padşah olduğunu göstərə bilərsən. Bundan savayı, bu sənətdə hər şeyin öz mənası var. Deyək ki, piyalə təvazökarlıqdır, geyimdə yamaqlar qələndərlik, dünyadan üz çevirməkdir və s. Miniatürda işıq, kölgə yoxdur, ön plan, arxa plan yoxdur. Bir sözlə, bu sənət çətin sənətdir. Çətin olduğu üçün bu sahəyə üz tutanlar az olur. O ki qaldı sualınıza, mən özümü güclü miniatür rəssamı hesab eləmirəm. Ona görə də bu suala konkret cavab vermək çətindir.
- Miniatür sənəti klassik sənətdir, ancaq sizin miniatür əsərlərinizdə avanqard yanaşma var. Buna görə sizi tənqid edənlər olurmu?
- Hə, olur. Düşünürəm ki, klassikaya müasir detallar qatmaqda pis heç nə yoxdur. Çünki bu, zamanın tələbidir. Klassikadan faydalanıb sırf ona əsasən çəkəndə belə bir sual yaranır: indiyə qədər çəkilənlər Behzad, Sultan Məhəmməd, Şahqulunun etdiklərinə əsaslanırsa, bəs sən bu sənətdə nə etmisən? Ona görə də, məncə, yeniliklər olmalıdır.
- Miniatür sənəti sizin üçün nə deməkdir?
- Bunu sözlərlə izah etmək çətindir. Rəssamlığa yeni başlayanda bir rəssam dostumuza demişdim ki, mən rəsm çəkəndə palitrada olan rəngləri yemək istəyirəm. O da xeyli gülüb demişdi ki, Pəri, səndən rəssam olacaq. İndi eyni hissi miniatür əsərlərə baxanda keçirirəm. O vərəqləri gördükcə istəyirəm onları qucaqlayım. Miniatürlə məşğul olanda özümü sanki cənnətdə hiss edirəm.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.17.