"Bir tamaşanın tarixçəsi"  

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə sosial şəbəkə hesablarında yeni layihəyə start verib.

 

"Bir tamaşanın tarixçəsi" adlanan layihədə yeni səhnə əsərlərinin necə yaranması quruluşu haqda söhbət, səhnəarxası maraqlı məqamlar tamaşaçılara təqdim olunur.

 

Tamaşaların yaradıcı heyəti ilə söhbətləri teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva aparır. Artıq ilk veriliş teatrsevərlərə təqdim edilib. Bir il öncə 20 Yanvar - milli iradə zəfər günümüzün 30-cu ildönümü ərəfəsində hazırlanan "Şəhərin qış gecələri" adlı tamaşa haqda quruluşçu rejissor Bəhram Osmanov danışıb.

 

Qeyd edək ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı isə Arif Əbdürrəhmanovdur.

 

Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük tarixi hadisənin teatr səhnəsində anılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Ötən il çox qısa müddətdə var qüvvəmizlə çalışıb "Şəhərin qış gecələri" tamaşasını hazırladıq. 20 Yanvar hadisələrindən otuz il keçsə də, bu dəhşətli olay unudulmayıb və tarixdə silinməz izlər qoyub. Böyük yazıçımız Anar məhz 30 ildən sonra bu mövzuya müraciət edib. Görünür, burada bir məntiq var. Bilirsiniz ki, hələ ötən əsrin 80-ci illərində Anarın "Şəhərin yay günləri" əsəri çox məşhur idi. Tamaşaya mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi. Bu dəfə isə həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Bütöv millətin başına gələnləri bir ailənin timsalında göstərən əsərini bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək səhnələşdirməyə çalışmışıq. Çox qəribədir ki, müəllifin əsərdə uzaqgörənliklə çatdırdığı ideya çox keçmədi ki, 44 günlük müharibə və Qarabağ zəfərimizi qazandığımız günlərdə öz təsdiqini tapdı. Xalq bir olanda, ziyalı və kütlə eyni hədəfə vuranda, dövlətlə xalq birləşəndə mütləq nəticəsi olur, necə ki oldubiz Prezidentimizin dediyi kimi, bir dəmir yumruq altında birləşib qələbə çaldıq. Mənim üçün yeni nəslin, bu hadisəni böyüklərin dilindən, arxiv kadrlarından görən, duyan gənclərin münasibəti çox maraqlı idi. Anar müəllimin böyük xidmətidir ki, 30 il ərzində heç vaxt unudulmayan, haqqında çoxlu sayda əsərlər yazılan, filmlər, verilişlər çəkilən 20 Yanvarı bu tərəfdən yaza, anlada bildi. Ona görə tamaşa neçə dəfə nümayiş olundusa, hər dəfəsində böyük sevgigöz yaşları ilə qarşılandı..."

 

 

 

Söhbət boyu Bəhram Osmanov səhnə əsərində rol alan Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirovun həm peşəkar, həm də vətənpərvər münasibətini xüsusi vurğulayıb.

 

Teatrın mətbuat xidmətinın rəhbəri Pərvin Nurəliyeva bu layihənin davam edəcəyini, qarşıdakı aylarda başqa tamaşaların yaradıcı heyətləri ilə söhbətlər aparılacağını qeyd edib: "Bundan sonra hər ay tamaşaçılarımızı müxtəlif səhnə əsərlərinin yaranma tarixçəsi ilə tanış edəcəyik. Növbədə Xalq artisti Cənnət xanım Səlimovanın quruluş verdiyi "Dəli yığıncağı", Xalq artisti Vaqif Əsədovun "Oqtay Eloğlu", Əməkdar artist Nicat Kazımovun "Tanrıya 14 məktub" və s. tamaşalardır... İlk buraxılışımızı isə Vətən yolunda canından keçən bütün şəhidlərimizin ruhuna ithaf edirik".

 

 

525-ci qəzet.- 2021.- 23 yanvar.- S.11.