Azərbaycanlı alimlərin yeni nəzəriyyəsi
AMEA-nın
həqiqi üzvü Hətəm Quliyev və AMEA-nın
müxbir üzvü Rəşid Cavanşir uzun müddətdir,
geofizikanın dərinliklərinin araşdırılması,
yaşadığımz Yer kürəsinin və kainatın
geofizik strukturlarının proqnozlaşdırılması,
qanunauyğunluqların aşkarlanması sahəsində elmi
araşdırmalar aparır, müştərək tədqiqatların
müəllifi kimi elmi məqalələrlə
çıxış edirlər.
Onlardan biri də son vaxtlar Yerin qeyri-xətti xüsusiyyətlərini
hesablamaq üçün Yer elmlərinin klassik mexanika sahəsi
ilə inteqrasiyasına əsaslanan "Qeyri-klassik xətti
yanaşma" (QKXY) nəzəriyyəsidir. Bu yeni nəzəriyyə
"Yerin ilkin etalon modeli" nəzəriyyəsində
lazımsız riyazi hesablamaları və köhnə
metodologiyaları inkar etməklə dünya elm cameəsində
ciddi müzakirələrə səbəb olub.
Fundamental araşdırmaları və təhlilləri əks
etdirən bu nəzəri konsepsiya Böyük Britaniyanın məşhur
"Elm" jurnalında dərc edilib.
Qeyd edək ki, "Elm" jurnalı dünyanın əsas
elmi nəşrlərindən biridir. XXI əsrin elmi
araşdırma dərgisi sayılan "Elm" jurnalında
geniş tədqiqatçı auditoriyası üçün
yüksək keyfiyyətli, texniki cəhətdən
etibarlı məlumatlar təqdim olunur.
Azərbaycanlı
alimlərin tədqiqatları haqqında jurnalda dərc
olunmuş "Qeyri-xətti Yer kürəsi: Geridə
qalmış nəzəriyyəyə düzəliş"
adlı yazının oxuculara təqdim edirik.
***
Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü Dr. Hətəm
Quliyev Ukrayna Milli Elmlər Akademiyası nəzdindəki
S.P.Timoşenko adına Mexanika
İnstitutunun dünya tərəfindən tanınmış
nümayəndəsidir. Əvvəlki tədqiqatlarında
deformasiya oluna bilən sərt maddələrin
qırılması və kəsilməsində qeyri-sabitlik
mexanikası ilə bağlı yeni nəzəriyyələrə
öncülük edib. Bu günə qədər
400-dən çox kitab və elmi məqaləsi nəşr
edilən akademik H.Quliyev beynəlxalq konfranslarda əsərlərini
təqdim etməklə yanaşı, gənc alimlərin ilk
araşdırmalarının da rəhbəri olub. Dr. H.Quliyev 1988-ci ildən bəri Yerin daxili hissələrinin
üçölçülü və qeyri-xətti problemlərinin
araşdırılmasında qeyri-klassik xətti yanaşmalarla
bağlı ilk nəzəriyyənin əsasını qoyacaq
fikirlərin Yer elmlərinə daxil olunması
üçün Dr. R.Cavanşirlə sıx əməkdaşlıq
etməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
müxbir üzvü Dr. Rəşid Cavanşir keçmiş
Sovet İttifaqında Qərbin yerşünast alimlərilə
sıx əməkdaşlığın əsasını
qoyan şəxslərdəndir. O, 1988-ci ildə AMEA-nın Dərin
Neft və Qaz İnstitutunun Elmi direktoru vəzifəsində
çalışıb və burada Kanada, ABŞ və
İngiltərədəki çoxsaylı şirkətlərlə
ortaq tədqiqat razılaşmaları ilə bağlı
danışıqlar aparıb. 1995-ci ildən bəri Dr.
R.Cavanşir BP-də rəhbər vəzifələrdə, o
cümlədən, 2009-2012-ci illərdə Azərbaycan-Gürcüstan-Türkiyə
üzrə regional prezident, 2012-2015-ci illərdə isə
Strateji və İnteqrasiya üzrə Baş vitse-prezident vəzifələrində
çalışıb. 35-i Dr. H.Qulivelə birgə
olmaqla 200-dən çox məqaləsi çap edilib.
Yerin daxili hissələrinin struktur xüsusiyyətlərini
təsvir etmək məqsədi ilə tədqiqatçıların
artıq on illərdir, istifadə etdikləri nəzəriyyələrin
müddəaları həqiqətdən xeyli uzaqdır. Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü
Dr.Hətəm Quliyev və AMEA-nın müxbir üzvü
Dr.Rəşid Cavanşir öz araşdırmalarında
mexanikaya və yer elmlərinə aid konsepsiyaları birləşdirərək
Yerin qeyri-xətti xüsusiyyətləri ilə bağlı
yeni nəzəriyyə yaradıblar. Onların
kəşfi hələ ki, elmi ictimaiyyət tərəfindən
geniş şəkildə qəbul edilməyib, lakin alimlər
birgə əməkdaşlıq səyləri nəticəsində
klassik olmayan xətti yanaşmalarının tezliklə
geofiziki tədqiqatların əsas aspektinə çevriləcəyinə
ümid bəsləyirlər.
Yerin
daxili quruluşunun müşahidə edilməsi
Yerin daxili quruluşunun struktur xüsusiyyətlərini
müəyyənləşdirmək üçün bu sahədə
araşdırma aparan tədqiqatçılar bir neçə əsrdir
ki, çoxsaylı istiqamətlər üzrə yeni
üsullardan istifadə edirlər. Görülən işlər sayəsində,
indi bizə doğma planetimizin təbəqəli quruluşa
malik olduğu məlumdur: o, möhkəm daxili və maye xassəli
nüvədən ibarətdir, möhkəm mantiya və xarici
qabıq qatına sahibdir. Bizim bu quruluş
haqqında biliklərimiz dalğaların Yerin daxilindən
keçərək müxtəlif növ maddələrlə
dəyişikliyə uğramasının ölçülməsinə
əsaslanır.
Tədqiqatçılar bu təhlili zəlzələ və
vulkan püskürmələri də daxil olmaqla irimiqyaslı
geoloji hadisələr nəticəsində yaranan seysmik
dalğaların aşkarlanması yolu ilə apara bilərlər. Onlar Yer səthinin
müxtəlif nöqtələrində ayrı-ayrı hadisələr
nəticəsində yaranan dalğaların xüsusiyyətlərini
ölçərək, onların planetin daxili hissəsində
müxtəlif təbəqələrdən keçərkən
necə dəyişdiklərini müəyyən edə bilirlər.
20-ci əsrin əvvəllərindən etibarən
geofiziklər bu üsullardan Yerin daxili quruluşu və onun
zamanla necə inkişaf etdiyi barədə nəzəriyyələri
işləyib hazırlamaq üçün istifadə ediblər. Sonrakı onilliklərdə
bu fikirlər Yer kürəsi haqqında elmin çoxsaylı
sahələrində müxtəlif nəzəriyyələrlə
birləşdirildi və bu barədə
anlayışımızın daha da artmasına imkan verdi.
YİEM-in
güclü və zəif tərəfləri
1976-cı ildə göstərilən səylər əvvəlcə
ABŞ geofizikləri Adam Dzievonski və Don Anderson tərəfindən
təklif olunan "Yerin ilkin etalon modeli" (YİEM) adlı
nəzəriyyənin yaranmasına gətirib
çıxardı. O dövrdə böyük ixtira hesab edilən bu modelə
görə, Yerin hər bir daxili qatı fərqli, dəyişməz
xüsusiyyətlərə sahib idi. Bu model ən
əsası, sıxlıq, təzyiq və cazibə daxil
olmaqla maddənin xüsusiyyətlərinin Yerin mərkəzindən
fərqli məsafələrdə necə dəyişdiyini və
hər təbəqənin təsirini nəzərə alaraq xətti
formula təqdim edirdi.
YİEM
konsepsiyası yarandığı gündən bəri on illər
ərzində çox az dəyişikliyə
məruz qalıb və indi Yer haqqında elmlərin bir
çox sahələrində geniş yayılmış
elementə çevrilib. Modelin çoxsaylı
uğurları arasında Yerin daxili hissələrinin müxtəlif
təbəqələri arasındakı sərhədlərin
vəziyyətini təyin etmək qabiliyyəti, eləcə də
Yerin cazibə qüvvəsinin müxtəlif dərinliklərdə
necə dəyişməsinə dair proqnozlar yer alır.
Ancaq bu müvəffəqiyyətə baxmayaraq,
model davamlı olmadı. Dzievonskinin sonralar
yazdığı kimi, YİEM abreviaturasındakı
"ilkin" sözünün özü də YİEM-in
daha yaxşı model yaranana qədər Yerin daxili hissəsi
barədə təxmini proqnozlar verməli olduğunu nəzərdə
tuturdu.
Modelin kəşf edilməsi Yer haqqında
baxışlarımıza əsaslı şəkildə təsir
etsə də, onun özünün də çox sayda
çatışmazlığı on illərdir ki,
qalmaqdadır.
Bu gün daha
dəqiq avadanlıqdan istifadə edən seysmoloqlar və
geofiziklər müşahidələrinin YİEM-in köməyi
ilə verilən proqnozlarla artıq uyğun gəlmədiyini
aşkar edirlər ki, bu da onun dəqiqliyi ilə bağlı
ciddi şübhələr doğurur. Yer elminin
geniş ictimaiyyəti bu məsələlərə düzəlişlər
etsələr də, görülən işlərin nəticəsi
bugünədək ortada yoxdur.
Qeyri-xətti
xassələrin hesablanması
Bir çox təbiət sistemlərində dalğalar fərqli
maddələrdən keçərkən "qeyri-xətti"
yayılır.
Ümumiyyətlə, bu o deməkdir ki, sistemlərdən
keçən dalğaların xüsusiyyətləri ilə
daxil olanların xüsusiyyətləri arasında aydın əlaqə
yoxdur. Bu səbəbdən, əslində,
ciddi fiziki qanunlara tabe olsalar da, qeyri-xətti dalğalar Nyutonun
təsvir etdiyi təmiz mexaniki qanunlardan tam fərqli olaraq
xaotik, gözlənilməz davranışlar sərgiləyə
bilər. Bu səbəbdən həmin
dalğalar "qeyri-klassik" mexanikanı nümayiş
etdirir. Tədqiqatçılar qeyri-xətti sistemlər
haqqında proqnoz verərkən bu xüsusiyyətləri nəzərə
almasalar, əldə edilən nəticələrdə ciddi səhvlər
ola bilər.
Dr. Hətəm Quliyev və Dr. Rəşid Cavanşirin
dediyinə görə, YİEM bu xüsusiyyətləri nəzərə
almadığı üçün qüsurları
çoxdur.
Onlar ilk dəfə 1980-ci illərdə Sovet
İttifaqının tərkibində olan Azərbaycan Milli Elmlər
Akademiyasında tanış olub. Onların
əməkdaşlığı qeyri-adi idi: indiyədək
mexanika sahəsində apardığı tədqiqatlarla məşhur
olan Dr. Quliyevi Yer elmləri ilə ilk dəfə geofizika sahəsində
təcrübəyə malik Dr. Cavanşir tanış
etdi. İlk birgə araşdırmalarında onlar aparılan tədqiqatların
böyük əksəriyyətində irəli sürülən
fərziyyələrin əksinə olaraq Yerin daxilindən
keçən dalğaların sadə mexaniki qanunlara tabe ola bilmədiyi fikrini irəli sürdülər.
Alternativ
kimi, tədqiqatçılar bu dalğaların qeyri-xətti
yayılmalı olduğunu iddia etdilər, bu da YİEM-in
proqnozlarının reallıqdan xeyli uzaq olduğunu göstərir.Növbəti
illərdə Dr. Quliyev və Dr. Cavanşir YİEM-in
çatışmazlıqlarını müəyyənləşdirməyə
başladılar və onların düzəlişi
üçün təkliflər irəli sürdülər. Bu işin sayəsində Yerin qeyri-xətti
xüsusiyyətlərini hesablamaq üçün Yer elmlərinin
klassik mexanika sahəsi ilə inteqrasiyasına əsaslanan yeni
yanaşmalar təklif etdilər.
Yeni modelin
təqdim edilməsi
Bu iki tədqiqatçı nəzəriyyələrini ərsəyə
gətirmək üçün diqqəti deformasiyaya uğraya
bilən sərt cisimlərin qeyri-klassik mexaniki xüsusiyyətlərini
təyin etməyə yönəldir. Onların fikirləri
qeyri-xətti elastikliyin təməl prinsiplərinə əsaslanır
- bu, dalğaların qeyri-xətti maddələrdən
keçərkən müvəqqəti deformasiyaya
uğraması ilə birbaşa əlaqəlidir. YİEM-də, Yerin mərkəzindən müəyyən
məsafələrdə olan maddənin xüsusiyyətlərinin,
bütün dünyada harada ölçülmələrindən
asılı olmayaraq, eyni olduğu qəbul edilir.
QKXY (Qeyri-klassik xətti yanaşma) adlandırılan
yenilənmiş model sayəsində Dr. H.Quliyev və Dr.
R.Cavanşir problemə üç ölçülü
yanaşırlar. Eyni dərinlikdə fərqli mexaniki
xüsusiyyətlərə malik maddələrlə Yerin
davranışını bütövlükdə nəzərə
alsaq, bu model sayəsində lazımsız riyazi hesablamalara
ehtiyac qalmır.
YİEM ilə əlaqəli qüsurları və qeyri-dəqiqlikləri
aradan qaldırarkən, QKXY tərəfindən verilmiş
proqnozlar, seysmik dalğaların yayılması da daxil olmaqla,
geoloji proseslərin keçmiş proqnozlarından əhəmiyyətli
dərəcədə kənara çıxa bilər. Dr. H.Quliyev və
Dr. R.Cavanşir artıq QKXY və YİEM-in Yer səthinin
altındakı ilk 10 kilometrə aid proqnozlarının 30 faizə
qədər fərqlənə biləcəyini göstəriblər.
Yerin dərinliklərində bu fərq daha böyük ola bilər, bu isə artıq gələcək
tədqiqatların predmetidir. Nəticədə,
bu dərinliklərdə Yerin struktur xüsusiyyətlərinin
miqdarının müəyyənləşdirilməsi
geniş araşdırma tələb edəcək.
Yerin
daxili barədə anlayışın təkmilləşdirilməsi
Dr.
H.Quliyev və Dr. R.Cavanşir bir az da irəliyə
gedərək, QKXY ətrafında aparılacaq gələcək
tədqiqatlarda üç əsas elementin nəzərə
alınmasını təklif edirlər. Birincisi,
bu modeli Yer səthindəki okeanların və qitələrin
təsirlərini nəzərə alaraq, Yerin struktur elementlərini
qabıqdan nüvəyə qədər tam analiz etmək
üçün istifadə olunmasını təklif edirlər.
İkincisi, tədqiqatçılar məlumatları
şərh edərkən klassik nəzəriyyələrin
istifadəsindən vaz keçməyə
çağırırlar; bunun əvəzinə, elastik
dalğaların Yerin daxilində yayılması zamanı
qeyri-xətti dinamika nümayiş etdirdiyini güman edirlər.
Nəhayət, Dr. H.Quliyev və Dr. R.Cavanşir geoloji və
seysmoloji məlumatların toplanması və şərh edilməsi
üçün istifadə olunan metodologiyaları və
avadanlıqları təkmilləşdirməyə ümid bəsləyirlər. Əvvəldən
müşahidələrinin qeyri-xətti xüsusiyyətlərin
nəticəsi olduğunu fərz edərək,
proqnozlarını xeyli yaxşılaşdırmaq
üçün texnikalarını uyğunlaşdıra bilərlər.
Bu səylər nəticəsində onlar Yerin
daxili hissəsinin və davam edən təkamülünün
daha real şəkildə başa düşüləcəyinə
ümid edirlər. Lakin bu hədəflərə
geniş şəkildə nail olmaq üçün
qarşıda hələ də aradan qaldırılası
ciddi maneələr var.
Bu günə qədər əməkdaşlığın olmaması
Dr. Quliyev və Dr. Cavanşir onilliklər boyu apardıqları tədqiqatlar ərzində yüzlərlə kitab və bülletendə nəşr olunan və çoxsaylı konfranslarda təqdim olunan ciddi nəticələr əldə ediblər. Ancaq bu müvəffəqiyyətə baxmayaraq, nəzəriyyələri hələ də Yer elmlərinin daha geniş ictimaiyyətinin tədqiqatçıları tərəfindən geniş müzakirə olunmayıb. Onlar nəzəriyyələrinin qəbul edilməsinə əngəl kimi müxtəlif mədəniyyətləri təmsil edən tədqiqatçılar arasında davamlı əməkdaşlığın olmamasını görürlər.
Hətta dünya tədqiqatçılarına əvvəlkindən daha asan əməkdaşlıq etməyə imkan yaradan siyasi dəyişikliklərdən və internetin yaranmasından on illər sonra belə, keçmişdən qalan qərəzli fikirlər davam etməkdədir. Bu sərhədlərin elmi araşdırmalara vurduğu ziyanı azaltmaq üçün YİEM kimi çoxdan köhnəlmiş nəzəriyyələr lazımi səyləri göstərmədən, hətta günümüzdə də geniş istifadə olunur. Dr. Quliyev və Dr. Cavanşirin fikrincə, bu amil elmi tərəqqi üçün ciddi maneədir. Ancaq bu vəziyyət uzun müddət belə qala bilməz.
Geniş müzakirələrə ümid
Keçmişdəki çoxsaylı uğursuzluqlara baxmayaraq, Dr. Quliyev və Dr. Cavanşir indi araşdırmalarına münasibətin doğru istiqamətdə dəyişəcəyinə ümid edirlər və indi onlar getdikcə daha çox müzakirə olunur. 2019-cu ildə nəzəriyyələri nəhayət, mötəbər akademik jurnal olan Earth və Space Science-da yayımlandı - ilk dəfə QKXY modelləri geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Gələcəkdə artan məşhurluğun, tezliklə QKXY-ni layiq olduğu dərinlikdə öyrənmək üçün çoxsaylı təlimlər və qlobal qurumlar arasında yeni əməkdaşlıqların təşviq ediləcəyinə ümid edirlər.
Bu nəticələr əldə olunarsa, nəhayət,
köhnəlmiş YİEM arxivə göndərilə bilər
və bu yeni nəsil tədqiqatçılara Yerin daxili
xüsusiyyətlərinin həqiqi təbiətini
araşdırmağa imkan vermiş olar. Nəticə
etibarı ilə bu səylər günlərin birində on
illər boyu sürən genişmiqyaslı tədqiqat
proqramlarına yol aça bilər ki, bu da nəhayət,
doğma planetimizin müxtəlif qeyri-xətti xüsusiyyətlərini
üzə çıxarar.
525-ci qəzet.- 2021.- 23 yanvar.- S.8-9.