"İzləyicilərim məni "Şimşək ovçusu" adlandırırlar

 

 

TALEH VALEHOV: "GÖZƏL KADR "MƏN GƏLİRƏM, ÇƏK" DEMİR, FOTOQRAF GƏRƏK ƏTRAFINDA BAŞ VERƏ BİLƏCƏK HƏR HADİSƏYƏ HAZIR OLSUN"

 

Sosial şəbəkələrdə parlayanlar

 

Rubrikamızın budəfəki qonağı sosial mediada fəaliyyət göstərən bir neçə səhifələrin idarəçisi,

məşhur fotoqraf Taleh Valehovdur.

 

- Taleh bəy, fəaliyyətinin çox hissəsi sosial media ilə bağlı olan bir istifadəçi kimi, bu platformaların müsbət cəhətləri barədə nə deyə bilərsiniz?

 

- Sosial şəbəkələr fotoqraf kimi mənə həmişə müsbət təsir edib. Məsələn, şimşək çaxırsa, bunu anında yayımlayıb böyük bir kütləyə çatdırmaqda sosial şəbəkələrin əvəzsiz rolu var. Həmin fotonun böyük səhifələrdə yayımlanması isə sosial medianın daha bir müsbət tərəfidir.

 

- Çəkdiyiniz fotoların demək olar ki, hər biri maraqla qarşılanır. Hər işi ilə gündəmdə olan azsaylı fotoqraflardan birisiniz. Sizcə, bu gün öz sahənizdə markaya çevrilməyi bacarmısınızmı?

 

- Özüm haqda nəsə deməkdə çətinlik çəkirəm. Ancaq gəlin haqqımda deyilənləri sizinlə bölüşüm. Məni "Başıaşağı fotolar çəkən fotoqraf", "Şimşək ovçusu" və "Suallı fotolar çəkən fotoqraf" adlandırırlar.

 

Karantin dövründə "evdə çək" adlı fotolayihəm də oldu. Evdəki əşyaların hər hansı bir hissəsini yaxından çəkib "bu, hansı əşyanın yaxından görüntüsüdür?" sualı ilə yayımlayırdım. Məqsəd karantin dövründə darıxmamaq idi. İzləyicilər də fotoya baxır və evdəki əşyaları gözdən keçirməyə başlayırdılar. Cavabı düzgün tapanın mükafatı da səhifəmdə yazdığı rəyi paylaşmaq və özünü tağ etmək idi. Çox vaxt "Qurd-quş şəkli çəkən fotoqraf" kimi də təqdim olunuram, bu da çox kiçik ölçülü həşaratları çəkdiyimə görə deyilir. Bu günə qədər bir çox fotolayihələrin müəllifi olmuşam. 2017-ci ildə isə bu layihələrimə görə "İlin ən yaxşı sosial fotoqrafı" mükafatını aldım. Qoy, mənim marka olub-olmadığıma oxucular özləri qərar versin.

 

- Fotoqrafçılıq sahəsində özünüzə kimləri rəqib görürsünüz?

 

- 2014-2018-ci illərdən başlayaraq fəaliyyətə yenicə başlayan fotoqraflar ortaya çıxdılar. Bununla da böyük bir rəqabət başladı. O dönəmdə Tural Hüseyn, Elxan Qəniyev, Ehtiram Jabi, Rüstəm Məhərrəmov, Vəli Şükürov, Nurlan Gülməmmədov, Məhəmməd Türkmən, Məhəmməd Baxış, Elmar Əzimli, Rövşən Əsədov və Məhərrəm Məcidov kimi fotoqraflar çəkdiyi fotolar və layihələrlə gündəmə gəlirdilər. Hər həftə hansısa foto ilə gündəmə gəlmək bizim fotoqraf kimi inkişaf etməyimizə çox təsir edirdi. Etiraf edək ki, biz fotoqraflar biri-birimizi gizli də olsa, izləyirdik. Çünki kimin hansı fotolarla, layihələrlə gündəmə gəlməyi maraqlı idi. Zamanla elə dostlaşdıq ki, rəqib olsaq da, bir-birimizə işlərimizdə dəstək olur, təcrübəmizi bölüşürdük. İnsan elədiyini deməz, amma söhbət açılıb deyə, bir-birimizə verdiyimiz dəstəklərdən bəzilərini deyim. Fotoqraf Tural Hüseyn "Face Of Azerbaijan" fotolayihəsini çəkəndə Bakıdan əlavə bölgələrdə də çəkiliş etməli idi. Lənkəran səfərinə hazırlaşanda maddi durumu yaxşı deyildi, mən ona köməklik göstərdim. "Fərəhin ruhu" adlı fotonu çəkəndə bilirdim ki, bu foto məşhur olacaq. Sadəcə bir neçə günə tam olaraq hər yerdə yayılacaqdı. O zaman Tural Hüseynin aktiv Feysbuk səhifəsi var idi, mənim çəkdiyim fotonu öz səhifəsində yayımlamışdı. Halbuki o, mənim əsas rəqiblərimdən idi. Bilirdi ki, mənə dəstək olmaqla rəqibini ön plana çıxarır. Amma o, yenə də bu böyük dəstəyi mənə göstərdi və foto 1 saatın içində hər yerdə yayımlandı.

 

Əslində, rəqabət inkişaf deməkdir. Meydanda tək qalanda hər şey adiləşir. Sevindirici hal odur ki, fotoqraflar bəzi incəsənət nümayəndələri kimi, söz davasına çıxmırlar, gördüyü işlərlə gündəmə gəlirlər. Hər halda rəqibləri haqda belə gözəl danışan fotoqraf görməmisiniz (gülür).

 

- Kadrlarınız gözəl alınır, ancaq yaxşı nəticəni əldə etmək çətin olur. Bəs bu çətinliyin öhdəsindən necə gəlirsiniz?

 

- Gözəl kadr "mən gəlirəm, çək", demir. Gərək, ətrafında baş verəcək hər hadisə üçün hazır olasan. Bu işin məkanı, zamanı yoxdur. Gecə saat 3-də yuxuya gedərkən bayırdan gurultu səsi gələrsə, dərhal fotoaparatı götürüb dama çıxıram. Bir yandan fotoaparatı yağışdan qoruyur, bir yandan da şimşəyin çaxma anını turmağa çalışıram. Dost-tanışlar zarafatla "Bir gün səni ildırım vuracaq", deyirlər (gülür). Bəzi anlar da var ki, onun baş verəcəyini əvvəlcədən bilməlisən. Bir çox fotolarım görüntünü anı hiss edərək çəkməyimlə ərsəyə gəlib.

 

- Sizcə, fotoqrafçılıqla məşğul olmaq üçün təhsil almaq vacibdirmi?

 

- Əvvəlcə onu deyim ki, bu sənəti sevmək lazımdır, sevgini də heç bir təhsil öyrətmir, gərək, bunu özün istəyəsən. Əgər, sevgin yoxdursa, fotoqrafçılığa başqa bir sənətlə xəyanət edəcəksən. Əks halda bütün çətinliklərə sinə gərib, üzərində çalışaraq təcrübə toplayacaqsan. Özüm fotoqrafçılıqla bağlı təhsil almasam da, bunu lazımlı sayıram. Çünki zamanla öyrəndiyin texniki məsələləri təhsil alaraq bir neçə aya öyrənə bilərsən.

 

- 2017-ci ildə aztəminatlı ailələrə yardım məqsədilə bir aksiya başlatmışdınız. Bu ərəfədə müsabiqələrə qatılıb əldə etdiyiniz məbləği həmin ailələrə bağışlayırdınız. Hələ də bu cür aksiyalarınız davam edirmi?

 

- O vaxtı xeyriyyə işinə qoşulan izləyicilər sadəcə paylaşımı "layk" edir və müsabiqəni qazanmağımıza səbəb olurdular. Biz də qazandığımızı pula çevirib ehtiyacı olanlara yardım edirdik.

 

Bu prosesi məşhur "Trolling Azerbaijan" və bir neçə məşhur səhifənin idarəçisi Ceyhun Babayev başlatmışdı, ideya Ceyhunun idi. Sonradan mən, Tural Hüseyn, bloqer Rəfin Cəfərov və Sevinc Şabanova da bu prosesə qoşulduq. Hazırda həmin üsulla xeyriyyə işləri görmürük, çünki daha o cür müsabiqə keçirənlər yoxdur. Olsa da, az məbləğlərdə mükafatlar verilir. Fərqli xeyriyyə işlərindən isə heç vaxt geri qalmıram, müxtəlif xeyriyyə tədbirlərində iştirak edirəm. Bəzən də özüm nəsə təşkil edirəm. Belə işlər insanın ruhunu təmizləyir.

 

- 2017-ci ildə çəkdiyiniz bir kadr sosial mediada paylaşım rekordları qırmışdı. Fotodakı şəxslərin üzlərinin görünməməsi kadrın ən maraqlı tərəflərindən idi...

 

- Fotoda məkan olaraq cənnəti təsvir etmişəm. Məkan öz həyətimizdir. Fotonun sol tərəfində əlində kamera dayanan üzü görünməyən gənc oğlan Çingiz Mustafayevdir. Fotonun sağ tərəfində isə əynində hərbçi köynəyi, cüssəli bədən quruluşu olan Mübariz İbrahimov var. Mərkəzdə isə çəhrayı rəng paltarlı qız uşağı Zəhra dayanıb. Onlar cənnətdə bir yerdədir. Fotoda Çingiz Mustafayev obrazını rejissor dostum Cavanşir Eladisoy, Mübariz İbrahimov obrazını digər dostum Şəhriyar Alışov, Zəhra obrazını isə qardaşım qızı Aylin Valehova canlandırıb.

 

 

 

- Müharibə dövründə İnstaqram üzərindən "Şedevr" və "Bakı onlayn" səhifələri vasitəsilə müharibə dəhşətlərini və erməni vandalizmini beynəlxalq səviyyədə tanıtmağa çalışdınız. Bu işə başlamağa necə qərar verdiniz?

 

- Müharibə bizə kim olduğumuzu göstərdi. Hər kəs o gün özünü tanıdı, anladı ki, Vətəni üçün nələr etməyə hazırdır. "Şedevr" səhifəsində 3 ildən çoxdur idarəçiyəm. Səhifə birbaşa mənə məxsus deyil, amma digər idarəçilər tərəfindən yetərincə etibar qazanmışam. Vətən müharibəsi başlayan kimi səhifənin formatı da dəyişdi, yalnız rəsmi və dəqiq məlumatlar yayımlayırdım. Şedevr səhifəsində 1 günə 100-dən çox paylaşım edirdim, 24 saat ərzində 2-3 saat yatırdım. Bu dövrdə Ermənistan hakimiyəti məğlub olduğunu xalqından gizlədir, saxta xəbərlər yayımlayır, guya bizi məğlub etdiklərini tirajlayırdılar. Düşmənin bu saxtakarlığı ilə mübarizə aparmaq lazım idi, bunu etsəydim, "Şedevr" səhifəsini risk altına salmış olacaqdım.

 

Səhifə birbaşa mənim olmadığı üçün "Şedevr"lə bunu edə bilməyəcəkdim. 2-ci səhifə olaraq "Bakı Onlayn" səhifəsini açdım. Səhifənin məqsədi düşmənin arxa cəbhəsinə necə məhv olduqlarını foto və videolarla, öz dillərində açıqlama yazmaqla çatdırmaq, onlara psixoloji zərbə vurmaq idi. Hər paylaşıma çox ciddi hazırlıq gedirdi, səhifənin "story" bölümündə izləyicilərə saat neçədə paylaşım edəcəyimi və paylaşımdan sonra nə edəcəklərini tapşırırdım. İzləyicilər paylaşımları bəyənib rəy yazmalı, erməni profillərinin mesaj və rəy bölməsinə paylaşımı qeyd etməli idilər.

 

Ən böyük uğurumuz ermənilərin İnstaqram və Teleqram səhifələrində şikayət üçün paylaşılmağımız idi. Böyük səhifələrin adminləri anlamırdı ki, məni şikayət etməklə daha çox kömək etmiş olurlar. Onlar bununla kütləni səhifəyə cəlb edirdilər. Bu günlərdə hər kəs cəbhə üçün nəsə etməyə çalışırdı. Qan vermək üçün qan bankının qabağında növbəyə dayananlar, əsgərlərimiz üçün sovqat toplayıb göndərənlər, Orduya dəstək fonduna son pullarını göndərənlər də az deyildi.

 

 

 

- Taleh bəy, mütaliə etməklə aranız necədir? Kimlərin yaradıcılığını oxuyursunuz?

 

- Son dəfə hansısa kitabı əvvəldən sona qədər oxuduğumu xatırlamıram. Məncə, bu, ən mənfi cəhətimdir. Daha çox maraqlı həyat sürən insanlar haqda araşdırmalar etməyi, real hadisələrə əsaslanan filmlərə baxmağı sevirəm. Kitab oxumağı anam daha çox xoşlayır.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

 

- Pandemiya imkan versə, planlarımız barədə də düşünərik (gülür). Planlar çoxdur və fotoqraflar öz planlarını danışaraq yox, iş görərək göstərirlər.

 

Günel ABBAS

 

525-ci qəzet.- 2021.- 27 yanvar.- S.22.