"Qadın yükü"
BU
RƏSM DEYİR Kİ, QADIN GÜCLÜDÜR, HƏM DƏ
ÇOX GÜCLÜ...
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
müniatürçü rəssam
Pəri Müniatürdür. Onunla müəllifi
olduğu "Qadın
yükü" əsəri
haqqında danışmışıq.
- Pəri xanım, niyə məhz qadın?
- Düşünürəm ki,
özüm də qadın olduğum üçün qadının
hisslərini, ağrısını-acısını
daha yaxşı başa düşürəm.
Qadın
həqiqətən də
dünyanı daşıya
biləcək bir potensialdadır. Qadın təbiət
kimi doğurqandır,
qadın güclüdür,
həm də çox güclü.
- Bəs niyə geriyə baxır?
- Yox, geriyə baxmır, dünyaya baxır, daşıdığı
yükə baxır. Gözləri yükündə olsa da, ayaqları
irəli baxır.
Çünki irəliyə gedir
və gələcəyə
ümidləri var. Əlindəki
tərəzi isə dünənlə bu gün arasında axtardığı ədaləti
ehtiva edir.
- Dünya yuxarıdadır,
tərəzi isə aşağıda. Mənə elə
gəlir ki, bu, həm də
biz qadınların ruhundan
xəbər verir.
Biz ədaləti axtaranda belə, çox vaxt səsimizi çıxara bilmirik, tərəzini gizlətməli oluruq.
Mən yanılıram yoxsa?
- Yox, yanılmırsınız.
- Bəs sırğa niyə bir qulaqdadır?
- Biz qadınlar hər dəfə aldananda, hər dəfə cəmiyyət tərəfindən
qəbul edilməyən
bir şeylə üzləşəndə "qulağına sırğa
et" sözünü
eşidirik. Bax, bu sırğa
həmin sırğadır.
Sırğanın uzunluğu keçdiyi
yolun işarəsidir.
Baxmayaraq
ki, bu sözü
çox eşidib, ancaq o sırğa yenə uzanacaq. Məncə,
biz qadınlar uzanan sırğadan dərs çıxarmaq istəmirik.
Bəzən özümüz bilə-bilə aldanırıq,
bəlkə də, özümüzü aldadırıq.
Sırğa ona görə
bir qulaqdadır ki, "qulaqlarına sırğa elə" demirlər, "qulağına
sırğa elə"
deyirlər. Bu da həmin sırğadır.
- Bu qadın şərq qadınıdır, yoxsa qərb qadını?
- Qadın hər yerdə qadındır. fərqi yoxdur
ya şərq, ya qərb. Sevincin də,
ağrının da rəngi dünyanın hər yerində eynidir. Hər qadının öz
dərdi, öz sevinci var. Fikir versəniz, mən onun zahiri görkəmində
də konkret bir istiqaməti vurğulamıram. Həm şərq,
həm də qərb detalları var.
- Ancaq şərq qadınının çiyinlərində
yük daha çox olur.
- Bu yük həm də ona güc
verir. Şərq qadınları mənən
daha dözümlü
olurlar, məncə.
Həm də daha həssas.
İdealları onları daha
güclü edir.
Ancaq yenə də qayıdıram bayaqkı sözümə, harda olmasından asılı olmayaraq qadın güclü varlıqdır.
Qadın
bir çox şeydə kişidən
daha dözümlüdür.
Deyirlər, doğum zamanı
bircə beyin sümüyü ayrılmır.
Təsəvvür edin, qadın
nəyə dözür.
Bir də deyirlər ki, beyin həyatda
çəkdiyimiz bütün
ağrıları qeydə
alır, təkcə doğum ağrısından
başqa. Əgər doğum
ağrısının yaddaşı
olsaydı, ikinci dəfə yəqin heç bir qadın bu ağrını
gözə almazdı.
Ümumiyyətlə, uşaq dünyaya
gətirmək özü-özlüyündə
böyük güc tələb edir. Sən doqquz ay bətnində körpəni daşıyırsan,
sonra onu o ağrılarla dünyaya gətirirsən, böyüdürsən.
Ən dəhşətlisi
isə bir gün onu itirə
və bütün varlığınla bağlandığın
övladının yoxluğuna
dözməyə məcbur
ola bilirsən.
Bu, çox dəhşətli
bir şeydir. Həm də çox.
- Çox güman, başına qonan quş tale quşundan çox, azadlığı
simvolizə edir.
- Bəli. Güclü qadın həm
də azad qadındır. Güclü olmaq
özünə meydan
oxumaq, azadlığını
dərk etməkdir həm də. Öz içindəki tabuları yıxmadan, özün-özünə azadlığını
qəbul etdirmədən
güclü ola
bilməzsən. Bu da çox vaxt
cəsarət və
risk istəyir. Elə düşünün
ki, risk bir şüşədir. sadəcə bir şüşə. Onu sındırıb
keçsəniz, əsl
azadlığa qovuşacaqsınız.
Yox, əgər bunu edə bilməsəniz, bir ömür qəfəsdə qalacaqsınız.
- Qadının tək təsvir olunması, mən özüm-özümə
yetirəm mesajıdır?
- Bəlkə də. Mən özüm də təkliyə meyilli insanam. Yəqin burda həm
də özümü,
öz hisslərimi təsvir etmişəm.
Təklikdən heç vaxt
qorxmamışam. Məncə, bu qadın da
qorxmur. Dünyanı
kürəyinə alan biri təklikdən niyə qorxsun ki?
- Bu, həm də miniatür rəsmdir. Ancaq miniatürü çox vaxt xırda görməyə
öyrəşdiyimiz üçün
sanki bu rəsm bir az qəribə gəldi.
- Hə, bu, tam klassik miniatür deyil. Klassik miniatür çox
vaxt kiçik ölçüdə olur.
Lakin mən iri həcmli
miniatürlər də
işləyirəm. Həcmindən asılı olmayaraq burada miniatür detallar özünü göstərir. Məsələn, qadının boynu, çarıqları, gözləri
və s.
- Əsərin rəng
həlli barədə
nə deyə bilərsiniz?
- Əsərdə həm
isti, həm də soyuq rənglərə
müraciət etmişəm. Ümumiyyətlə, isti və soyuq
rənglərin növbələşməsini
çox sevirəm.
Bu, estetika baxımdan
mənə daha xoş gəlir. Fikir verin, xalçalarda bu qanuna daha
çox əməl edirlər. İsti rənglər gəlir-gəlir,
birdən bir soyuq çalar görünür. Beləcə, tarazlıq qorunmuş olur. Mənim burada istifadə
etdiyim rənglərdə
isə həm bu məqam, həm də rəngin kompozisiyaya uyğun təsviri var. Məsələn, qırmızını
gücün, bəyazı
təmizliyin rəmzi kimi vermişəm.
- Bu rəsm bizə nə deyir?
- Deyir ki, qadın
güclüdür, həm
də çox güclü.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.21.