Sizə heç ölüm qalmasaydı...  

 

Esse

 

Ağcabədi Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərinin portretləri, haqlarında qısa məlumatlar sərgilənib. Hər gün ziyarət olunur bu xiyaban.

 

Hər gün körpə balasının əlindən tutub sərgi önündə şəhidlərimiz haqqında məlumat verən valideynlərlə, portretlərə baxaraq fikri çox uzaqlara gedən, bir şəklin önündə dəqiqələrlə susub qalan insanlarla rastlaşmaq olur. Dəfələrlə gənc xanımların içini çəkərək: "İlahi, necə yaraşıqlıymış" deməsini eşitmişəm həmin şəkillərin qarşısında... Hərə bir cür ifadə edir hisslərini... Hərə bir cür "söhbətləşir" qalib ölkənin qalib şəhidləri ilə...

 

Hər dəfə xiyabana gedəndə bir-bir salam verib keçirəm şəhid şəkillərinin önündən... Elə bilirəm birini diqqətdən qaçırsam, inciyəcək, küsəcək. Elə canlı baxışları, elə saf təbəssümləri var ki... Bəzən "göz-gözə gəlirəm" onlarla... Baxışırıq. Heç deyə bilməsək , o baxışlarla bir-birimizi "anlayırıq". Pıçıldayıram: "Eynən sənə oxşayan bir qızın gəldi dünyaya. Çox sevimlidir, Toğrul!",  "Sənin haqqında qədər xoş sözlər eşitdik. Sən bu peşəni bir daha sevdirdin, Tariyel həkim!", "Ziyarətçilərin simandakı mülayimliyi görüncə ayaqları yerə yapışır sanki... Bu sevgi dolu baxış, bu müqəddəs təbəssümdür, Təhmasib!", "Sənin foton sosial şəbəkədə yayılanda "bu lap körpə imiş ki..." deyərək əlini dizinə çırpan, ah çəkənlərdən biri mən oldum. Tanışlarından eşitdiklərimiz isə "sən necə böyük imişsən, necə geniş qəlbin var imiş" deməyə məcbur etdi bizi, cənnət qoxulu Məhəmməd!

 

Addımlayıram şəkillərin sırasıyla. Bir ata dəsmalı ilə oğlunun yağışdan islanmış şəklini - onun üz-gözünü, saçını qurulayır. Həmin anda nələr hiss edir... Həmin anda nələr pıçıldayır... Həmin anda hansı xatirələr canlanır gözü önündə...

 

Yağış yağmağa davam edir, ata da oğlunun fotosunu qurulamağa...  Axı soyuqdur. Axı "əyni" yaş qalsa, xəstələnə bilər. Axı o, atasının gözündə hələ kiçik, nadinc, özünü qoruya bilməyən uşaqdır... Vətəni uğrunda canından keçən qəhrəman olsa belə, atanın qayğısına ehtiyacı var... Yaxınlaşmaq, danışdırmaq istəyirəm atanı. Cəsarətim çatmır. Onu balası ilə söhbətindən, xatirəsindən ayırmağa ürək etmirəm.

 

Keçirəm buradan. Lap sonuncu şəklə yaxınlaşıram. Göz-gözə gəlirəm Fərid İsgəndərovla. Yox, üzündə təbəssüm yoxdur onun. Giley var, etiraz var:

 

- idi mənim günahım? Mən bir qarışqanı da əzməmişdim. Niyə vurdular axı?

 

- Fərid, düşmənlərimiz ermənilər idi. Özün bilirdin axı. Bilirdin ki, onlar üçün uşağın, qocanın, qadının fərqi yox idi... Uzağa getməyək, Xocalıda törətdikləri vəhşilikləri unutmamışıq ki...

 

- Mən yaşamaq istəyirdim. Arzularım var idi. Rəngli-rəngli arzularım. Amma bircə rəngi, qırmızı rəngi gördüm son anda.

 

- Çoxmu ağrıdın, Fərid?

 

- Canım yandı...

 

- istədin son nəfəsdə?

 

- Anamı görməyi. Anamın qucağına qısılmağı... O, məni qoruyardı... Ölməyə qoymazdı...

 

Doğum tarixinə baxıram onun... 11 avqust 2006-cı il... Yeniyetmə deyirik bu yaşda olanlara. Önündə dayandığım şəkildən isə anasının isti nəfəsindən doymayan bir uşaq boylanır...

 

"Sən ölmədin" demək istəyirəm. Deyə bilmirəm... Əziz Nesinin misralarını pıçıldamaqdan başqa heç bacarmıram:

 

... Öylə bir ölsəm,

Öylə bir ölsəm, çocuqlar,

Sizə heç ölüm qalmasa.

 

Kaş ki...

 

Məhsəti MUSA

 

525-ci qəzet.- 2021.- 27 yanvar.- S.19.