Həyat eşqi və...
COVİD fırtınası...
Dostumuz Ələsgər Qurbanovun vəfatından
40 gün keçir
"Amansız COVİD əziz
dostumuz, qardaşımız
Ələsgər Qurbanovu
da apardı..."
Düz 40 gün
əvvəl yazmışdım,
bu ağrılı cümləni. Nə tez keçdi
bu 40 gün?!
Vaxt uçur və... itirə-itirə gedirik...
Əcəli başa düşdük. Ölüm
haqdı, - deyib ulularımız...
Daha bu qədər də yox...
Belə insafsızcasına yox!
O, hələ bu dünyaya əlvida deməməliydi...
Axı həyat eşqiylə yaşayırdı. Axı sabaha böyük ümidlə baxırdı. Arzuları, planları var idi...
Və bütün bu arzu və ümidlərin üstündən hələ də bəşəriyyəti qorxu altında saxlayan "COVİD" adlı bəla xətt çəkdi...
Bir anın içində...
COVİD-ə yoluxma şübhəsi və onun təsdiqlənməsi vaxtını nəzərdə tuturam...
Biz güman edirdik ki, hər şey yaxşı olacaq.
"Korona"nı tanıyandan bəri tez-tez eşitməyə öyrəşdiyimiz "saturasiya", "ağ ciyərdə buzlu şüşə", nə bilim daha hansısa tibbi terminlər hamımıza adiləşmişdi.
Xəstəxana palatasından yazdığı mesajlarını bir də oxuyuram:
"Saturasiyam aşağıdı..."
"Buzlaşma çoxdur deyirlər..."
Söz tapa bilmirəm...
40 gün əvvəlki kimi...
Telefonda təzədən axırıncı günlərinin yazışmalarına baxıram.
"Vallah, bu xəstəliyin hər şeyi zülmdür, adam gündə min hala düşür" - yazmışdı.
Beləcə, üç gün, özünün dediyi kimi, min hala düşdü...
Hər dəfə "babatam"
yazmaqla bir az ümid
verdi.
Sonra "düzəlirəm,
yavaş-yavaş -yazdı. Nigarançılıq
keçir bir az..."
Sonra:
"Halım zəifdir..."
Daha sonra: "Təzyiq bir az aşağıdır..."
Ümumi
vəziyyətini isə
belə təqdim etdi: "Stabil orta ağır"...
Bir az təsəlli
verdim, ruh yüksəkliyinin vacibliyini
xatırlatdım...
Cavabı:
"Keçib ey... Allaha söykənib dözmək
lazımdır".
Dekabrın 19-dakı cavabları artıq qırıq-qırıq
gəlir: "Saturasiya
bir az...
Yorğunluq çox..."
Artıq
narahatlıq yaranır
məndə...
No
description available.
Həkimilə danışıram.
"Gecəni pis
yatıb. Amma müsbət dinamika
da müşahidə edirik. Belə davam eləsə, yaxşı olacaq..."
Sonra da bir az tərəddüdlə
əlavə edir:
"Belə xəstələr,
adətən... bu gün-sabah fırtınaya
girir. Əgər bu fırtınadan xilas edə bilsək..."
"Əgər... xilas edə bilsək..."
Diksinirəm bu şübhəli
proqnozdan...
Amma neyləmək
olar ki? Neyləyə bilərəm?
Durub yanına
getmək?
Mümkün deyil!
Əlavə həkim, əlavə dava-dərman?
Reallıqdan uzaq!
Ümid
öz həkiminə və ən başlıcası Allaha qalır...
Amma təsəlli üçün
növbəti mesajı
yazıram: "Həkim
dedi, yatırsan, yaxşısan, sağalırsan,
nə vaxt oyansan yaz, xəbər
elə, mən gec yatıram..."
Uzun müddət oxumur...
Sonra mesaj məlumatında oxuduğunu görürəm,
amma cavab yoxdu...
Görünür, yaza bilmir...
Belə bir vaxtda həyat
yoldaşının sual
dolu zənglərinə
necə cavab verəsən?
Övladlarının "həkimi ilə danışa bildinizmi"
sualını necə
cavablandırasan?
Necə
deyəsən ki,
"əgər xilas edə bilsələr..."
Necə
deyəsən ki...
Beləcə, ümidlə gözlədiyimiz
səhər bəd xəbərlə açılır..
No
description available.
Heç
demə, mənim cavab axtarşında olduğum həmin gecə saatlarında o, həkimin xəbərdar etdiyi kimi, fırtınaya
girib və... çıxa bilməyib...
Bizdən
xəbərsiz!
Hamıdan xəbərsiz!
Əzizlərinə demədən!
Deyə
bilmədən!
Bax,
COVİD zəhirmarın əsas
çətinliyi də
budur!
İnsan
əzizlərindən, doğmalarından
xəbərsiz onun fırtınalarından keçməlidir...
Keçə bilsə...
***
Ələsgər Qurbanov jurnalistika fakültəsini bitirmişdi.
Bu peşəyə böyük
həvəsi də vardı, onun uğurlu bir mənsubu olmağa istedadı da. Amma universitetdə
təhsilini başa çatdırması ağrılı
1990-cı illərin əvvəllərinə
təsadüf elədi.
O illərə ki, mətbuat böhran keçirirdi, jurnalistika dəbdən düşmüşdü.
Bu peşənin sahiblərinin
maaşı çox aşağı idi...
No
description available.
İlk dəfə, səhv eləmirəmsə, "Yeni
Fikir" qəzetinin redaksiyasında tanış
olmuşduq. 1989 idi, gərək ki...
Və
o, redaksiyada işə
həvəslə girişmişdi,
qəzetdə yazıları
dərc edilirdi...
"Yeni Fikir"in də yaxşı vaxtlarıydı, elə bizim özümüzün
də...
Sonralar parlamentin
rəsmi mətbu orqanı olan "Həyat" qəzetində
işləməyə başladı.
Bir arada AzTV-də də çalışdı...
Amma zəmanənin
ağrıları, çətinlikləri
onu sevib-seçdiyi peşədən ayrılmağa
məcbur etdi.
Bacarığını, istedadını ürəyi
istəyən kimi gerçəkləşdirə bilmədi...
Daha doğrusu, istəmədi bunu...
Və uzaqlaşdı...
Yaşamaq üçün uzaqlaşdı. Normal yaşamaq
üçün!
Və yaşadı da!
Pis də yaşamadı!
No
description available.
COVİD bu dünyaya meydan oxuyana qədər!
***
Əslində, Ələsgər hələ
gəncliyində "olum
və ya ölüm" sualı qarşısında bir dəfə dayanmalı olmuşdu. Hələ tələbəykən...
1987-ci ildə Moskvada ürəyində ağır
cərrahiyyə əməliyyatı
aparılmışdı...
Və bu ürəklə 33 il yaşadı.
33 il ürəyinə
qulluq elədi. Daim qandurulducu dərman qəbul etməklə.
Daim həkim nəzarətində
olmaqla. Daim ürəyininin döyüntüsünü
dinləməklə...
Moskva həkimləri
də, elə sonradan ona nəzarət
eliyən Bakı həkimləri də qorxulu bir şey
vəd etmirdilər. Çünki həkim məsləhətlərinə
ciddi əməl eləyirdi. Az
qala ürək həkimi olmuşdu özü bu 33 ildə...
Dost-tanışa məsləhət
də verirdi, ürəyi qorumaq barədə...
Az qala öz ürək döyüntüsünün ritmini
də əzbər bilirdi. Bir balaca
artım olan kimi, tədbir görürdü...
Ürək döyüntüsü demişkən...
Qəribə bir xüsusiyyəti var idi. Gecə yatanda
hətta divar saatının cüzi tıqqıltısı belə
onu narahat eliyirdi. Yatmağa qoymurdu. Sanki
bu tıqqıltı ona ürəyinin səsini eşitməyə
mane olurdu. Ona görə də, harda gecələməsindən
asılı olmayaraq, mütləq yatdığı
yerdə divar saatının batareyasını
çıxarırdı...
Öz ürəyinin döyüntüsünü
dinləmək üçün...
Amma... bu dəfə COVİD-in ağır addım səslərini eşitdi...
Və bu səsə tab gətirə bilmədi...
No
description available.
COVİD xəstəliyinin müalicəsində qanın
duruluğu vacib şərtdir. Bu adam
daim qandurulducu dərman qəbul edirdi. Və şəxsən mən məhz bu amili
nəzərdə tutaraq,
onun COVİD-ə təslim
olacağına inanmırdım!
Əmin idim ki, daim qanını
durultduğu üçün
xilas ola
biləcək! Yaxasını
qurtara biləcək bu bəladan!
Bacarmadı...
Gücü çatmadı...
Ürək dözmədi, yoxsa
"buzlaşmış" ağ ciyər?
Bilmirəm!
İndi
daha bilməyin də mənası yox!
İnsan
həyatda yoxdur!
Həyat
eşqiylə döyünən
ürək dayandı...
Əbədi dayandı...
Onun ürək həkimi indi də əmindir
ki, o, ürəyindən
gedə bilməzdi!
Getdi!
Ürəkdənmi, ciyərdənmi?
İndi bunun nə mənası? Həyat
eşqi ilə yaşayan, daim gülərüz, deyib-gülən,
olduğu məclislərə
özünəməxsus dad-duz qatan, yaraşıq
verən, şənləndirən
bir dostumuz tərk etdi bizi...
Xəbərsiz tərk etdi...
***
İnsan itkisi həmişə ağırdır.
Həyatsevər insanın itikisi daha ağırdır.
Ələsgərlə müxtəlif ölkələrdə,
müxtəlif şəhərlərdə
səfərdə olmuşduq. Çətinliyə düşən vaxtlarımız
da olmuşdu, xoş əhvallı günlərimiz də.
Çətin anlarda ruh yüksəkliyi yaratmağı
bacarırdı. Ən gərgin
saatlarda belə bir lətifə ilə əhvalımızı
düzəldə bilirdi.
Bir də... ailəsinə, övladlarına son dərəcə
bağlı adam
idi. 90-cı illərdə
hansı xarici ölkədə olmağımıza
baxmayaraq, şəhərə
çatıb rahatlaşan
kimi ailəsi ilə əlaqə saxlamağa can atardı. Onda indiki rabitə imkanları hələ yox idi. O, min bir çətinliklə də olsa, telefon
əlaqəsi yaradar, ailəsi ilə hal-əhval tutar, özü barədə məlumat verərdi.
Ələsgər çətinə düşən
dost-tanışın, qohum-əqrəbanın
hayına çatan idi. Bəzən hətta bir
balaca naxoşladığını
eşidirdik. Amma
növbəti gün səsi ya Şəmkirdən
gəlirdi, ya Goranboydan, ya da...
Eşidirdik ki, bacısının, yaxud hansısa qohumunun problemini həll etmək üçün gedib. Qardaşı oğlu hansısa problemlə üzləşib.
Filan dosta filan problemi həll eləmək üçün pul lazımdır və s. və i.a...
Çünki Ələsgər ətrafdakılara
yaxşılıq eləməkdən
zövq alan
adam idi.
Ələsgər dost-tanışa xoş sürpriz eləməyi xoşlayan idi.
Çətinə düşənə əl tutmaqdan rahatlıq tapırdı. Bunu özünə borc bilirdi...
Küsülü adamları (xüsusən dost və qohumlar arasında) barışdırmaqda usta idi. "Tərəfləri" dünyanın etibarsızlığına, "beş günlük" olmasına inandırmaqla...
Evinin, mənzilinin qapısı dost-tanışa, qohum-əqrəbaya daim açıq idi.
Və o evdə, o mənzildə, az qala, elə gün olmazdı ki, rayondan gələn qohum-əqrabadan kimsə gecələməsin: sabah həkimə getmək üçün; pensiya problemini yoluna qoymaqdan ötrü; tələbə oğluna baş çəkmək niyyətilə...
Ailəvi dost kimi biz də o qapını günün istənilən saatında döyə bilirdik. Xəbərsiz, xəbərdarlıqsız...
Amma xəbərdarlıq etdiyimiz vaxtlar da olurdu: "Bir çay dəmləyin, gəlirik..."
Şəxsən bizim üçün tək-tək ailələrdən idi ki, bu cür ərkimiz var idi (..."var idi", - yox, elə indi də var!).
... Bütün bunlardan sonra yenə də təsəlli tapa bilirik. Çünki qapısı dost-tanışın üzünə açıq olan o mənzildə özü kimi istiqanlı iki oğlu var. Bu ailə ocağına mehriban, gülərüz gəlin rəng qatır. Ələsgərin ömrünün son ayına xoşbəxtlik gətirən nəvəsi böyüyür.
Nəhayət, o evdə illərdən bəri formalaşan ailə nizamını, dost-qohum ünsiyyətini qorumağa, yaşatmağa gücü çatacaq həyat yoldaşı - Natəvan xanım var.
Əminik ki, bu evdə, bu ailədə yenə də xoş günlər hələ çox olacaq. Yenə də sevinc kədəri üstələyəcək. Ələsgər isə cismən olmasa da, ruhən orda - ailəsinin üstündə olacaq, o xoş günləri hiss eləyəcək...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.18.