"Bizdə hər işi
görən, amma bir işi düzgün
görməyi bacarmayanlar çoxdur"
Marketinq üzrə mütəxəssis
Türkan Fərzəliyeva: "İinsanın
özünü xoşbəxt hiss etdiyi işlə məşğul
olması tamam başqa hissdir"
Artıq neçə illərdir ki, Azərbaycanda aktuallaşan fəaliyyət
sahələrindən biri
də marketinq və reklam sektorudur. Sevindirici haldır ki,
gənclərimiz asanlıqla
bu sahələr üzrə təlimlərdə,
seminarlarda iştirak edə, kurslara gedib təhsil ala bilirlər. Bu da onu göstərir
ki, inkişafın nəticəsində Azərbaycanda
marketinq və reklam sahələri üzrə püxtələşən
gənclərimiz çoxalıb.
Budəfəki müsahibimiz marketinq
və reklam sahəsi ilə maraqlanan gənclərə
öz fəaliyyətilə
nümunə olan marketinq üzrə mütəxəssis Türkan
Fərzəliyevadır. Əslən Qarabağdan - Xankəndindən
olan gənc mütəxəssis 1991-ci ildə
doğulub. Orta məktəbi bitirdikdən
sonra bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat
proseslərinin avtomatlaşdırılması
fakültəsinin informasiya
texnologiyaları və
sistemlərin mühəndisliyi
ixtisası üzrə
alıb.
O, Bahçeşehir Universitetinin
Sosial elmlər fakültəsinin Marketinq ixtisası üzrə magistr dərəcəsi alıb. Müxtəlif dövrlərdə
"Az-Granata", "Modern Group" şirkətlər qrupunda
marketinq meneceri vəzifələrində çalışıb.
- Türkan xanım, ixtisasınız fəaliyyət
göstərdiyiniz sahə
ilə eyni deyil. Marketinq sahəsinə marağınız
necə yarandı?
- Universiteti əla qiymətlərlə bitirməyimə
baxmayaraq, birinci kursda başa düşmüşdüm ki,
proqramlaşdırma mənə
yad sahədir. Ona görə də 1-ci kursdan bir neçə
şirkətdə könüllü
işləməyə başladım.
Hətta iki il 4 fərqli
şirkətdə təcrübə
qazanmaq üçün
ödənişsiz işləmişəm.
Həmin şirkətlərdə
işləyəndə marketinqə
doğru getdiyimi hiss edirdim. 3-4-cü kurslarda
reklam agentliklərində
işləyirdim. Agentliklərdə işləmək mənə
çox böyük təcrübələr qazandırdı.
Əslində, həmin vaxlar,
yəni 2012-2013-cü illər
Azərbaycanda marketinqin
inkişafa başlandığı,
qlobal brendlərin hədsiz dərəcədə
investisiya yatırdığı
və yerli brendlərin də reklamlar üçün büdcələr ayırdığı
dövr idi. Son dövrlərdə fəaliyyətə başlayan
həmkarlarım çox
vaxt deyirlər ki, Azərbaycanda marketinq son 4-5 ildə fəaliyyət göstərməyə
başlayıb.
Heç də belə deyil. Keçmişdə də Azərbaycanın
yerli brendlərinin qlobal brendlərdən geri qalmayan sloqonları
var idi. İxtisasım fəaliyyət göstərdiyim
sahə ilə çox uzaq olmadığı üçün
əvvəllər çətinlik
çəkmədən işləyirdim.
Menecerim işdən ayrıldıqdan
sonra gördüm ki, artıq onun yerinə yetirdiyi vəzifələri
mən yerinə yetirməliyəm. Bunun üçün
müəyyən nəzəri
biliklərə ehtiyacım
var idi. Həmin nəzəri bilikləri qazanmaqdan ötrü İstanbulda Bahçeşehir
Universitetində sırf
marketinq sahəsi üzrə magistr təhsili aldım. Orada aldığım təhsil
mənə çoxlu
təcrübə qazandırdı.
- Fəaliyyət göstərdiyiniz
sahənin bu günü və gələcəyi haqda nə deyə bilərsiniz?
- Hazırda Startup layihəsi
ilə bazara çıxmağı planlayarıq. Zaman da bunu diktə edir. Keçmişdə Azərbaycanda çox
güclü ekosistem olmadığına görə
çətinlik yaranırdı.
Amma hazırda yaratdığımız
layihə ödəmə
sistemləridir. Gələcəkdə elektron kommersiya sahəsində fəaliyyət
göstərmək istəyən
müştərilərin ödəmələrini
rahatlıqla həyata
keçirmələri üçün
nəzərdə tutulan
layihə üzərində
işləyirəm. Məqsədimiz bu sahənin inkişafıdır. Marketinq tərəfə
gəldikdə isə,
marketinq var idi, indi də
var, gələcəkdə
də olacaq. Bir məhsulun bazara daxil olub möhkəmlənməsi
üçün mütləq
mövqelənməli, araşdırılmalı,
rəqiblərindən üstünlükləri
və ya fərqlilikləri ortaya çıxarılmalıdır. Bu, böyük marketinq
strategiyası tələb
edir. Marketinq strategiyası olmadan
pərakəndə şəkildə
bazara daxil edilən brendin, sözsüz ki, brend dəyəri olmayacaq. Çünki öncə brendləşdirilməlidir.
Loqosu, adı, rəngi, özünəməxsusluğu olmalıdır. Özünəməxsus olmayan brendlərin bazarda möhkəmlənməsi
çətin olur.
- Yəni deyirsiniz ki, bundan sonra
marketinq daha da inkişaf edəcək?
- Əlbəttə. Düzü,
bəzi ənənəvi
vasitələr hələ
də saxlanılır. Biz gözləyirdik ki, ənənəvi üsullar
tamamilə dövriyyədən
çıxar, amma çıxmır. Həm ənənəvi
üsullar qalır, həm də müxtəlif yeni üsullardan istifadə edilir. Rəqəmsala keçid çox
genişlənib. Ancaq bunu
da düzgün etmək lazımdır.
Doğru hədəf kütləsini
seçməmiş dayanmadan
reklam vermək də düzgün deyil. Marketinqin əsası araşdırmadır.
Araşdırma olmasa, marketinq
kommunikasiya vasitəsini
seçə bilməzsiniz.
Ayrılmış vəsaiti boş
yerə sərf etmiş olarsınız.
Təəssüf ki, bəzən
insanlar araşdırma
aparmadan reklam çəkmək istədiklərini
deyirlər. Ancaq
reklamı hazırlamazdan
öncə araşdırılması
lazım olan bir çox şeylər var. Məsələn,
reklam sahəsində ingilis sözlərindən
ibarət 5M ("Money",
"mission", "media", "message",
"measurement") var. Bununla büdcəni, vermək istədiyin mesajı, hədəf kütləni,
çəkdiyin reklamın
ölçüləbilən olub-olmadığını müəyyənləşdirirsən.
Televiziya
üçün hazırlanmış
reklamlar sırf orada verildiyi müddətdə çox
vaxt ölçüləbilən
olmur. Təəssüf ki, ölkəmizdə
bu ölçülər
düzgün və dəqiq deyil.
- Sizcə, bütün sahələrə uyğun
xidmət göstərə
bilən reklam şirkətləri daha əlverişlidir, yoxsa müəyyən bir sahə üzrə ixtisaslaşan?
- Azərbaycanda hər iki kateqoriyaya aid şirkətlər mövcuddur.
Bütün sahələr üzrə
fəaliyyət göstərmək
üçün resurslar
varsa, heç bir sıxıntı yoxdur. Ancaq hamısını edib, işi yarımçıq formada
görürlərsə, bir
sahə üzrə ixtisaslaşmaq daha yaxşı olar. Təəssüf ki, Azərbaycanda
müəyyən resurs
problemlemləri var. Bizdə
hər işi görən, amma bir işi düzgün
görməyi bacarmayan
kadrlar çoxdur.
Kadrlar müəyyən bir sahə üzrə ixtisaslaşsalar, daha yaxşı olar. Bu mövzuda, təbii
ki, birtərəfli kimisə günahlandıra
bilmərik.
Necə
ki, resurs azlığı var, eləcə də resurs üçün düzgün iş tələbləri qoyan şirkət qıtlığı
da var. Bu gün bir şirkət iş elanında 3-4 səhifəlik iş açıqlaması yazaraq
hər şeyi etməyi bacaran marketinq mütəxəssisi
axtarırsa, kadr da işsiz qalmamaq
üçün məcburən
hər şeyi öyrənməli olur.
- Azərbaycandakı reklam şirkətlərini və
reklamların keyfiyyətini
digər qabaqcıl ölkələrlə müqayisə
etsəniz, əskiklərimiz
və ya üstünlüklərimiz nələrdir?
- Əminəm ki,
indi deyəcəklərimlə
bağlı bir çox reklam şirkətləri mənimlə
razılaşacaqlar və
onların yaralı yerinə toxunmuş olacam. Brend menecerləri nə
istədiklərini reklam
agentliklərinə düzgün
çatdırsa, qarşılıqlı
olaraq düzgün kommunikasiya qursalar, ortaya çox gözəl işlər çıxa bilər.
Təəssüf ki, hazırda
bir çox brend meneceri nə istədiyini düzgün çatdıra
bilmədiyi üçün
reklam agentlikləri də düzgün başa düşmür.
Siz su istəyirəm desəniz, onlar sadəcə suyu verəcəklər. Ancaq
desəniz ki, axı
mən soyuq və qazlı su istəyirdim, onda sizə istədiyinizi verəcəklər.
Ona görə də, hər şeyi detallandırmaq lazımdır.
Bir sözlə, strategiyanı
düzgün quranda
tam olaraq məhsulun missiyasını da, hansı hədəf kütləsinə çatmalı
olduğunu da bilirsən.
- "Vita1000" və "Bahar" şirələrinin
reklamlarını siz hazırlamısınız. Ancaq "Vita1000" şirəsinin reklamı insanlara daha çox təsir etdi. Niyə? Eyni kateqoriyadan olan
iki məhsulun reklamının eyni olmaması üçün
nə edirsiniz?
- "Vita1000" şirələrinin reklamında yazdığım brifdən əmin olmağıma baxmayaraq, iki dəfə yazmışdım. Birinci brifdən sonra 4-5 dənə fərqli ssenari gəldi. Onda başa düşdüm ki, deməli, nə istədiyimi düzgün çatdıra bilməmişəm. Mən duyğulara xitab edən, emosional reklam istədiyimi yazmışdım. Fərqli ssenari gətirib deyirdilər ki, əyləncə də bir hissdir də, gülürsünüz. Mən isə həyatdan real an olmasını istəyirdim. Həmin layihəni çox detallı, xətaya yol vermədən işləməyə çalışmışdıq. 2017-ci ildə Yutubda həmin reklama bir şərh gəlmişdi. Şərhdə reklamda göstərilən kimi zabitlərin olmadığı, sadəcə uydurma ssenari olduğu yazılmışdı. Və 4 il sonra şəhidimiz Polad Həşimovun əsgərə kompot süzdüyü ilə bağlı xatirələri sosial şəbəkədə yayıldı. Mən həmin şərhə daxil olub yazdım ki, hələ də belə düşünürsünüz? Çünki biz o vaxt da bilirdik ki, belə hadisələr var, sadəcə indiki kimi üzə çıxmırdı. Müharibə şəraitindən sonra bizim necə zabitlərimizin, generallarımızın olduğunu açıq şəkildə gördük. O vaxt da o reklamı çəkəndə müharibə şəraitində olan ölkə olduğumuzu düşünərək aktuallığını qoruyacağını bilirdik. Oğlu əsgərlikdə olan analar reklamdan sonra hərbi hissəyə ziyarətə gedəndə "Vita1000" şirələrini apardığını deyirdilər. Bunun kimi aldığımız gözəl şərhlər bizi çox sevindirir. Reklamların fərqli olmasına gəldikdə isə, brendlər bazara daxil olduqda müxtəlif hədəf kütlələrinin büdcəsinə uyğun məhsullar çıxarırlar. Bir şirkətin əsas ana brendi bazarda mövcuddursa və sonra daxil olan brendlər əsas brendin satış payına daha çox daxil olursa, bu, həmin şirkətin strategiyasında müəyyən nöqsanların olduğunu göstərir. Ona görə də, mən heç vaxt digər brendə əsas brendimdən üstün reklam çəkə bilməzdim. Digər reklam da reallıqları əks etdirirdi və oynayanlar azərbaycanlı idi. Çox vaxt reklamlara avropalı, xarici insanları çəkdikdən sonra geridönüş ala bilmədikdə təəccüblənirlər. Hədəf kütləsi yerli əhalidirsə, reklama da əhaliyə yaxın olan birini çəkmək lazımdır.
- Son olaraq, bu sahələrlə maraqlanan insanlara təvsiyələriniz nələrdir?
- Bu sahə ilə bağlı kitabları hər zaman oxuya bilərsiniz. Xüsusilə köhnə yox, trenddə olan yeni kitabları oxusanız, daha yaxşı olar. Ancaq bu sahəni təcrübə qazanaraq öyrənmək lazımdır. Marketinqə marağı olan insan ödənişsiz belə olsa, təcrübə üçün çoxsahəli agentliklərdən birində işə başlasın. Orada karyera planlaması edərək marketinqin bütün sahələrini sınayıb onun özünə ən yaxın olan tərəfini seçə bilər. Çünki insanın özünü xoşbəxt hiss etdiyi işlə məşğul olması başqa hissdir. Bir insan iş vaxtının bitməsi üçün dəqiqə sayırsa, bu, ciddi sıxıntıdır. Xoşbəxt olduğunuz sahədə işləmək üçün isə, sadəcə özünüzü inkişaf etdirməli və nə istədiyinizi bilməlisiniz.
Aytac ASLAN
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.17.