“Altmışdan o yana qorxusu yoxdur...”
Əməkdar jurnalist Elşən
Əliyevin yubileyinə təbrik əvəzi
Onun kimi
çoxşaxəli və hərtərəfli qabiliyyətinə
malik olan istedad sahibi az-aza olar...
Gözəl rəssamlıq bacarığı var- əmək
fəaliyyətinə Ağdam Şəhər Mədəniyyət
Evinin nəzdindəki Bədii emalatxanada rəssam kimi
başlayıb.
Sürücülük
məharəti ilə seçilir - ən mürəkkəb
dağ yollarında, dumanda-çəndə avtomobili son dərəcə
diqqətlə idarə edir.
İqtisadi məsələlərdən yaxşı
baş çıxarır - bir vaxtlar
iqtisadçı-jurnalistlər yaratdıqları peşə
birliyinə onu rəhbər seçmişdilər. Sonralar uzun müddət
iqtisadiyyatın iki mühüm sahəsi ilə - vergilər və
elektrik energetikası ilə bağlı olan nəşrlərdə eyni vaxtda
uğurla çalışıb, hətta bu sahələrə
dair bir neçə elmi-populyar kitaba redaktorluq da edib.
Hüququ
da pis bilmir - inzibati və mülki hüquq sahəsində
biliklərinin bu sahənin mütəxəssisləri tərəfindən
təqdir olunub, üstəlik, bu biliklərdən yeri gələndə jurnalist
kimi istifadə də edir.
Dilçi
desən, dilçidir, Azərbaycan dilinin leksik, semantik normalarından
tutmuş üslub
xüsusiyyətlərinə qədər ən xırda
incəliklərinə bələddir.
Yaxşı tərcüməçiliyi də var - rus
dilindən Azərbaycancaya çevirmələri olduqca səlis
və axıcıdır. Hətta xalq
yazıçı Çingiz Abdulalyevin “Qatıl
üçün Qran-pri” əsərinin mükəmməl tərcüməsinə
görə müəllif ona xüsusi təşəkkürünü
bildirib.
Kompüterdə işləmək bacarığına
görə isə nəinki həmyaşıdı olan həmkarları,
hətta gənc jurnalistlər də ona həsəd apara bilərlər.
Nəşriyyat işləri və qəzet
buraxılışı üçün gərəkli olan
bütün proqramlara mükəmməl şəkildə bələddir...
Qaldı,
bir ağdamlı olaraq ticarətə münasibətinə... Jurnalistikadan çörək
çıxarmağın çox çətin olduğu
ötən əsrin doxsanıncı illərində biznesə
qoşulmağa cəhd elədi. Amma ticarətdə əli
gətirmək heç də hamıya nəsib olmur...
Ən nəhayət, jurnalistikada əsl peşəkarlardan
biridir. İstər rəsmi-işgüzar, istərsə də
bədii-publisistik üslubun bilicilərindəndir.
Redaktorluq istedadı öz yerində, informasiyadan oçerkə
qədər ən müxtəlif janrlardakı yazılarını Əməkdar jurnalist Elşən
Əliyevin bənzərsiz və çoxçalarlı
yaradıcılığıının bir hissəsi hesab etmək
olar. Hələ
üzə çıxarmadığı bədii
yaradıcılıq nümunələri,
tamamlamadığı namizədlik dissertasiyası da var.
“Hər
bir insan yaradıcıdır... Fransız filosof
Jan-Pol Sartrın məşhur sözləri ilə desək,
insan, ilk növbədə, özünü yaradır və
bununla da gələcəyini müəyyənləşdirir”.
Bu sətirlər vaxtilə onun qələmə
aldığı bir oçerkdəndir.
Məşhur filosofun sözləri ilə
desək, Elşən də özünü yaradıb və gələcək
yolunu müəyyənləşdirib. Həmin
oçerkdə müəllif yazır: “...İkimərtəbəli
qədim binanın üst qatında
“Tarix-diyarşünaslıq muzeyi”, az qala, zirzəmi
sayılacaq alt qatında rayon mətbəəsi yerləşirdi.
1978-ci il dekabrın 1-də burada
linotipçi (poliqrafiyada “kompüter inqilabı”nın tarixin
arxivinə göndərdiyi peşələrdən biri) kimi
işə başlayanda mən artıq Azərbaycan Dövlət
Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin
birinci kurs tələbəsi idim”.
Düz altı
il o, bu mətbəədə işləyib,
qəzetçiliyin bütün texniki məsələlərini
də dərindən öyrənib. Ali təhsilini
başa çatdırandan sonra isə “Lenin yolu” (indiki
“Ağdam”) qəzetinin məsul katibi təyin edilib və
redaksiyanın əsas ağırlığı onun
çiyinlərində olub. Qəzetin maketini çəkmək,
tərtibatını verməklə yanaşı, materialların
redaktəsini də ona həvalə ediblər, nömrənin ən
əsas materialını yazmağı da... Hətta qəzetin
gecikməməsi, işin ləngiməməsi
üçün yeri gələndə qollarını
çırmayıb poliqrafiya dəzgahının arxasına keçib.
Ötən əsrin 90-cı illərinin əvvəlində
redaksiya ilk partiya təşkilatının gənc rəhbərini
göndərişlə Bakıya - Ali Partiya Məktəbinə
göndəriblər. Elə həmin vaxtdan da
respublikanın tanınmış qəzetlərində - “Xalq
qəzeti”ndə, “Azərbaycan”da, “Respublika”da, “Panorama” da və
digər mətbuat orqanlarında
şöbə müdiri, məsul katib, redaktor vəzifələrində
çalışıb. Harda
işləməyindən asılı olmayaraq - istər “Bizim əsr”,
istər “Azərbaycan işıqları”, istər “Vətən
səsi” olsun - Elşən qəzetin
tərtibatından, dizaynından tutmuş orda dərc olunan
materialların məzmununadək hər şeyin peşəkar
səviyyədə olmasına çalışıb. Çünki özü peşəkardır, ən
adi, ən xırda məsələyə də peşəkarlıqla
yanaşır. Şübhəsiz ki, bu,
onun ən üstün keyfiyyətlərindən biridir.
Məşhur
fizik İsaak Nyuton deyirdi: “Mən böyüklüyüm
üçün özümdən əvvəlkilərin
çiyninə borcluyam”. Elşən
özündə olan və həyatda qazandığı ən
yaxşı keyfiyyətlərə görə rəhmətlik
valideynlərinə - atası Əli kişiyə, anası Sənubər
xanıma borcludur. Valideynləri onu
heç vaxt tək övlad kimi ərköyün,
qayğısız, yağ-bal içində böyütməyiblər.
Elşən də bu dünyada ata-anasına son
günə qədər sədaqətlə qulluq edən
layiqli övlad olub.
Elə
aldığı bu tərbiyənin nəticəsidir ki, o
özü də bu gün vəfalı ömür-gün
yoldaşı, ləyaqətli ailə başçısı,
qayğıkeş ata, nəvələrini çox sevən
babadır – övladlarının bütün qayğılarını çəkir,
nəvələri Əlixanı, Dilşadı və Mehini
baba məhəbbəti ilə bağrına basır.
Elşən həm də yaxşı qohum, vəfalı
yoldaş, etibarlı dostdur. O, imkanı daxilində hamıya
kömək əli uzatmağa, xeyir-şərində
iştirak etməyə çalışır. Elə
bil bu dünyaya hamıya yardım göstərmək,
xeyirxahlıq etmək, təmənnasız və umacaqsız
yaşamaq üçün gəlib.
Özünün
kifayət qədər qayğıları olsa da, ona kömək
üçün üz tutanlara, tanıdığı və
tanımadığı hər kəsə yardım göstərmək
Elşənə xas olan alicənab keyfiyyətlərdəndir.
Səxavət kisəsi, necə deyərlər,
hatəm əli həmişə açıqdır.
Qonaqlıq vermək, qəlbən özünə
yaxın bildiyi adamları süfrə arxasına toplamaq da onun
sevimli şakəridir. Həmin məclislərdə özü də
Azərbaycan kulinariyasının ləziz təamlarını,
dünya mətbəxi nümunələrini çox
iştahla həzm-rabedən keçirir.
Dostlar arasında bəzən onun “ideya generatoru”
adlandırılması heç də təsadüfi deyil. Bir vaxtlar
Elşənin beyni, müasir dillə desək, star-tap layihələri
ilə dolu olardı. Doğrudur, həmin
layihələrin heç də hamısı real həyata vəsiqə
ala bilməyib, amma layihə kimi həmişə çox cəlbedici
və maraqlı görünürdü. Hətta vaxtilə
mərhum həmkarlarımızdan biri bu layihələrdən birinin
cəlbedici və gəlirli olduğuna o qədər ürəkdən
inanmışdı ki, səhəri günü onu
reallaşdırmaq həvəsi ilə gələndə
Elşən bu iş üçün icra hakimiyyətinin
qeydiyyatı, lisenziya icazəsi və digər hüquqi prosedurlar
tələb olunduğunu deyəndə dünəndən xam xəyallara
yaşadığı üçün özünü əməlli-başlı
qınamışdı.
Tale iki dəfə onu sağlamlıq sınağına
da çəkib.
2004-cü ilin yazında keçirdiyi kəskin pankreatiddən
həkimlərin səyi, özünün iradəsi sayəsində
sağ-salamat qurtula bilib. Ötən
ilin noyabrında isə Saraydakı modul tipli xəstəxanada
koronovirusla mübarizədən qalib çıxıb. Bu barədə özü ictimaiyyətə
belə məlumat verib: “Hamı kimi, Vətən müharibəsində
qələbəmizdən hədsiz sevinc və qürur hissi
duyduğum günlərdə, qəfildən, gözəgörümməz
düşmənin - COVID-19-un caynağına keçdiyim məlum
oldu. Əvvəlcədən deyim, buna görə
özümü çox qınayıram. Görünür
ki, hardasa, biganəliyə yol vermişəm, özümü
tam etibarlı şəkildə qoruya bilməmişəm.
Müharibə vəziyyətində olan dövlətimin
"yük"ünü artırdığıma görə
təəssüf edirəm”.
... Məktəbli
vaxtı məşhur “Qarabağ bülbülləri”
ansamblının tərkibində tar
çaldığını, hətta bir neçə mötəbər
konsertdə iştirak etdiyini həyatının ən
şirin xatirələrindən biri kimi xatırlayır. Üstündən illər
keçsə də, çox vaxt maşında gəzdirdiyi
tarı çıxarıb hərdən sinəsinə
sıxır. Çox şirin də
barmaqları var. Öz zəif
damarını bildiyinə və son vaxtlar hər yerindən
duranın efirə çıxdığına görə evdə uşaqlarına bərk-bərk
tapşırıb ki, birdən qocalanda ağlım
çaşar, tarı qoltuğuma vurub efirə
çıxaram, qoymayın...
Həqiqətən, çox maraqlı, ən çətin və kritik anlarda belə yumor hissini itirməyən, yaradıcılıq qabiliyyəti aşıb-daşan və hər kəsdə olmayan çox üstün keyfiyyətlərə malik bir adamdır. Yeri gələndə, hətta meyxana yaradıcılığına da baş vurur və heç də pis alınmır.
Bizi ötən əsrin 80-ci illərindən bəri davam edən uzun illik bir münasibət birləşdirir. Mən onların Ağdamın Seyidli kəndində, Kötəl çayın sahilindəki evlərində olmuşam, o bizim Füzulidə, Qozluçayın sahillərindəki evimizdə gecələyib. İndi də o yerlərə, ömrün arxada qalan illərinə dönmək arzusu ilə alışıb yanırıq.
Amma hər işdə məndən ən azı bir addım qabaqda olub - məndən bir il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub...
Əvvəl o hərbi xidmətə gedib, bir il sonra mən...
Əvvəl o Ali Partiya Məktəbində müdavim qəbul olunub, bir il sonra mən.
Əvvəl
o, rayondan Bakıya gəlib, bir il sonra mən.
Beləcə, neçə illərdir ki, dalınca
dabanqırma gedirəm, hələ də çata bilmirəm.
Altmış
yaşa da yenə
məndən əvvəl o çatdı.
Baba Vəziroğlu demiş, əgər rəqəmlərin
artmağı heç nəyə xələl gətirmirsə,
qoy artsın.
Altmışım
arxada qalıb haçandı,
Haçandı gözümün yuxusu yoxdur.
Ömrün şirinliyi altmışacandı,
Altmışdan o yana qorxusu yoxdur.
Süleyman
QARADAĞLI
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.16.