Qələmsiz yazılanlar
status-esseləri
Prezident
və Birinci xanım Şuşada!
Səhər-səhər bundan gözəl nə xəbər ola
bilərdi ki?!
***
Ailə üzvləri ilə birlikdə cənab Prezidentin Şuşaya səfərindən reportajı
göz qırpmadan, qürur hissiylə izlədim. Xalqımıza başucalığı gətirən, Tariximizin ən möhtəşəm
hadisəsi barədə
böyük sənət
əsəri idi.
Qəhrəmanı da,
müəllifi də
O idi - Müzəffər
Ali Baş Komandan!
***
Polad Bülbüloğlunun
Şuşada, ata evində "Gəl, ey səhər" mahnısını oxuması
çox təsirliydi. Göz yaşları içində
sevinc, xoşbəxtlik
və qürur hissi doğururdu...
***
Qışqıra-qışqıra danışan aparıcıların
səmimiyyətinə və
dediklərinin doğruluğuna
şübhə yaranır.
***
Hər adamın bir "göynən gedən"
vaxtı olur...
***
Çalışın evdə ölün...
***
Qadınlar kişilərdən iki dəfə çox danışırlar. Buna əmin olmaq üçün uzun müşahidələrə
ehtiyac yoxdur, "Dikdaban" verilişinə
bir dəfə baxmaq kifayətdir...
Yox, bu, ərkyanə bir zarafatdır.
"Dikdaban"ın yaradıcı heyəti və aparıcıları
çox səviyyəli,
məlumatlıdırlar. Mövzuları və qonaqları yaxşı seçirlər,
gündəmi hiss edirlər.
Baxılmalı və maraqlı
verilişdir.
Uğurlar!
***
Zəfərimizi, Qələbəmizi tam dərk
edə bilməyənlər
də var.
Görünür, bəzilərinin baş verənləri həzm etməsi üçün
zaman lazımdır. Amma fərd
kimi də, millət kimi də arxayınlaşmaq, dayanmaq, nəfəs dərmək olmaz. Daima ayıq-sayıq, daima hərəkətdə olmalıyıq.
Bu, bizə taleyin
qisməti və diktəsidir. Mübarizəmiz əbədidir.
***
SOCAR-da şişirdilmiş və havayı maaş alanlar
çoxdur. Lazımsız
struktur və ştatları ləğv
etsələr, israfçılığa
son qoysalar, qənaətlə
işləsələr, "neft emalı sənayesində yenidənqurma
və modernləşdirmə
işlərinin davam etdirilməsinə" yanacağın
qiymətini qaldırmadan
da daxili vəsait tapmaq olardı...
***
Televiziyalar üçün yeni simalar çox vacibdir. Amma elə sifətlər
var ki, onların
simaya çevrilməsi
çətin məsələdir,
havayı əziyyətdir.
***
Falaqqayla dərs öyrətməklə
reklamla yazı oxutdurmağın, yalvarıb
"kanalıma abunə
olun" deməyin arasında gizlin oxşarlıq var.
Bəs sizcə?
***
Bol-bol xəbər içində
xəbərsizlik, xaos
içərisində savadsızlıq...
***
Nə qədər
ki, telefon var, kitab oxumaq
müşkül olacaq.
***
Deyir, vaxtım qurtarır, durum qaçım evə...
***
Üzərlik qoxusu niyə keçmişə, ilkinliyə
aparır adamı? Sirri nədədir?
***
Üstümüzə gələn maşınlar, xəbərlər,
vahimələr...
***
Futbola marağım
həvəskar səviyyədədir,
futbolumuzun problemlərinə
nabələdəm.
Dünən İdman TV-də Aydın Bağırovun çıxışından heyrətə
gəldim. Futbolumuzun problemlərindən bu qədər açıq, cəsarətlə,
həm də yana-yana və gözəl diksiya ilə, anlaşıqlı
dildə danışmasından
qürur duydum.
İdman TV-yə isə rəğbətim və etibarım birəbeş artdı. Aydının Feysbuk
səhifəsinə daxil
olun, verilişdən qısa videolara baxın, problemdən qismən ağah olun və... kədərlənin...
***
Dünya
ovcumuzun içindədirsə,
evdə oturmağın
nə sıxıntısı?..
***
Elə filmlər
var ki, köhnəlmir. Özündə həm keçmişi yaşadır, xiffət, nisgil, hüzn oyadır, həm də ideyası, məğzi əbədidir.
İlahi
ədalət, sevgi, sədaqət... kimi dəyişilməz hissləri
tərənnüm edir.
"Ruh" filmi
kimi.
Həmişə ilk dəfə görürmüş
kimi diqqətlə baxıram.
***
Deyir, sabah Şuşaya
getməli olduğumdan
verilişi bu gecə çəkəcəyik.
Səbəbin gözəlliyinə bax, sən Allah!..
***
Biz qar gözləyirdik,
yağış yağdı. Həmişə
belə olur; arzular, xəyallar tam gerçəkləşmir, yarımçıq
qalır...
***
Peyvəndi bir az
ifrat reklam edirlər. Bizim mentalitetdə hədsiz reklam şübhəylə
qarşılanır...
***
Sosial şəbəkələrdən
uzaq olanlara həsəd aparıram.
Yanlarında "cənnətin" (ya cəhənnəmin?) olmasından xəbərsiz
- beyinləri dinc, əsəbləri sakit, qəlbləri rahat - insan kimi yaşayırlar...
Alışqanlığın ən carəsizi, kütləvi psixozun ən münbit mənbəyidir sosial şəbəkələr.
***
Günəş deyir ki, bu kövrək qarla qışı bitmiş saya bilərsiniz...
***
Aleksey Navalnının dediklərindən belə
çıxır ki,
Vladimir Putin əsasən uşaqlıq
və gənclik dostlarına etibar edib, onlarla işləyib. Bu, əslində, insana xas instinktdir, mənfi keyfiyyət deyil.
Plutokratiya isə zamanın diktəsidir. İndi hakimiyyətin gücü
hökmdarın gücüylə
düz mütənasibdir.
Pulsuz-parasız rəhbərləri tez yıxırlar.
Dünya
sərvətlərinin 90 faizinin
bir faiz pullu adamların - plutokratiyanın əlində
cəmləşməsindən və onların hakimiyyətindən bəhs
edən, əhatəli
şərhlərlə və
zəngin faktlarla dolu, məşhur "Plutokratiyanın hakimiyyəti"
kitabı 20 il qabaq bizdə də Azərbaycan dilində nəşr olunmuşdu.
Qaldı israfçılıq, harınlıq
və görməmişliyə,
bunlar bir-birinə yaxın xüsusiyyətlərdir
və əksəriyyətdə
ikrah doğurur.
***
Belə
gözəl havada küçəyə, parka maskalı
çıxmaqdansa, evdə
maskasız oturmaq yeydir...
***
"Dərə xəlvət, tülkü bəy"...
Bəziləri özlərini sosial şəbəkələrdə kimsəsiz, xəlvət dərədəki kimi hiss
edir - ağzına gələni danışır,
insanları təhqir edir, özünü sahibi-ixtiyar, ağıl mücəssəməsi və
paklıq simvolu sayır. Ayılıb görəndə
ki, dərə xəlvət deyil, qalırlar kəkələyə-kəkələyə...
***
Deyir, məni Cennifer Lopeslə dost eləyən
sosial şəbəkələrə
qurban olum. Yoxsa mən hara, Lopes hara?..
***
Yazdığı statusu bir neçə dəfə oxuyursan, görürsən
ki, bu adam fikrini yazıb çatdıra, ifadə edə bilmir. Amma özünə yazıçı
deyir, kitablar müəllifidir.
Roman da status deyil ki, 2-3 dəfə oxuyasan...
***
Bu yazar çox optimisdir. Əgər ümid edirsə
ki, 21-ci əsrin 21-ci ilində onun bu qalın trilogiyasını
məndən başqa
da oxuyan tapılacaq, deməli, optimistdir.
Amma deyəsən, məndə
də alınmayacaq...
***
Yazmaq həqiqətən
xilasdır. Pis işlər görməkdənsə,
yazmaq yaxşıdır.
Amma bəzi yazılar pis işlərin ən pisidir...
***
Yazdığı statusda söyüş və vulqar ifadələrdən istifadə
edənləri bloklayın
getsin. Mark buna gözəl imkan yaradıb.
***
"Adam göylə əlləşir..."
Müşfiqin misrası da var:
"Bu yerlə çarpışan,
göylə əlləşən..."
Məcazi mənada deyilmiş bu sözü bu gün birbaşa
anlamda İlon Maska aid etmək olar. Adam, həqiqətən
Göylə əlləşir,
Allahlıq iddiasındadır.
Belə getsə, Göydə yer qalmayacaq, Yerdə də virussuz hava.
***
Deyir, "insan"
"üns", "ünsiyyət"
sözlərindəndir. Ünsiyyətsiz insan
öz mənasını itirir...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.11.