"Mənim adım
Şuşadır..."
Ad insanın həyatda
ilkin başlanğıcıdır,
körpənin dünyada
valideynləri tərəfindən
qazandığı ilk xoşbəxtlikdir.
Bəzi məqamlar istisna olmaqla, hər kəsə öz adı çox fərqli və əziz olur. Hər kəs
öz şəxsiyyətini
adında cəmləşdirir,
adını bütün
varlığının təzahürü
kimi fikirləşir.
Alimlərin fikrincə, adın
insan xarakterində, insan taleyində rolu böyükdür.
Təbii
ki, insanın yaşadığı mühit,
onu əhatə edən cəmiyyət onu fərqli istiqamətlərdə də
formalaşdıra bilər.
Ətrafımızda yüzlərlə insan var ki,
adının mənası
ilə daxili dünyası tamamilə tərs mütənasibdir.
Amma elə insanlar da var ki,
sözün əsl mənasında, ismi şəxsiyyətinin güzgüsüdür.
Bu düşüncələr
xalqımızın milli-tarixi
köklərindən qaynaqlanır.
"Kitabi Dədə
Qorqud" eposunda Dədə Qorqud yalnız qəhrəmanlıq
göstərdikdən sonra
həmin igidin xüsusiyyətinə
uyğun ona ad verərdi: "Adını
mən verdim, yaşını Allah versin".
Müxtəlif zamanlarda valideynlərin ad seçiminə ictimai hadisələrin, cəmiyyətdə
hökm sürən düşüncələrin təsiri
böyük olub. Necə deyərlər,
hər şey öz zamanının məhsuludur, öz dövrünün təzahürüdür.
İslam
dini Azərbaycanda hökm sürən dövrdən bu günə qədər, bütün illərdə
İslamdan, Qurandan gələn isimlər aktual olub. Son illərin statistik göstəricilərinə nəzər
salanda ən çox "Əli",
"Yusif", "Məhəmməd",
"Həsən", "Zeynəb", "Zəhra",
"Fatimə" adlarının
uşaqlara verildiyini görürük. İslam dininin
kəskin şəkildə
insan həyatına təsir etdiyi vaxtlarda, xüsusən,
XVII-XIX əsrlərdə "ikimərtəbəli", yəni
mürəkkəb dini
adlara üstünlük
verilirdi. Dini görüşlərin təsiri
camaatda elə fikir formalaşdırmışdı
ki, uşağa "Məhəmmədəli", "Əliabbas" kimi adlar qoysalar, həmin uşaqlar Allahın ikiqat sevimli bəndəsi olarlar. Günümüzdə
də bu adlarla qarşılaşırıq,
çünki bəzi
insanlar babalarının,
hətta bəzən ulu babalarının da adına
sadiq qalır, onu yaşatmaq istəyirlər. Əməkdar
jurnalist Yusif Rzayevin "Mənim adım Yusifdi" adlı məqaləsi bu baxımdan çox maraqlıdı:
"Əslinə qalsa,
heç ad məsələsi
də o qədər önəmli deyil. Önəmlisi bu gün övladına dini ad qoyan ata-ananın nə düşünməsidi.
Əgər övladına dindən
gəlmə ad qoyan valideyn bununla həm də ölkənin gələcəyinə
səs verirsə, ölkənin gələcəyini
dünya dövləti
kimi yox, zülmətə və çadraya bürünmüş
görmək istədiyini
deyirsə, bu, pisdi, həm də çox pisdi. Yoxsa ki, adın nə dəxli var, əsas o körpənin hansı mühitdə, hansı cəmiyyətdə, necə
böyüməsidi". Bəli, əsas odur ki, sən kimsən
və sənin mənəvi qatın nə dərəcədə
dərindir.
Sovet dövründə
bəzi dini qadağalara baxmayaraq, indiki kimi olmasa
da, dini adlara müraciət çox olub. Amma o dövrlərdə
bədii kitabları oxuyanlar, indikindən fərqli olaraq, qat-qat çox idi. Hər yeni roman, yeni
povest cəmiyyətə
arzuolunan dərəcədə
yeni bir töhfə, təzə bəxşiş idi.
O səbəbdən də,
ədiblərin obrazlara
verdiyi adlar cəmiyyətdə daha da aktuallaşmışdı.
Bundan əlavə, o zamanlar kənd zəhmətkeşlərinin,
sovet qabaqcıllarının
adı da dəbdə idi. Şəxsiyyətə pərəstişin təsirləri əksər
məqamlarda özünü
büruzə verirdi.
1990-cı illərdən üzü bəri qardaş Türkiyə ilə münasibətlərimiz
bərpa olunduqdan sonra, xüsusən türk filmlərinin mütəmadi izlənilməsi
nəticəsində Azərbaycanda
türk adları daha da populyarlaşdı. Bu da onu göstərir
ki, həqiqətən,
zamanın ab-havasının
isimlərə təsiri
danılmazdır.
Təbii ki, bütün dövrlərdə kreativ adlar da mövcud olub. Məsələn, Xalq yazıçısı Anarın adı bu baxımdan maraqlı tarixçəyə malikdir. Anar nüəllimə qədər heç kimə bu ad verilməmişdi, çünki bu, onun valideynlərinin tapıntısı idi. Məhz ondan sonra Anar adı çox məşhurlaşıb.
Ötən il iyun ayının 15-i bir dostumuzun oğlu dünyaya gəldi, həmin körpəyə verilən isim çox kreativ və maraqlı idi. Bildiyimiz kimi, iyun ayı sərt karantin rejiminin tətbiq olunduğu vaxtlar idi. Eyni zamanda, dostumuz əslən Azərbaycanın dilbər guşəsi olan Lənkəran şəhərindəndir. Məlumunuzdur ki, şəhərin adını həmin bölgənin adamları (L a n k a r a n ) deyə tələffüz edirlər. Oğul bala KARANtində anadan olduğu üçün və "LanKARAN"lı olduğu üçün valideynləri tərəfindən ona "Karan" adı verildi. Həqiqətən, çox maraqlı hadisədir. Karan həmişə yaşıdları arasında fərqlənəcək və bu adın tarixçəsi daim maraq dairəsində olacaq.
İkinci Qarabağ
müharibəsi yaddaşımızda acılı-şirin
xatirələrlə həkk olundu. Hansı ki, istər ön cəbhədə, istərsə də arxa cəbhədə bu
müharibənin şahidi olan
gənc nəsil ömrünün sonuna qədər bu hadisəni
unutmayacaq və gələcək nəsillərə
ötürəcək. Şəhid olan hərbçilərimizin
bir çoxunun ya döyüşdə olduğu
zaman, ya da şəhidlik zirvəsinə ucaldıqdan sonra övladları dünyaya
gəldi. Onların içərisində uzun
illərdir övlad həsrətində olanlar da var
idi. Bəziləri həmin körpələrə
atalarının adını verdilər. Bəzilər də
döyüşə yollanmamışdan qabaq
onların arzusunda olduqları adlardan xəbərdar idi. Ona görə də elə atalarının seçdiyi adı körpəyə veriblər.
Şəhid baş leytenant
Elçin Ağayevin
qızına isə ŞUŞA adı verilib.
Körpəyə bu adın verilməsi, məncə,
mistik hadisədi. O uşaq
müharibənin təcəssümüdür, müharibənin
bütün acı və şirin
tərəfləri qızcığazın adında əks olunub. O, bir şəhid
qızıdır, atasız həyat ona
çətin olacaq. Amma
həm də torpaqları düşməndən azad edən bir şəhidin
qızıdır, Şuşalı Azərbaycan tamdır, bütöv candır. Bu gün Şuşa şəhəri
də şaddır, Elçinin ruhu da. Şuşa
adlı qız böyüyəcək və o
da özünün və
atasının adı ilə xoşbəxt olacaq:
"Mənim adım Şuşadır. Mən şəhid
qızıyam, adımı da atam qazandı. Mən adımla böyüyəcəm,
Azərbaycan isə Şuşa ilə..."
Nadir RZALI
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.6.