Doğulmuşam

 

1983-cü ildə Təbrizdə dünyaya göz açıb. Təbrizi oxullarında təhsil alıb. Aşıq ədəbiyyatı, etimologiya, habelə mifologiya elmləri üzrə araşdırmalar aparıb. Bu elm sahələri ilə bağlı bir sıra çalışmaları vardır. Günümüzədək "Elə-belə" və "Sən adla" adlı iki kitabı işıq üzü görüb.

 

 

Ay oğluyam, ulduzların

Qucağında doğulmuşam.

Günəş üzlü şamanların,

Ocağında doğulmuşam.

Tomris dərib, Manas əkib,

Göbəyimi uyğur tikib,

Savalanda ağrı çəkib,

Şah dağında doğulmuşam.

Simqəsiyəm oğuzların,

Kabusuyam domuzların,

Haray çəkən qopuzların

Çanağında doğulmuşam.

Azəriçi bilsin işin,

Çəkməlidir tamah dişin,

Sümer yazan "Bilqəmis"in

Varağında doğulmuşam.

Sən ağlama Xudafərin,

Göstərəcək, türk hünərin,

Qılınc onun, baş Sevərin,

Tam çağında doğulmuşam.

 

***

 

Oğuz xanın bədöv, qır ayğırını

Bir yəhərləyib sürsəm ölmərəm.

Çapıb yağmalasam, kafər elləri,

Əski sərhədlərə ərsəm, ölmərəm.

 

Parlaq ulduzumu, Ay qucaqlasa,

İtin qulağını, qurd qulaqlasa,

Qılıncın qınını əl daraqlasa,

Leş üstünə leşi sərsəm, ölmərəm.

 

Alqışımı alsam Kübəy xatından,

Minlərcə xaçlını, sallam atından,

Yaşıl Qarabağın bağ-bağatından,

Bir qucaq gül-çiçək dərsəm, ölmərəm.

 

Dovşan yuxusundan oyana bilsəm,

Çinin divarına dayana bilsəm,

Özüm öz qanıma boyana bilsəm,

Toprağa borcumu versəm, ölmərəm.

 

Bir işıq salsa Ay Kəlbəcərə,

Azadlıq nəğməsi düşsə şəhərə,

Minlərcə güllə dəysə Sevərə,

Turan adlı ölkə görsəm, ölmərəm.

 

Baş təcnislər

 

1

 

Səhər-səhər gəzirsən bu dağda,

Qaş-gözünə vəsmə-sürmə yaxan qız.

Süsən-sünbül, qərənfillər içində,

Könlüm evin yandırıban yaxan qız.

 

Bu dağlarda cığır gözəl, yol gözəl,

İstədiyin gül-çiçəyi yol, gözəl,

İzin versən öpüm bircə yol, gözəl,

Məst eylədi gözlərimi yaxan, qız!

 

Dodaqların hər kirazdan aldı, yar,

Naz eyləmə, gəl könlümü aldı, yar,

İlhamını Sevər səndən aldı, yar,

Söylə, sənə şah qız deyım, ya xan qız!

 

2

 

Gözəl gülümsəyib, mənə nar atdı,

Söylədi, bilmədim, ay ağa, düşdü.

İstədim ki, narın geri qaytaram

Yalvarıb-yaxarıb ayağa düşdü.

 

Anladım ki, nədən narın almadı,

Gördüm yanaqları narın almadı,

Soyuq dodaqlarım narın almadı,

Dil ağzında qaynar ayağa düşdü.

 

Qorxdum dodaqlarım yanıb əriyə,

Oldum ömür boyu ona ər-yiyə,

Sevər dadanmışdı şirin əriyə,

Səsi qalınlaşıb ayağa düşdü.

 

Dodaqdəyməz

 

Qartal qanadlanar, qızıl qayadan,

Qırqını qaldırar, qarı qazanda.

Qılınc qında qaynar, qaz qazançada,

Qırlı qəzil qaynar qarı qazanda.

 

Qarda qarıldayar qara qarqalar,

Qızqın qənarələr qışda, qarğalar,

Qasırğa qaxlara, qat-qat qar qalar,

Qaxlarda qarıxar, qarı qazanda.

 

Qalay qantar ilə, qızıl qıratla,

Sevər qatır ilə, qızlar Qıratla,

Qadın qartıyanda qıçın qır atla,

Qalsan qaynadacaq qarı qazanda.

 

***

 

Gözlərimiz yığışıb

Dodağımız qaçardı.

Qaqqıltımız qovzanıb

Kəklik kimi uçardı.

Əl çalaraq dizlərə,

Göz görəki ölərdik.

Ölənlərin halına

Bir dönə gülərdik.

Ağlayanlar duydular

Kefimizin damağın,

Ağı deyib öpdülər

Ağzımızın qabağın.

Ağınmış dodaqları

Yaraşdırdılar bizə,

Anti gülüş virusun

Bulaşdırdılar bizə.

Kədərləri dərd ilə

Micovlayıb yedik biz,

Gülüşlərə əl edib

"Gülə-gülə!" - dedik biz.

 

 

Sevər ŞƏHABİ

 

525-ci qəzet.- 2021.- 22 yanvar.- S.15.