Apardı ellər Saranı
Uçurumun kənarında dayanmışdı. Burdan düşsən, şans nəticəsində qayalara çırpılıb parçalanmasan da, gur axan çay heç çəkinmədən qayaların işini tamamlayardı. Amma o, yaşına tamamilə zidd olan cəsarətlə aşağı baxırdı. O, gözlərini gur axan çaya zilləmiş kimi görünə bilərdi, ancaq əslində, onun baxdığı çayın ölümcül axını deyildi. O, bu zəhmli baxışlarla düz ölümün gözlərinə baxırdı. Ancaq onun gözlərindəki qətiyyən qorxu deyildi. O, ölümə onu bu cəhənnəm yuvasından xilas edəcəyi üçün minnət hissi ilə baxırdı. İndiyə qədər bu baxışlarla heç kimə baxmamışdı. Çünki indiyə qədər heç kim ona minnət duyacağı bir yaxşılıq etməmişdi. İnsanlar ona sadəcə bir "qız" kimi baxmışdılar. Gəlincikləri sevən, olduqca sadəlövh, işə yaramaz bir qız. Nə bir işin dalınca qaçıb ailəsinin əlindən tutacaq gücü var idi, nə də ki diqqəti cəlb edən gözəlliyi. Onun yalnız arzuları var idi. Oxumaq, burdan çıxıb getmək, daha onu incidəcək, heçə sayacaq insanların yanında olmamaq. Amma bunlar sadəcə "axmaq qız xəyalları" olaraq qalırdı. Ailəsi böyük "şücaət" və müasir düşüncə nümayiş etdirərək ona 7-ci sinifədək məktəbə getməyə icazə vermişdilər. Bundan artığı həyasızlıq, yolunu azmaq idi. Axı qızın ki boy-buxunu gözəgəlimli oldu, onun başqalarına görünməsi eyib hərəkət idi. Kəndin küçələri "başıboş" qızların gəzməyi üçün deyil, valideynlərinin gözlərinin işığı olan, qocalanda onlara baxacaqlarına ümid etdikləri oğulları üçün idi. "Axı qız gəldi-gedərdi, o, bir gün evi tərk edib, valideynlərini atıb gedəcək". Bəs oğul? Oğul da nə qədər böyüsə də, heç kim müdaxilə etmədiyinə görə yeniyetməlik vərdişlərini tərgidə bilməyəcək. Ailəsi də bu vərdişlərindən xilas olmağı üçün yeganə çıxış yolunun evlənmək olduğu qərarına gələcək. Evlənmək qərarını böyük sevinclə qarşılayan oğul öz kəndlərində onu tanıdıqlarına görə elçi getdiyi heç bir qızdan "hə" cavabı ala bilməyəcək və başqa bir kəndə üz tutacaq. Orda da sadəlövh bir ailə tapacaq, özünü, "içkisiz, siqaretsiz, evin tək uşağı" kimi təqdim edəcək, həyat yoldaşı namizədindən bir kəlmə də soruşmadan ailəsinin razılığını alacaq. Müstəqil düşünə biləcək qədər təhsili olmayan çarəsiz qız da alğı-satqı mərasimindən sonra gedəcəyi dustaqxananın varisinin şəklinə baxacaq, onu sevməyə çalışacaq. Evlənənə qədər özünü hər şeyin doğru olduğuna, onun üçün ən yaxşısını valideynlərinin bildiyinə inandıracaq. Toydan sonra isə "xoş günlər"i başlayacaq. Bəs evlənməyə qətiyyən razılaşmasa? Sıldırım qayaların kənarında dayanan bu gözəl qız da bunu yoxladı. İlk dəfə, ən cəsur şəkildə. Ancaq onun cəsarəti nə qədər çox olur-olsun, bu monoton düşüncəyə sahib namus qoruyucularının öhdəsindən gəlməyə kifayət etməzdi. Ancaq onlar heç vaxt ona qalib gələ bilməzdilər. Çünki onların bunu saxlamaq üçün qollarındakı "güc"dən savayı, heç nəyi yox idi. Amma Saranın düşüncəsi var idi. Onu döysələr də, öldürsələr də, bu düşüncəni onun beynindən çıxara bilməzdilər. Onsuz da, Sara onun ölümünün belə bu aciz düşüncəsizlərin əlindən olmağına imkan vermədi. O, özünü sıldırım qayalardan ataraq kəndin qəlbinə heç vaxt ölməyəcək bir yenilik toxumu əkdi. Bu toxum getdikcə cücərəcək, kəndi çıxa bilmədiyi bu bataqlıqdan xilas edəcəkdi. Amma bu, heç də tez olmayacaqdı. Onu şərəfli ölümündən sonra belə rahat qoymurdular. Sağına sahib çıxmadığı qızının ölüsünə ağlayan "yazıq" ata elə hey "Balamı sellər apardı", - deyirdi. Ancaq onun ölümündə əli olan sonuncu kəs "sellər" idi. Bəs onu kim öldürmüşdü? Onu doğulduğu gündən qız olduğuna görə qardaşından daha az sevən anası öldürdü. Qız olduğuna görə təmir olunan maşına baxmağa qoymayan atası öldürdü. Bəlkə də, Sara mühəndis olacaqdı. Onu qız olduğuna görə futbol oynamağa qoymayan yoldaşları öldürdü. Bəlkə də, Sara futbolçu olacaqdı. Onu "biədəb" göründüyünə görə qaçmağa qoymayanlar öldürdü. Bəlkə də, Sara atlet olacaqdı. Onu qız olduğuna görə çayda üzməyə qoymayan kəndlilər öldürdü. Bəlkə də, Sara üzgüçü olacaqdı. Bu "bəlkələr"in yaranmasında hər bir kəndlinin az da olsa, rolu var idi. Hər biri bir az qoparmışdı onun azadlıq arzusu ilə parlayan qanadlarını. Küçə tinlərində düşünmədən, bilmədən dedikləri, dedikdən sonra da unutduqları, onlar üçün olduqca mənasız, başqası üçün həyat-ölüm məsələsinə çevrilən sadə sözlərlə etmişdilər bunu, bəlkə də. Amma yox, apardı sellər Saranı?! Bir gözəl üzlü balanı...
İnsanlıq
Uzun illərin yolçusu idi o gələn. Zaman-zaman məhv
olmaq təhlükəsi ilə
üz-üzə qalmış, yaxşı insanlar
sayəsində xilas olmuşdu.
Onların etdiyi yaxşılıqlar
yaşatmışdı onu. Edilmiş hər bir pislik isə göz
yaşı şəklində ömründən bir gün alırdı. Bu gün o,
insanlara baş çəkməyə
gəlmişdi. Körpələrin şaqraq gülüşləri,
uşaqların şən səsləri, quşların cəh-cəhi,
insan ruhuna sonsuz rahatlıq bəxş edən gözəl
musiqilər, inkişafda olan
elm, incəsənət, düşüncələri
saflaşdıran ədəbiyyat səsləmişdi onu. Böyük
ümidlərlə gəlmişdi o yolçu. Ancaq əfsus ki, gəldiyi yerdə istədiklərini
görə bilmədi... Gözləri
çıxarılmış itlər gördü
küçələrdə... Əyilməkdən beli bükülmüş
süpürgəçi nənələr qarşıladı
onu... Kiçik
yaşlarında məktəbdən çıxarılıb,
bəzən heç məktəbə
göndərilməyib evlənməyə məcbur edilən,
şiddətə məruz qalan qız
uşaqlarının qışqırıqları
qulaqlarını cingildətdi... Burnuna tüstü qoxusu gəldiyini
hiss etdi.
Ətrafına baxdıqda odlar içində
olan meşədən qaçan
heyvanları gördü. Top
səsləri onu diksindirdi.
Geriyə döndükdə torpaq
uğrunda bir-birini
öldürən insanları gördü.
Körpə balasının üzərində hay-şivən
qoparan ananı gördü.
Həmin qadının səfalət içərisindəki evini gördü.
Yoxsulların haqqını yeyənləri gördü.
Acından ölənləri gördü.
Dərisinin rənginə görə öldürülən
insanları gördü. Namus
adı altında öldürülən qadınları gördü. Daha nələr-nələr
gördü... Göz
yaşları istəmədən gözlərindən
aşağı süzülürdü. Yolçu artıq taqətinin
qalmadığını hiss etdi. Göz
yaşları-ömrü tükənirdi. Və budur: son göz
yaşı... Onun axmaması üçün nələr etməzdi... Özünü saxlamağa
çalışsa da, ömrünün
son günü bir göz yaşı
şəklində kirpikləri arasından aşağı süzülürdü. Yolçu
dizi üstə çökdü.
Deyəsən, bu son gün idi. Ancaq
gözlənilməyən bir şey oldu. Göz yaşı dodaqlarına çatarkən
yolçunun təbəssümü
saxladı onu. Qarşısında şən
qəhqəhələrlə oynayan
qıvrım saçlı balaca həyat dolu parlaq gözləri ilə
onu gələcəyə səsləyirdi.
Yolçu dizlərinə qüvvət gəldiyini
hiss etdi. Ayağa qalxdı, o məsum
gülüşlər üçün
qalxdı. Ətrafına baxdıqca çiçəklərlə
dolu füsunkar, heyrətamiz
bir meşə gördü.
Qarşısındakı insanlar meşəyə
heç bir zərər
vermir, hətta ona
qayğı göstərirdilər. Bunları gördükcə
o, daha da
güclənirdi. Özündə kifayət qədər güc tapdıqdan sonra o, yoluna davam
etdi. Bu dəfə qarşısına köməksizlərə,
aclara heç bir qarşılıq gözləmədən
yardım edən nəcib insanlar
çıxdı. Bunun ardınca o, yol kənarlarında, ağac diblərində ac
heyvanlar üçün
qoyulmuş yemək və suyu
gördü. Bütün
bunlar onu çox xoşbəxt edirdi.
O, bir az da irəlilədi və qarşısına
gözəl bir muzey
çıxdı. Bu muzey
ona incəsənətin hələ də
ölmədiyini göstərdi. Anadangəlmə kor bir insanın 30 il sonra həkimlər tərəfindən
müalicəsi ilə elmin xarüqələr
yaratdığının şahidi oldu yolçumuz. Bütün bu gözəlliklər
onu bihuş etmişdi. Ancaq o, üzünü gəldiyi
yola tutduqda həmin
müsibətlərin hələ də orada
olduğunu gördü.
Bu müsibətlər ona
yaşamağa imkan
verməyəcəkdi. Ancaq
qarşısındakı gözəllikləri necə
görməzdən gələ bilərdi axı?! Elə bu an yolçunun
ağlına bir fikir
gəldi. Yolçu dünyadakı pis və yaxşı bütün
hadisələri nəzərə almalı idi.
Buna görə də, o,
ikiyə ayrıldı. Bununla o, həm müsibətlərlə dolu sonsuz "cəhənnəm"i,
həm də xoşbəxtliklərlə dolu
"cənnət"i nəzərə ala
biləcəkdi. Yolçunun fəlakətlər,
iztirablarla dolu yerə
gedən yarısı hıçqırıqlar içərisində
dünya ilə vidalaşdı. Xoşbəxtliklərlə
dolu yerə gedən yarısı isə məhəbbət
dolu dünyada səadətə
qovuşdu. Elə o gündən müharibə, aclıq, göz yaşı, müsibətlər olan yerlərdə insanlıq öldü.
Digər yarısını isə vicdanlı insanlar
özləri də bilmədən səkidəki pişiyin başına sığal çəkməklə,
yerə düşən zibili zibil qabına atmaqla,
yaşlılara yardım etməklə, öz
yeməyini ehtiyacı olanlarla bölməklə,
dərslərini oxumaqla, elmi
inkişaf etdirməklə, incəsənəti
sevməklə, uşaqları xoşbəxt etməklə
yaşatdılar... Yaşadacaqlar...
Gülşən ADIŞOVA
525-ci qəzet.- 2021.- 22 yanvar.- S.14.