Əbədiyyətdəki əziz ünvanlarımız –

 

Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

shahane.mushfiq@gmail.com

 

***

 

 

 

Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü Əsgər Bəxtiyar oğlu İsmayılov 22 yanvar 2000-ci ildə Yevlaxın Gülövşə kəndində dünyaya göz açıb. 2005-ci ildə Gülövşə kənd V.Mövsümov adına tam orta məktəbdə təhsil almağa başlayır. Sakit, utancaq, tərbiyəli şagird idi. İdmanla məşğul olurdu.

 

2014-cü ildə məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm Kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olur. 2019-cu ildə kolleci bitirir və elə həmin ildə də həqiqi hərbi xidmətə yola düşür. Xidmətinə Cəlilabaddakı N saylı hərbi hissədə başlayır. Daha sonra öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir.

 

Vətən müharibəsi başlayanda xidmətini bitirməyə 3 ay qalmışdı. Döyüşlər başlayan gündən Əsgər də silahına sarılır. XTQ-nın sıralarında Murov yüksəkliyi uğrunda döyüşlərə girir. Murovda qazanılan qələbədən sonra Füzuli istiqamətində döyüşlərə qatılır. Ağır döyüşlərdə Əsgər əsl əsgər kimi qəhrəmanlıqla döyüşür. 3 oktyabr isə Əsgərin son döyüş günü olur. Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalır və doğulduğu kənddə uğruna canından keçdiyi torpağa tapşırılır.

 

Əsgər İsmayılov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

 

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, "Yaşma" taborunun qərargah rəisinin müavini, kəşfiyyatçı, kapitan Elçin Mübariz oğlu İsmayılov 30 may 1989-cu ildə Ucarda ailənin ilk övladı olaraq dünyaya gəlib. 1995-ci ildə Ucar rayonu 1 saylı tam orta məktəbə gedib və 2006-cı ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Məktəb illərində "Cəsurlar" və "Şahin" kimi VII-VIII və X-XI sinif şagirdləri arasında keçirilən hərbi-idman oyunlarının, bir sıra yarışların aktiv iştirakçısı olub, müxtəlif fəxri fərmanlarla təltif edilib. 2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini əla qiymətlərlə bitirərək Zabitlərin təkmilləşdirilmə kursuna daxil olub və oranı da yüksək nəticə ilə başa vurub.

 

2011-ci ilin iyul ayında Ağcabədi rayonunda N saylı hərbi hissəyə xidmətə yollanır. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırır. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib. Həmin 19 nəfərdən biri də Elçin idi. O, dəfələrlə Türkiyədə hərbi təlimlərdə iştirak edərək sertifikatlar, fəxri fərmanlar və medallarla mükafatlandırılıb. 2012-ci ilin 8 iyulundan etibarən XTQ-də xidmətini davam etdirən Elçin İsmaylov N saylı hərbi hissədə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə həmin hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmətini davam etdirib.

 

E.İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-cı ildə isə Talış kəndi istiqamətində gedən döyüşdə (Aprel döyüşlərində) fəal iştirak edib. O, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində "Special Operations Training" kursunu uğurla keçərək sertifikat alıb. 2018-ci ilin iyul ayında Türkiyədə "Anadolu Tatbikatı" təlimində iştirak edən Elçin 2019-cu ilin iyul ayında pakistanlı təlimatçılar tərəfindən Giləzi Tədris Mərkəzində keçirilən "Dağlarda döyüş" xüsusi kursunu uğurla başa vurub.

 

Vətən müharibəsi başlayanda Elçin ilk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edir. Daha sonra Cəbrayıl rayonunun işğaldan azad olunması üçün vuruşur. Cəbrayıl şəhəri azad ediləndən sonra Elçin ilk bayraq sancan oğullarımızdan olur. Erməni ordusunun 23 zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbçisini və çox sayda döyüş texnikasını məhv edir. Erməni polkovnikinin qulağına "Sənə Poladın qanını gətirdim!" deyərək məhv edir.

 

Elçin Murovdağ, Cəbrayıl, Kəlbəcər və Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmanlıq göstərib. Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını, idarə etdiyi qrupu xilas edib, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Elçin İsmayılov Ucar rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Ailəli olan şəhidimizin Ömər və Mübariz adında iki övladı Vətənə əmanət qaldı.

 

***

 

 

 

 

Kiçik Çavuş (MAXE) Mətləb Nizami oğlu Zamanov 29 yanvar 1985-ci ildə Şəmkirin Morul kəndində doğulub. 1992-2001-ci illərdə Fərman Salmanov adına Morul kənd orta məktəbində 9 illik təhsil alıb. 2005-ci ildə həqiqi hərbi xidmətə yollanıb, N saylı hərbi hissədə xidmət edib.

 

Ordudan tərxis olunduqdan sonra müxtəlif sahələrdə çalışıb. Hərbi formaya, Vətənə bağlılığı onu yenidən orduya qayıtmağa vadar edir. Mətləb 2014-cü ildə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.  2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılır. Füzuli, Hadrut, Zəngilan, Daşkəsən-Kəlbəcər istiqamətlərində döyüşlərdə yaxından iştirak edir. Döyüş meydanından onlarla yaralı döyüşçümüzü təhlükəsiz yerə çıxardır. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir.

 

Həyat yoldaşı Qənifə xanım deyir ki, imkan düşdükcə bizimlə əlaqə saxlayırdı. Bir dəfə danışanda sevinə-sevinə dedi ki, Xudafərini gördüm...

 

26 oktyabr 2020-ci il Mətləbin son döyüş günü olur. Füzuli uğrunda gedən ağır döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi nəticəsində qəhrəmancasına şəhidlik məqamına yüksəlir və yaşadığı Morul kəndində uğruna canından keçdiyi torpağa tapşırılır.

 

Mətləb Zamanov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Ondan geriyə isə Pəri, İzzət və Nemət adında üç övladı əmanət qaldı.

 

***

 

 

 

 

Seyhun Rafiq oğlu İbrahimzadə 28 yanvar 1997-ci ildə Şəmkirin Tatarlı kəndində doğulub. Ailədə iki qardaş bir bacı olublar. 2003-2014-cü illərdə Rafael Gülməmmədov adına Tatarlı kənd tam orta məktəbində təhsil alıb. Qardaşı Elşən deyir ki, çox sakit, hamının sevimlisi olan bir şagird olub.

 

2015-ci ildə həqiqi hərbi xidmətə yollanır. Xidmətini Naxçıvan MR-da N saylı hərbi hissədə davam etdirir. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda avtomobil təmirçisi kimi çalışır.

 

Seyhun Vətənə, bayrağa çox bağlı biri olub. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Polad Həşimovun şəhid olmağı ona çox təsir etmişdi. Həmin gün gedib könüllü olaraq orduya yazılmışdı.

 

Vətən müharibəsi başlayanda könüllü döyüşlərə yollanır. Bir müddət müxtəlif ərazilərdə təlim keçdikdən sonra Füzuli istiqamətində döyüşlərə qatılır. Füzuli şəhərinin və bir neçə kəndin azad olunmasında yaxından iştirak edir. 26 oktyabr tarixində düşmən tərəfindən açılan atəş nəticəsində qəhrəmancasına şəhid olur. Nişanlı olan şəhidimiz 27 oktyabrda doğulduğu Tatarlı kəndində torpağa tapşırılıb. Seyhun İbrahimzadə şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

 

Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuzun Hacıalı kəndində dünyaya göz açıb. O, 3-cü sinifə qədər doğma kəndində oxuyub. Daha sonra təhsilini Bakının Nərimanov rayonunda yerləşən 73 saylı tam orta məktəbdə davam etdirib. Sinif yoldaşı İlahə Qulusoy deyir: "Əli ilə bir parta arxasında otururdum. Sinfimizin ən sevimlisi idi. Çox səmimi, mədəni biri idi. Bir dəfə tarix müəllimi rübdə ona "2" yazmaq istəyirdi. Müəllimlə dalaşdı ki, 2 yazmasın. İndi isə özü tarix yazdı... Maşın sevgisi vardı. Dərsdə bütün gün maşın şəkilləri çəkirdi..."

 

Əli 9-cu sinifi bitirdikdən sonra peşə məktəbinə daxil olur. Orada maşınqayırma ixtisasına yiyələnir. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanır. N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edir.

 

Vətən müharibəsi başlayanda Əli könüllü olaraq döyüşə yollanır. Füzuli, Cəbrayıl, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edir. Kəşfiyyatçı kimi düşmənə ağır zərbələr vuran Əli 23 oktyabrda Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur. O, doğulduğu kənddə torpağa tapşırılıb. Əli Qasımov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

***

 

 

 

 

Kiçik Çavuş (MAXE) Azər Mahal oğlu Hüseynov 1 avqust 1983-cü ildə Gədəbəyin Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.

 

Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.

 

Döyüş yoldaşları danışırlar ki, Azər posta qalxanda həmişə əlidolu gedərdi. Deyirdi ki, həyat çox qısadı. İnsana yaxşılıq qalır...

 

Şəhidimizin həyat yoldaşı Ceyhunə xanım deyir: "Azər haqqında danışmaq çox çətindir. Kiçik, kasıb bir evdə bu dünyanın ən xoşbəxti kimi yaşamışıq. Mən Azər kimi mehriban ata, mehriban həyat yoldaşı görmədim. Yaşadığımız ev heç öz evimiz də deyildi. Amma gecə-gündüz bizi xoşbəxt yaşatmaq üçün çalışıb. 13 il evli olmuşuq, amma Azər bir ömrə sığmayacaq sevgi verib..."

 

Vətən müharibəsi başlayanda Azər də silahına sarılır. Qələbə gününə qədər silahını yerə qoymur. Xüsusən Şuşada ağır döyüşlərdə böyük fəallıq göstərir. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir.

 

Azər qələbə xəbərini ailəsi ilə bölüşür. O, müharibədən qalib əsgər kimi çıxdı. Amma qisməti şəhidlik imiş... Belə ki, Xocavənddə qalan son düşmən terrorçularına qarşı antiterror əməliyyatı keçirilir. Dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı Azər düşmən snayperi tərəfindən ürəyindən vurulur. Vətəni üçün, torpağı üçün qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Qəhrəman şəhidimiz 13 dekabrda doğulduğu kənddə dəfn edilib.

 

Ondan geriyə isə Fidan və Aynişan adında iki qızı, Səyyad adında bir oğlu vətənə əmanət qaldı.

 

Azər Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azadlığına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

 

Gizir Elfaq Azad oğlu Nağıyev 26 dekabr 1996-cı ildə Gədəbəyin Parakənd kəndində doğulub. Ailədə iki qardaşın böyüyü idi.

 

2003-cü ildə Parakənd kənd tam orta məktəbində ibtidai təhsil alıb. 2007-ci ildən isə Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində 307 nömrəli məktəbdə təhsilini davam etdirib. Elfaq 2012-ci ildə 9 illik orta təhsilini başa vuraraq, Şamaxı Humanitar Kollecində "bədən tərbiyəsi müəllimliyi" ixtisasına qəbul olub.

 

4 illik təhsilini başa vurduqdan sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini N saylı hərbi hissədə başa vurub, geri qayıdıb.

 

2016-cı il Aprel döyüşləridən sonra sosial şəbəkədə "Kaş mənim də cənazəmin üstündə atam deyə "Vətən sağ olsun..!" cümləsini paylaşır. Elfaqın Vətənə, bayrağa sonsuz sevgisi var idi. Elə bu səbəbdən idi ki, ona təklif olunan işləri geri çevirərək, yenidən orduya qayıtmağa qərar verir.

 

2019-cu ildə istəyinə nail olur. Gizirlik kurslarını uğurla keçərək, N saylı hərbi hissədə xidmətə başlayır.

 

Vətən müharibəsi başlayanda Elfaq 3 ay idi nişanlanmışdı. Amma arzusunda olduğu döyüşlərə ilk can atanlardan olur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Hadrut uğrunda gedən döyüşlərdə xüsusi fərqlənir və ora bayrağımızı ilk sancanlardan olur. Düşmənin xeyli sayda canlı qüvvəsini tək başına məhv etdiyi üçün onu döyüş yoldaşları "Qorxmaz Gizir" deyə çağırırdılar. Elfaq 21 oktyabrda Xocavənd uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Oktyabrın 23-də doğulduğu kənddə dəfn olunur. Atası tabutunun üstündə "Vətən sağ olsun!" deyir. Elfaq arzusuna çatır...

 

Elfaq Nağıyev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olmasına görə" və "Xocavəndin azad olmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

 

Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində doğulub.

 

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

 

Fərrux Həşimov şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

 

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Beyrək Seyfullah oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbdən məzun olub.

 

Beyrək Fezullayev 2015-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır təlimlərdən sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. Beyrək və silah yoldaşları 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə saat 2-3 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn edilib.

 

Beyrək Fezullayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. İlk təhsilini Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə alıb. Orta təhsilini uğurla bitirən Həmid təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. 4 xarici dil biliyinə malik idi. İdmana xüsusi marağı olan Abbasbəyli Həmid dəfələrlə bir sıra medallarla təltif olunub.

 

Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Ardınca Xüsusi Təyinatlı Qüvvələr tərkibində baş leytenant rütbəsiylə xidmətini davam etdirib. Bu dövrdə Türkiyə və Çində xüsusi təlimlərdə iştirak edib və həmin təlimləri birinciliklə başa vurub.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib və "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" medalı ilə təltif edilib.

 

Həmid Abbasbəyli ilk gündən Vətən müharibəsində iştirak edib. Döyüşlər zamanı minaya düşərək ayağından yaralansa da, ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında fəal iştirak edib. Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, sonra isə İkinci Fəxri Xiyabanda yaylım atəşinin ardınca Xətai Rayonu icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

 

Şəhidin anası deyir: "Tabutunu evə gətirəndə mən oğlumu təbrik etdim. Dedim, oğul, Şəhid adın mübarək. Arzuna çatdın!"

 

Həmid Abbasbəyli şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 22 yanvar.- S.12-13.