“Yetmişi aşırdın, yüzə nə
qaldı”
Ahıskalı
şair Cabir Xalidin fikir və sənət dünyası
Türk
dünyasının böyük mütəfəkkiri
İsmayıl Qaspıralının Turançılıq
idelogiyasının sütunlarından olan məşhur formulu
bu günümüzdə xüsusilə aktualdır: “Dildə,
Fikirdə, Əməldə Birlik!”.
Qloballaşan
dünyamızda bu vəhdət milli amal olmaqla bərabər,
hər bir fərdin də düşüncə və fəaliyyətində
aşkarlanmalıdır. Lakin bu meyar türk insanlarını
birləşdirdiyi qədər də, onları bəşəri
dəyərlərdən ayırmır, bəşərin ali
ideallarına bağlayır. İsmayıl Bəyin təqdim
etdiyi türkçülük formulunun bu milli-bəşəri
siqləti digər milli-ideoloji konsepsyalarla müqayisədə
aşkarlanır. Rus ideoloqu qraf S.S. Uvarov ölkəsinin mahiyyətini
“mütləqiyyət (çarizm) – xəlqilik –
pravoslavlıq” məfhumlarının, İlya
Çavçavadze Gürcüstanın qurtuluşunu “din – dil
– yurd” anlayışlarının vəhdətində
görürdü. Bunlardan fərqli olaraq, İsmayıl
Qaspıralının Turançılıq formulu ölkə,
məkan, din, hakimiyyətlə qapanmayaraq, qədim türklərin
söylədiyi kimi, türk insanını ulus və
kainatın ortaq məhvərinə çıxarır,
ümumən insanlığın vəhdətini ifadə edir.
Türklüyün
bu milli və bəşəri mahiyyəti çağdaş
dövrümüzdə Ahıska türklərinin taleyində
sözün tam mənasında aşkarlanır. 1944-cü ildən
bəri sürgün həyatında yaşadıqları
acılara, iztirablarına, vətənsizlik dərdinə
baxmayaraq, Ahıska türkləri öz türk kimliklərini,
islam inanclarını, ana dillərini və ən əsası
– Ana Yurd sevgisini, Ahıskaya dönüş əzmini qoruyub
saxlamışlar. Eyni zamanda yaşadıqları müxtəlif
ölkələrin insanlarına, doğma Gürcüstana
sevgi və hörmətlə yanaşmışlar, bu ölkələrin
inkişafına xidmət etmişlər. Sürgün
dövründə, Vətəndən uzaqlarda Ahıska
türklərinin milli ruhu və mədəniyyəti
yaşamış, yeni sənət, musiqi, ədəbiyyat
nümunələri yaranmış, istedadlı şairlər,
nasirlər, milli ruhu yaradan şəxsiyyətlər meydana
çıxmışdır.
Hazırda
dünyanın 10-dan çox ölkəsində məskunlaşmış,
böyük bir hissəsi hələ 1958-ci ildən Azərbaycanda
yaşayan Ahıska türkləri bu gün vətən
eşqi ilə yaşayır, milli varlıqlqrını,
türklük şüurunu və etnik mədəniyyətlərini
qoruyub inkişaf etdirilər. Bu prosesdə Ahıska türklərinin
xalq yaradıcılığı və xüsusən də
çağdaş ədəbiyyatının böyük rolu
var.
Ahıska
türklüyünün, ümumən müasir
türklüyün ülvi dəyərlərini, milli
ideallarını, xarakterini ifadə edən belə
böyük şəxsiyyətlərdən biri ünlü
şair, alim, pedaqoq, vətəndaş, Vətən
mücahidi olan Cabir Xaliddir. Cabiri mən keçən əsrin
səksəninci illərindən tanıyıram. Həmin
dövrdə dəyərli dostum və istedadlı həmkarım
Mübariz Məmmədli vasitəsilə, əsli Azqurdan olan,
Bakıda doğulub yaşayan istedadlı musiqiçi Faiq
Azqurlu ilə tanış oldum və onun bələdçiliyi
ilə Saatlı-Sabirabad bölgəsinə folklor toplamağa
getdikdə tanış olduğum ahıskalı ziyalılardan
biri Cabir müəllim oldu. Həmin dövrdən
dostluğumuz, əməkdaşlığımız, məsləkdaşlığımız
yarandı və bu günə qədər də davam edir.
Cabir
müəllimlə ilk görüşümüzdən onu ədəbiyyat
və folklor bilicisi kimi tanıdım, ancaq tədricən
şairliyinə bələd oldum və geniş qəlbli, dərin
düşüncəli, öz üslubu və yüksək sənətkarlığı
olan sənətkarla qarşılaşdığımı
anladım. Cabir müəllim ağır təbiətli, zəki,
təvazökar, ciddi bir insandır və ilk baxışda
bizim alışdığımız mənada həlim
şair simasını xatırlatmır. Onunla ünsiyyətim,
əsərləri ilə tanışlığım
artdıqca, anladım ki, Cabir Xalid üçün şeir əyləncə
deyil, şeir yalnız zövq və vəzndən də
yaranmır. Onun üçün şeir milli ruhun ifadəçisi,
sürgündə olan xalqının milli kimlik şüurunun
qoruyucusu, xalqı Vətənə səsləyən amildir.
Onun
şeirinin qaynağı da xalqın ruhundan gələn
şifahi və yazılı türk ədəbi ənənəsi
və həm də müasir Azərbaycan ədəbi
mühitidir. Söz sənətinin
gözəl bilicisi olan Cabir öz
yaradıcılığında folklordan və klassik
poeziyamızdan bəhrələnir. Bakı Dövlət
Universitetinin gözəl vaxtlarında, 1969-1974-cü illərdə
filologiya fakültəsində Mir Cəlal, Bəxtiyar Vahabzadə,
Əkbər Ağayev, Muxtar Hüseynzadə, Firudin
Hüseynov, Ağamusa Axundov, Fərhad Zeynalov, Pənah Xəlilov,
Şamil Qurbanov kimi ustadlardan dərs almış Cabir Xalidin
şairliyə münasibəti, şeir anlayışı
klassik ənənələrə əsaslanır. Buna görə
də şairliyin, şeirin Cabir üçün nə
olduğunu anlamaq üçün bu ənənəni bir daha
gözdən keçirməyə gərək var.
Türklüyün
Ana Kitabı “Dədə Qorqud”da ozanın qaibdən
dürlü xəbər söylədiyi deyilir, qutlu söz
qeybdən, göylərdən gəlir. Müqəddəs
Kitabımız “Quran-i-Kərim”də şairlərə
“sapmışların, pərəstişkar adamların tabe
olduğu”, ancaq bunlardan olmayan başqa şairlərin də
olduğu deyilir: “O şairlər ki, iman gətiriblər, saleh
işlər görüblər, Allahı tez-tez anıblar,
zülm çəkəndən sonra uğur qazanıblar”
(Şuara, 224, 227).
Böyük
Füzuli şair sözünü yalan sayır: “Gər dersə
Füzuli ki: “Gözəllərdə vəfa var” / Aldanma ki,
şair sözü, əlbəttə, yalandır”; eyni zamanda
şeirdə elmin əhəmiyyətini vurğulayır.
“Cahan
mülkündə mütləq, dîğru halət... aşinalar
ixtilatında sədaqət... biətü iqrarü imanü dəyanət...
bivəfadan təhsili-hacət görmədim” deyən Molla Pənah
Vaqif canı bahasına da olsa
öz əqidəsindən dönmür, özünə
və sözünə sadiq qalır, haqqa tapınır.
Mirzə Ələkbər
Sabir özünü dəryada duran, dalğaların həmləsinə
tab gətirən “qocaman dağa” bənzədir və
özü gedərsə də, məramının dünyada
duracağını, hər cür təzyiqə rəğmən
həqiqəti söyləyəcəyini deyir.
Ahıskanın
ünlü şairi, sovet rejimi tərəfindən 1937-ci ildə
qətl edilmiş Molla Məhəmməd Səfili şairlik
taleyinə düşən acıları heç kimə
arzulamır: “Beyçarə Səfili,
fani dünyada, // Artar oldi dərdim hədən ziyada, // Sən
ki bənə verdin ol bari, xuda, // Vermə bəndən özgə
qula dərdimi”; əsərlərini isə sonrakı nəsillərə
yadigar adlandırır: “Der Səfili, bir yadigər də səndən,
Toymax olmaz paldan tatli lisandan...”
Səməd
Vurğun sovet ideolojisinə rəğmən, ondan nədir
“Saçlarına düşən bu dən? Şair, nə tez
qocaldın sən!” deyə soranlara – “Nemətsə də
gözəl şeir, / Şair olan qəm də yeyir. /
Ömrü keçir bu adətlə, / Uğurlu bir səadətlə”
deyə cavab verir, qəm adətini şair üçün səadət
adlandırır.
Cabir Xalid
bu fəlsəfi-poetik ənənənin
davamçısıdır, bu idrak yolunun yolçusudur.
Türk folklor ənənəsi və klassik poeziyası, Azərbaycan
ədəbi mühiti ilə sıx əlaqədə
formalaşmış mahir ədəbiyyat və folklor bilicisi,
sürgün dövrünün vətənpərvər nəğməkarı
olan Cabir Xalid üçün şeir ilk növbədə
milli ruhun ifadəsi, yurddaşlarını Vətənə səsləyən
amildir. Bu baxımdan onun “Bu
şairlux ki var” adlı yığcam və zahirən
sadə bir şeirini bütün
yaradıcığılığının leytmotivi hesab etmək
olar. Cabir bu əsərdə şairliyin onun üçün
mühüm olan əsas məram və prinsiplərini
ustalıqla şərh edir:
Bu
şairlux nə hekmətdür
Xəyalda
seyran ediyer.
Hər
diləgi xoş muratdur
Tuyani
heyran ediyer.
Bu
şairlux düzi söylər,
Hallandura,
hallandura.
Bir bəzəkli
sözi söylər,
Pallandura,
pallandura.
Hər
sözümüz ibrət üçün
Bir
ilhamdan hədiyyədür.
Gəl, sən
də düz millət üçün,
Gör
süslü söz, seir nədür?
Çox
dərinə getdin isə,
Qumi gəvhər
yapacaxsın.
Çox
yüksəgə yetdin isə,
Bir
ölməzlux tapacaxsın.
Buna görə
də, Cabir Xalid üçün şairlik ilk növbədə
“xoş dilək”dir, səadət gətirən hikmətdir,
qutlu bilikdir, fikir və əməl vəhdətidir. Eyni
zamanda, həqiqətdir, ibrətdir, öyüddür. Nəhayət,
mənalar dəryasına varan gövhər, ülvi səmalarda,
haqq dərgahında aşkarlanan əbədiyyətdir.
“Forma, məzmun”
adlı digər bir şeirində isə ədəbiyyatın
bədii-estetik mahiyyətini, forma və məzmun vəhdəti
kimi elmi məsələni şeir dili ilə orijinal şəkildə
ifadə edir:
Gərəksiz
bircə səs, bir yersiz kəlmə,
Əzir
dil-dodağı, deşir qulağı.
Fikir
doğulanda yad, göydən gəlmə
İncidir
qəlb adlı coşqun bulağı.
Cabir
Xalidin poetik varlığı bu kimi şeirlərində
aşkarlanır, ancaq o, şair olmaqdan öncə xalq
adamıdır, ictimai xadimdir, sürgün həyatı
yaşayan xalqın öndər şəxsiyyətlərindəndir,
milli taleyi öz şəxsi qədərində yaşayan vətənpərvərdir.
Buna görə də onun şairliyi, poeziyası ancaq təhsili,
biliyi, mühiti, maraq dairəsi ilə müəyyənləşməmişdir.
Cabirin poeziyası onun öz şəxsi taleyinin bədii ifadəsidir,
ancaq bundan daha dərində doğma xalqının acı
taleyinin, istək və arzularının, inanc və
etiqadının təcəssümüdür. Tərcümeyi
halına baxsaq, Cabirin öz həmyaş
soydaşlarının qərib taleyini
yaşadığını görərik. Atası Derselli
Xalid İsgəndər oğlu Qurdoğulları adlanan qədim
türk soyundandır. Anası Adıgünlü Tütər
Rəhim qızı Çobanoğulları nəslindəndir.
1944-cü
ildə valideynləri soydaşları ilə birlikdə Orta
Asiyaya sürgün edilib. Cabir 1951-ci ildə sürgündə,
Səmərqənddə anadan olub, 1959-cu ildə ailəsiylə
Azərbaycana köçüb, Saatlı rayonunun Şirinbek kəndində
məskunlaşıb. 1969-74-cü illərdə ADU-nun
filologiya fakültəsində təhsil alıb. 1974-1985-ci illərdə Saatlı
rayon Şirinbek kənd orta məktəbində Azərbaycan
dili və ədəbiyyatından dərs deyib. 1985-ci ildən
kənd Mədəniyyət Evinin rəhbəri olub. Kənddə
təşkil etdiyi türk-folklor ansamblı 1987-ci ildə II
Ümumittifaq xalq yaradıcılığı
festivalının laureatı olub. 1989-cu ildə ona “Əməkdar
mədəniyyət işçisi” fəxri adı verilib. Azərbaycan
Yazarlar Birliyinin üzvü, Azərbaycanda yaşayan Ahıska
Türkləri Yazarlar Birliyinin qurucularındandır.
Məktəbdə
oxuduğu dövrdən bədii yaradıcılıqla məşğul
olub. Şairin şeirləri qəzet və jurnallarda, ədəbi
almanaxlarda dərc olunub. İstanbulda “Yurda dua etmədikcə”,
“Axısxa nəğmələri” kitabları
çıxıb. İstedadlı şair, vətənpərvər
ziyalı olan Cabir müəllim bu gün gənc şair və
nasirlərin məsləhətçisi, yol göstərəni,
el ağsaqqalıdır.
Lakin
bütün bunlar Cabirin həyatının zahiri tərəfidir.
Onun yurddaşları artıq 75 il olur ki, sürgün həyatı
yaşayır, dünyanın hər bucağına səpələnib,
artıq yurdsuzluq dövrünün neçə nəsli
dünyaya gəlib. Milli sürgün Cabirin bütün
varlığını saran, taleyini yönəldən, qəlbində
qövr edən faciədir. Və onun yuxarıda
sadaladığımız bütün çoxcəhətli
ictimai, pedaqoji, mədəni-maarif, ədəbi fəaliyyətiin
başlıca qayəsini və məzmununu Vətən
eşqi, yurd həsrəti və milli mücadilə təşkil
edir. Cabir müəllim hələ gəncliyindən Vətən
hərəkatının fəal iştirakçısı və
liderlərindən biridir. O, Azərbaycanda yaşayan Ahıska
Türkləri Vətən Cəmiyyətinin öndərlərindən
olmuş, Ahıska türkləri “Vətən” cəmiyyətinin
orqanı olan “Vətən eşqi” qəzetinin məsul katibi,
baş redaktoru kimi fəaliyyət göstərmişdir.
Ahıska türklərinin vətənə dönüş məsələsi
ilə əlaqədar dəfələrlə Moskvada, Tbilisidə,
Bakıda, Nalçikdə, Ankarada çıxışlar
etmişdir.
Cabir
müəllimin bədii yaradıcılığında da Ana
Yurd əsas mövzu, Vətənə dönüş ali milli
ideya kimi tərənnüm olunur. Şairin əsərlərində
əsas mətləb, əsas ideya və surət Vətəndir,
Ana Yurddur. Vətən Cabir
Xalidin şeirlərində kimsəsiz qalmış Anadır,
ocaqları sönmüş Dədə yurdudur, “bizim dərə”dir,
“Bir gözəlin yanağında / Bər qaraca xaldur!”, “Bin
yillux xas paldur”, “havam, suyum, toprağım, taşım,
yüzüm, gözüm, ucalan
başım, Yürəgim,
bögrəgim, cigərim, canım”, “Şəkərim, şərbətim, həm
tuzum, tadım”, “Hürmətim, pənahım, arxam,
yetənim...”dir.
Cabir Xalid
oxucularına da bu ülvi Vətən sevgisini, yurd
duyğusunu, yurddaş hissini aşılayır,
soydaşlarını poetik şəkildə vətənə
səsləyir. Vətənin adının çəkilməsi
yasaq olan 1978-ci ildə yazılmış “Vətən”
şeirindən parçalar:
Cabir
diyer, Qaxsanaya,
Gül ədrəfən
baxsanaya,
Alıp
da göskən taxsanaya.
Bir
solmiyan güldür Vətən!..
***
Həm
haxıldur, həm də dildür,
Tatli-tatli
gün, ay, yildür,
Sən mərəmin
ona bildür,
Gör
hali nə haldur Vətən.
***
Həm
anadur, həm də əvlət,
Tükənmiyan
bir var dəvlət,
Sən zəhmət çek, həlbət,həlbət,
İpəkdür,
həm şaldur Vətən!
Klassik
poeziyanın gözəl bilicisi olan Cabir Xalid bəzən
yazılı ənənəyə xas poetik vasitə və
üslubdan ustalıqla istifadə edir, bununla da əsərlərinin
təsir gücünü artırır. Onun “Vətənimdür,
vətənimdür, vətənüm” şeirində Abbas Səhhətin
məşhur əsərinin üslubunu canlandırması bu
baxımdan bədii təbdilin uğurlu nümunəsi hesab
edilə bilər:
Şəkərim, şərbətim, həm
tuzum, tadım
Fərəhim, tınçluğum,
yardım-imdadım
Sayğım, sayılmağım, izzətim,
adım
Hürmətim, pənahım, arxam,
yetənim
Vətənimdür, vətənimdür, vətənim!
Bəzən
şairin təxəyyülündə Vətən bir tablo,
canlı təbiət mənzərəsi kimi canlanır, poetik
detallar, cizgilər, təbiət mənzərələri
canlı bir aləm yaradır. 1978-ci ildə Vətənə
ilk səfərindəki təəssüratlarını müəllif
belə təqdim edir:
Bu yurtda
yüzmidür kövlərin sayi
Burdan ayax
açar bizim Kür çayi
Yayılur
nənnisi, hayi-harayi
Bir qaya
bir çaya baş əgmişdür, baş
Bir əglət
maşini, əglət, a qardaş
Bir şəkil
çekem.
Tağlar
əlvan urbay geyər, sarınur,
Duman
foşisidür, yerdən sürünür,
Hər
yanda şikiyat-şübhə görünür,
Nəyçündür
günorta gül gözündə yaş,
Bir əglət
maşini, əglət, a qardaş
Bir şəkil
çekem.
Bu kimi
şeirlərdə Vətənin təbiəti, yurdun
dağları, çeşmələri, buludları,
çayları mifopoetik duyumla canlandırılır, insaniləşdirilir,
lirik qəhrəman və vəsf olunan mühit arasında
psixoloji paralellik yaranır, şairin daxili aləmi,
yaşantıları kənara sirayət edir, dağların
çəməni, otu-çucəyi “urbaya”, buludları “foşiya”
bənzədilir. Beləliklə təbiət lirik “mən”in tərəf
müqabilinə, müsahibinə çevrilir, yurd sevgisi əsərin
bütün detallarında aşkarlanır.
Bir daha
vurğulayım ki, Cabir Xalid sözün dərin anlamında
türk insanıdır və onun üçün Vətən
yalnız Ahıska deyil, bütövlükdə türk
dünyası və xüsusi olaraq da Azərbaycan və
Türkiyədir. Onun Azərbaycan və Türkiyənin tarixi,
şəxsiyyətləri haqqında bir çox dəyərli
əsərləri var. Özünü haqlı və haqqı
olaraq bu ölkələrin tam hüquqlu vətəndaşı
hesab edən, bunun şərəf və məsuliyyətini
duyan Cabir Xalidin üçrəngli bayrağımıza həsr
etdiyi “Yaşıl, mavi, qırmızı” şeiri dərin məzmunlu
sənət nümunəsidir:
Bayrağımın
rəngidir
Yaşıl,
mavi, qırmızı.
Nəbzimin
ahəngidir
Yaşıl,
mavi, qırmızı.
Haqq
işığı yandırır
Türklüyümü
andırır
Yatma der,
oyandırır
Yaşıl,
mavi, qırmızı.
Əqidəm,
amalımdır
Arzumdur, əməlimdir
Tərcümeyi
– halımdır
Yaşıl,
mavi, qırmızı.
Cabirin
doğmalaşıb yurd sevgisiylə bağlandığı
Muğan düzü də şeirinin füsunkar tərənnüm
obyektlərindəndir. O, Muğanı da şair təxəyyülü
ilə canlandırır, antropomorf qavrayışla buranın təbətinə
insani keyfiyyətlər aşılayır, füsunkar bir mənzərə
yaradır:
Muğan
– Odlar yurdu Azərbaycanın
Hələ
yetkinləşən dəcəl qızıdır.
Dünən
bəhrəsizdi – utanır, canım,
Lalələr
üzünün qızartısıdır.
Azərbaycan
ümumən Ahıska türklərinin şairlərinin
yaradıcılığında doğma yurd kimi övlad məhəbbətilə
sevilən, süslənən, tərənnüm olunan məhrəm
məkandır. Ahıska tarix boyu Azərbaycanla sıx
bağlı olmuş, Ahıska türklərinin görkəmli
ziyalıları Ömər Faiq Nemanzadə, Əhməd Bəy
Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev,
Fuad Əfəndiyev, Mövlud və Rasim Bayraqdarovlar Azərbaycanın
tarixində iz qoymuşlar. Ahıska türkləri bu gün də
Azərbaycanın tərəqqisi yolunda
çalışır, Birinci Qarabağ savaşında 81
ahıskalı şəhid olmuş, İsgəndər Aznavur
Milli Qəhrəman adını almışdır. Bu ilin
sentyabrın 27-dən başlayaraq 44 gün davam etmiş
müzəffər Vətən müharibəsində
Ahıska türklərinin yüzlərlə nümayəndəsi
şəhidlik zirvəsinə ucalmış, qazilərin
şücaəti dillərdə dastan olmuş və dövlət
tərəfindən mükafatlandırılmışdır.
Cabir Xalid
sözün dərin anlamında türk insanıdır və
onun üçün Vətən yalnız Ahıska deyil,
bütövlükdə türk dünyası və xüsusi
olaraq da Azərbaycan və Türkiyədir. Onun Azərbaycan və
Türkiyənin tarixi, şəxsiyyətləri haqqında
bir çox dəyərli əsərləri var.
Özünü haqlı və haqqı olaraq bu ölkələrin
tam hüquqlu vətəndaşı hesab edən, bunun şərəf
və məsuliyyətini duyan Cabir Xalidin üçrəngli
bayrağımıza həsr etdiyi “Yaşıl, mavi,
qırmızı” şeiri dərin məzmunlu sənət
nümunəsidir:
Bayrağımın
rəngidir
Yaşıl,
mavi, qırmızı.
Nəbzimin
ahəngidir
Yaşıl,
mavi, qırmızı.
Haqq
işığı yandırır
Türklüyümü
andırır
Yatma der,
oyandırır
Yaşıl,
mavi, qırmızı.
Əqidəm,
amalımdır
Arzumdur, əməlimdir
Tərcümeyi
– halımdır
Yaşıl,
mavi, qırmızı.
Cabirin
doğmalaşıb yurd sevgisiylə bağlandığı
Muğan düzü də şeirinin füsunkar tərənnüm
obyektlərindəndir. O, Muğanı da şair təxəyyülü
ilə canlandırır, antropomorf qavrayışla buranın təbətinə
insani keyfiyyətlər aşılayır, füsunkar bir mənzərə
yaradır:
Muğan
– Odlar yurdu Azərbaycanın
Hələ
yetkinləşən dəcəl qızıdır.
Dünən
bəhrəsizdi – utanır, canım,
Lalələr
üzünün qızartısıdır.
Cabir
müəllimin bir çox şeirlərində Türkiyənin
şanlı tarixi, türk dünyası üçün dəyər
və əhəmiyyəti, keçmişi, bugünü,
sabahı dərin sevgiylə ifadə olunur. “Türkiyəm”
adlı şeir bunlara nümunədir:
Hey, hey bənim
ulu Türkiyəm.
Adı,
özü umut dolu, Türkiyəm...
Öz
adını öz diliynən süsliyan
Övladını
öz əliynən bəsliyan
Dünyamızı
xoş sabağa səsliyan
Gönüllərin
umut yolu Türkiyəm...
Lakin Cabir
Xalid yaradıcılığının məna özəyi,
sakral bədii aləmi, şair qəlbinin qara sevdası ilk
növbədə doğma yurdu Ahıskadır. Ana Yurd hələ
də əlçatmazdır, vətən uzaqlarda,
yurddaşlar qürbətdədir. Şair üçün Ana
Vətən ali dəyərdir, milli ideyadır, uca məqsəddir,
vətən yolunda çalışmaq övliyalığa bərabər
qutsallıqdır: “Vətən işi ən yuca bir
işimiz... Qolaymidür xalq işinə alışmax / Əvliyalux,
xıdırluxdur çalışmax...”
Yurdu yurd
edən də vətəndaşın milli ruhudur, vətən
sevgisidir. Cabir üçün də Yurd yalnız təbiət,
dağlar, obalar deyil, ilk növbədə xalqın milli mənəviyyatıdır,
mədəniyyətidir, ana dilidir. Uzaq diyarlarda, xüsusən
sovetlər dövründə yasaq olunmuş türk
adını yaşadıb bəyan etmək özü də cəsarət
və qətiyyət tələb edirdi və Cabir o dövrlərdən
yurddaşlarına türklük şüuru, dil sevgisi təlqin
edirdi:
Türk
dilidür sənin adın
Var ol,
yaşa, ana dilim.
Pal
kimidür sənin tadın
Var ol,
yaşa, ana dilim.
Şairin
türk soyunun Vətən eşqinə, müdrikliyinə,
xalqın gücünə, qüdrətinə, xoş
sabahına inamı böyükdür:
Hərəsi
bir biçimdədi,
Belə
baxma bu millətə.
Vulkan
gücü, içindədi,
Belə
baxma bu millətə...
Qəzəbi
var, amanı var.
Xoş
sabaha gümanı var,
Belə
baxma bu millətə...
Şair
üçün Vətən – ilk növbədə mənəvi
borcdur, yurd borcu, el borcu isə müqəddəs anlamlardır
və o bütün varlığı ilə bu borcu ödəməyə
çalışır, soydaşlarını da buna səsləyir:
Cabir,
gücüm yolumdakı nurdadı,
Harda olsam
qiblə səmtim yurdadı,
Köküm
burda, qol qanadım burdadı,
Bu
torpağa, mən bu elə borcluyam.
Bu nurlu
yol – Vətən yolu, yurd yolu fədakarlıq, igidlik,
müdriklik tələb edir, bunu yaxşı anlayan şair
soydaşlarını mübarizəyə səsləyir:
Şan –
şöhrətən dünya matdur.
Sən
Koroğli, at Qıratdur.
Vətən
sənə amanatdur,
Var
olduğun, sübut eylə.
Lakin
şairlik başqa, fəlsəfi bir anlamdır, digər
insanlardan fərqlilik, seçilmişlik deməkdir,
seçilmiş insan isə tənhalıq, yalqızdır. Bu
tənhalığı ağırlaşdıran odur ki,
Ahıskalı şair kimi, Vətən də yalqızdır,
kimsəsizdir, övladlarından iraq
düşmüşdür. Ancaq bu tənhalıq həm də
düşüncədir, özünüdərkdir,
dünyanın dərkidir, mənəvi sınaqdır:
Haniya
bayaxki eş-əhbəp, şadlux,
Genə dərdiminən
yalağuz qaldım.
Sanki ədrəfimdür
yabanlux, yadlux,
Genə dərdiminən
yalağuz qaldım.
Yalağuz
bir olan Allahi derlər.
Yalğuzdur
məhbəsdə ən yigit ərlər.
Yalğuzdur
can Vətən – səvduğum yerlər,
Genə dərdiminən
yalağuz qaldım.
Yalğuzlux
bir az ğəm, bir az fərəhdür.
Şirin
xəyallardur, güldür, cəh-cəhdür.
Yalğuzlux
daha çox mərəqdür, ahdur,
Genə dərdiminən
yalağuz qaldım.
Çətinimdə
çox şükür ki, yetdilər.
Dərdə
şərik olub ədə etdilər.
Soun
qalxıb əvlərinə getdilər,
Genə dərdiminən
yalağuz qaldım.
Cabir,
qoyma səni dərd süzə, əmə,
Uyup kor
şeytana belə ğəm yemə.
Allah kimi
adil dost ki var, demə,
Genə dərdiminən
yalağuz qaldım.
Cabirin
şeirlərində ara-sıra izlənən bu kədərli
notlar xalq deyimlərinə, ağılara, Ahıska türklərində
geniş yayılmış Vətən
ağıtlarının fəci ruhuna, yanğılı
ovqatına yaxınlaşır və belə məqamlarda milli
faciə ilə şəxsi kədər qovuşur, poetik ritm
xalq deyimlərinin intonasiyasına bənzəyir. Bu xüsusiyyət
müəllifin “yüz bin türkün söyləduği”
qeydi ilə başlayan və bununla xalq ənənəsinə
bağlanan “Ağlama gözlərim,
ağlama!” adlı dastanında yüksək sənətkarlıq
və duyğusallıqla aşkarlanır. Şairin “deyiş”
adlandırdığı, müxtəlif hissələrdən
ibarət olan bu lirik-epik dastanından aşağıdakı
parçalar əsər haqqında təsəvvür
yaradır:
Niya belə
bəxtsiz oldux,
Ağlama
gözlərim, ağlama!
Açıldux,
saraldux, soldux
Ağlama
gözlərim, ağlama!
44-də
Vətəndən ayrıldux
Ağlama
gözlərim, ağlama!
Saman olup
da savruldux
Ağlama
gözlərim, ağlama!
Bir ayinən
yol getdux biz
Ağlama
gözlərim, ağlama!
Vaqonlar
oldi əvimiz
Ağlama
gözlərim, ağlama!
Çoğusi
yolda can verdi
Ağlama gözlərim, ağlama!
Özbəklər
bizə nan verdi
Ağlama
gözlərim, ağlama!
Cabir Xalid
yaradıcılığının mühüm bir mövzusu
dini-fəlsəfi və didaktik mətləblərdən ibarətdir.
Uca Tanrıya sığınmaq, əməlisalehlik, imana sədaqət,
inancın qorunması, taleyin mənası, insan və toplum, həyat
və ölüm, maarif, təhsil
kimi mətləblər bu şeirlərin qayəsidir.
İnsanlıq, çocuqluq və qocalıq, ədəb və
mərifət, təlim və tərbiyə, ailə, xalq, millət,
cəmiyyət, sevgi, mərhəmət, rəhm kimi
anlayışlar şairin əsərlərində sənətkarlıqla
tərənnüm olunur.
Cabir Xalid
hadisələrin, olayların mahiyyətinə varan və məğzini
qavramağa çalışan mütəfəkkir şairdir.
Təbii müdrikliyinə, şəxsi taleyinə
yazılmış acılara qarşı dəyanətinə
görə yaradıcılığında da dünyaya, həyata,
tarixə bədbin baxış yoxdur. Allahın inayətinə,
haqqın təntənəsinə, ədalətin zəfərinə
sarsılmaz inam var, daxili aləmə, ətraf mühitə,
insanlığa pozitiv münasibət var və şair bu ruhu ətrafındakılara
da aşılayır, insanları “pəncərələri
açmağa”, “baharı qarşılamağa”
çağırır.
Cabir Xalid
öz şəxsi həyatında və əsərlərində
acılara əyilməyən, taleyinin amansız zərbələrindən
sarsılmayan, qürurunu sındırmayan, daxili gücü ilə
bədliklərə və şərə qalib gələn örnək şəxsiyyət
olduğunu təsdiqləyir.
Bu mənəvi
gücü ona Allaha inamı, xalqına sevgisi, vətən
eşqi və türklük qüruru verir. Cabir Xalid haqq yolunun
yolçusudur və bu yolda Uca Allaha pənah gətirir,
özünə, soydaşlarına, insanlığa rəhm diləyir,
özünün, dostlarının, elinin, insanlığın
Tanrı imtahanından üzüağ
çıxmağını arzulayır:
Gözəl
Allah dizimizi bükməz olsun,
Gah o yana,
gah bu yana çəkməz olsun.
Aclıq
ilə imtahana çəkməz olsun.
Gül
açmalı bağrımızın başı yandı,
Gözəl
insan, bu gün yaman imtahandı.
İmtahandan
üzü ağ çıx.
Əziz
dostumuz, qardaşımız, məsləkdaşımız,
qasırğalı dəryada qocaman dağa bənzər
Şair Cabir Xalid ömrünün şanlı 70 illiyinə
insanlıq, türklük və vətəndaşlıq
imtahanından üzüağ çıxıb, onun dönmədən
addımladığı Haqq yoluna nur arzulayıram!
Asif HACILI
525-ci qəzet.- 2021.- 22 yanvar.- S.11.