Özünü Vətənə fəda
edən şəhid zabit
Tabor komandiri mayor HacI Rəhimov:
"Hadrutda dalğalandırdığımız üçrəngli
bayrağımızın üzərində baş leytenant Səid
Rəşidzadənin adı yazılıb"
İkinci
Qarabağ müharibəsi cəmiyyəti elə simalarla tanış etdi ki, bəzən həmin qəhrəmanları
yaxından tanımadığımız üçün
peşmanlıq hissi keçiririk.
Onların döyüş yolu, göstərdiyi
şücaət silahdaşlarının xatirələrində
bizə əyan olur. Bu xatirələri eşitdikcə həm
belə məğrur həmvətənlərinlə fəxr
edirsən, həm də onların vaxtsız itkisi insanı
çox kədərləndirir. Qarabağ
uğrunda gedən döyüşlər hər iki hissi eyni
anda yaşamağı bizə öyrətdi. Vətənin bütövlüyü naminə
sevincimizin həddi-hüdudu olmadı. Lakin
bir yandan da nakam talelər yaddaşımızda, Azərbaycan
tarixində dərin, bir ömür unudulmayacaq izlər
buraxdı.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı
ilə yaddaşımıza həkk olan igidlərdən biri də
baş leytenant Səid Rəşidzadə idi. Səid Nofəl oğlu Rəşidzadə
1990-cı il yanvarın 28-də Füzuli
rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə
Nərimanov rayonu S.Yolçuyev adına 207
saylı tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci
illərdə Heydər Əiyev adına
Ali Hərbi məktəbdə ali təhsilə yiyələnib.
O, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri
sıralarında xidmət edib.
Səid Rəşidzadə
2016-cı il Aprel döyüşlərində
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun
rəhbərliyi altında döyüşüb. Şahidlərin dediyinə görə, Polad Həşimovun
şəhid olması xəbəri Səid Rəşidzadəni
bərk sarsıdıb. O, bir neçə il
əvvəl ordu sıralarından tərxis olunsa da. könüllü olaraq 2020-ci il sentyabrın
27-si döyüşlərə yollanıb. Təbii ki, hərb
sahəsində neçə illər fəaliyyət göstərən
Səid kimi vətənpərvər
döyüşçü Azərbaycanın bu çətin
günlərində baş verənlərə biganə qala
bilməzdi...
Səid Rəşidzadənin
silahdaşlarından biri - baş leytenant Ədalət Məmmədov
Səidlə birlikdə keçdikləri döyüş yolu
barədə xatirələrində danışır: "Mən
Səidlə Beyləqanda tanış olmuşdum. İkimiz də ehtiyatda olan zabit idik. Beyləqanda təlimlər keçdikdən sonra cəbhəyə
yollandıq. Mən dördüncü
taborda, Səid isə üçüncü taborda xidmət
edirdi. Səid çoxumuzdan təcrübəli
idi. Çox qayğıkeş insan idi.
Döyüşlərdən əvvəl də əsgərlərə
qardaş kimi can yandırırdı. Həddindən
artıq məsuliyyətli zabit idi. Biz
onunla Füzulidən Cəbrayıl istiqamətinə
yollandıq. Cəbrayılda
Süleymanlı kəndindən keçib Hadrutun yüksəkliyinə
getməli idik. Həmin vaxt Xüsusi Təyinatlı
Qüvvələrlə birlikdə döyüşə
qatılmalı idik. Sözün
açığı, uzun yol qət eləmək, susuzluq,
döyüş şəraiti bizi taqətdən
salmışdı. Hadruta yollananda dəfələrlə
düşmən tərəfindən atəşə tutulsaq da,
müdafiə olunub qarşı tərəfə lazımi
cavabı verirdik. Biz həmin yerə
çatıb bulaqdan su içəndə düşmən hərəkətə
keçdi və orada bir neçə əsgər yaralandı,
bəziləri şəhid oldu. Sağ
qalan əsgərlər içində Səid də var idi. Həmin gecə hücuma keçdik. Meşənin üstünü düşməndən
təmizləyib səhər Hadrut istiqamətində hücum
etməli idik. Səhər açılan
kimi komanda verildi və biz hərəkətə keçdik.
Qızğın döyüşlərdən
sonra Hadrutun yüksəkliyinə bayraq sancılmalı idi.
Səid Beyləqandan bəri cibində bayraq gəzdirirdi
ki, bu bayrağı yüksəkliyə özüm asacam.
Səid bayrağı sancan vaxt mənfur
düşmənin snayper atəşi nəticəsində
şəhid oldu. Çox təəssüflənirik,
Allah qəni-qəni rəhmət eləsin".
Səid Rəşidzadənin
döyüşdüyü taborun komandiri, mayor
Hacı Rəhimov isə şəhid baş leytenantı belə
xatırlayır: "Mən onların tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə
birlikdə oldu. Mənə deyəndə
ki, könüllü gəlmişəm, Vətənimizin
azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan
bildim ki, Səid mərd, cəsur bir gəncdir. Döyüş tapşırıqlarını yerinə
yetirərkən, demək olar ki, Səidlə bir yerdə
olduq. Səid və onun dostları
döyüş tapşırıqlarını ləyaqətlə
yerinə yetirən insanlar idi. Səid
heç nədən qorxmayan, çəkinməyən bir gənc
idi. Neçə dəfə ona xəbərdarlıq
etmişdim ki, ehtiyatlı olsun. Həmişə
mənə deyirdi ki, "Komandir, Vətən sağ olsun,
borcumuzdur. Borcumuzu yerinə yetiririk".
Səidlə Hadrut istiqamətində yüksəklikləri
təmizləyə-təmizləyə irəliləmişik.
Orada düşmənin bir neçə postu
qurulmuşdu ki, həmin postlardan düşmən bizim
qoşunların hərəkətini görürdü. O
yüksəkliklər təmizlənməsəydi, Hadruta
giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən
böyük bir qarşıdurma oldu. Səid
düşmənin bayrağını endirmək istəyəndə
snayper gülləsinə tuş gəldi. Biz
Səidin qisasını aldıq. Orada
dalğalanan üçrəngli bayrağımızın
üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə
bayrağa Səidin adını yazdılar və
aldığımız postdan asdılar. Allah
şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına biz
torpaqlarımızı azad etdik. Allah Şəidə
qəni-qəni rəhmət eləsin".
Səid Rəşidzadənin
silahdaşları qeyd edirlər ki, qısa zamanda tanış olsalar da, şəhid baş
leytenant onların yaddaşında yüksək kefiyyətlərə
malik insan və zabit kimi qalıb. Səid Rəşidzadənin
döyüş yoldaşı, müddətdən artıq
xidmət edən Xalid Abdullayev onun barəsində öz xatirələrini
bizimlə bölüşür: "Döyüşlərə
qatıldığımız gündən bir yerdə
olmuşuq. Səidlə
sözümüz-söhbətimiz yaxşı tuturdu. Onun döyüşməyini sözlə ifadə eləmək
qeyri-mümkündür. Çox ürəkli
döyüşürdü. Şəxsən mən xidmət
etdiyim müddətdə onun kimi ürəkli adam
görməmişdim. İnanın, şəhid
olub deyə demirəm, Allah şahiddir ki, Səid necə
şövqlə döyüşürdü. O, səfərbərlikdən
gəlmişdi, biz isə burada daimi idik. Amma Səid öz
döyüşkənliyi ilə bizə də ruh verirdi. Bu insanda qorxu deyilən
hiss yox idi. Mən bir dəfə də olsun
görmədim ki, o, irəli getməkdən çəkinsin.
Səid şəhid olanda mən onun yanında
idim. Çox ağır döyüşlərdən
keçib həmin yüksəkliyə
çatmışdıq. Onunla birlikdə
Şuşaya, Kəlbəcərə getməklə
bağlı xəyallar qururduq. Çox təəssüf
ki, aramızdan tez ayrıldı. Allah Səidə
rəhmət eləsin".
Səid Rəşidzadənin döyüş yoldaşlarının hər biri onu öz sıralarında görmədikləri üçün təəssüf hissi keçirirlər. O, özündə bütün yaxşı xüsusiyyətləri cəmləşdirən əsl vətənpərvər kimi silahdaşlarının yaddaşında qalıb. Ehtiyatda olan baş leytenant Raqif Baxışov onu belə xatırlayır: "Səid döyüşlərə könüllü qatılsa da, o, yüksək peşəkarlığa malik, hazırlıqlı zabit idi. Elə zabitlər az olur. Qısa müddət ərzində çox adam tərəfindən tanındı. Öz işinə aid oldu, ya olmadı, çalışırdı kömək etsin. Məsələn, Ağcabədidə silah-sursat paylanan zaman gedib sursat paylayanlara qoşulub köməklik edirdi. Qismətdən Elgün, Səid və mən bölünmə zamanı eyni tabora, eyni bölüyə düşdük. Hər tağımın komandiri birimiz olduq. Səid vətənpərvər gənc idi. O, həm də Aprel döyüşlərində iştirak etmişdi, buna görə də nələri etmək olar, nələri yox, çox gözəl bilirdi. Səidin nizam-intizamlı olması ilə bağlı bir şeyi deyim. Ağcabədidə olanda əsgərlərə demişdi ki, sabah hər kəs üzünü qırxsın. Çağırışçıların eləsi vardı ki, üzü tüklü gəlmişdi. Lakin Səid demişdi ki, biz hərbçiyik, forma geyinmişik və üzümüzü də qırxmalıyıq. Həqiqətən də, sabah özünün də üzü tərtəmiz idi. Özünə qarşı da tələbkar idi. Onun kimi oğullar həmişə seçiliblər. Təəssüf edirəm ki, zabit dostumuz sinəsində gəzdirdiyi bayrağı özü öz əli ilə həmin yüksəkliyə sanca bilmədi... Amma Səid özü bayrağı sanca bilməsə də, onun üstündə daşıdığı bayraq dostları tərəfindən aldığımız əraziyə sancıldı. İndi də çöhrəsi gözümün önündədir. Hadrut istiqamətində ərazini alıb düşmənin bayrağını endirərkən erməni snayperi tərəfindən vuruldu qəhrəmancasına şəhid oldu. Ruhu şad olsun".
Səid Rəşidzadənin gələcəklə bağlı çox arzuları, çox xəyalları vardı. O, həm bütün azad olunmuş torpaqları görmək istəyirdi, həm də geri qayıdıb işlərini davam etdirmək arzusunda idi. Ehtiyatda olan baş leytenant Elgün Kazımovun dedikləri: "Mənim Səidlə tanışlığım Ağcəbədidə oldu. Səid ünsiyyətcil insan idi. Hamı ilə münasibət qurmağı bacarırdı. Əslində, peşəkar zabit olduğunu bilmirdim. Bunu sonradan öyrəndim. Çox mehriban insan idi. Yaşının gənc olmasına baxmayaraq, seçilən kadrlardan idi".
2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bir neçə gün sonra - yanvarın 28-də Səidin 31 yaşı tamam olur. Bu, yaxınlarının onsuz keçirdiyi ilk ad günü olacaq. Bu gün Səid Rəşidzadə bizim aramızda olmasa da, Səidin və onun timsalında bütün şəhid və qazilərin fədakarlığı gələcək nəsillərin həyat yolunda sönməz bir çıraq yandırıb. İllər keçəcək, amma onların ruhu həmişə ehtiramla anılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!..
Nadir RZALI
525-ci qəzet.-2021.- 26 yanvar.- S.15.