CAN, AY ANA...

 

Milli Qəhrəmanımız Polad Həşimovu yetirən Anaya

 

Can, ay Ana, bu baxışda nələr var...

Bu baxışda, Poladının ilk dişi,

İlk addımı, gülüşü var, yeriş var...

Bu baxışdan asılıbdı murazlar...

Bu baxışda Poladının ilk beşi,

Gülərüzü, şux qaməti, duruş var...

 

Can, ay Ana, bu baxışda nələr yox?!

Bu baxışda yoxa çıxıb diləklər,

Bu baxışda zaman da yox, məkan da...

Bu baxışda itib bütün mizanlar...

Bu baxışda dünya çöküb iməklər,

Bu baxışda yelkən yox, sükan da...

 

Can, ay Ana, bu baxışda nələr var...

Bu baxışda Poladın ilk rütbəsi,

Bu baxışda şərəf var, şan da var...

Bu baxışda fəğan edir arzular,

Bu baxışda min vaizin xütbəsi...

Al don geymiş qürub da var, dan da var...

 

Can, ay Ana, bu baxışda nələr yox?!

Bu baxışda qədər namı ağlayır,

Bu baxışda Polad adlı oğul yox...

Bu baxışda tükənibdi niyazlar...

Bu baxışda kədər qəmi dağlayır,

Mum tək yumşaq, polad kimi oğul yox...

 

Can, ay Ana, bu baxışda nələr var...

Bu baxışda Poladının mərdliyi,

Ərənliyi, cəsurluğu, qürur var...

Baxışının hərarəti dondurar...

Bu baxışda fəxarətin sərtliyi,

Ağalığı, amirliyi, onur var...

 

Can, ay Ana, bu baxışda nələr yox?!

Bu baxışda susub qapı zəngləri,

"Polad gəldi", dur ayağa deyən yox...

Bu baxışda od qalayır xəyallar...

Bu baxışda itib dünya rəngləri,

"Ana", - deyə şirin-şirin gülən yox...

 

Can, ay Ana, bu baxışda nələr var...

Bu baxışda xanım, xatın bir Ana,

Sinəsində bağrı çat-çat olan var...

Bu baxışdan neçə Ana boylanar...

Bu baxışda Nüşabə tək şir Ana,

Tomris kimi kükrəyən var, yanan var...

 

Aqillər yurdunun pir övladıyam!

 

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

 

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun nur övladıyam!

 

Dərvişəm, müqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

 

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

 

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

 

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

 

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi "heç"in ,

Aqillər yurdunun pir övladıyam!

 

DAĞLAR

 

Tarix səhnəsində yetişdi zaman,

Başlanmış bu çağın mübarək, dağlar!

Hələ zəfərlər gözləyir bizi,

Qutlanmış novrağın mübarək, dağlar!

 

Dövranın gərdişi döndü, dəyişdi,

Davadan doğulan ərlər yetişdi,

Didilmiş yaralar tutdu, bitişdi,

Üç rəngli duvağın mübarək, dağlar!

 

vaxtdır yol-iriz bağlı qalmışdı,

Qoynunda yağılar məskən salmışdı,

Canımı sağalmaz bir dərd almışdı,

Sayalı qonağın mübarək, dağlar!

 

Xətai qırmadı könül bağını,

Nadir unutmadı hicran dağını,

İlhamın silahı əzdi yağını,

Dəmirdən yumruğun mübarək, dağlar!

 

Qurtuldu yağıdan zənburun, balın,

Bir başqa görünür yamacın, yalın,

Zirvəndə boy verir şanlı hilalın,

Müqəddəs sancağın mübarək, dağlar!

 

Ay Ustac, min şükür arzuna yetdin,

"Dədə"n gedən yolu, sən qət etdin,

Dolandın dünyanı, yurdunda bitdin,

Xeyirsiz oynağın mübarək, dağlar!

 

Zaur USTAC

 

 

525-ci qəzet.-2021.-  26 yanvar.- S.14.