Ömrə bərabər gün...
(Əvvəli
ötən saylarımızda)
Üzü Təbrizə
Bir dəfə Neft Nazirliyi mənim
çalışdığım şirkətə tenderdən
kənar, "Qərb qazı" deyilən, altı yüz
kilometr uzunluğu olan İraq-Suriya qaz kəmərinin
inşası üçün bir layihə vermişdi. Bu layihəni
bizimlə əməkdaşlıq edən Kiyev
"Ukrqazproyekt" Layihə İnstitutu işləyirdi.
Həmin institut layihəni tam hazırlayıb
qurtarandan sonra öyrənilməsi və yoxlanılması
üçün Neft Nazirliyinə göndərdi. Bu
proses adətən belə olur. Neft Nazirliyi də
öz növbəsində layihə ilə bağlı bəzi
məsələləri aydınlaşdırmaq
üçün "Ukrqazproyekt" Layihə İnstitutuna
müntəzəm olaraq, məktublar göndərirdi. Bir müddətdən sonra həmin İnstitutun əməkdaşları,
başda texnika elmlər doktoru Andreyeva familyalı bir qadın
olmaqla, səkkiz nəfərdən ibarət nümayəndə
heyəti hazırladıqları layihəni Neft Nazirliyində
təsdiq etdirmək üçün Bağdada gəldi.
Mən şirkətin İraqdakı nümayəndəsi
olaraq, onları müşayiət edirdim. Birlikdə
nazirliyə gəldik. Təbii ki,
görüşümüzün vaxtı əvvəldən
razılaşdırılmışdı. Bizi
Neft Nazirliyinin birinci mərtəbəsində yerləşən
iclas otaqlarının birinə dəvət etdilər.
Bir az gözlədikdən sonra iclas
otağına bir gənc qızla başı müsəlman adətilə
örtülmüş bir qadın girdi. O, mənim əvvəllər
tanıdığım Neft Nazirliyinin tabeliyində olan SKOP-un
(Neft Proyektləri Şirkəti) əməkdaşı mühəndis
Əmirə Rauf idi. Yanındakı gənc
qız isə onun köməkçisi idi. Bizi salamlayandan sonra əyləşməyimizi
xahiş etdi və üzünü mənə tutub, hansı
dildə danışmağın bizə münasib olduğunu
soruşdu. Mən də bunu nümayəndə
heyətinin rəhbəri Andreyevadan soruşdum. O isə
cavab verməmişdən əvvəl, məndən təəccüblə
soruşdu:
- Bundan
başqa daha heç kim olmayacaq? Görünür, iraqlı qadının xarici
görünüşü Andreyevada inam yaratmırdı.
-
Görünür, daha heç kim olmayacaq,
- deyə cavab verdim.
- O,
ingilis dilini bilirsə, texniki terminləri daha tez başa
düşmək üçün ingilis dilində
danışmağımız daha yaxşıdır, - deyə
özləri ilə gətirdikləri tərcüməçiyə
baxdı və: "Hazırsanmı?" - deyə
soruşdu və əlindəki qovluğu
qarşısındakı masanın üstünə qoyub əyləşdi.
Andreyeva mənə onun yanında
oturmağımı xahiş etdi. Tərcüməçidən
başqa hər bir nümayəndə heyətinin
üzvündə qalın qovluq var idi. Görünür,
hərə öz sahəsinə aid bölməyə
hazırlaşmışdı.
İclasa
xanım Əmirə Rauf giriş verdi. Yenidən qonaqları ölkəsinə gəlmələri
münasibətilə bir daha salamladı. Sonra
hazırkı əlli dərəcəli istiyə işarə
edərək: "Ölkəmiz sizi çox isti
qarşılayır", - deyə zarafat edib gülümsəyərək,
sözünə davam etdi və: "İraq hamının vətənidir!"
- dedi. Düzü, xanım Əmirə Raufun bununla nə demək
istədiyini mən və həmkarlarım tam başa
düşmədik. O, bir az ara verib:
"Bismillah Əl-Rəhman Ər-Rəhim", - deyib layihənin
müzakirəsinə sualla başladı:
- Biz sizə
bir neçə ay bundan əvvəl bir məktub göndərmişdik.
Həmin məktubda sizə yazmışdıq
ki, təqdim etdiyiniz təklifdə altı yüz kilometrlik
borunun qalınlığı tələb olunduğundan
azdır və onun qalınlığın bir santimetr
artırılmasını xahiş etmişdik. Siz də buna cavab olaraq aldığımız məktubda
bizim xahişimizə müsbət cavab vermisiniz.
- Bəli,
- deyə Andreyeva təsdiq etdi.
- Amma siz,
- xanım Əmirə Rauf sözünə davam edərək,
- nədənsə əvvəl təklif etdiyiniz qiymətdə
heç bir dəyişiklik etməmisiniz, - dedi.
- Bu,
bilirsiniz ki, böyük məbləğdir. Milyonlardan
ibarət bu məbləği siz bizə necə
bağışlayırsınız, yoxsa unutmusunuz? Ona aydınlıq gətirməyinizi xahiş edirəm.
Andreyeva çaşıb qalmışdı, nə cavab
verəcəyini bilmirdi. Bir az fikirləşib:
"Düzü, buna indi cavab verməyə hazır deyiləm.
Kiyevlə danışıb, cavab verərəm", - dedi və
qarşısındakı kağıza qeyd etdi.
Xanım Əmirə Rauf razı oldu və başqa bir
mövzuya keçdi. O da qarşısındakı vərəqə nəyinsə
rəmzi olan bir işarə çəkib, sonra onu Andreyevaya
göstərərək dedi: "Bu işarəni sizin təqdim
etdiyiniz layihədən götürmüşəm. Deyə bilərsinizmi, bu, nə işarəsidir?"
Andreyeva
ona baxıb: "Açar (güclü elektrik cərəyanını
kəsən açar) işarəsidir", - dedi.
Əmirə
Rauf: "Mən də elə bilirdim. Amma burada
aydın olmayan bir şey var. Bu işarəyə aid olan
açar, ya elektrik xətti keçən dirəkdə olur,
ya da transformatorun yanında. Sizin layihədə
isə bütün elektrik sistemi yerin altındadır və
avtomatlaşdırılmış halda olmalıdır. Hər şey ilk nəzərdə qoyulan şərtlərə
cavab verir, lakin diqqətlə baxdıqda açarın yerin
altında olması anlaşılmazlıq yaradır. Bildiyiniz kimi, bunlar bir-birindən fərqli və
başqa-başqa sistemlərdən ibarətdir. Buna yenidən baxmaq və layihənin elektrik bölməsində
düzəliş etmək lazımdır. Mənimlə
razısınızmı?" - deyə
bizə müraciət etdi.
Aramızdakı
nümayəndələrdən biri - layihənin elektrik
bölməsinə cavab verən şəxs,
qarşısındakı faylı sağa-sola vərəqləyərək,
yavaş səslə Andreyevaya nə isə dedi. Andreyeva isə
yenə kağıza qeyd edərək: "Kiyevlə dəqiqləşdirərəm",
- dedi.
Xanım Əmirə Raufun verdiyi sualların, demək
olar ki, əksəriyyəti cavabsız qalırdı və bu,
onu yavaş-yavaş əsəbləşdirirdi. Onun verdiyi sualların
cavabını özlərinin hazırladıqları fayllarda
axtaranda, mənə müraciət edib, ərəbcə
soruşdu:
- Bunlar nə
axtarırlar belə? Bu layihəni onlar özləri
hazırlamayıblar? Bilmirlər orda nə
yazıblar?
Mən də
onun dediklərini Andreyevaya tərcümə edəndə, hiss
etdim ki, o, hardasa xəcalət çəkir, necə deyərlər,
özünü itirmiş hiss edir.
Hər verilən sualı Andreyeva qeyd edəndə və
"Kiyevlə dəqiqləşdirərəm" deyəndə,
Əmirə Raufun get-gedə bizimlə söhbəti davam etməyə
həvəsi qalmırdı. Nəhayət: "Mənim tezliklə
hindlilərlə görüşüm başlayacaq", - dedi və
görüşü sabah davam etməmizi təklif etdi. Sonra bizimlə sağollaşıb iclas
otağını tərk etdi. Biz isə yaranmış vəziyyətin
təsirindən çıxa bilmirdik. Hər kəs
hələ oturduğu yerdə qalmışdı. Mən
onları sakitləşdirib, daha burda qalmağın mənasız
olduğunu dedim və ofisə qayıtmağımızı təklif
etdim. Bütün yolboyu Andreyeva
danışmadı. Nəsə dərin
fikirdə idi. Sonra sükutu pozaraq: "Mən həmişə
elə bilirdim ki, ərəb qadınları yalnız hərəmxanada
olurlar. Heç vaxt düşünməzdim ki,
onlardan biri bu gün məni öz analitik ağlıyla belə
asanca küncə sıxacaq. Görünür, hərəmxanada
elə biz özümüzük", - dedi.
Bu, bir tərəfdən məni kədərləndirirdi,
bir tərəfdən də buna sevinirdim. Kədərlənirdim
ona görə ki, biz layihəni hələ ki, təsdiq elətdirə
bilmirdik. Ona görə sevinirdim ki, şərq
qadını haqqında olan stereotip ən azından bir elmlər
doktoru olan avropalı qadını da dəyişmişdi.
***
Biz Marağanı və Azərişəhri arxada
qoymuşduq.
Getdiyimiz 16 nömrəli yolun kənarında tez-tez Təbrizə
olan məsafəni göstərən lövhələr
görürdüm. Axırıncı
gördüyüm lövhədə "Təbriz - 60 km"
yazılmışdı. Deməli, təxminən
bir saatdan sonra, nəhayət, ömrüm boyu görmək
arzusunda olduğum, şairlərimizin,
yazıçılarımızın, ümumiyyətlə,
hamımızın həsrətinə çevrilmiş Təbrizə
çatmalıydıq. Mənim Təbrizlə
ilk şifahi tanışlığım hələ lap
uşaq yaşlarımda oxuduğum, yazıçı Məmməd
Səid Ordubadinin "Dumanlı Təbriz" romanı ilə
olmuşdu. Sonralar, böyüdükcə
haqqında daha çox şeylər öyrənmişdim.
Bir sözlə, Təbriz çoxdan mənim
arzularımın şəhəri idi. Hətta
mənə elə gəlirdi ki, mən bu şəhərdə
çoxdan olmuşam. Yolboyu bu xəyallarla
yaşayırdım. Yolun azalmasına
baxmayaraq, elə bil, vaxt getmirdi. Bütün
keçdiyimiz min kilometrlik yolu, mənə elə gəlirdi
ki, bu qalan məsafədən daha tez keçmişdik. Bir sözlə, vaxt getmək bilmirdi. Təbrizə yaxınlaşdıqca, yol sanki daha da
uzanırdı. Nəhayət, Firudin uzaqdakı gecə
işıqlarını göstərərək:
- "Təbrizdir,
çatırıq", - dedi.
Gecə saat 12-yə işləmişdi. Artıq şəhərə
girmişdik. Bəzən geniş, bəzən
də dar küçələrdən keçərək,
şəhərin mərkəzinə doğru gedirdik. Mən isə qarşımıza çıxan hər
şeyi nəzərimdən qaçırmamağa
çalışırdım, hər şeyi yaddaşımda
həkk eləmək istəyirdim. Yolboyu
düzülmüş, çox da hündür olmayan
binaların qədim olduğu görünürdü. Mən hələ heç bir şey anlaya bilmirdim.
Fikirləşirdim ki, qarşıdakı
üç gündə bütün Təbrizin başından
vurub ayağından çıxacam.
- Hara gedək?
- deyə Firudin məndən soruşdu.
-
Yaxşı bir hotelə, - dedim
- Bir "Alquli" hoteli var, - dedi, - Gəl aparım ora.
- Hotelin
adı "Alquli"dir? - deyə
soruşdum.
- Bəli,
- dedi
- O, nə
addır? - deyə maraqlandım.
Firudin nəsə
anlatmağa çalışsa da, yenə də adəti üzrə onu
başa düşə bilmədim.
- Sür
gedək ora, - dedim.
Firudin məni
gölün üstündə tikilmiş, beşulduzlu bir hotelə gətirdi.
Hotelin üstündəki "El
gölü" hotel sözünü oxuyanda Firudinə
gülməyim tutdu.
- Firudin,
bu "Alquli" yox, "El gölü"dür.
Firudin çiyinlərini çəkdi, bir söz demədi. Sonra öyrəndim
ki, hotel burda olan gölün adından
götürülmüşdür. Bu göl əvvəllər
- Şahın dövründə "Şah gölü"
adlanmış, şah üsul-idarəsi devriləndən sonra
gölün adını dəyişib "El gölü"
qoymuşlar.
Firudinə və özümə hoteldə yer aldıqdan sonra bir az foyedə oturduq. Ona minnətdarlıq etdim, verdiyim əziyyətə görə üzr istədim. O, məni bərk-bərk qucaqladı, türk dilində nə qədər yaxşı söz bilirdisə, hamısını birnəfəsə mənə söylədi. Sabah saat altıda geri qayıtmaq istədiyini dilə gətirdi. Mənə elə gəldi ki, bu az müddətdə öyrəşdiyim Firudinsiz nəsə çatışmayacaq burda. Təklif etdim ki, qalsın. Üzr istədi və mütləq getməli olduğunu dedi. Onunla sağollaşıb ayrıldıq. Doğrudan da, qəribə bir hisslə ayrıldın ondan. Bilirdim ki, bu adam mənim yaddaşımda həmişəlik qalacaq. Mənim həyatımda çox hadisələr baş verib, lakin onlardan bəzilərini tez-tez xatıyrlayıram. Bir günlük yol yoldaşı olduğum Firudin də yəqin yaddaşımdan heç vaxt silinməyəcək.
Səhər saat doqquza yaxın oyandım. Bir an
harda olduğumu anlaya bilmədim. Gündə
eşitdiyim partlayış səsləri yox idi, həm də
hər tərəfi yandıran istini sərin hava əvəz
etmişdi. Bu, gündəlik adət etdiyim
həyatın əksi idi. Anlayanda ki, Təbrizdəyəm,
ruhuma bir sevinc hopdu həmin an... Saat on radələrində
səhər yeməyi üçün ikinci mərtəbədə
yerləşən restorana düşdüm. İçəri girəndə restoranın adamla
dolu olduğunu gördüm. Ətrafa
göz gəzdirdim. Gözlərimə və
qulaqlarıma inana bilmirdim. Hamı azərbaycanca
danışırdı. Həm də
şirin bir ləhcəylə danışırdılar.
Mən bura niyə gəldiyimi unutmuşdum.
Yaxın masaların birinin arxasında əyləşdim
və tanımadığım, çox doğma olan bu
adamların danışıqlarına qulaq asmağa
başladım. Hərdən mənə elə
gəlirdi ki, onların ləhcələri fərqlidir. İlk nəzərdə mənə elə gəldi
ki, onlar bizim Naxçıvan ləhcəsinə yaxın bir ləhcədə
danışırlar. Oturduğum yerdə
quruyub qalmışdım. Ürəyimdən
keçən qəribə sevinc hissləri məni boğurdu.
Sevincim hüdudsuz idi. Bəlkə
də, həyatımda ən çox sevindiyim gün idi bu
gün. Bütün ömrümə bərabər
bir gün!..
Zahid
ŞAHSUVAROV
525-ci qəzet.-2021.- 26 yanvar.- S.13.