Bayrağımız - baş
tacımız...
Bayraq deyəndə
müqəddəs, Ay, Günəş
kimi toxunulmaz, əlçatmaz, vicdan qədər qorunub uca tutulan dəyərimiz
gözümüz önündə
canlanır. Ona görə hər
zaman baş üstündə tutulur, məqamı zirvələr
olur.
Bəs mənliyi,
kimliyi, müqəddəsliyi,
toxunulmazlığı bəzən
niyə yanlış məqsədlər üçün
istifadə edirlər? Niyə? Yəni bayrağın bayraq olmasını anlamaq bu qədərmi çətindi? Bayraqdan paltar
biçilir, tikilir, əyinə geyilir. Bu, harada görünüb?
Bir başqa xalqda, millətdə görmüsünüzmü,
heç nə demirəm, elə təkcə dövlət atributu olaraq bayrağı nüfuzdan salacaq bir işə
qol qoysunlar? Biz bir millət,
xalq olaraq vətəni, dövləti,
onun müqəddəsliyini
simvolizə edən atributları hər zaman qoruyuruq, əziz tuturuq.
Sosial şəbəkələrdən
aktiv istifadə edən biriyəm. Təbii ki,
burada qarşımıza
əksəriyyətini heç
tanımadığımız insanların paylaşımları
çıxır. Bir
az əvvəl
də bəzi müğənnilərin vətənpərvər
mahnı oxuyarkən bayrağı geyinməsi ictimaiyyət tərəfindən
sərt tənqid olunmuşdu. Hətta hörmətli professorlarımızdan
biri, həm də türkoloq-alim bu məsələyə münasibət bildirərək,
"bayraqdan paltar geyinmək olar, amma yaxşı olar ki, qurşaqdan
yuxarı olsun" yazmışdı. Yəni bu
qədərmi vacibdir bayrağın geyimə çevrilməsi? Olmaz, qətiyyən
tərəfdarı deyiləm.
Mənimlə razılaşanlar çoxdur, bilirəm.
Qarşıma çıxan başqa
bir paylaşım məni bunları diktə ilə yazmağa vadar etdi. Tortun üzərinə salınmış bayraq cəbhə bölgəsindən
gəlmiş əsgər
tərəfindən bıçaqla
şirinlik kimi kəsilir. Olmaz! Niyə olmaz?
Qırx dörd günlük Vətən müharibəsi
dövründə bəlkə
də, ən çox gözümüzü
oxşayan, hər yerdə qarşımıza
çıxan üçrəngli
bayrağımız oldu. Əlimizdən düşmədi, başımızın
üstündən yerə
enmədi. Qarabağda, azad
olunan torpaqlarımızda
ən müqəddəs
zirvələrdə ucaldı.
Bayraq, onu o zirvələrə qaldıran
müqəddəs şəhidlərimizin
tabutuna, məzarına
örpək oldu. Hər şəhid atası, hər şəhid yaxını o bayrağı
öpərək gözünün
üsünə qoydu,
bağrına basdı
balası kimi, atası kimi, qardaşı kimi... Bəs belə bir müqəddəsliyi
geyim kimi istifadə etmək, doğramaq olarmı?
Cəfər Cabbarlının bayraq şeiri də yəqin ki, yadınızdadır.
Deyir:
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə
kölgə salan?
Nə imiş
bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı,
al çiçəkli, yaşıl
otlar topasımı?
Xayır,
xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
Bu gün bayraqdan paltar tikənlər, tort bişirib satanlar, onu bıçaqla tikə-tikə doğrayıb yeyənlər, bu şeiri oxuyun və düşünün. Şair onu çiçəyə bənzətmir ki, çiçək solur, yaşıl ota bənzətmir ki, ot yerdə tapdanır. Bayrağımız ulduzlardan, Aydan yüksəklərdə dalğalanır. Onun yeri əngin səmalardır. Onun mənası bölünməzlikdir, şərəfdir, qürurdur.
Ən çox təəssüf doğuran isə sadaladığım bu mənfi hallara bəzən bir çox ziyalılar, üzdə olan bəzi məhşurları tərəfindən yol verilməsidir. Sadə insanların etdiyi səhvi bəlkə də, bağışlamaq olar. Amma ziyalılara yox. Hər gün şagirdinə bayrağın ucalığından danışan müəllim bayrağı qulaqlarının arxasına sancıb rəqs edir. Hər gün milyonların qarşısına çıxıb "Bayrağım mənim" oxuyanlar əvvəl özlərinə sual versinlər: Mənliyim, kimliyim dediyim bayrağı səhnə paltarı kimi geyinib ortalığa çıxmaq hansı məntiqə sığır?
Bayrağı məşəl kimi başının üstünə qaldıran, şəhid yoldaşının tabutuna büküb onu əbədi məkanına göndərən əsgərə evdə bayraqla bəzənmiş tortu kəsdirmək düzgündürmü? Onu doğrayıb yeyəndə hansı hissləri yaşayırsınız, bunun fərqinə vardınızmı heç? Bu həyatda başqalarından fərqli olmaq üçün çox gözəl əməllər var!..
Unutmayaq, birliyimizi, gücümüzü, dövlətçiliyimizi ifadə edən üçrəngli bayrağımıza qarşı hər zaman, hər yerdə diqqətli olmaq insanlıq, vətəndaşlıq, vəzifə borcumuzdur. Amma hər yeri bayraqla bəzəməklə vətənpərvərlik olmur! Ürəyinizdə gəzdirin yetər! Yeri ürək olanın, məkanı əbədilik olur. Müharibə vaxtı, evlərə bayraq bükülmüş tabutlar gələndə ürəyimdən ağrıyaraq qürur dolu bu misralar keçmişdi:
Hər şəhid bir bayraqdır,
Hər şəhid bir vətəndir.
Qaldırın göy üzünə,
Çiyninizin üstündə
Göyə dua göndərin!
O, Göyün duasıdır,
Ruhumun, mənliyimin,
Qələbə havasıdır!..
Bu yazıya görə bəlkə məni qınayanlar da olacaq. Qınamayın! Mən Vətənimi də, onun bayrağa dönən qəhrəman, nurüzlü oğullarını da, himnimizi də, üçrəngli bayrağımızı da bəzək-düzəksiz sevirəm... Ya dəyər verib sevəcəksən, ya da sevib dəyər verəcəksən!..
Təranə ARİFQIZI
525-ci qəzet.-2021.- 26 yanvar.- S.12.