Məcnunun cahana sığmayan aşiqliyi Nizami qələmində  

 

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvidən danışmağa cürət eləyib, onun dəryalarca dərin yaradıcılığına baş vurmağa hazırlaşırıqsa, yaxşı-yaxşı dərk etməliyik ki, dünya poeziya zirvəsini beş dəfə fəth etmiş insan haqqında yeni bir fikir söyləmək son dərəcə çətindir. Yəni Nizami haqqında bu günə qədər deyilməyən, yazılmayan bir fikir tapmaq müşkül işdir. Amma sırf öz mövqeyimizdən çıxış etsək, başqa sözlə, hər kəs öz qəlbində, xəyalında yaşatdığı Nizamidən danışsa, bəlkə də yeni bir şey demək mümkün olar.

 

Mən nə nizamişunas aliməm, nə də bu mövqedən çıxış etmək fikrindəyəm. Adi bir yazıçıyam və bu yazıda söyləyəcəyim fikir və mülahizələr də, təbii ki, yazıçı baxışı bucağından görünən müşahidələr olacaq. Dahi şairin yaradıcılığından bəhs edərkən onun mürəkkəb düşüncə dünyasını səciyyələndirən bəzi incəliklərə toxunmağa çalışacam. Başqa sözlə, bu monumental ədəbi gerçəkliyə yeni bir nöqtədən baxmaqla yeni bir oxucu mövqeyi sərgiləmək istərdim.

 

Nizami Gəncəvinin şah əsəri olan "Leyli və Məcnun" barədə fikir söyləməyən, ən azından bu əsəri oxuduqdan sonra uzun müddət onun təsiri altında olmayan insan tapmaq çətindir. Mən də həmin poemanı bir neçə dəfə oxumuş (hətta sözügedən əsərin nəşrlərindən birinin redaktoru olmaq şərəfinin şirinliyini dadmışam), əsərdəki çoxşaxəli fikirlərin, mürəkkəb təşbehlərin altqatına varmağa cəhd eləmişəm.

 

Yəqin oxucular yaxşı bilirlər ki, dahi Nizami "Leyli və Məcnun" poemasını Şirvanşahın sifarişi ilə yazmamışdan öncə iki gəncin - Qeyslə Leylinin ülvi məhəbbətindən bəhs edən çox sadə (bəlkə də bir az primitiv) ərəb rəvayəti mövcüd idi.

 

Bu yerdə qeyd etməliyəm ki, əsərin əsasını təşkil edən həmin qədim ərəb rəvayətinə görə, Qeys və Leyli qohumdurlar, daha dəqiq, onlar əmiuşağıdırlar, ataları doğma qardaşdır. Amma Nizami Gəncəvinin əsərində onlar qohum deyillər, hətta ayrı-ayrı tayfadan olan iki gəncdir. Rəvayətdə deyilənə görə, onlar bir-birinə olan hissləri şeirlə ifadə eləyərmişlər, yəni bir-birinə sevgi şeirləri həsr edər, sonradan bu şeirləri gizlin yollarla bir-birlərinə ötürərmişlər. Həmin şeirlər sinədəftər insanların vasitəsiylə dildən-dilə keçərək ərəb folklorunda özünəməxsus yer tutur. Hətta deyilənə görə, bədəvi ərəblər, indi də həmin şeirləri əzbər bilirlər və yeri gəldikcə məclislərdə oxuyurlar. Güman ki, ərəb şifahi xalq ədəbiyyatının bu uzunömürlü nümunələrini rəvayətin qəhrəmanları deyil, el şairləri yazıb göyərçinlər kimi minilliklərin sonsuz fəzalarına buraxıblar.

 

Məlumdur ki, Nizami Gəncəviyə qədər də ayrı-ayrı şairlər həmin rəvayəti qələmə almış, nəzmə çəkmişlər, amma görünür, o, məhz dahi Nizami Gəncəvi yaradıcılığının yüksəkliyində qərar tutmalı və orada abidələşərək əbədiləşməli idi.

 

Bu barədə danışarkən hörmətli oxucuların diqqətini çox maraqlı bir məqama yönəltmək istərdim.

 

Məlum məsələdir ki, istənilən əsər öz adından başlanır. Biz də haqqında fikir yürütmək istədiyimiz əsərin sərlövhəsindən başlayaq: "Leyli və Məcnun"... Nəyə görə dahi şair öz əsərini "Leyli və Qeys" deyil, "Leyli və Məcnun" adlandırdı? Leyli qadın adıdır, amma Məcnun kişi adı deyil axı. Məcnun Qeysin ruhi durumudur, onun ruhi vəziyyətini əks etdirən bir haldır, yəni məcnunluq Qeysin qəlbinə, daxilinə hakim kəsilən vəziyyətdir. Başqa sözlə, Qeys sevəndən sonra Məcnundur, dəli-divanədir.

 

Leyliyə olan alovlu sevgisi Qeysi çöllərə salıb Məcnuna çevirir. Poemada Məcnun səhrada gəzə-gəzə gəlir, uçuq bir divarın yanında dayanır. Qəflətən görür ki, divara iki ad - Məcnun və Leyli - yazılıb. Oğlan divardakı adlara baxır-baxır, birdən yaxınlaşıb dəli bir ehtirasla Leyli adını dırnaqlarıyla qoparmağa cəhd edir və nəticədə sıyırır, Leyli sözünü Məcnun sözünün yanından pozur. Bu hadisənin şahidləri ondan soruşurlar ki, ey Qeys, sən niyə belə elədin, Leylinin adını divardan niyə sildin, sən onu sevirsən axı! Görün, Qeys onların cavabında nə deyir? O deyir ki, - poemanı düzgün başa düşmək üçün onun bu sözlərini hökmən yadda saxlamalıyıq - əgər burada Məcnun sözü yazılıbsa, Leyli sözünə ehtiyac qalmır, çünki Leyli Məcnunun içindədir, Leyli Məcnunun qəlbindədir, nəhayət, Leyli Məcnunun varlığındadır. Başqa sözlə, Məcnunda həm Qeys var, həm də Leyli. Yəni o deyir ki, mən bir Məcnun olaraq bir qabığam, zahirəm, Leyli isə məzmundur. Mən sadəcə çərçivəyəm, Leyli həmin çərçivənin içində olan mənadır. Belə ki, əgər Məcnun yazılıbsa, digər ada ehtiyac qalmır, sevilən xanımın adı sevən kişinin adının içindədir, onun qəlbinin dərin qatlarındadır.

 

Leyli və Məcnun” poeması | Nizami Gəncəvi

 

Bax, bu yerdə yuxarıdakı fikrimə qayıdıram: müəllif - dahi Nizami ona görə Qeys adını əsərin başlığına çıxarmadı, onu Məcnun sözü ilə əvəz elədi ki, bütün poemanın məğzi və mənası Məcnun sözündədir.

 

Leylini İbn Salama ərə verirlər və bir axşam ona da açıb deyir Məcnunu sevdiyini. Unutmayaq ki, məkan Şərq, zaman orta əsrlərdir. Xanımın öz qəlbinin dərinliyindəki ülvi sirri ərinə açması çox müşkül, hətta o dövr üçün ağlasığmaz bir işdir. Amma Leyli özündə cəsarət tapıb bunu deyə bilir. Nizami Gəncəvinin bu cür qadın obrazından bəhs edərkən onun digər bir şedevrinin baş qəhrəmanı - Şirin obrazı yada düşür. Sözsüz ki, biz azərbaycanlılar üçün Nizami Gəncəvinin hər bir əsəri və yaratdığı hər bir obraz əzizdir. Çünki onlar azərbaycanlı təfəkküründən doğan, azərbaycanlı təfəkkürünün məfkürəsində bişən, sonradan bəşəriyyətə bəxş olunan əsərlər və obrazlardır. Biz bununla daim fəxr edirik və həmişə fəxr edəcəyik. Bəli, həmin daimyaşar obrazlardan biri də qadın cürəti ilə Leylini xatırladan "Xosrov və Şirin"dəki Şirin obrazıdır. Şirinin nə qədər sərbəst olması, güman ki, oxucuların yaxşı yadındadır. Bu, bir azərbaycanlı xanımın obrazıdır. Hələ indi, XXI əsrdə belə ara-sıra qadın emansipikasiyasından, qadın-kişi bərabərliyi haqqında, qadın hüquqları barədə danışırlar. Bizim ulu şairimiz isə hələ orta əsrlərdə Şirin obrazını, azad qadın obrazını yaradır.

 

Dahi Nizaminin əsərlərindəki qadın obrazları haqqında, konkret olaraq Leyli haqqında danışarkən bir məqama hökmən toxunmalıyıq və mənə elə gəlir ki, toxunacağımız həmin məsələ əsərin dərinliyinə varmaqda bizə yardımçı olacaq.

 

Nizami Gəncəvinin baxış bucağından qadın kimdir? Qadın qapıdır. Kişi həmin qapıdan insaniyyət aləminə daxil ola bilər. Başqa sözlə, yeniyetmə oğlan bir insan olaraq həmin qapıdan keçib kişi ola bilər, bu sözün əsl mənasında sivil insan dünyasına qədəm qoya bilər. Kişi yerə-göyə sığmayan sevgisini də götürüb həmin qapıdan çıxıb çöllərə düşə, ucu-bucağı olmayan, bütün sevgiləri öz içində birləşdirən sonsuz aləmə üz tuta bilər... Məcnun kimi....

 

Kulturoloji baxımdan bəşər tarixi barədə maraqlı bir konsepsiya mövcuddur. Bu sahədə çalışan tədqiqadçıların fikrincə, mədəniyyətlə çərçivələnmiş insan aləminə gəlməyin və ordan çıxmağın yolları beş mərhələdən ibarətdir: 1.Meşələr və vəhşi heyvanat aləmi, 2.Mal-qara və qoyun-quzu üçün otlaqlar, 3.Şəhərətrafı təsərrüfat, 4.İnsanın özünün qurduğu şəhərin ətrafına çəkdiyi hasar və şəhərin alaqapısı və nəhayət 5.Şəhər. Beləliklə, insan sivillik daxilində öz azadlığını darlaşdıraraq, hiss və emosiyalarına mədəniyyət çıdarı vuraraq özünün fəaliyyət sahəsini məhdudlaşdıra-məhdudlaşdıra dar çərçivəyə salır. Başqa sözlə, insan hələ ki, çöldədir, hələ ki, şəhərin alaqapısından daxil olmayıb, onun hisslərinin meydanı da, fəaliyyət sahəsi də sonsuzdur.

 

 

 

Bu yerdə Məcnunla müqayisə etmək üçün qədim dünya ədəbiyyatından başqa bir baş personajı xatırlamaq istərdim. Söhbət qədim şumer dastanından - "Bilqamıs"dan gedir. Orada Bilqamısın özbaşınalığından bezən çarəsiz insanlar tanrıya dua edərək yalvarırlar ki, onun azğınlığının qarşısını alsın. Tanrı onların bu yalvarışlarının cavabında gildən Bilqamıssayağı yeni bir igid yaradır və Enkidu adlandırılan bu igidə də Bilqamısda olan gücü-qüdrəti, xüsusiyyətləri verir. İnsanlara kömək üçün yaradılan Enkidu da Bilqamıs kimi onları incitməyə başlayır. Ov məqsədi ilə qurulmuş tələləri, bərələri qırıb dağıdır, otlaqları məhv edir, örüşdəki ev heyvanlarını açıb buraxır və sair. Beləliklə, Bilqamısdan tanrıya şikayət edən insanlar artıq bu dəfə məcbur olurlar ki, Enkidudan Bilqamısa şikayət etsinlər.

 

Bilqamıs bir müddət düşündükdən sonra belə bir çıxış yolu tapır: şəhərin ən gözəl xanımını Enkidunun yanına göndərir. Həm də bu gözəl xanıma tapşırır ki, Enkidunu görəndə onun qarşısına paltarsız çıxsın. Çünki həmin igidin insan aləminə daxil olması üçün onun qəlbində kişi ehtirasını oyatmaq lazım idi.

 

Xanım Bilqamısın tapşırığına tam dəqiqliyi ilə əməl edir, arayıb-axtarıb ipə-sapa yatmayan igidi tapır. Onunla üz-üzə gələndə özünü elə aparır ki, Enkidu ona vurulur və demək olar, ətrafında hər şeyi, o cümlədən, vəhşi heyvanları, hətta onlarla dostluğunu belə unudur. Bu minvalla həmin qadınla yeddi gün, yeddi gecə birlikdə qalırlar, qadın göstərdiyi nəvazişdən savayı, ona isti xörək bişirir. Enkidu həyatında ilk dəfə olaraq od-ocaq görür. Od-ocaq isə artıq ailə, ev-eşik deməkdir, sivil insanların mədəni aləminə gəlmək deməkdir. Beləliklə, igid öz azadlığını unudur və yuxarıda dediyim kimi, qadın onun üçün qapı rolunu oynayır, Enkidu öz həyatının nəhayətsizliyini məhdudlaşdıraraq həmin beş mərhələni ardıcılıqla keçib şəhərə, yəni hasarlı məkana, başqa sözlə, sivilliyə daxil olur...

 

Əsrlər keçir, Məcnuna Leylinin timsalında bir qapı açılır, yuxarıda dediyimiz kimi, dünyalarca sevgisinin sığmadığı çəpərli sahədən çıxıb çöllərə düşür, əsrlər öncə Enkidu gəldiyi yolu geri qayıdır və ucsuz-bucaqsız sonsuzluğa qovuşur. Məcnun bu addımıyla göstərir ki, əsl eşq, gerçək məhəbbət bir şəhərin içinə, insanların yaratdığı çərçivəyə sığmır. O, qapını arxasınca çırparaq geniş fəzalara, aləmin sonsuzluğuna, həyatın başlanğıcına, təbiətin ilkinliyinə can atır.

 

"Leyli və Məcnun"dan sonra yazılan bütün əsərlərin, ələlxüsus da qərb ədəbiyyatındakı sevgi romanlarının baş qəhrəmanlarını Məcnundan fərqləndirən başlıca cəhət də məhz budur: Onlar sevərkən qapıdan girməyə, yəni qapalı məkana can atırlar, çünki onların sevgisi də ora sığır, özlərini də çərçivəli mühitdə rahat hiss edirlər. Məcnun isə qapını arxasıyla şəstlə örtüb öz sevgisi ilə birlikdə kainatın sonsuzluğuna qovuşur.

 

 

İmir MƏMMƏDLİ

 

525-ci qəzet.-2021.-  26 yanvar.- S.11.