Mart qırğınlarına "Yeni
Qafqasya" dərgisinin baxışı
"Şərq
məsələsi"ndə çirkin alət kimi istifadə
olunan ermənilər havadarlarının hərtərəfli
siyasi, ideoloji və maddi yardımı ilə mənfur və məkrli
niyyətləri, sonu görünməyən ərazi
iddiaları ilə tarixin ayrı-ayrı dövrlərində
- xüsusi ilə 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və
müstəqilliyin ilk illərində xalqımıza
qarşı dəhşətli cinayətlər, qətliamlar,
qırğınlar, terror aktları törətmiş, sovet
rejiminin repressiya və sürgün siyasətinin həyata
keçirilməsinə rəvac vermiş, on minlərlə azərbaycanlını
qanına qəltan etmiş, yüz minlərlə
soydaşımızı doğma ocağından didərgin
salmış, şəhərləri, kənd və qəsəbələri
yandırmış, viran qoymuşlar.
1918-ci il martın 30, 31-də və aprelin 1-də, bolşevik cildinə
girmiş S.Şaumyan, G.Korqanov, T.Əmiryan, H.Amazasp, C.Lalayev və
digər cinayətkar erməni-daşnak quldurlarının rəhbərliyi
ilə, Bakıda, Şamaxıda, Göyçayda, Ərəş
və Quba qəzalarının kəndlərində, Azərbaycanın
digər bölgələrində soydaşlarımıza
qarşı ağlasığmaz üsullarla kütləvi
qırğınlar törədilib, minlərlə
günahsız insan qətlə yetirilib. Bakıda 15 min nəfərdən,
Şamaxı qəzasında 8 min nəfərdən çox əliyalın,
müdafiəsiz azərbaycanlı misli görünməmiş
vəhşiliklə öldürülmüş, şəhərlərin
əsas mədəni, tarixi, dini binaları, maarif, təhsil
müəssisələri, nəşriyyat və qəzet
redaksiyaları yandırılmışdı. Quba qəzasında
122, Şamaxı qəzasında 86 müsəlman kəndi
dağıdılmış, Gəncə, Qarabağ, Zəngəzur,
Naxçıvan, Zəngilan və ölkəmizin digər
bölgələri də eyni taleyi yaşamışdı.
Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci
ilin mart hadisələrinin araşdırılmasına və
onun qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə
xüsusi diqqət yetirib. İki dəfə -
1919 və 1920-ci illərdə mart ayının 31-i
ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti ermənilərin Zaqafqaziyada dinc müsəlman əhalisinə
qarşı törətdikləri zorakılığın tədqiq
edilməsi üçün 1918-ci il iyulun 15-də Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması haqqında qərar
verib. Bakı qırğını, demək olar
ki, tam sənədləşdirilib. Lakin
Xalq Cümhuriyyətinin süqutundan sonra bu Komissiya öz fəaliyyətini
dayandırır, beləliklə, erməni cinayətləri
sona qədər tədqiq edilmir, ona siyasi-hüquqi qiymət
verilmir.
Böyük
dövlətlər bu dəfə də erməni vəhşiliyini
laqeydliklə seyr etmiş, bəşəriyyət bu cinayətlərə
biganə qalaraq yenə susmuşdu... Yanlız
bir səs - Azərbaycanın istiqlalı uğrunda bolşevik
rejiminə və kommunist ideologiyasına qarşı
amansız mücadilə aparan mühacir mücahidlər
susmadılar. Mart qırğınlarına dair materiallara
mühacirlərin yazdığı məqalə və
memuarlarda (Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və
bütöv bir ömür", Mirzə Abay
Dağlının "Onlar türklərdi", Hüseyn
Baykaranın "Azerbaycan istiklal mücadelesi tarixi", Məhəmməd
Altunbayın "Hürriyyətə uçan türk" və
s.), dövri nəşrlərdə ("Yeni Qafqasya",
"Odlu yurd", "Azəri türk", "Azərbaycan
yurd bilgisi", "Mücahid", "Türk izi" -
(İstanbul), "İstiqlal", "Qurtuluş" (Berlin),
"Azərbaycan" (Ankara) və s. kimi), mətbu orqanlarda təsadüf
edilir.
Sovet hakimiyyəti illərində mart
soyqırımının əsl mahiyyətinin ciddi cəhdlə
xalqdan gizlədildiyini, tarixi hadisələrin
saxtalaşdırıldığını, mənbələrin
məhv edildiyini nəzərə alsaq, mühacirlərə məxsus
materialların bu gün nə qədər böyük əhəmiyyət
kəsb etdiyi aydın olar. Bu baxımdan
mühacirət və ümumən Azərbaycan mətbuat
tarixinin ən şərəfli, döyüşkən
nümunələrindən olan "Yeni Qafqasya" dərgisində
dərc olunan yazılar xüsusi ilə diqqəti çəkir.
Dövrün
mühüm hadisələrini, o cümlədən, Mart
qırğınlarını, erməni cinayətlərini
öyrənmək, nəticə çıxarmaq nöqteyi-nəzərindən
əvəzsiz mənbə olan
"Yeni Qafqasya" dərgisi 1923-cü il sentyabrın
26-da M.Ə.Rəsulzadənin rəhbərliyi ilə
İstanbulda nəşrə başlamış, 5-il sonra
-1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi
buraxılmışdı. "Ədəbi, ictimai, siyasi məcmuə"
kimi on beş gündə bir dəfə ərəb əlifbası
ilə çıxan "Yeni Qafqasya"nın
ilk nömrəsində M.Ə.Rəsulzadənin "Atəş
çalan Prometey (Proqram məqaləsi əvəzinə)"
yazısı dərc olunmuşdu. Proqram məqalədə və
dərginin 4 oktyabr 1924-cü il tarixli 1-ci nömrəsində
"İkinci ilə girərkən" sərlövhəli
baş məqalədə Məhəmməd Əmin Rəsulzadə
"Yeni Qafqasya" qarşısında duran məram və vəzifələrdən
geniş bəhs edir, dərginin 3 oktyabr 1925-ci il tarixli 1-ci
nömrəsində isə müəllif "Yeni
Qafqasya"nın proqramını maddələr şəklində
belə ümumiləşdirir:
"1. "Yeni Qafqasya" milliyyətçi, radikal və
demokratdır.
2.
"Yeni Qafqasya" Türkçüdür. Türklərin
mədəni tərəflərini, mədəni əlaqələrini,
mənəvi vəhdət və istiqlallarını hədəf
seçir.
3.
"Yeni Qafqasya" Türk davasının Azəri cəbhəsini
müdafiəyə mükəlləf Azərbaycan
istiqlalçılarının ümumi fikridir.
4.
"Yeni Qafqasya" Qafqaz millətlərinin Rusiya əsarətindən
xilas olmasını və baş verə biləcək Rusiya
istilasına qarşı müvəffəqiyyətlə
durmasını təmin üçün Qafqazın
konfederasiya şəklində birləşməsi tərəfdarıdır.
5.
"Yeni Qafqasya" yalnız Azərbaycançılıq,
Türkçülük və Qafqazyaçılıqla
qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını
da, məqbul hesab etdiyi ictimai fikri mənimsəmiş, Şərqin
radikal bir surətdə müasirləşməsini
bütün səmimiyyəti ilə gələcək fəaliyyəti
üçün seçmişdir;
6. "Yeni Qafqasya" xüsusilə Rusiya imperializminə
qarşı mücadilə edir, o, çarizmi olduğu qədər
bolşevizmi də Türk dünyası üçün zərərli
və Qafqaza düşmən görür".
Yeri gəlmişkən, dərginin bütün dəsti
kitab şəkilində Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibəti ilə nəşr olunmuşdur
("Yeni Qafqasya". 4 kitab. 1923-1927-ci illər. Nəşrə
hazırlayanlar: Yavuz Akpinar, Səlcuk Türkyılmaz,
Yılmaz Özkaya. TEAS Press Nəşriyyat evi.,
İstanbul, 2018). "Yeni Qafqasya"nın
mətbuat tariximizdəki yeri və rolunu, onun bolşevik rejiminə,
kommunist ideologiyasına qarşı amansız və ciddi
mübarizəsini Məhəmməd Əmin Rəsulzadə,
Mirzə Bala Məhəmmədzadə, digər mücahidlər
çox yüksək dəyərləndirmişlər.
Dərginin
(M.Qərib. "Türklüyünn
böyük günlərindən (15 Sentyabr münasibəti ilə)"
(¹1, 1923); Azəri. "31 Mart 1918" (¹13,
1924); Azəri. "Erməni məsələsi"
(¹16, 1924); Miralay İsrafil bəy İsrafilov. "Azərbaycan Ordusu haqqında"; "Azərbaycan
İstiqlal Cəmiyyəti"i Mərkəzi Heyətindən.
"Bir intibahnamə" (¹17, 1924); Azəri.
"Mart faciəsi" (¹13, 1925); "15
Sentyabr" (¹24, 1925); M.Ə.Rəsulzadə. "Üçüncü il başında" (¹1,
1925); Mirzə Bala Məhəmmədzadə. "Azərbaycan
misaqi-millisi" (¹17, 15 , ¹18, ¹19, ¹20, ¹21,
1926; ¹1, 1927); "15 Sentyabr münasibəti ilə" (¹24,
1927-ci il) və digər yazılar 1918-ci ilin mart-aprel
aylarında ermənilərin törətdikləri qanlı
aksiyalar, dəhşətli cinayətlər, onların
miqyası və amansızlığı, faciə
qurbanlarının sayı haqqında daha geniş, dolğun məlumat
əldə etmək üçün etibarlı məxəzlərdir.
Mühacir müəlliflər xarici ölkələrdə, eləcə
də Türkiyədə Sovet kəşfiyyatçıları,
xəfiyyələri tətəfindən təqib olunduğu,
qətlə yetirildiyi üçün bədii əsərlərini,
publisistik məqalələrini, o cümlədən, Mart
qırğınları haqqındakı yazılarını
da gizli imzalarla qələmə almaq məcburiyyətidə
idilər. Türkiyə və Azərbaycanlı
tədqiqatçılar "Yeni Qafqasya" dərgisində
"Azəri" imzasının haqlı olaraq, Məhəmməd
Əmin Rəsulzadəyə aid olduğu qənaətindədirlər.
Fikrimizcə, "M.Qərib" imzası da Məhəmməd
Əmin Rəsulzadəyə mənsubdur və bu qənaətimiz
üçün ciddi əsaslar var:
- İlk
illərdə, Mirzə Bala (M.Ə.Rəsulzadədən sonra
dərginin əsas yazarı) İrandan redaksiyaya ara-sıra məqalələr
göndərsə də, onun Türkiyəyə gəldiyi
vaxta kimi dərginin əksər materiallarını Məhəmməd
Əmin Rəsulzadə yazır və çapa
hazırlayırdı;
- Dərgidə
Mart qırğınları mövzusuna əsasən Məhəmməd
Əmin Rəsulzadə müraciət etmişdir;
- "M.Qərib"
imzası ilə "Yeni Qafqasya"nın
yalnız ilk nömrələrində və cəmi 4 yazı
dərc edilmişdir. Həmin yazılara məxsus dil,
üslub, sənətkarlıq məsələləri, toxunulan
problemlər, mövzular Məhəmməd Əmin Rəsulzadə
yaradıcılığına xasdır və bütün
bunlar həmin imza ilə dərc olunan yazıların da Məhəmməd
Əmin Rəsulzadəyə mənsub olduğuna dəlalət
edir.
"Türklüyünn
böyük günlərindən (15 Sentyabr münasibəti ilə)"
adlı məqalədə müəllif göstərir ki, car
Rusiyası dağıldıqdan sonra əsarətdəki millətlər,
o cümlədən, azərbaycanlılar da öz hürriyyət
və istiqlalı uğrunda mübarizəyə qalxdı.
Amma bu yolda soydaşlarımız faciəli qətliama məruz
qaldılar: "1918-ci ilin 31 martı Bakı müsəlmanlarına
yeni bir Aşura və öz vətənləri bir Kərbəla
olmuşdu. Daşnaksütyun partiyası
bolşeviklərlə ittifaqa girib şəhərin Türk məhəllələrini
üç gün, üç gecə qətliama məruz
qoyaraq, on mindən çox əliyalın əhalini gülləbarandan
keçirmişdir. Azərbaycan milli hərəkatının
mərkəzi cəzalandırıldıqdan sonra qətliam
Şamaxı, Quba, Lənkəran, Salyan və digər bölgələrdə
davam etdirildi". "Azəri" imzası ilə
M.Ə.Rəsulzadənin "31 Mart 1918" adı altında
1924-cü ildə dərc etdirdiyi məqaləsi 1918-ci ilin
mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlar haqqında daha geniş, daha
müfəssəl məlumat almaq, xalqımızın tarixinə
və taleyinə qanlı hərflərlə
yazılmış hadisənin mahiyyətini, törədilməsi
səbəblərini, cinayətin miqyasını öyrənmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
Müəllif 31 Martı Azərbaycan Cümhuriyyətinin təşəkkülü
tarixinə yazılacaq "ən həzin və qanlı tarixlərdən
biri" adlandırır və yazır ki, həmin günlər
şəhərin müsəlman məhəllələri ermənilər
tərəfindən "atəşdən keçirilmiş,
müsəlman bazarı talan edilmiş, Təzəpir məscidinin
minarələri mərmilərlə dəlik-deşik
edilmiş, döşləri kəsilmiş qadınların
çılpaq bədənləri, südəmər körpələrin
cansız bədənləri küçələrə
atılmışdır". Böyük publisistin 1925-ci ildə
dərc etdirdiyi eyni adlı məqaləsi də Mart faciəsi
ərəfəsində Sovet Rusiyasının Qafqazda
yürütdüyü çirkin siyasət, V.İ.Leninin
tapşırıqlarına uyğun olaraq, S.Şaumyanın
Bakı ilə bağlı məkrli planlarının həyata
keçirilməsi, o cümlədən, cəbhədən
qayıdan çoxsaylı əli silahlı rus və erməni
əsgərlərinin şəhərdə yerləşdirilməsi
və saxlanılması istiqamətindəki fəaliyyəti,
Mart qırğınının coğrafiyası,
amansızlığı və nəticələri barədə
tam və acı təəssürat yaradır. S.Şaumyan
bolşevik Partiyasının Qafqaz Komitəsi ilə üzdəniraq
Daşnaksütyun Partiyası arasında siyasi və əsgəri
ittifaq bağlanılmasına nail olduqdan sonra azərbaycanlıları
cismən və mənən məhv etmək üçün
bəhanə axtarır və pusquda duran yırtıcı kimi
məqam gözləyir. Lənkəranda təşkil
edilməkdə olan Türk milli alayının bir qrup
üzvü ilə mübahisəsindən sui-istifadə edən
erməni-daşnaq quldurları S.Şaumyanın rəhbərliyi
və göstərişi ilə Bakının müsəlman əhalisini
topa tutmağa başlayır. M.Ə.Rəsulzadə
Kulka adlı bir əcnəbi xristianın Mart hadisələri
zamanı müşahidələri əsasında
hazırladığı sənəddən bəzi
sitatları oxucuların diqqətinə olduğu kimi
çatdırır. Onun
yazdıqlarını oxuduqca ermənilərin insanlığa
qarşı, bəlkə də bəşər tarixində
görünməmiş dəhşətli cinayətlərin mənzərəsi
göz önündə canlanır. Kulka yazır ki, ermənilər
müsəlman məhəllərinə girir, dinc əhalini, hətta
3-4 günlük südəmər yavruları süngüdən
keçirir, qılıncla param-parça edir,
qulağını, burnunu, cinsiyyət orqanlarını kəsir,
evləri yandırır, körpələri diri-diri odun-alovun
içinə atır, öldürülmüş
qadınları saçlarından tutaraq çılpaq halda
küçələrdə sürükləyir, bəzilərini
diri-diri divara mıxlayırlar. Kulkanın bu faciəni qələmə
almaqla kifayətlənmədiyini, eyni zamanda, bu dəhşətli
səhnələrin fotosunu da çəkdiyini qeyd edən
M.Ə.Rəsulzadə yazır: "...erməni
xalqının Azərbaycan Türklərinə qarşı
necə müdhiş bir kin və ədavət bəslədiyini
göstərmək üçün bu qədərini söyləmək
də kafidir". Müəllif ermənilər
tərəfindən eyni vəhşiliyin Azərbaycanın digər
bölgələrində də - Qubada, Lənkəranda,
Şamaxıda... da törətdiyini ürək
ağrısı ilə qələmə alır. Bütün bunlardan sonra isə
"S.Şaumyanın qəzeti "Bakinskiy raboçi"nin
milliyyətçi azərbaycanlılara "Muxtariyyət
deyil, xarabazar taparsınız" - yazdığını
qeyd edir.
M.Ə.Rəsulzadənin
"Azəri" imzası ilə dərc etdirdiyi digər
yazısı -"Erməni məsələsi" məqaləsi
həm problemə yanaşma tərzi, həm bu çirkin siyasətin
yaranması, tarixi kökləri və Mart
qırğınlarına aparan proses barədə maraqlı
mülahizələri, dərin və obyektiv təhlili, dəyərləndirilməsi
ilə diqqəti çəkir.
M.Ə.Rəsulzadə mətbuat səhifələrini zəbt
edən "erməni məsələsi"nin
tarixinin və mahiyyətinin hər kəsə məlum
olmadığını, Türk dünyasına zərər
vurduğu kimi, ermənilər üçün də fəlakətə
vəsilə olduğunu kimi qeyd edir. Bolşeviklər
milli məsələdə çarizmin "parçala,
hökm sür" prinsipindən imtina etdiklərini iddia etsələr
də, əslində, dəyişən rəng olmuşdur, bu
sahədə yenə köhnə Rusiyanın üsulundan
istifadə olunur. Lozanna konfransında
"erməni yurdu" haqqında təşəbbüs
boşa çıxdıqdan sonra Çiçerin erməni
nümayəndələrinə Rusiyada "yurd" təklif
etmişdi. Birinci Dünya müharibəsində
olduğu kimi, yenə Türkiyə əleyhinə qiyama
qaldırılan, xəyanət yolunu tutan ermənilər nəticədə
yersiz-yurdsuz qalmış və erməni mühacirlər Don çayı boyunda- Rostov şəhəri
yaxınlığnda salınan Naxçıvan adlı şəhərdə
məskunlaşmışlar. M.Ə.Rəsulzadə yazır:
"Vaxtı ilə çarizmin yerləşdirdiyi erməni
mühacirləri indi də bolşevizm tərəfindən
himayə olunur. Çarizm yalnız Don vilayətində
erməni qəsəbəsi vücuda gətirməklə
qalmamış, Cənubi Qafqazda da erməniliyi hər vasitə
ilə dəstəkləyərək gücləndirmiş,
mühacir erməniləri burada məskunlaşdırmışdır.
Çarizmin Qafqazda istinad etdiyi millət ermənilər
idi və onların vasitəsi ilə çar müstəmləkə
siyasətini həyata keçirir, Tiflis və Bakını erməniləşdirirdi".
İndi də Çekanın, Moskvanın
kommunist müəssisələrinin ən sadiq agentlərinin
ermənilərdən ibarət olduğunu yazan müəllif
erməni partiyalarının, ictimai təşkilatlarının
tamamilə Rusiya ağuşuna atıldıqlarını
vurğulayır. Amerikada, Bolqarıstanda məskunlaşan
ermənilər Rusiyaya sığınmağı yeganə
çıxış yolu hesab edirlər. Ermənistanın
müstəqilliyini önə çəkənlərə,
sovet rejimini tənqid edənlərə rusiyapərəstlərin
cavabı da maraqlıdır: "Bolşevizm müvəqqəti
ola bilər, fəqət Rusiya daimidir".
Rəhbərləri tərəfindən daim
qonşuları ilə vuruşdurulan erməniləri M.Ə. Rəsulzadə
"talesiz millət" adlandırır.
Oktyabr
inqilabından sonra Stepan Şaumyanın Bakı sovetinin sədri
təyin olunmasını təsadüf hesab etməyən
M.Ə.Rəsulzadə V.İ.Leninin "Türkiyə Ermənistanı"
haqqında dekretini (bu dekret 1917-ci il dekabrın 29-da
verilmiş, 1918-ci il yanvarın 15-28-də III Ümumrusiya
Sovetlər qurultayında təsdiqlənmişdir) məqaləyə
əlavə edir və həmin dekretin bədnam müddəalarının
Türkiyədə həyata keçirilməsinə nail ola
bilməyən bolşeviklər bu planı S.Şaumyanın,
"Daşnaksütyun" partiyası və Erməni Milli
Şurasının vasitəsi ilə Azərbaycanda həyata
keçirməyə başlayır. Beləliklə,
Mart qırğınlarının törədilməsi, azərbaycanlıların
qətliamı üçün zəmin hazırlanır.
M.Ə.Rəsulzadə məqaləni bu qənaətlə bitirir:
"Sovetlərin erməni məsələsindəki istiqaməti
də Rusiyanın əskidən bəri
yürütdüyü məlum siyasətin
davamıdır".
"Azərbaycan
İstiqlal Cəmiyyəti"nin
soydaşlarımıza 28 May münasibəti ilə
ünvanladığı intibahnamədə Mart
qırğınları, erməni vəhşiliyi ilə
bağlı məqamlara da toxunulur: "1918-ci ilin Mart faciəsindən
sonra Bakıda bolşeviklər, silah yoldaşları olan
daşnaklarla bərabər ağalıq edirdi. Minlərcə
müsəlman qanı içmiş ermənilər qələbədən
sərməst idilər. Düşmənlər
Türklük, muxtariyyət və hürriyyət ocağı
olan "İslamiyyə" binasını Azərbaycan
türklərinin başına yıxdıqdan sonra öz təbirlərincə,
"Türkiyənin məşhur Bakı cəbhəsini
yarmış" oldular. Bakıda dəhşətli
yanğın törətdikdən sonra bolşevik-erməni
qara-qırmızı güruhu Şamaxı, Kürdəmir,
Quba, Lənkəran və Salyan qəzalarına
axışdılar. Bu qəzalarda da
müsəlman əhalini rəhmsizcə qırdılar, kəndlərini
torpaqla yeksan etdilər". Bu tarixi sənəd bir daha təsdiq
edir ki, məkrli, murdar ermənilər hər cür fürsətdən,
siyasi, tarixi təbəddülatlardan - bu dəfə isə
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişindən
alçaqcasına, istifadə edərək bolşevik
bayrağı adı altında azərbaycanlılara
qarşı ən qəddar soyqırım aktı törətmişlər.
"Yeni
Qafqasya"nın ən istedadlı və fəal əməkdaşlarından
Mirzə Bala Məhəmmədzadə irihəcmli "Azərbaycan
misaqi millisi" adlı məşhur məqaləsində 28
May İstiqlal Bəyannaməsini, Milli Andı maddələrlə
izah və təhlil edir, Bəyannamədən sonra Azərbaycanda
baş verən hadisələri işıqlandırır, dəyərləndirir.
Əlbəttə, həmin dövrdən bəhs edən Mirzə
Bala "Azərbaycan istiqlal məfkurəçiliyinin fikirdən
felə, nəzəriyyədən əməliyyata keçməsinə
mane olmaq üçün tətib edilmiş faciə" -
Mart qırğınları barədə susa
bilməzdi: "O zaman məfkurəni irəli apara biləcək
bir məfkurə ordusu yenicə təşəkkül edirdi. Gəncədə,
Şirvanda, Qarabağda, Salyan və Lənkəranda Tatar
alayı nəfərlərinin himməti ilə milli ordu
hazırlığı davam etdiyi zaman idi ki, bolşevik və
daşnak gücləri ...meydana çıxaraq Azəri məfkurəçilərinin
istinad edəcəkləri maddi gücü beşikdə
boğmaq istədilər".
"Yeni
Qafqasya"nın Mart
qırğınları ilə bağlı yuxarıda bəhs
etdiyimiz yazıları və bu mövzudakı digər məqalələri
yekunlaşdıraraq bu qənaətə gəlirik:
-
Bolşevik rejimi və kommunist ideologiyasının göstərişi
ilə ölkə daxilində Mart
qırğınlarının əsl mahiyyəti
saxtalaşdırılsa da, mühacirətdə məskunlaşan
istiqlalçılar bütün çətinliklərə
baxmayaraq, Azərbaycan xalqının cismən yox edilməsinə
hesablanmış bu bəşəri cinayəti, erməni vəhşiliyini
ifşa etmiş, əsl həqiqəti deməkdən çəkinməmiş,
gizli yollarla SSRİ də daxil olmaqla bir sıra ölkələrdə
yayılan dərgidə işıqlandırmışlar;
- Mart
qırğınları Rusiyanın "parçala,
hökmranlıq et" siyasətinə uyğun olaraq, Cənubi
Qafqazda məskunlaşdırılmış ermənilərə
Azərbaycan torpaqları hesabına dövlət yaratmaq, eyni
zamanda, Azərbaycan istiqlal hərəkatına
öldürücü zərbə vurmaq məqsədi ilə
həyata keçirilən növbəti cinayət aktı idi
və məqalə müəllifləri yazılarında
konkret tarixi fakt və hadisələrə istinad edərək
erməni-bolşevik ittifaqının çirkin niyyətlərini
kifayət qədər ətraflı əsaslandırmışlar;
-
Bolşevik-daşnak birləşmələri Mart
qırğınları zamanı "Kaspi" mətbəəsini,
"Açıq söz" qəzetinin redaksiyasını,
"İsmailiyyə" binasını yandırmış,
"Təzə pir" məscidinin minarələrini top atəşləri
ilə dağıtmış, onlarca digər milli, dini, tarixi
abidələri, maarif, mədəniyyət, təhsil müəssisələrini
məhv etmiş, soyqırım nəticəsində Bakıda
15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı
ağlasığmaz vəhşiliklərlə qətlə
yetirilmişdir;
- Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin müvafiq qərarı
ilə yaradılmış Fövqəladə İstintaq
Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini
dağıdan, viran qoyan, dinc müsəlman əhalisinin həyatına
və əmlakına qarşı vəhşilik edən quldur
dəstələrinin törətdiyi cinayətləri,
vurulmuş zərərin qədərini müəyyənləşdirmək
üçün ciddi və sanballı fəaliyyət göstərmiş,
erməni cinayətləri ilə bağlı cildlərlə
sənəd toplanılmışdır. Sovet
hökumətinin qərarı ilə komissiyanın topladığı
çoxcildlik materiallar nəinki xalqa
çatdırılmamış, on illərlə arxiv
dustağına çevrilmişdir. "Yeni Qafqasya"
dərgisinin Mart qırğınları ilə bağlı
materialları xalqımızın istiqlalına və
istiqbalına susamış ermənilərin tarixi cinayətlərini,
vəhşiliklərini öyrənmək baxımından
etibarlı, mötəbər mənbələr, məxəzlərdir;
-
Mühacir müəlliflərin bu problemlə bağlı məqalələri
istər 1918-ci ilə qədər (1905 fevral, avqust) istərsə
də ondan sonrakı dövrlərdə (1948-1953; 1988-2020) ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
saysız-hesabsız qətliamların,
qırğınların, terror aktlarının, eləcə də
onların vasitəsi ilə həyata keçirilən
repressiya, sürgün və köçürülmələrin
məqsədli şəkildə dövlət siyasəti səviyyəsində
reallaşdığına dəlalət edir;
- Erməni-bolşevik silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri bəşəri
cinayətlər barədə həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə daha dolğun
çatdırılması baxımından "Yeni
Qafqasya"da dərc olunan materiallar müstəsna əhəmiyyət
kəsb edir və bu gün də aktualdır.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2021.- 28 yanvar.- S.10-11.