STEAM layihəsi şagirdlərdə
müasir bacarıqların inkişafına təkan verir
Son illər Təhsil Nazirliyinin təşəbbüsü
ilə ölkənin təhsil sistemində həyata
keçirilən layihələrdən biri dünyanın bir
sıra ölkələrində geniş yayılan STEAM dərsləridir. Elm, texnologiya,
mühəndislik, riyaziyyat və incəsənətin
inteqrasiyasını ehtiva edən STEAM pandemiya dövründə
xüsusən aktuallıq qazanıb.
STEAM-Azərbaycan
layihəsinin rəhbəri İqrar Nəzərovun sözlərinə
görə, 2019-2020-ci tədris
ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil
Nazirliyi tərəfindən tətbiqinə başlanılan
STEAM layihəsinin məqsədi şagirdlərimizdə XXI əsr
bacarıqlarının - yaradıcı və bədii
düşüncə, əməkdaşlıqetmə, həmçinin,
ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif
proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ
texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin
yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün
təşviq edilməsidir. Hazırda STEAM layihəsi ölkə
üzrə mərkəzlə yanaşı, Bakı və
Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda
147 ümumtəhsil məktəbindən 25000-dən çox
şagird və 800 müəllimi əhatə edir.
STEAM dərsləri layihə tətbiq olunan məktəblərimizin
VI və VII siniflərini əhətə edir və illik STEAM dərs
yükü 34 həftə olmaqla 68 saat müəyyən
edilib. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar
olaraq layihənin əyani formada həyata keçirilməsində
bəzi çətinliklər yaranıb. Bu dövr ərzində
STEAM məşğələlərimizdə
uyğunlaşdırılmış tədris
planlarına istinad olunmaqla tədris ilinin əvvəlində
epidemioloji vəziyyətin qənaətbəxş olduğu
rayonlarımızda əyani-məsafədən, digər
bölgələrimizdə isə əsasən distant formada tədris
həyata keçirilib: "Belə ki, mövcud vəziyyətlə
əlaqədar olaraq tədris prosesinin məsafədən
formada aparılması layihəyə
əsaslanan STEAM dərslərində əyaniliyin tam
yerinə yetirilməməsini, istər şagirdlərin, istərsə
də müəllimlərin yaxından əməkdaşlıq
edərək hər hansı bir problemin/layihənin həlli
istiqamətində qura biləcəkləri fəaliyyətdə
yaranan çətinlik kimi qeyd edə bilərik. Problemlərin aradan qaldırılması və
distant formalı tədris prosesində yüksək şagird
nailiyyətlərinin əldə olunması məqsədilə
STEAM məzmunlu teledərslər və videoçarxlar
hazırlanaraq layihənin müxtəlif sosial şəbəkə
səhifələri vasitəsilə izləyicilərə təqdim
edilib.
Özünütəcrid
dövründə təhsilalanlarda elmə marağın
artırılması və sosial aktivliyin yüksəldilməsi
məqsədilə layihə əməkdaşları tərəfindən
sosial şəbəkələr - “Facebook”, “İnstagram”
üzərindən müxtəlif aksiyalar - #EVDƏQAL,
#DƏRSDƏNQALMA, #BİRGƏYARADAQ və s. yarışlar
və müsabiqələr keçirilib, canlı yayımlar təşkil
olunub. Pandemiyanın davam etməsinə
baxmayaraq, layihənin fəaliyyət planı uğurla həyata
keçirilir. Bu dövr ərzində 700-dən
çox müəllim distant təlimlərə cəlb olunub.
Qeyd etmək lazımdır ki, təlim prosesinin distant
keçirilməsinə baxmayaraq, əyaniliyin təmin edilməsi
məqsədilə iştirakçılara bəzi
avadanlıqlar çatdırılıb. Bu dövr ərzində
STEAM tədris prosesinin növbəti siniflər üzrə
uğurla davam etdirilməsi məqsədilə layihə
mütəxəssisləri tərəfindən Azərbaycan və
rus dillərində VII siniflər üçün STEAM məzmunu
hazırlanaraq müəllimlərin və şagirdlərimizin
istifadəsinə verilib. Keçən tədris ili üçün VI siniflər
hazırlanmış məzmun daha da təkmilləşdirilərək
milli kurikuluma daha sıx inteqrasiya olunub. Belə ki, əgər
VI siniflər üzrə məzmununda keçən tədris
ilindən "STEAM ilə tanışlıq", rəqəmsal
incəsənət "Tinkerkad və 3D çap", müxtəlif
mühəndislik modulları (Mexanika, Ekologiya, Elektrik mühəndisliyi),
birplatalı mini kompüterlərdə (Micro:bit)
kodlaşdırma kimi modullar daxil idisə, bu ildən həmin
məzmuna 3D qələmlə işləmə
bacarıqları və müxtəlif layihələrin yerinə
yetirilməsi kimi yeni məzmun əlavə edilib. Eyni zamanda,
yeni hazırlanmış VII siniflər üçün nəzərdə
tutulan məzmuna, daha da təkmilləşdirilmiş "3D
modelləşdirmə və 3D çap", "Birplatalı
mini kompüterlərdə proqramlaşdırma" kimi
modullarla, "Aerokosmik mühəndislik - Pilotsuz uçan
aparatlar (PUA)", "CNC lazer kəsiciləri",
"Biotexnolgiya", "Nanotexnologiya" kimi yeni innovativ məzmun
işlənib hazırlanıb. Bütün
yuxarıda sadalanan təlim modulları STEAM-ın əsas fəlsəfəsini
təşkil edən aşağıdakı metodoloji
konsepsiyalar və pedaqoji yanaşmalar tətbiq olunmaqla
yaradılıb. Layihəyə əsaslanan öyrənmə
[PBL], Araşdırmaya əsaslanan öyrənmə [IBL],
Mühəndisliyin Dizayn Prosesi [EDP], Oyunlar vasitəsilə
öyrənmə / Kvest texnologiyalar, Toxunub xüsusiyyətləri
anlayaraq öyrənmə (Tinkering), Qarşılıqlı
öyrənmə, Mobil öyrənmə, Analogiyalar ilə
öyrənmə və s. Bu innovativ metodologiyaların əsasını
da fənlərarası öyrənmə və fənlərarası
inteqrasiya təşkil edir. Onu da qeyd edim ki, bu
dövr ərzində şagird fəaliyyətinin qiymətləndirilməsi
məqsədilə müəllimlər üçün
tövsiyə xarakterli "STEAM-Qiymətləndirmə" vəsaiti
hazırlanıb".
STEAM təhsil
metodunun əsasında duran metodoloji konsepsiyalardan biri və ən
başlıcası Layihə əsaslı öyrənmə
(PBL) metodudur: "Burada onun əsas iki elementini diqqətə
çatdırmaq istərdim. Birincisi, tədqiqat
sualı və ya problemin qoyuluşu, onun müəyyənləşdirilməsi
- məqsəd. İkincisi isə, alətlər
- məqsədə çatmaq vasitələri. Eyni zamanda, hər hansı bir layihənin icrası
zamanı istifadə olunan digər bir yanaşma - Mühəndislik
dizayn prosesinin mərhələlərini də qeyd etmək istərdim.
Sual və ya İdeya, Müzakirə və ya
Beyin həmləsi, Dizayn, Prototipin yaradılması, Prototipin
Test olunması, Təkmilləşdirmə. Sadaladığım bu mərhələlər
tsiklik xarakterlidir. "Təkmilləşdirmə"
- "Test" mərhələsi iterativ prosesdir, dəfələrlə
təkrarlana bilər və son məhsulun inkişafına
yönəlib. Bu baxımdan Mühəndislik
dizayn prosesində şagirdə aşılanan əsas keyfiyyətlərdən
bir odur ki, hər hansı bir nəticənin qeyri-qənaətbəxş
olması uğursuzluq kimi deyil, yeni imkanlar kimi dəyərləndirilməlidir.
Bu baxımdan 2020-ci ilin mart ayında ölkə
ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədər
təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti
olaraq dayandırıldıqdan sonra layihə heyəti
mövcud tibbi ehtiyacların qarşılanması məqsədilə
bir sıra təşəbbüslərin icrasına
başladı. Məqsədimiz həm
qarşıya çıxmış problemin həllinə
yönəlik fəaliyyət qurmaq, pandemiya ilə mübarizəyə
töhfələrimizi vermək, eyni zamanda, öz fəaliyyətimizlə
layihə iştirakçıları üçün
nümunə yaratmaq idi. Yaranmış
şaraitdə qurduğumuz fəaliyyətlə eyni zamanda,
STEAM fəlsəfəsinin, onun mahiyyətinin şagirdlərimizə
çatdırılmasına çalışdıq və
düşünürəm ki, buna nail olduq".
İ.Nəzərovun dediyinə görə, STEAM son illərdə
ölkəmizdə populyarlıq qazanmağa başlayıb. STEAM-ın
populyarlaşması ilə təhsil ictimaiyyəti əvvəldən
cavab verməyə hazır olmadığı sualları ilə
gündəmə gəldi. STEAM-ın konseptual çərçivəsi
nədir? STEAM ilə hansı təlim nəticələri hədəflənir?
Bu hədəf tədris nəticələrini
öyrətmək üçün hansı kurikulum
islahatına ehtiyac var? Qabaqcıl ölkələr
bu istiqamətdəki kadr (müəllim)
hazırlığı və vahid STEAM tədrisi
üçün müəllimlərin peşəkar
inkişafına necə yanaşır? STEAM təhsilində
təlim nəticələrinin ölçülməsində
hansı çətinliklərlə rastlaşmaq olar? Bu çətinliklər necə aradan
qaldırılır? Fəaliyyətimizi bu suallar çərçivəsində
qurduq: "STEAM metodunun sürətli yayılması və
inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu baxımdan, şagirdlər gələcəyi
planlamalı və yaşadıqları dövrə uyğun
ixtiralar etmək üçün hazır olmalıdırlar.
İstər orta, istərsə də ali təhsil
pilləsində tələbələrin kurikulum vasitəsi ilə
STEAM mövzularına yaxşı yiyələnməlidirlər.
Məlumdur ki, bəşəriyyətin
intellektual elitasını parlaq təfəkkürə malik,
istənilən anda və şəraitdə verilmiş
alqoritmdən kənara çıxmağı və
qeyri-standart düşünməyi bacaran insanlar təşkil
edir. Malik olduqları qabiliyyətlərə
adekvat olaraq, təhsil aldıqdan sonra məhz onlar
inkişafın və tərəqqinin istiqamətini, təkamül
prinsiplərini və onun tempini müəyyənləşdirirlər.
Bu baxımdan xüsusi qabiliyyət və istedada malik
övladlarımız milli intellektual elitanın
daşıyıcıları və tükənməz resursu
olmaqla bərabər, həmçinin milli sərvətimiz və gələcəyimizin
təminatçılarıdır. Bz
inanırıq ki, bugünkü STEAM bilikli şagirdlərimiz
gələcəkdə Azərbaycanın neftdən
asılı olmayan iqtisadiyyatını şaxələndirmək
və ölkəmizi texnologiya istehlakçısından
texnologiya istehsalçısına çevirməyə
qadirdirlər".
O
vurğulayıb ki, fəaliyyət planına uyğun olaraq
2021-2022-ci tədris ilindən layihənin əhatə dairəsinin
genişləndirilərək ölkə üzrə 50-100 min
şagirdi əhatə etməsi əsas hədəflərdəndir:
"VIII siniflər üçün yeni STEAM məzmunun
hazırlanması da layihənin prioritet istiqamətlərindəndir.
STEAM-a artan marağı nəzərə
alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək
əhatə dairəsini genişləndirəcəyini, nəticədə
cəmiyyətin çağırışlarına və tələblərinə
uyğun, yaradıcı yeni nəslin formalaşmasına
öz töhfəsini verəcəyini əminliklə deyə
bilərəm. Növbəti tədris ilinin hədəflərindən
biri də layihəyə qoşulmuş məktəb və
şagirdlərimiz üçün Vahid Elektron Platformanın
yaradılmasıdır. Onun şagird və
müəllimlər arasında əməkdaşlığa və
ümumiyyətlə, STEAM-ın ölkəmizdə
inkişafına böyük töhfə verəcəyi
şübhəsizdir. Eyni zamanda, həm
layihə olaraq, həm də ayrı-ayrı məktəblərimizi
də beynəlxalq STEAM şəbəkələrinə
qoşmağı planlaşdırırıq. Bütün yaş qruplarının (STEAM Kids, Junior,
Senior) istifadəsi üçün nəzərdə tutulan
bir neçə STEAM mərkəzləri yaradılıb və
layihələndirilib. Bu müddət ərzində
Şirvan Şəhər Kimya-Biologiya Təmayüllü
Respublika Liseyinin, Bakı şəhəri Avropa Liseyinin və
Xırdalan şəhər 3 nömrəli ümumtəhsil məktəbinin
nəzdində hər birinin sahəsi 600-800 kvadratmetr olan STEAM
mərkəzləri yaradılıb, Gəncə və Quba
şəhərlərində isə STEAM mərkəzlərinin
layihələndirilməsinə başlanılıb. Ölkədəki epidemioloji vəziyyətin stabilləşməsindən
sonra həmin Mərkəzlər şagirdlərimizin
ixtiyarında olacaq. Mərkəzlər
STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin
olunub. STEAM mərkəzlərinin fəaliyyətinə
və bütün yaş qruplarına uyğun (6-16 yaş) məzmun
hazırlanıb. STEAM mərkəzlərinin
sayının 10-a çatdırılması nəzərdə
tutulur. Mərkəzlərdə həmin məktəblərin
şagirdləri ilə yanaşı, regionun digər məktəblərinin
şagird və müəllimləri, STEAM Kids bölməsindən
isə ibtidai sinif şagirdləri də bəhrələnəcəklər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 28 yanvar.- S.9.