Şəhid Mustafayev Əlizamin
Baxış oğlunun xatirəsinə ağı
Elegiya
Özü
ciddi, sözü ciddi, mətanətli bir igiddi, bu
dağların gerçək oğlu, ana yurdun dar
günündə peyda olan Qaçaq Nəbi, qoç
Koroğlu, sadə bir gənc, mərd insandı Əlizamin,
özü boyda bir dastandı Əlizamin, nağıllardan
günümüzə gəlib çıxan qəhrəmandı
Əlizamin, bir alp idi, pəhləvandı Əlizamin. Onda olan rəşadətə,
iradəyə özü
həzrət Əli zamin.
Əsli-nəsli Kəlbəcərdə doğulmuşdu,
1993-də ana yurddan qovulmuşdu, qan içində boğulmuşdu. Sığınmışdı Tərtərimin Bəyimsarov
bucağına, isti ana qucağına. Elə burda gözləyirdi əsas günü, bilirdi ki, uzaq
deyil qisas günü. Baxış ilə
Səliqənin övladları
demə azdı, Nazim, Rizvan, Akif, Saday, Müşkünazdı,
Məhəmməddi, Variyyətdi,
Məzahirdi. Ailənin oğlu
səkkiz, qızı
birdi.
1999, göz açmışdı
bu dünyaya Əlizamin, o, bir türkdü, o, bir oğuz. O, mərd idi, mətin idi, ona asan olan
şeylər başqasına
çətin idi. Bir sinifdə yoldaşları,
qardaşları, sirdaşları
Çəmən idi,
Əkbər idi, Nəcməddinlə Yasin idi. Neçə əziz müəllimi dərs demişdi, öyüd, nəsihət
vermişdi: ey bu yurdun şanlı
oğlu, gözəl qızı, gəl qoruyaq xalqımızı,
el-obanı, dağı-daşı!
Qorumasaq, ola
bilməz bizdən ölkə vətəndaşı!
Əlizamin əskər oldu, əldə silah keşik çəkdi bu vətənə, xidmətini başa vurub öz evinə
döndü yenə. Ürəyində
nələr vardı,
nələr yoxdu: arzu çoxdu, dilək çoxdu. Kəlbəcəri yağıların
caynağından qoparmalı,
tapdağından qurtarmalı,
köhnə yurdda yurd salmalı, dədə-baba ocağımız
gur yanmalı, bir gözəllə o ocağın keşiyində
dayanmalı...
Saydığını sayan oğlan, daha sayma, dayan,
oğlan. Gör nə sayır
çərxi-fələk, işi-gücü yalan, kələk. Yağıların beyni çöndü, Əlizamin əldə silah cəbhələrə
geri döndü.
Yenə azdı ermənilər, dayanmadı
hapı-gopu! Əlizamin
məhv elədi neçə tankı, neçə topu! Düşmənlərin ürəyinə
dağlar qoydu, qırx daşnakın anasını ağlar qoydu!
Dolaşaraq səngərləri, çıxarırdı od içindən yaralanmış əskərləri.
Altısını çıxarmışdı, sakit yerə aparmışdı, yeddinciyə
çatdı sıra,
yeddincidə yeddi yara, elə bu dəm ayağının
altındaca partladı
bir nəhs qumbara. Yeddi gündü cəbhədəydi,
gənc ömrünə
qəlpə dəydi.
Yandı, yandı Bəyimsarov, tüstü-tüstü, alov-alov. Aldı doğma
qucağına təzə
qəbri, bu igidi sevənlərin varmı səbri? O dünyada qovuşdumu atasına, anasına? Yetişdimi Kəlbəcərdə öz
elinə-obasına, ocağına,
yuvasına?
İndi
artıq ruhu şaddı, çünki
vətən, ana torpaq tam azaddı!
Allah sənə cənnətində
yer eləsin, Əlizamin! Amin,
amin!..
Ramiz
ƏSKƏR
Professor
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.16.