Vətən müharibəsində Gəncənin
ilk şəhidi
Bürcəliyevlər
Bürcünün tez parlayib, tez sönən ulduzu
Hansısa bir işin "ilk qaranquşları" yaddaşlara əbədi hopur. Bu anlayış müstəqillik və torpaq bütövlüyümüz uğrunda mübarizə tariximizə də aiddir. Misal üçün, 1990-cı ilin qan qoxusu ilə gələn yanvarında, hələ Bakı qətliamına bir neçə gün qalmış, ayın 13-də Gəncəətrafı bölgədə erməni quldurları ilə Çaykənd və Todan yaxınlığında gedən döyüşlərdə canlarını fəda etmiş Abbasqulu Məmmədov, Ruzigar Qasımov və Bəxtiyar Əliyev on illər ərzində davam edəcək döyüş şəhidliyi salnaməmizin "ilk qaranquşları" olmuşdular.
Azərbaycan Əsgərinin şərəflə, ölümdən belə çəkinməyərək, haqq uğrunda apardığı Vətən müharibəsi salnaməsinin də bu Vətənin hər bir guşəsi üçün öz ilk şəhidləri var. Böyük Yaradanın hökmü ilə Nizami yurdunda bu şərəfə 19 yaşlı İlqar layiq bilinib.
O, Gəncənin incəsənətlə sıx bağlı olan bir soyadı daşıyan nəslinin övladı idi. Azərbaycanın görkəmli teatr və kino xadimləri, Xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsi olan İlqar lap erkən yaşlarından öz istedadı ilə seçilib. Rəsmlər çəkər, mahnılar, ədəbi əsərlərdən parçalar, səhnələr ifa edərdi. Xüsusilə Vətən, Bayraq, qəhrəmanlıq mövzuları bu bacarıqlarının başlıca mövzusu idi. Azərbaycan gəncinin müasirlik və ənənəçilik, gözəllik və mərdlik xüsusiyyətlərini öz zahiri və daxili obrazı ilə izhar etmək mahirliyinə malik olduğundan, İlqar hətta müxtəlif çəkilişlərdə model kimi də iştirak edib.
İdman aləminə də, necə deyərlər, əməli maraq göstərib. 13 yaşında yeniyetmələrin "Vətən", 16 yaşında "Kəpəz" futbol klublarında oynayıb, bacarıqlı hücumçu kimi, 17 yaşadək futbolçulardan ibarət milli komandamızın sıralarına dəvət olunub və onun heyətində Gəncə futbol məktəbini uğurla təmsil edib. Bir qədər sonra bacarıqlı gənc futbolçunu "Zirə" Futbol Klubu "gözaltı edib" və onu öz sıralarına qatıb. Burada da özünü "necə lazımdır" göstərən İlqar Vətənə hərbi xidmət borcunu verdikdən sonra usta futbolçu karyerası qurmağı düşünürmüş.
2019-cu ilin yayında İlqar Vüqar oğlu Bürcəliyev ordu sıralarına yollanır. Burada da yaxşı fiziki hazırlıqlı, ən əsası da yüksək mənəvi xüsusiyyətli vətənsevər İlqar xidmət yoldaşlarının sevimlisi olur.
Erməni işğalçıların davamlı təxribatlarına birdəfəlik son qoymaq və 3 onillik ərzində düşmən tapdağı altında qalmış əzəli yurd torpaqlarımızın azad edilməsi məqsədilə xalqımız öz müasir tarixində görünməmiş birlik göstərərək və haqsızlığa daha dözməyəcəyini bütün dünyaya bəyan edərək, 2020-ci ilin sentyabrında Vətən müharibəsinə girməyə qərar verdi. Hərbin ilk anlarındanca hər bir Azərbaycan əsgəri millətimizin haqq işi uğrunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Döyüşlərin başlandığı istiqamətdə qulluq edən manqa komandiri İlqar Bürcəliyev də ilk döyüşlərin ilk şəhidlərindən oldu.
"Sentyabrın 27-də mənə telefonla mesaj yazmışdı: "Ata, biz döyüşə gedirik, anama heç nə demə, haqqınızı halal edin!" 12-14 saaat vuruşublar. Həmin döyüşdə İlqar iki yaralı döyüş yoldaşını atəş altından çıxarıb, üçüncü dəfədə isə özü də ağır yaralanıb. Əvəz adlı döyüş dostu sonradan mənə dedi ki, İlqar yarım saat sağ qaldıqdan sonra, onun qolları üstündə keçinib. Onu geriyə, tibbi yardım üçün aparmağa da qoymayıb. Deyib ki, hücumumuzu bitirək, hamı ilə öz mövqeyimizə gedərik, sonra. Həlak olandan sonra onun əşyaları arasından xidmət dövründə yazdığı gündəliyi çıxdı. Səhifələrin birində yazıb ki, əgər tərxis müddətimdən qabaq müharibə başlasa, dəqiq bilirəm ki, mən şəhid olacam - bir Mübariz İbrahimov olacam. Mən doğrudan da, şəhidlərin ruhlarının bizlərin yanında olduğuna inanıram. Pəncərəmizdən müqəddəs bayrağımızı asmışam. Duyuram ki, İlqarın ruhu o bayraq vasitəsilə bizimlə danışır. Pəncərəyə yaxınlaşıb, İlqarla xəyalən danışanda bayraq çox xoş bir tərzdə dalğalanmağa, insanın üzünə toxunmağa başlayır", - deyə şəhidin atası Vüqar Bürcəliyev bildirir.
44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı ilə bərabər, onların yaxınlarının dəyanəti də millətimizin mənəvi gücünün göstəricisidir.
"Onun şəhid
olacağı aydın idi. Axı
hansısa döyüş
yoldaşını yaralı halda köməksiz
qoya bilməzdi. O, şəhid olduğu an mən durduğum yerdə huşumu
itirib yıxıldım. Sonra bəlli oldu ki, elə həmin
an onun ürəyi dayanıb. İlqarın həlak olması
xəbərini onun cənazəsi evimizə gətirilən zamana kimi məndən gizli saxlayırdılar.
İlqar
həmişə mənə
yazardı ki, nigaran qalmayım. Anasını müharibə günlərində
çox nigaran da qoymadı - tez şəhid oldu. O, hamının
- alilənin, qohumların,
dostların, qonşuların
sevimlisi, ünsiyyətcil,
bütün məclislərin
ürəyi idi. Şənliklərdə elə cani-dildən,
zövqlə oynayardı
ki, gəl görəsən. İndi onu
tanıyanlar deyirlər
ki, toylarımız İlqarsız necə keçəcək?" - deyə İlqarın
anası Elnurə Bürcəliyeva bildirir.
Ana həmçinin, İlqarın
mərdliyini və daxili zənginliyini xarakterizə edən bir əhvalatı da danışır: "Bir neçə il qabaq, yayda
dənizə dincəlməyə
getmişdik. Yaxınlıqda nənəsi ilə
gəlmiş bir kiçik uşaq suya girmişdi. Birdən dalğa onu aparıb sahildən xeyli uzaqlaşdırdı.
Uşaq batmağa başladı.
İlqar
heç düşünmədən,
həmin an özünü
dənizə atdı.
Biz ardınca qışqırdıq ki,
qayıtsın, təhlükəlidir.
Kimə deyirsən, kişi kimi,
uşağı xilas etdi də! Sonra həmin
uşağın valideyinləri
bizi tapıb, minnətdarlıqlarını bildirdilər.
İlqar
da bu hərəkətin
hər bir insanın borcu olduğunu bildirmişdi.
Belə təvazökar, həssas ürəkli övlad idi İlqar. Onu torpağa tapşırdığımız gündən çox ağlayırdım, hər
gecə onun ruhuna yalvarırdım ki, yuxuma girsin,
onunla danışmağa
ehtiyacım var. Amma bircə dəfə də yuxuma gəlmədi. Sonra kiçik qardaşının
yuxusuna girib: evimizdəki kreslosunda oturmuş halda, özü də çox sərt deyib ki, mamaya
de, ağlamasın, mənim
olduğum yer çox gözəldir!"
İlqarın qardaşı, 17 yaşlı
Tamerlan da futbol ilə ciddi məşğul olur, "Zirə"nin gənclər komandasında oynayır. Artıq o, meydana kürəyinə
"Tamerlan İlqar"
yazılmış idman
forması ilə çıxır. Onun da şəhid qardaşı
ilə bağlı kövrək xatirələri
var.
"İlqarın cibindən
üstündə kiçik
qırmızı ləkə
olan bir manatlıq əskinas da çıxmışdı. Əvvəl elə
bildim, onun qanıdır, sevindim ki, onun bu
izi daim mənimlə qalacaq.
Amma diqqətlə baxanda, aydın oldu ki, sadəcə ləkədir. Nə
fərqi var, ondan yadigardır, daim üstümdə gəzdirirəm", - deyə
Tamerlan bildirir.
"O, yalnız uşaqlıq və erkən gənclik dövrünü
yaşamağa macal tapsa da, onun
yurdumuzu, onun tarixini, dəyərlərini,
eləcə də ətrafdakı insanları,
təbiəti, mənzərələri,
hətta ağacları,
çiçəkləri sevdiyini
və bu hissləri daim başqalarına da təlqin etmək istədiyini hər bir kəs
bir andaca anlaya bilərdi. Bu onun vətənpərvər
və yanar ürək sahibi olduğundan irəli gəlirdi" - bu isə İlqarın nənəsi Məleykə
Bürcəliyevann sözləridir.
Şəhidin əmisi, tanınmış
teatrşünas Anar Bürcəliyev də İlqarın öz qısa ömrü ərzində onu tanıyan insanların qəlbində dərin izlər qoya bilməsinin hər cəhətdən istedadlı
insanlara xas olduğunu vurğulayır.
"Biz, yaxınları onu "Şahzadə balamız" da adlandırırdıq. Onun bircə
baxışda belə
xoş təəssürat
yarada bilən zahiri görünüşü,
zəngin daxili aləmi, təmiz ürəyi, alicənab məntiqi və davranışı, eləcə
də əl qoyduğu bütün işlərdə, o cümlədən,
idmanda lider xüsusiyyətlərinin parlaq
şəkildə özünü
göstərməsi buna
əsas verirdi. Həm də İlqarın, lap uşaqlıqdan
tutmuş şəhadət
vədəsinədək tədbir,
dost-qohum toplantısı,
yaxud yarışmalarda
çəkilən əksər
fotolarında mütləq
müqəddəs bayrağımız
əsas fonda
görünür. O, sanki
çatdırmaq istəyirdi
ki, milli amallar insanın şəxsi istəklərindən
qabaqdadır, yəni öncə Vətəndir!"
- deyə A.Bürcəliyev bildirir.
Həqiqətən də "Öncə
Vətən!" amalı
ilə canlarından keçən övladların
qəhrəmanlığı sayəsində öz milli qürurumuzu və torpaq bütünlüyümüzü bərpa etdik. Bu tarixi missiyanın
həyata keçməsi
yolunda şəhid olanların sırasında
ölümündən sonra
iki medalla - "Vətən uğrunda"
və "Laçının
azad olunmasına görə" medalları
ilə təltif edilən İlqar Bürcəliyev də var.
Zakir MURADOV
Gəncə
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.13.