Sevgi şeiri

 

Upuzun qaranlığı var

sənə olan həsrətimin

Qollarımın qanadları var

sənə gələndə.

 

Rəbbə şükrlə

su içərkən səmaya baxan quştək baxıram sən tərəfə

sən olmayan tərəflərin koruyam!

 

Səsinin rəngində gördüm dənizin mavisini,

Yatmış pişiyi alnından öpmək

kimiydi əllərinin istisi

Baxışlarım gözlərində siyasi mühacir düşərgəsi.

 

Qışları yoxa çıxan qarışqa cığırını tapmaqmış sənsiz bu ömür...

 

Gözyaşım ovcundakı balıqları dirildəcək,

Sevgisizlikdən yıxıldığım bütün yerlər yoxa çıxacaq

bu şəhərin canından,

bütün yerlər yoxa çıxacaq sən keçməyən küçələrin yadından,

yıxıldığım yerlərin sağalacaq yarası.

 

Vurğusuz a-ların unuduluşu

 

düzgün hecaya düşmədi vurğularım

a`yla başlayan bütün sözlərdə

ay görünmədən heç biri yatmadı dilimə adın daxil

bir kərə baxmamışdım aya çünki yanımdaydın

günəş də ay idi onda yağış da külək də bakı da

günlər hələ keçməmiş binalar beşmərtəbə idi onda

içərişəhərin hər daşı culyettanın balkonuydu

sözləri susaraq aşmaq olurdu

güllərin ətri dəyişmirdi

adların anlamı yoxuydu

 

mühasirəyə almışdı səni suçiçəyi

yamyaşıl bədənin piyada sevgimə

keç könlümə deyirdi

tanrının bəndəsiylə danışdığı dildə danışırdı gözlərimiz

 

bütün qadınlar kimi əminlik istəyirdin kişidən

daimi məchulluğun olmadığı yerdə eşq yoxdur,

bilmirdin

sevgimi vərdişə çevirməməyin fransız inqilabıydım

dünyanın market ürəyinin jalüzü bağlıydı müştəri marjinallığıma

vurğusuz adındakı saitlər qapalıydı

 

heç demədim sənə

özüm də bilmirəm nəyi

sənə demədiyim söz qalmazdı yadımda qalmadı da

sənə deyə bilmədiyim sözlərin  altsheymer xəstəsiyəm indi

 

 

Ramil ƏHMƏD

 

525-ci qəzet.- 2021.- 29 yanvar.- S.15.