Yuxu
Yum gözünü, bəlkə hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldir,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudur gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan,
bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla
düzəlir,
İnanma.
İnandınsa, ağla qızım, utanma.
Bir eşqi ki, qurban
verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm,
bir dəfə
Gəl,
amma
Evdə səni gözləyirlər,
yubanma.
Şeir qız
Eşqin
qəzəlini yazan adamın
Yazdığın ən gözəl
yazan adamın
Yaza bilmədiyi
yeganə kəssən.
Addımın səridir, yerişin
xəfif,
Dodağın qafiyə, kirpiyin
rədif,
Sən özün
şeirsən, sən
mənə bəssən.
Sən ömür nuş edən, sən nifrət qusan,
Sən mənim qəlbimdə ömürlük susan,
Beynimin içində
duyulan səssən.
Bir qarışlıq adam
Günəşi görmək üçün
gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq,
hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik
-
Bir qarışlıq
adamsan.
Saçında ağ tellərin qaralarla yarışır
Belə
də davam elə, sənə də bu yaraşır
-
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə
baxanlar üzünə
bir də baxmır?
Bir baxışlıq
adamsan?
Ahın
yerdən göylərə,
heç çatmasın,
əzizim
Səni
qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq
adamsan.
***
Gedəndə bir "sağ ol" de,
Nə vaxtsa qarşılaşsaq,
Salamlaya biləsən.
Ay yarımçıq qalanım,
Məni
tam anladın ki
Tamamlaya biləsən?
Biz ayrılan axşamı
Sən elə "hey gedirəm",
Mən isə boynu bükük,
Ancaq "qayıt"
demişdim.
Yadındadır, gedəndə
Sən bir "sağ ol" demişdin,
Mən
"sağ qayıt"
demişdim...
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap qayıt, sən ki, gözü
qapalı
İnandığım qadınsan
Heç
kəsim yoxdur axı, dərdimi ovutmağa
Göz-gözə gəlmək nədi,
əllərindən tutmağa
Utandığım qadınsan
Sən ayrısan əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan
Səndə həqiqət tapıb,
inanmışam sevgiyə
Hər doğulan günəşlə
daha çox sevim deyə
Oyandığım qadınsan
***
Çalış göz-gözə gəlmə,
vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül baxçama
Çiçəklər qısqanırlar
Ən gözəl rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar
Üz çevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.
Şeirlik adam
Xəyal
qurma, Ay üzlüm,
Ömür icazə verməz.
Elə ömür demişkən,
Mənim nə ömrüm var ki?!
Dörd fəsillik adamam.
Ömür qısa, arzu çox,
Mən şeir müəllifi yox,
Tam şeirlik adamam.
Məni
sevmə, əzizim,
Sən bir ömürlük qadın,
Mən bir illik
adamam.
Səddam LAÇIN
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.15.