Yaradıcı şəxsiyyətin
düşüncə və yaşam
platforması
Dəyərli pedaqoq və
yazıçı Allahverdi Eminovun memuar kitabı haqqında
qeydlər
Pedaqoji aləmdə
müqtədir pedaqoq,
ədəbi mühitdə
orijinal qələm sahibi kimi tanınan
Allahverdi Eminovun "Payızdan xəbərsiz illərim. Memuar" kitabı bu
işıqlı zəka
və parlaq istedad sahibinin yeni yaradıcılıq uğurudur.
Yazıçı və pedaqoq təfəkkürünün vəhdətini,
ülfətini öz dərin yaradıcı düşüncələrində böyük uğurla təcəssüm etdirən
Allahverdi Eminov yüksək amallarla yaşayıb-yaradan dəyərli
qələm adamı kimi tanınır və qəbul edilir. Onun paradoksal hadisələrə,
ziddiyyətli məqamlara,
təzadlı yanaşmalara
həssas və dəqiq münasibəti
son dərəcədə əsaslı
və obyektivdir.
Əsl insanlığın dialektikasını
həyatın bütün
səhifələrində həssaslıqla
duyub-qiymətləndirməyi bacaran A.Eminovun - geniş erudisiyaya, zəngin biliyə, həssas müşahidə
qabiliyyətinə qabil
keyfiyyətlər üzərində
təkamül tapan bu istedadlı yazarın yaradıcı fəaliyyəti həmişə
diqqət mərkəzində
olub. Onun oxucuların mühakiməsinə
təqdim olunan hər bir əsəri
böyük rezonans doğuran yaradıcılıq
nümunələridir.
Özünün bu əsərində
də müəllif çox incə mətləblərə toxunub,
insan övladının
mətinlik obrazını
həm yaxın qohum-əqrəba (əsabə-sülalə),
nəsil-şəcərə nümunəsində, həm
birlikdə təhsilləndiyi
tələbə dünyasında,
həm də qayğıkeş müəllimlik
fəaliyyətində onunla
birlikdə işləmiş
sevimli həmkarlarına
olan münasibət kredosundan işıqlandırıb.
İlkin bölmədə, "Atamın
100 yaşı" təqdimatında
valideynlik şəsti,
əmi-dayı qəyyumluğu,
bibi-xala istəkliliyi,
dost-tanış məlhəmliliyi,
övlad-valideyn münasibətliliyi,
bacı-qardaş sevgisi
kimi qürurverici məqamlar silsiləsi real
ümumiləşdirmələr əsasında təsbit olunub. Kimdir bu 100 yaşlı kişi?
Ritorik suala veriləcək cavab aydındır. Cismani mənada böyük ata, şəxsi nümunə sahibi, kəndinə, elatına bağlı münəvvər
bir şəxsiyyət
mücəssəməsini əks
etdirən personaj.
Onun mənalı həyat səhifələri bütünlüklə
müəllifin ideya hədəfi olub.
Haşiyə: El-obada tanınmış
insanın məşhurluğu
haqqında çox eşitmişdim. Təyinat
aldığım Qırmızıkənd
kəndində (Neftçala
rayonu) ali
təhsilli coğrafiya
müəllimi işləyirdim.
Yerli toponimləri, tayfa-qəbilə
adları ilə bağlı mübhəm görünən hadisələr
barədə kəndin
ağsaqqalları ilə
də məsləhətləşmələr
aparırdım. Bu zaman
məktəbdə gecə
gözətçisi kimi
işləyən Ramazan
kişi karıma gəlirdi. Onunla növbəti məsləhətləşmədə
kəndin yaxınlığından
keçən Bakı-Astara
qatarının parovoz
fitini eşitdim.
Yaxınlıqda kiçik dəmiryol
stansiyası və onun əhatəsində olan dəmiryol vağzalının da olduğunu yəqin etdim. Stansiya rəisinin əslən
Qazax elatından olduğunu biləndə marağım birə on qat artdı. Bu tapıntıya özümü səfərbər
etdim. Çöhrəsinə illərin məhrumiyyətləri,
acı sızaqları
qonmuş bu ixtiyar sahibinin müsahibi olmağımla
səmimi deyirəm, qürurlandım. Biləndə
ki, müharibə dövrünün ağır
zillətinə, öz
doğma ulusundan diyarbəkir olmağına,
nəhayət, bu şərəfli peşənin
fövqündə durmağa
qadir bir zəhmətkeş insanla tanışlıq müsamirəsi
aparıram, bu cılız bədənə,
lakin möhkəm xarakterə malik insandakı şücaətə,
mətinliyə, comərdliyə
heyran qaldım...
Müəllifin məhz belə bir ümumiləşmiş
ata obrazı üzərində geniş
dayanması, səmimilik,
humanizm, millilik, ədəb-ərkan prinsipləri
əsasında davranan
yeni nəsil yetirməyin vacibliyinə işarə vurması olduqca dəyərli məqamlardır. Təsadüfi deyil ki, bu məşhur, qədirbilən insanın
varisləri də halallıqla, vətən məhəbbətilə yetişiblər.
Bu qayım-qədim, köklü Eminovlar şəcərəsinin ən
gənc fidan balası olan Coşğun Eminovun Qarabağ şəhidi kimi uca məqama
yüksələrək xalqına,
öz nəsil-nəcabətinə
başucalığı gətirdiyini,
bu mənada, böyük qürurla, ehtiramla vurğulayır.
"Bir vaxt yaşamışıq" sərlövhəli,
ikinci bölmədə
isə tələbəlik
həyatının xoş
növrağı, maraq
doğuran sevincli anları, romantik xülyalara aparan həyəcan notları, ruhi iztirablar, gənclik şövqü
ilə süslənmiş
reallıqlar öz didaktik-bədii təsir gücü ilə oxucu qəlbinə hakim kəsilir.
Müəllifin hafizəsindən silinməyən
şagird yoldaşları,
tələbə dostları
haqqında fikir və düşüncələri
ayrı-ayrı fərdlərin
nümunəsində insan
şəxsiyyətinin yüksəlişinə
xidmət edən müddəalarla ümumiləşdirilib:
"Rövşən yaxşı
tar çalırdı. Sağlam, uca
boylu, uzun şiş burunlu, nikbin oğlandı. Özünü subay kimi qələmə vermişdi... Otaq yoldaşlarımızdan şuşalı rəhmətlik
Nazim İsayev və salyanlı Rafiq Məmmədov bizə qoşulmurdular.
Nazimi yerliləri daha çox himayə eləyirdilər, çılğınlığa
bu səbəbdən yol verirdi. Rafiq kirayədəki bacısına
tez-tez dəyirdi, hərdən orada, yaxud dostugildə gecələyirdi. Stabil
beş nəfərdik.
Hər istirahət günü növbə ilə "qastronom"dan
yağ, pendir alırdıq. Bir qəhvədan çay bəs eləmirdi, "dvaynoya" əl atırdıq. Hətta bankaya
çay süzüb,
arxayın içən
də tapılırdı".
Tələbə dünyasının kövrək
dolaylarını öz
mətin addımları
ilə bərkdən-boşdan
çıxaraq keçən
müəllif oxucuya da oxşar hissləri
aşılamaqda mahir davranır.
Son bölmədə müəllifin
pedaqoq həmkarları
arasında olan hörmət-izzəti, işlədiyi
məktəblərin şagird
kontingenti ilə səmimi ünsiyyəti, müəllim-şagird əməkdaşlığındakı
uğurlu pedaqoji mərifət sehri barədə düşüncələri
öz əksini tapıb. Eyni zamanda, bütün
bunlar oxucuda da xoş təəssürat
yaradacaq ibrətamiz fikirlər, həyat dərsi sayıla biləcək məqamlardır.
Burada A.Eminovun el-obaya, kənd yerinə səmimi bağlılığı diqqət
çəkir: "Təyinatımı
Salyana alanda (1964) sevindim. Öz torpağım, mühitim
və bir kənd müəllimi.
Sonuncunu dəqiq müəyyənləşdirmişdim: şəhərdən qaçıram,
mənə kənd qoxusu, kənd məişəti və təmiz adamları gərəkdir. Axı kənddə doğulmuşam...
Hava təmiz, saf olanda və
bunu səhər-səhər
udan insan pis, bəd fikirləşməyi
bacarmır, hətta istəsə belə..."
Ötən əsrin son qərinəsində
cərəyan edən
fakt və hadisələr kontekstində
qələmə alınmış
bu əsər xatirə-povest, deyərdim
ki, ilk baxışdan diqqətimi cəlb etdi. Sadə üslubla təqdim
edilən, ancaq ciddi məntiqi mühakimələrlə zəngin
əsərə yaxından
bələd olduqca, bir səmimi oxucu kimi, kitabın
sehrinə düşdüm,
onun ideya və təlqin gücündən, cazibəsindən
ayrılmaq istəmirdim.
Əsərin memuar xarakterində
yazıldığını nəzərə alan
müəllif çox
sadə bir məntiqi ümumiləşdirmə
yolu ilə kitab haqqında fikrini belə izah edir: "Xeyli vaxtı ötürdüm, məndən
asılı olmayan qayğılarımın əlində
çabaladım, vurnuxdum
- bir parça çörək üçün.
Halbuki bir vaxt (1959-1964) biz gənclər - tələbələr
bu gün barədə düşünmək
istəmirdik. Müqayisə eləyəndə biz "əllilər"in
o həyatı bu illərin (1991-2011) günlərindən
çox yaxşı keçirdi. Üstəgəl, inam. Bu gün Azərbaycanı elə bir sərvət kabusu qaynaqlarında sıxır ki, hər bir zəhmətkeşin:
alimin, müəllimin,
həkimin, yazarın,
mühəndisin qanı
sezilir. Deyirəm elə canlılar var - qanı yoxdur - adam
qibtə eləmək
də istəyir...
Məni mühakimələrimdə "ölüm qorxusu" kabusu ilə qınamayın, onsuz da yaxınlaşıram, əcəl zənginin səsi eşidiləcək - haqqın yazısıdır. Xatirələrimə nə qədər nikbin yanaşsam da, mənlik olmadı hisslərim və böyük alman filosofu İ.Kantın ölüm ayağında dediyi sözlər yadıma düşdü: "Öz yaxın adamlarıma etdiyim yaxşılıq mənim zamani-vəfatımda qəlbimdə bir rahatlıq peyda etmişdir". Mən bu iqtibasla həqiqətənmi özümü xoşbəxt hiss etmək istədim? Bəlkə xoşbəxtlik məmnunluq hissi deyil və daim iztirablardan, məhrumiyyətlərdən yaxa qurtarmaqdır? O da bəllidir ki, insan (mən) öz ölümünü dünyanın sonu kimi görür, lakin tanışlarının (tələbə yoldaşlarının) ölümü barədə eşitdiyinə biganə yanaşır..."
Əsərin fabulası, süjet xətti, aydınlıq dərəcəsi çox şəffaf platforma üzərində qurulub. Müəllifin ömür-gün yolunun parlaq (həm də acı) xatirələrində qalan həyat hekayələrini seyirçi mövqedən yox, sırf didaktik maneradan, işıqlı hiss və emosiyalar zəminindən təhlil etməsi, oxucu düşüncəsinə çox rəvan və səlis ahəng bəxş edir.
Dil aydınlığı, lakonik deyim, dürüst münasibət, izahlı təhlil tərzi müəllifin aparıcı sənətkarlıq parametrləridir.
"Yaxşı insan" konsepsiyası üzərində təşəkkül tapan "Payızdan xəbərsiz illərim. Memuar" kitabı milli-mənəvi, ümumbəşəri, dini-mənəvi dəyərlərimizə qayıdış naminə cığır aça biləcək əsrlərdəndir. Redaktoru Ülkər Mirzəyeva (Eminova), layihə müəllifi Cəfər Cəfərli, nəşriyyat direktoru professor Nadir Məmmədli, dizayneri Kamran İbrahimov, texniki redaktoru Yadigar Mirbağırzadə olan bu kitab ədəbiyyatımıza, mədəniyyətimizə və ictimai həyatımıza dəyərli töhfədir.
Vidadi BƏŞİROV
ADU-nun dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.12.