Şuşaya ekskursiya
Zəmanəmizin
realist-romantik hekayəti
Təyyarə hava limanına istiqamətlənmiş
eniş uçuşunu yerinə yetirməyə
başladı.
Birinci dəfə təyyarəyə minmiş
bir qızın ürəyi bulandı. Bələdçi
qızlardan biri onun yardımına gəldi.
Elə bu
zaman əsas bələdçi qızın - Surqut Kəngərlinin
təmiz Azərbaycan dilində mehriban səsi eşidildi:
-
Uşaqlar, təyyarəmiz Azərbaycanın Mili Qəhrəmanı
Əlif Hacıyev adına Füzuli Hava
Limanına enir. Burada telegörüntü ilə izlədiyiniz
Şuşa məktəbliləri sizi
qarşılamağa çıxıblar. Xahiş
edirik, təyyarə tam dayanmadan, yerinizdən tərpənməyəsiniz.
Məsələ
belədir ki, Vətən müharibəsində şanlı Qələbəmizin
10 illiyi münasibətilə bu il Naxçıvan məktəblilərinin
bir qrupu Gəncəyə, bir qrupu Qubaya, bir qrupu Car-Balakənə,
o bir qrupu Lənkəran-Astaraya, bizim qrupumuz isə Qarabağa
"Vətənimizi tanıyaq" devizi altında on
günlük ekskursiyaya gəlib. Azərbaycan Mədəniyyətinin
Paytaxtı olan Şuşa bu gün
naxçıvanlı məktəbliləri gülərüzlə
qarşılayır.
Təyyarənin təkərləri yerə toxundu. İlk dəfə
təyyarəyə minənlər daxildə gizlətdikləri
yüksəklik həyəcanlarını büruzə vermək
istəməsələr də, dərindən nəfəs
almaqlarından hər şey aydın olurdu.
Təyyarə silkələnib dayandı. Hava gəmisinin kapitanı,
sınaq imtahanlarını müvəffəqiyyətlə verib
yenicə uçuş vəsiqəsi alan
Atabəy Naxçıvanlı, botmühəndis Orxan
Şahtaxtlı və uçuş heyəti salonu tərk
etdikdən sonra uşaqlar əl çantalarını
götürüb yerə endilər. Burada əllərində
gül-çiçək və Azərbaycan bayrağı
olan məktəblilər onları gözləyirdi.
Təntənəli, çal-çağırlı
görüş başa çatdıqdan sonra onlar Gəncə
Avtomobil Zavodunun istehsalı olan rahat avtobuslara minib 2021-ci ildə
ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı ilə çəkilən
Füzuli-Şuşa avtomagistralı ilə Şuşaya
istiqamətləndilər. Radioda Xan
Şuşinskinin "Şuşanın dağları"
mahnısı səslənirdi. Sonra Akif
İslamzadənin ifasında Cavanşir Quliyevin "Bura Vətəndir"
mahnısı səslənməyə başladı. Daha
sonra "Qarabağın maralı" mahnısı
uşaqların ruhunu oxşadı:
Turşsu
olsun yaylağımız,
Gözəl
Şuşa oylağımız.
Sən
olasan qonağımız,
Qarabağın
maralı!
Gedək
Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına.
Enək
İsa bulağına,
Azərbaycan
maralı!
Bələdçi
yol boyu məlumat verirdi:
- Bu qaya məşhur
"Ərimgəldi" qayasıdır. Siz bu
qayanın adını Xalq şairi Məmməd Arazın eyni
adlı şeirindən bilirsiniz. Keçmişdə
bu qayadan aşağıdakı dolayı yolu izləyən
qadınlar ərlərini səbirsizliklə gözləyərmişlər.
Qadınlar bu yolla gələn ərlərini
tanıyanda "Ərim gəldi" deyib evlərinə gedər,
yoldan gələn ərinin yemək-içməyini
hazırlayarmışlar.
Qarabağ cənnətin bir guşəsidir. Burda hər
gülün, hər çiçəyin, hər daşın,
hər qayanın, hər kəndin, hər şəhərin
özünəməxsus tarixi, maraqlı bir hekayəsi
vardır. Aşıq Ələsgər Qarabağ
torpağının xəritəsini belə çəkib:
Var olsun
Qarabağ, əcəb səfadır,
Başa Xaçın axır, ayağa Qar-Qar.
Göyçə
qar əlindən zara gəlibdir,
Muğan
həsrət çəkir a yağa qar-qar...
Bələdçi
davam edir:
-
Uşaqlar, Xan Şuşinskinin əvəzsiz ifasında
"Şuşanın dağları", "Qarabağ
şikəstəsi" məlumdur. "Qarabağ şikəstəsi"ni ancaq azərbaycanlılar oxuya bilirlər,
başqa millətlərin dilinə və boğazına
görə deyil o.
Hər il yayda bu şəhərdə Vaqif Poeziya
Günləri, mahnı festivalları, türk xalqlarına məxsus
olan Cövgən oyunu yarışları keçirilir. Cövgən oyunu beynəlxalq mahiyyət
daşıdığından Anadoludan, Qazaxıstandan, Özbəkistandan,
Türkmənistandan, Krımdan, Tatarıstandan,
Başqırdıstandan, Dağıstandan, Borçalıdan,
Kərkükdən gələn komandalar öz atları ilə
bu yarışları bəzəyirlər. Qazax-Dilboz və Ağdamın Qarabağ
atçılıq mərkəzlərinin komandaları
ayrıca təmsil olunurlar bu yarışlarda.
Məlumat
üçün bildirək ki, Şuşa
Televiziyasının verilişləri Azərbaycanın
süni peyki vasitəsilə bütün dünyaya
yayımlanır. 1864-cü ildə Şuşada
Xan qızı Natəvanın
başçılığı ilə "Məclisi-üns"
("Dostluq məclisi") və 1872-ci ildə Mir
Möhsün Nəvvabın rəhbərliyi ilə "Məclisi-fəramuşan"
("Unudulmuşların məclisi") adlı ədəbi məclislər
Şuşada yenidən təşkil olunmuşdur. Bu məclisin
üzvləri Gəncədəki "Divani-hikmət",
Qubadakı "Gülüstan", Ordubaddakı "Əncüməni-şüəra",
Lənkərandakı "Fövcül-füsəha",
Bakıdakı "Məcmüətüs-şüəra",
Şamaxıdakı "Beytüs-Səfa" ədəbi məclislərinin
üzvləri ilə sıx əlaqə saxlayırlar. Həmin məclis üzvlərinin burada ildə bir dəfə
şeir müsabiqəsi də keçirilir.
Bilirsiniz ki, Natəvan və Mir Möhsün Nəvvab həm
də rəssam olmuşlar. Natəvan öz əl
işlərinin müəyyən bir hissəsini o vaxt Maku
xanlığına hədiyyə vermişdi. İndi onlar da geri qaytarılıb, muzeydə
saxlanılır. Mir Möhsün Nəvvabın
"Təzkireyi-Nəvvab" əsəri Qarabağ şairlərinin
şeirlərini özündə çox gözəl hifz edən
tarixi mənbədir. Siz, yəqin ki,
ikicildlik "Qarabağnamələr" əsəri
haqqında da eşitmisiniz. O əsəri mütləq
oxuyun!
Şuşa həm də tarixi yerləri ilə məşhurdur. Şəhərdə islam dəyərləri nümunələrindən
biri də Gövhər ağa məscididir. Cıdır
düzü, Daşaltı, Kirs dağı Şuşanın təbii
rəmzləridir. Məşhur
xarıbülbül gülü də məhz burada bitir.
Onu başqa torpaqlarda əkib-yetişdirmək
istəsələr də, heç vaxt alınmayıb. Bu, Şuşanın havası ilə əlaqəlidir.
Onu da deyim ki, Qarabağda ən təmiz hava məhz
Şuşadadır.
Avtobus Qala qapısından keçib şəhərə
daxil oldu. Bələdçi
məlumat verməkdə davam edirdi:
- Biz indi
Şuşanın Heydər Əliyev prospekti ilə irəliləyirik.
Az sonra siz Xan qızı Natəvanın
dağlardan saxsı boru ilə şəhərə çəkdirdiyi
tarixi bulaqdan su içəcəksiniz. Bu
bulağın daş kitabəsində o zaman bir dərviş-şairin
şeiri yazılıb və Xan qızı vəsf edilib.
Sonra biz Vətən müharibəsinin qalib əsgərlərinin
xatirəsinə Şuşada ucaldılan möhtəşəm
abidəni və Şəhidlər Xiyabanını ziyarət
edəcəyik. Daha sonra Mir Möhsün Nəvvab adına
İncəsənət Muzeyində rəssamlıq əsərlərinə
tamaşa edəcəksiniz. Biz Molla Pənah
Vaqifin məqbərəsini və Ev-Muzeyini də ziyarət edəcəyik.
Bilirsiniz ki, şairin məqbərəsini o zaman
Respublikamıza rəhbərlik etmiş Ulu öndər Heydər
Əliyev tikdirib. 1982-ci ildə məqbərənin
açılışı zamanı qar yağsa da,
böyük rəhbər təntənəli bir məclis
keçirib. Siz muzey ziyarəti zamanı həmin
video-çarxa baxacaqsınız. Ermənilər 1992-ci
ildə Şuşa şəhərini
işğal etdikdən sonra məqbərəni
dağıtmışdılar. 2021-ci ildə
ölkə Prezidenti Cənab İlham Əliyevin
tapşırığı ilə məqbərə əsaslı
şəkildə təmir olunmuşdur.
Bu şəhərdə
Üzeyir Hacıbəyov adına
Konservatoriyanın Şuşa filialı fəaliyyət
göstərir. Əslində, Şuşaya Azərbaycanın
"təbii konservatoriyası" da deyirlər.
Qasım bəy Zakir adına Ədəbiyyat
Muzeyi, Yusif Vəzir Çəmənzəminli adına Folklor
Mərkəzi, İlyas Əfəndiyev adına
Yaradıcılıq Evi, Seyid Şuşinski adına Muğam
Mərkəzi, Cabbar Qaryağdıoğlu adına səsyazma
studiyası, Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın
ev-muzeyləri şəhərin bəzəyidir. Tarix Muzeyində isə Şuşanın keşməkeşli
tarixi əks olunub. Burada Azərbaycan torpaqları, həmçinin,
Şuşa uğrunda müxtəlif
dövrlərdə apardığımız mübarizələrin
şanlı səhifələri əks olunub, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevə həsr
olunmuş xüsusi guşə ayrılıb. Muzeydə
Qarabağın tarixinə və Qacarın həyatına həsr
olunmuş tarixi və bədii əsərlərə də
rast gələ bilərsiniz.
Uşaqlar,
bu gördüyünüz Şuşa
Karvansarasıdır. Karvansara yenidən qurulsa
da, qədim görkəmi saxlanılıb. Şəhərdə fəaliyyət göstərən
Turizm Mərkəzi də çox gediş-gəlişli yerlərdəndir.
Azərbaycan sənətkarlarının əl
işləri satılan küçədə - Yeni Xərabatda
avtomobil hərəkəti qadağandır. Ona görə də vaxt ayırıb, oraya piyada gedəcəyik.
Bu küçədə açıq havada
musiqi səslənir, hər kəs öz qabiliyyətini
göstərir. Burada kəndirbazdan
tutmuş, xoruz döyüşünə qədər, hər
cür Şərq əyləncəsi görmək
mümkündür. Azərbaycan sənətkarlarının
əl işləri sərgisi xarici turistləri daha çox
maraqlandırır. Onlar bu suvenirləri
alıb öz ölkələrinə aparırlar. Xaricdən gələn qadın turistlər ən
çox ipəkdən hazırlanmış kəlağayılarla
maraqlanırlar. Kişilərin marağını isə
daha çox ustaların hazırladıqları əl işləri,
kişi papaqları cəlb edir. Turistlər dünyanın bütün yerlərindən
bura axışır, istirahət mərkəzlərində
dincəlirlər. Sanatoriyanın nəzdindəki
müasir Diaqnostika Mərkəzi turistlərin və yerli əhalinin
sağlamlığını qoruyur.
Yayda buradakı Gənclər Evində və Məktəblilər
Sarayında bir çox mədəni əyləncələr təşkil
edilir. Şuşa Teatrı tez-tez qastrol səfərlərinə
gedir. Yayda bura gələn əcnəbilər Şuşa Filarmoniyasında dünya
estradasının görkəmli nümayəndələrinin
konsertlərinə maraq göstərirlər. Kanat
yol Xankəndi-Xocalı-Şuşa-Kirs marşrutu ilə
çoxlu turist daşıyır. Turistlərin
İsa bulağına da marağı çox
böyükdür. Qarabağ xanlığına aid
tarixi yerlər, Pənahəli xanın tikdirdiyi Bayat,
Şahbulaq və Şuşa qalaları
haqqında biliklərinizi də Tarix Muzeyinin Şuşa
filialında artıra biləcəksiniz. Burada siz Pənahəli
xanın dövründə dövriyyəyə buraxılan
"Pənavənd" pul vahidi ilə də tanış
olacaqsınız.
İbrahim xanın qızı, Fətəli şaha ərə verilmiş Ağabəyim Ağanın "Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ", Qasım bəy Zakirin "Külli-Qarabağın abi-həyatı, Nərmi-nazik bayatıdır, bayatı", Qarabağda uşaqlar ağlayanda da muğamat üstə oxuyurlar" deyimləri bu torpağın saf havasının və suyunun vəsfi deməkdir. Qarabağın işğal altında olduğu illərdə Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də əsir saxlanıldığı Şuşa qalasındakı məşhur həbsxana isə indi muzey kimi saxlanılır. Çünki bu şəhər kurort-sanatoriya şəhəri olduğundan burada qanunu pozan və dustaq yoxdur. Vaxtilə MTS adlanan yerdə indi ən müasir stadion tikilmişdir. Şəhərin məhəllələrinin adı elə bir tarixdir. Uşaqlar, ümumiyyətlə, Şuşa Azərbaycan tarixinin mühüm bir hissəsidir.
Azərbaycanın hər yerindən buraya - Şuşa bazarına hər gün keyfiyyətli, təbii ərzaq məhsulları gətirilir. Gəncədən təzə-tər göyərti, Gədəbəydən kartof, Kəlbəcərdən "İstisu", Naxçıvandan Ərəfsə cəvizi, "Sirab" və "Badamlı" mineral suları, daş duz, ət məhsulları, balıq, tərxun, Şahtaxtından qovun, Ordubaddan ərik, quru meyvələr, Şərurun Oğlanqala və Qarxun kəndlərindən xiyar-pomidor, Şahbulaqdan alma, Yuxarı Daşarxdan hülü-şaftalı, Kəngərli rayonunun Qarabağlar və Abşeronun Hövsan kəndlərindən soğan, Bakıdan əncir, şanı, Sabirabaddan və Zirədən qarpız, Göyçaydan nar, Lənkəran-Astaradan sitrus meyvələri, Şəkidən fındıq-qoz, "Əliəhməd halvası", ətirli Zaqatala çayı, Suqovuşandan camış kərəsi və şor gətirilib burada satılır. Şəkidən, Ordubaddan gətirilmiş aşpazların bişirdikləri lüləkabab, Şəki və Ordubad pitisi, Azərbaycan plovlarının müxtəlif növləri göz oxşayır. Şair demişkən: "Cənnət görmək istəyən Azərbaycana gəlsin!"
Bələdçi Şuşa haqqında ard-arda verdiyi bu məlumatları yekunlaşdıranda artıq biz qalacağımız ünvana çatmışdıq. O, avtobusun mənzil başına çatdığını görüb sözünü belə yekunlaşdırdı:
- Bir sözlə, Azərbaycanın incisi, başı çox qovğalar çəkən gözəl Şuşamıza xoş gəlibsiniz! Gəlin, Vətənimizi öyrənək və qoruyaq! Sonra deməyək ki, "Cənnət Qarabağda, cavan yaşımda, Bir gözəl sevdiyim yadıma düşdü", yaxud deməyək ki, "Könlüm keçir Qarabağdan, Gah bu dağdan, gah o dağdan..." Elə indiki kimi özümüz keçək Qarabağdan, özümüz gəzək Qarabağda.
Biz avtobusdan düşmək üçün hazırlaşdıq. Elə ilk dəqiqələrdən hiss olunurdu ki, bizi Şuşada çox maraqlı bir səyahət gözləyir...
Seyfəddin EYVAZOV
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.- 2021.- 29 yanvar.- S.8;9