Ağdamda evimiz
Can Evimiz indi - 2021-ci ilin yanvarında
sənə necə salam verim ki, salamımı alasan,
sənə necə təsəlli verim ki, təskinlik tapasan,
hardan başlayım, nədən başlayım ki, məni
eşidəsən, üzümə baxasan, qollarını
qaldırıb məni qucaqlayasan, kövrəlib ağlayasan, sənə
baxıb mən də ağlayam... Hanı ağlamağa
gözün varmı, qolların dibindən kəsilib,
ayaqların varmı, qapın, pəncərən, divarların
elə bil ki, heç olmayıb, ağacların yeri də
bilinmir, suyun quruyub, dəmir darvazan uçub gedib, yeri
bilinməz olub...
Cənnətlik Zəhra anam deyərdi
ki, Ağdama geri dönəndə həyətimizin
darvazasından evimizin pilləkənlərinədək (ən
azı 30-40 metr var) dizin-dizin, sürünə-sürünə
gedəcəyəm, bəlkə evim məni
bağışlaya, onu qoruya bilmədik, fələyin
badına getdi evimiz, qolları qırılsın ermənilərin,
qapıları xaraba qalsın...
1989-cu ilin
yay günləri düşür yadıma. Ağdama
- evimizə getmişdim. Evimiz
Ağdamın düz mərkəzində yaşayırdı.
İndi
telegörüntülərdə murdar ermənilərin
Afrikanın çəyirtkə sürüsü kimi
altını-üstünü gəmirdiyi Ağdam
Dövlət Dram Teatrının giriş qapısının
üç oval şəkilli tağını
görürük. Bax, həmin
girişin tuşunda rayon partiya komitəsinin
ikimərtəbəli köhnə binası yerləşirdi -
Voroşilov küçəsi № 1-də. Bir az o yanda şəhərə
bitişik Seyidli kəndinə tərəf gedən yolda -
Voroşilov küçəsi № 9-da bizim həyətimiz, evimiz
vardı. SSRİ dağılandan sonra küçəmizin
adını "Xudu Məmmədov" qoydular.
Ağdamın
hər fəsli gözəldi. Yay ayları da
öz yerində, bazar-dükan aşıb-daşardı,
mer-meyvəsini, bostan-tərəvəzini yığıb
yığışdırmaq çətin
məsələydi. Nə isə...
Hə, Ağdamdaydım -
evimizdə. Qardaşım Fuad mamamızdan (anama "mama" deyirdik)
giley-güzar eylədi. Dedi ki,
sən mamaya deginən qoy, icazə versin, bu evə bir balaca
əl gəzdirim, istəyirəm şüşəbəndi
bir az genişləndirim, qabağa çəkim, bu
zirzəmini heç olmasa iki belağzı aşağı
saldırım, içəri girəndə qəddimizi
əyməyək, mamam qoymur ki, qoymur.
Anamdan
soruşdum ki, niyə icazə vermirsən, Fuad
şüşəbəndi, zirzəmini düzəltdirsin,
genişləndirsin?
Zəhra anam üzünü yuxarı
tərəfə - dağlara tərəf tutub qollarını
göyə qaldırdı:
- Mən nə deyirəm ki,
dədənizin tikdirdiyi evdi, istəyirsiniz söküb
yenidən tikin. Amma qoy o qırılmışlarla qurtaraq
sonra, yuxarı tərəfdən arxayın olaq, sonra necə
istəyirsiniz eyləyin, nə deyirəm ki...
Mən gülə-gülə
dilləndim:
- Yəni deyirsən ki,
ermənilər Ağdama gələ bilərlər?
Anam sözümü kəsdi:
- Yox, demirəm ki, ermənilər
Ağdama gələcəklər, Allah vurmuşdu onları,
amma yenə də arxayınçılıq olsun, sonra...
Ah, yazıq anam, müdrik anam, birinci
sinifə belə getməyən bilikli anam, ruhun sevinsin indi
Ağdama, evimizə, küçəmizə
qayıdırıq... Birmərtəbəli, kürsülü,
üçgözlü ata evimizin həlak olduğu dəqiq
tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama
soxulmasına hələ yeddi ay vardı...
O vaxtlar Ağdam rayon prokuroru
işləyən Zahid Tağıyev dedi bu tarixi
mənə. Düşmənin qradı düz gəlib yenidən qurmaq
istədiyimiz şüşəbəndin başına
düşmüşdü.
Balaca
qızım Firuzə ilə yaxınlaşıb evimizlə
vidalaşdıq. Firuzə
süpürgə götürüb ağlaya-ağlaya
həyəti süpürəndə süpürgəni onun
əlindən alıb kənara tulladım.
Taxtapuşunun dəmirləri qonşu
qiyaslı Şahmarın damına tökülmüş,
ağacların budaqlarından sallanmış yaralı
evimizə baxmaq dəhşət idi... Onu belə gündə
görüncə xəcalət çəkdim. Canım evimiz, səni də, qohum-qonşunu da qoruya
bilmədik, bizləri qəti bağışlama, otuz illik
zillət bəs eyləyər daha...
O günü - 23 noyabr 2020-ci ildə
cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz,
vüqarımız Mehriban xanım yaralanmış, təhqir
edilmiş, yazıq günə qalmış Ağdam
Cümə məscidini ziyarət edəndə baxıb
ağladım, elə bil yuxu görürdüm,
möcüzəyə düşmüşdüm nəydi...
Ali Baş
Komandanımız məscidin rəngi qaçmış
həyətində haqsızlığa, zülmə
qarşı üsyan edirdi, erməni eybəcərliklərini,
onların faşist xislətini faktlarla ayaqlar altına
çırpırdı. Qalib bir
millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın,
ədalətin təntənəsini bütün planetə
bəyan edirdi...
Mən ağlayırdım,
əfsanəvi qələbə həyəcanından, torpaq,
yurd-yuva həsrətinin yanğısından od almışdı məni. Qüdrətli Prezidentimiz
istəkli Birinci Xanımla birlikdə çöhrəsi
solmuş, rəngi qaçmış, pis günlərə
qalmış Ağdam Cümə məscidinə
Məkkədən gətirdiyi müqəddəs
"Qurani-Kərim" kitabını bağışlayanda
gözümdən od parladı, elə bil nağıllara
düşmüşdüm, yuxu görürdüm...
Bu
qədim Ağdam Cümə məscidi mənə necə
deyərlər, bir köynək yaxın idi, doğma idi. Babam molla
Mürşüd Məşədi İsfəndiyar oğlu
Cəfərov keçən əsrin 50-ci illərində bu
məscidin sədri olmuşdu.
Məscid
oxuduğum 1 nömrəli oğlan orta məktəbə
gedən yolun üstə idi.
Qeyd: O vaxtlar biz qızlarla birlikdə
oxumurduq. 1954-55-ci dərs ilindən oğlanlarla qızlar bir
yerdə oxumağa başladılar.
O illərdə, yəni XX əsrin
əllinci illərində (dəqiq tarixi yadımda deyil)
eşitdim ki, Bakıdan məscidlərin böyüyü
gəlib.
Bakıdan
gəlmiş qonağın - yəni şeyxülislamın
şərəfinə açılmış məclisdə
mən də vardım, süfrəyə qulluq edirdim.
Babamgilin həyətində qoşa
tut ağacının kölgəsindəki
çəmənlikdə xalçalar
salınmışdı, döşəkçələr, mütəkkələr
də öz yerində...
Mən
süfrəyə qədim və yaraşıqlı bulud
qablarda plov daşıyırdım. Birdən
o vaxtın diliylə desək, məscidlərin
böyüyü əlini mənə tərəf uzadıb
babamdan soruşdu:
- Mürşüd kişi, bu uşaq kimdir belə?
Mürşüd babam dərhal
cavab verdi:
- Nəvəmdir, adı Ramizdir,
İbrahim əfəndi.
Şeyxülislam məni yanına
çağırıb soruşdu:
- Neçədə oxuyursan, necə
oxuyursan?
-
Əlaçıyam, beşinci sinifdə oxuyuram. - dedim.
- Biz indi hardan bilək ki, sən
əlaçısan? - deyə İbrahim Əfəndi
soruşdu.
Mən bir söz demədən babamgilin
həyətindən qaça-qaça Voroşilov adına küçəyə - öz evimizə
gəldim. Kamodun gözündə saxladığım
"Azərbaycan pioneri" qəzetini götürüb geri
qayıtdım.
Qəzetin
birinci səhifəsində boynumda pioner qalstuku olan
böyük şəklim verilmişdi. Şəklin altında yazılmışdı:
"Ağdam şəhər 1 nömrəli oğlan orta
məktəbinin əlaçı şagirdi Ramiz
Məmmədov" (onda familyam "Məmmədov" idi)...
Şeyxülislam qəzeti alıb
diqqətlə baxdı - Ay maşallah, Mürşüd kişi nə yaxşı nəvən var. Sən
əlaçısan, mən də sənə əla bir saat
bağışlayacağam, - dedi İbrahim Əfəndi.
Sonra
qolundan açıb döşəkçənin üstə
qoyduğu qızıl bilərzikli par-par yanan qızıl
saatını mənə uzatdı.
Mən
özümü itirdim və tez də ələ aldım.
- İbrahim Əfəndi - dedim -
Çox sağ olun, amma bu saat mənim qoluma
böyükdür. Mən orta məktəbi bitirib gələrəm Bakıya,
instituta girərəm, bax, onda "12 rəqəmi"
qırmızı yazılmış "Pobeda" saatı
bağışlayarsınız mənə. Babam
məni müdafiə etdi, razılaşdıq.
İndi o günlərdən ən
azı 70 il sonra müstəqil
vətənimizin qalib Prezidenti cənab İlham Əliyev
ayaqqabısını soyunub Birinci Xanımla birlikdə
əlində "Qurani - Kərim" kitabı Cümə
məscidinə daxil olduqda hönkürtü aldı
məni...
Cənab Prezidentimizin məscidin
həyətindəki bəyanatı isə bütün dünya
ermənilərinə, erməni faşizmini
dəstəkləyənlərə, ermənipərəst
siyasət xadimlərinə, cahil elm-sənət
nümayəndələrinə, makronlara, Jirinovski kimi
diletantlara, bir sözlə, puç və yalan ideoloji
cəbhədəki kəslərin hamısına qarşı
haqq-ədalət təntənəsinin əks-sədası
idi, XXI əsrdə məğlub olmuş şərəfsiz
və əxlaqsız bir millətə qarşı
çağırış idi.
Ötən
əsrin 30-cu illərində tikilmiş
üçgözlü kürsülü evimizdə atam Yaqub
ürəkdolusu yaşaya bilmədi. Hitler
müharibəsi onu bu evdən alıb apardı, qəbri
Rusiyanın Oryol Vilayətinin ucqar Doljenski rayonunun soyuq
çöllərindədir. Həlak
olanda (18 fevral 1943-cü il) 34 yaşındaydı, hərbi
vəzifəsi vardı: 74-cü atıcı alayın siyasi
hissə üzrə komandir müavini, leytenant rütbəsi
daşıyırdı (Bax: Azərbaycan Respublikasının
Xatirə Kitabı. Bakı-2010, 10-cu cild, səh. 264).
Yüz
təəssüf, min təəssüf ki, hələ də
atam Yaqubun məzarını ziyarət edə
bilməmişəm. Atam getdi,
qayıtmadı, amma onun tikdirdiyi ev yaşayırdı,
ömür edirdi və bu evin çırağı
sönmürdü, bu evə gəlin gəldi, bu evdən
gəlin köçdü, bu ev nənə oldu, bu ev baba oldu,
nəvələr doluşdu həyət
həyət-baxçasına, qanadlanıb yüksələn
qəhqəhələr bürüdü aləmi, bu evdə
bir ana, dörd uşaq - bir qız, üç oğlan
yaşadı, boy atdı...
Anama yazdığım bir
şeirdə demişdim:
İyirmi iki yaşından
Dörd kiçik əsgərlə
Döyüşə hazır...
Hər hücuma müntəzir...
Həyətimiz
çox böyük olduğundan
çəpərləməyə gücümüz
çatmırdı, ən azı 4-5 araba çəpər
kolu lazım idi. Həyətimizin
bəzi yerlərini qonşularımız yolaq eləmişdi.
Sonrakı
illərdə həyətimizin bir hissəsini "aptek
Tələt" kimi tanınmış Tələt
Əliyevə, kiçik bir parçasını isə
Qiyaslı kəndindən olan Şahmar kişiyə verdik. Hər iki
ailə ilə mehriban qonşuluq ünsiyyəti yarandı.
Ümumiyyətlə,
qonşularımızın əvəzi yox idi. Südabə
xala, Nübar xala, Qələm xala, Tovuz xala, Raya xala,
Kifayət xala... bir-birindən istiqanlı, şirindil,
qayğıkeş adamlardı. Orası
da qəribə idi ki, bizdən başqa qonşuların
hamısının evində kişi var
idi...
Mən küçəmiz
barədə, ordakı adamlar haqqında 5-10 il qabaq doğma "525-ci qəzet"də
yazmışdım. Necə də mehriban qonşularımız vardı. Ruhları
şad olar, yəqin.
O günlərdən kiçik bir
misal. Bir gün
axşamdan xeyli keçmiş Şəkidən
qonağımız gəldi. Anam dərhal
Tovuz xalagilin çəpərinə yaxınlaşıb
"Tovuz, ay Tovuz!" - deyə onu çağırdı.
Tovuz xala çəpərin başına
yaxınlaşıb dedi: - Nə var, ay Zəhra?
Anam
qayıtdı ki, Şəkidən qonaqlar gəlib, o
hindüşkalardan 1-2 dənə kəs, ötür bəri.
- Qonaqlar xoş gəlib. Bu saat ay
Zəhra! - dedi Tovuz xala.
"Kəs,
ötür bəri" - o demək idi ki, yəni
təmizlənmiş, yuyulmuş olsun ha hinduşkalar.
Sayad nənəm vəfat
eyləyəndə qohum-qonşu elə tökülüb
gəldi ki, yas yiyəsinə bir iş qalmadı. Yas
çadırı quruldu, stol-stul, qab-qacaq qonşulardan dəstə-dəstə
gəldi, teşt-teşt təndir çörəyi,
kisə-kisə kartof-soğan, ət, yağ və
s. də öz yerində.
Bax,
beləcə yaşamışıq Ağdamda, Yasımız,
toyumuz bir, dərdimiz-odumuz bir.
Zəhra anam uzun müddət heç
harda işləməmişdi...
Harda işləyəydi, nə
işləyəydi ki?..
Onun
işi 22 yaşından bizləri - dörd balanı
böyütmək olmuşdu, pis-yaxşı... heç
kəsə əl açmadan. Amma
evlər yaraşığı olan qədim
xalımızın necə deyərlər, su qiymətinə
satılması əhvalatı yadıma düşəndə
- elə indi də təpəmin ortası
tüstülənir...
Səhv
etmirəmsə, ötən əsrin 60-70-ci illərində
anama qohumluğu çatan uşaq baxçasının
müdiri, rəhmətlik Zivər xanım anamı
baxçaya aşpaz işinə götürmüşdü.
Hələ o ağır
illərdə tanış-bilişlərdən kimlərsə
anama məsləhət də vermək istəmişdilər:
"Cavan gəlinsən, nə oturmusan dörd uşaqla
evdə, kimi, nəyi gözləyirsən, qara kağız
almısan, uşaqları ver "detdoma", çıx get
ərə..."
Belə
məsləhətçilərdən biri də Tamaşa arvad
idi ki, anam onu həyətimizdən qovmuşdu... Anam belə
kəslərə qəti və kəskin cavab vermişdi:
- Bəsdirin siz Allah! Mən Yaqubun
balalarını yetimxanaya qoya bilmərəm. Yaqibdan
sonra nə ər? Allah
vurmuşdu o əri...
Bu
sətirləri əzab içində yaza-yaza
tanıdığım bir qələm adamının valideyini
barədə utanmadan yazdıqları yadıma
düşür. O adam qəzetlərin birində yazmışdı ki,
mənim atam anamın ikinci əri idi. Atam getdi
əsgərliyə, qayıtmadı, anam
üçüncü dəfə ərə getdi...
Elə bil anası üç
dəfə "Şərəf nişanı" ordeni
alıb...
Evimizin
sirri-söhbəti, sevinci də, kədəri də bizimlə
idi. Sevinci, xoş ovqatı
çəpər aşıb qonşulara yayılardı,
kədəri qanad açmazdı, elə özündə
qalardı... Amma qapıları qonaq-qaraya həmişə
açıqdı.
Xalq artisti, bəstəkar Ramiz
Mustafayev, Xalq şairi Nəriman Həsənzadə,
Ümumittifaq Lenin komsomolu mükafatı laureatı, şair
Davud Nəsib, sanballı ədəbiyyat alimi Rəhim
Əliyev anamın qonağı olmuşdular.
Həmin məclisdən bir az sonra qardaşım Fuadın oğlu oldu, anam
uşağın adını Nəriman Həsənzadənin
şərəfinə "Nəriman" qoydu. Yeri
gəlmişkən deyim ki, indi həmin Nəriman
Məmmədzadə Rəssamlıq Akademiyasını bitirib,
tanınmış rəssam-dizaynerdir.
Anam danışırdı ki, bir may
günü həyətdə sac asıb kətə
(göyərti qutabı) bişirirdim, darvazamızın
zəngi çalındı. Gedib açdım. Kimi
görsəm yaxşıdı? Dostun
Məmməd Aslanı, çantası da
çiynində. İçəri dəvət elədim, elə
ocağın qırağındaca oturtdum onu. Dedim ay Məmməd, bu kətələrdən doyunca
yeməlisən, Ramizin əvəzinə də. Xəmiri
dəmyə buğdadandır, göyərtisi çöl
pencəridir, yağı da nehrə yağı. Yağladım
kətələri, verdim yedi. Sonra
dedi ki, bəsdir, ay Zəhra xala, ta yerim yoxdur...
Gedəndə
də bir dəstə kətəni dəsmala büküb
qoydum çantasına.
Sonralar Məmməd Aslan
anamın adına bir
şeir həsr etmişdi, qızları Zəhra ana kimi
kətə bişirməyi öyrənməyə
çağırmışdı.
Şərəfinə Beynəlxalq
Ədəbi mükafat təsis edilmiş şair Şahmar
Əkbərzadə, Əməkdar incəsənət xadimi,
şair Çingiz Əlioğlu, Əməkdar
mənədəniyyət işçisi,
yazıçı-publisist Mustafa Çəmənli,
şair-filosof Əhməd Elburus, şair-publisist Məmməd
Murad bizim evin əziz qonaqları olmuşlar.
Ağdamdakı
evimiz bizim arxamız, dayağımız idi. Bu ev şüşəbənd
gözlərilə, qara-boz çay daşlarından
hörülmüş qollarıyla, dəmir taxtapuşuyla,
dualı qapılarıyla yayda, qışda - bütün
fəsillərdə bizi qoruyar, bizə analıq,
nənəlik edərdi...
Amma biz onu qoruya bilmədik,
düzü heç qorumadıq da... Vəfasız
çıxdıq, canımızı götürüb
qaçdıq, onu özümüzlə apara
bilmədik... Kimin əlindən, nəyin qorxusundan? Prezidentimizin
ən yaramaz, murdar, şərəfsiz və qorxaq
adlandırdığı bu donuz sürüsünün -
ermənilərin əlindən.
Yox, həm də həlak olduq,
qırıldıq da... Tək Ağdam ətrafında
gedən döyüşlərdə 6 mindən çox
ağdamlı həlak oldu, yüzlərlə adam yaralandı...
Əslində,
sən demə, bu cındır düşmənimiz yer
üzünün ən xain, ən yaltaq, ən gücsüz
məxluqları imiş.
"Qonşu"
sözü bizlərdə təbəssümlə,
rəğbətlə qarşılanan ifadədir. Biz
Haystanla qonşu deyilik, heç qonşuluq da eləmirik. Biz - Azərbaycan o yaramaz idbarlarla
həmsərhədik, qonşu deyilik! Biz az həssas və diqqətli olaq!
Ali Baş Komandanımız cənab
İlham Əliyevin misilsiz hərbi və diplomatik
hünəri, Azərbaycan əsgərinin Vətən, torpaq
məhəbbəti, Qarabağ sevdası sayəsində biz
tarixi qələbə çaldıq, qırdıq
Ermənistan deyilən bu yerin onurğa sütununu, haylar
barədə şişirdilmiş puç uydurmaların sonuna
çıxdıq.
Bəşəriyyətin
insanabənzər canlılarına qarşımızda diz
çökdürdük! Torpağımızın
qırışığı açıldı, dağlarımızın
üzü güldü, çaylarımız bizə
tərəf axdı, bulaqlarımız qanım-qanım
qaynadı, göylərimiz ulduz-ulduz çoxaldı... bütün
Qarabağ, anamız Azərbaycan naxışları pozulmaz
əbədi bir bahara qovuşdu...
İndi mən gələcək günlərimiz barədə düşünürəm. Ömrün
qalan payını harda yaşamalı, necə yaşamalı? 80 yaşı keçmişəm, yəqin ki,
Kürqırağı meşələrdə mənim
yaşımda ağac çətin tapılar... Gələcəkdə
tərəqqisinə böyük ümidlər
bəslədiyimiz Qarabağ bizim yolumuza göz dikib,
hay-harayımızı gözləyir. Mən Ağdama - evimizə sonsuz istəklərlə
dönmək arzusundayam. Və inanıram ki, müvafiq icra strukturları da,
"Qarabağ Dirçəliş Fondu" da mənə
dəstək olacaqlar.
Ağdamda cəmi 58 il yaşaya bilmiş evimiz barədə hələlik bu
qədər.
Bu yazını gənc qələm sahibi, hörmətli Reyhan xanım Kənanın məni titrədən aşağıdakı misraları ilə bitirmək qərarına gəldim:
Kim hansı yaşında çıxıb gedibsə,
Elə həmin yaşda dönəcək geri...
Şüvəlan, 10 yanvar, 2021-ci il.
Ramiz MƏMMƏDZADƏ
525-ci qəzet.- 2021.- 20 yanvar. S.
14-15.