Moskva,
qarlı gecə və vyetnamlı...
Moskvada
universitetdə birinci kursda oxuyurdum. Dekabrın
ortaları idi. Axşam saat 11
radələri olardı. Tələbə
yataqxanasındakı mənzilimdən dəhlizə
çıxanda üzbəüz mənzilin açıq
qapısında vyetnamlı tələbə Binh
göründü. O da
mənim kimi qalın gödəkçə geyinmişdi. Əynindəki
uyğunsuz idman şalvarından bilinirdi ki, çölə
qısa müddətə çıxır. Mənim
də əynimdəki idman şalvarı çox
fərqlənmirdi. Başımızı
yellədərək salamlaşdıq. Aramızda bir
qədər məsafə saxlayaraq aşağı
düşdük, küçədə yataqxana girişinin
qarşısındakı səkidə yenə də
məsafəli şəkildə dayandıq.
Moskvada ilk
qışımı keçirirdim. Aram-aram qar
yağırdı. Zəif
işıqlı fənərlərlə aydınlanan
küçələr bomboş görünürdü. Yataqxananın
önündən keçən qoşa zolaqlı avtomobil yolu
hərəkətsiz idi. Yolun o biri
tayında beşmərtəbəli Sovet binaları ilə
əhatələnmiş, sıx, böyük ağacların
sıralandığı geniş həyət
görünürdü. Həyət
deyəndə ki, nə uşaqlar üçün oyun
qurğuları vardı, nə də idman meydançası. Möhkəm
qar yağsaydı və sən bu ağaclığın
ortasında qalsaydın, elə bilərdin,
meşədəsən, azmısan.
Bir
neçə gün idi ki, şəhərə aramsız qar
tökürdü, gecələr sərt şaxta olurdu. Axşam-axşam
təmiz hava almaq fikrim vardı. Həm də
buludlardan tənbəl-tənbəl, naz-qəmzə ilə
enən və yerdə itən qar dənəciklərinə
tamaşa etmək istəyirdim. Soyuğun
həzin-həzin iliyə işlədiyini hiss edə-edə bu
mənzərənin tamaşasına durmaq adama hədsiz
rahatlıq verirdi.
Binh də
mənim kimi səkidə dayanıb məmnun-məmnun
ətrafa baxırdı. Əlindəki
siqaretin tüstüsünü havaya elə
üfürürdü, elə bil, qar dənəciklərinə
sataşmaq, onların ahəngini dəyişmək istəyir. Sükunəti
mühafizəçinin yataqxana girişindəki kiçik
televizorundan ara-sıra gələn səslər pozurdu.
Bu
mənzərədən elə təzəcə həzz
alırdıq ki, anidən uzaqda bir polis
maşınının işıqları göründü. İkimiz
də işıq gələn səmtə boylandıq. Aşağı
sürətlə irəliləyən maşın
yavaş-yavaş bizə yaxınlaşırdı. Pasportum
üstümdə deyildi. Moskva
polisləri isə bunu göydə axtarırdılar:
hansısa xarici ölkə vətəndaşını
vəsiqəsiz yaxalamaq. Dönüb yataqxana qapısına baxdım. Binhlə
baxışlarımız toqquşdu. Deyəsən,
onun da eyni əndişəsi vardı. Yerimizdən
tərpənmədik: nə olar, olar. Polis görən kimi qaçası
deyildik ki?!
Maşın
bizə yaxınlaşanda Binh də, mən də fərqli
istiqamətlərə baxaraq rahatlığımızı
pozmamağa çalışdıq. Faraların
işığının artıq gözümüzü
qamaşdırdığını hiss edəndə
maşın anidən sürətini azaltmağa başladı
və Binhlə mənim aramda dayandı. Sürücünün
yanındakı ön qapı açıldı, bir polis
nəfəri çölə çıxdı. Bizi
diqqətlə altdan-yuxarı süzüb yataqxana
girişinə doğru addımladı. Binhlə
mən onun arxasınca baxmağa başlayanda polis
maşının qapısı yenidən açıldı
və sükan arxasındakı polis yerə endi.
Maşından birinci enən polis
mühafizəçi ilə salamlaşıb ona nəsə
dedi. Mühafizəçi bir az fikrə
getdi. Gözünü
dolandırıb bizə tərəf baxanda əlini
qaldırıb bizə sarı uzatdı. Bu vaxt
Binhlə ikimiz bu barmağın kimi nişana
aldığını
müəyyənləşdirməyə çalışaraq
həyəcanlanmağa başladıq.
Polis nəfəri
mühafizəçidən:
- Sağdakı? - deyə soruşdu.
- Hə. - Mühafizəçi
cavab verdi.
Elə
bil, çiynimdən ağır yük götürdülər. Binhi
nəzərdə tuturdu.
Polis mühafizəçiyə
təşəkkür edib, Binhə yaxınlaşdı və
aralarında bir metrlik məsafə qalanda soruşdu:
- Vyetnamdansan?
- Hə.
- Gəl, gedək. - Polis əl
hərəkəti ilə maşını göstərdi.
- Niyə? - Binh qürurla soruşdu.
Amma hiss olunurdu ki, səsində təşviş var:
- Lazımdır.
- Nə olub ki? - bu vaxt Binhin səsi bir az titrədi.
- Bölməyə gedək, başa
salarıq. - polis nəfəri etinasızlıqla
dedi.
Binh
mənə tərəf baxdı. Bu
baxışlarda bir utanc hissimi vardı, imdad
çağırışımı, başa düşə
bilmədim. Heç nə
olmayıbmış kimi üzümü döndərdim.
Binhi
yaxından tanımırdım, 3-cü kursda oxuyurdu. Universitetimizdə
4-5 nəfər vyetnamlı tələbə təhsil
alırdı və başqa millətdən olan
tələbələrlə
qaynayıb-qarışmırdılar. Qapalı
dəstələri vardı, həmişə birlikdə vaxt
keçirərdilər. Binh də daxil
olmaqla üç vyetnamlı eyni mənzildə qalırdı
və o biri soydaşları ilə hər axşam bu
mənzildə görüşərdilər. Tez-tez
Binhin mənzilindən Vyetnam musiqisinin səsi,
yeməklərin ədviyyatlı qoxusu gəlirdi. Bəzən
gec saatlara qədər səs-küy olurdu. Bir dəfə gedib Binhdən xahiş etmişdim ki,
bir az sakit olsunlar. Düzdür, narazılıq etməmişdi, amma elə
bil, o gündən Binhin məni görən gözü yox
idi. Dəqiq bilmirəm, bəlkə
də, səhv edirəm. Hər halda
münasibətlərimiz yalnız universitet və yataqxana
dəhlizlərində qiyabi "salam-əleyküm"lə
məhdudlaşırdı. İndi də
polislərin onu apardığını görəndə
ağlıma ilk gələn bu oldu ki, yəqin, dostları
ilə mənzildə toplaşanda nəsə
törədiblər və işin üstü
açılıb.
Polislə Binh maşına doğru
hərəkət edəndə bayaqdan maşının
yanında dayanmış olan polis məni nəzərdə
tutaraq soruşdu:
- Bəs sən haralısan?
Yüngülcə həyəcanlanan
kimi oldum:
- Azərbaycanlı.
- Nə danışırsan! - qımışaraq dedi.
Bu vaxt
Binhi müşayiət edən o biri polis ayaq saxladı və
dönüb mənə baxdı. Maşının
yanındakı polis ondan soruşdu:
- Onu da aparaq?
O biri polis bir qədər fikrə
gedib mənə:
- Sən də gəl! - dedi.
Bir
neçə dəqiqə sonra maşının arxasında
Binhlə büzülə-büzülə oturmuşduq. İnadla
iki dəfə soruşsam da, bölməyə nəyə
görə aparıldığımızı izah
etmədilər. Binhdən
yavaşca soruşdum:
- Bilirsən niyə aparırlar?
O, sakitcə başını
yellədi. Nəsə inanmadım. Nə deyim...
mən də onun böyük pərəstişkarı
deyildim.
Nəhayət,
yaşayış binalarının arasındakı
gözdən uzaq məkanda yerləşən polis
bölməsinə çatıb maşından endik. Ətrafda ins-cins gözə dəymirdi: axı, hara
qeyb olmuşdu bu camaat? Bir neçə dəqiqə əvvəl tamaşa
etməkdən həzz aldığım qar
dənəcikləri indi üzümə
düşdükcə diksinən kimi olurdum, elə bilirdim,
üzümə iynə batırırlar.
Bölmənin
qapısından içəri girəndə dəhlizdəki
polislər bizə elə baxdılar ki, artıq
özümü cinayətkar kimi hiss etməyə
başladım. Qeyri-ixtiyari
olaraq təqsirimin nə ola biləcəyini ağlımda
götür-qoy etdim. Yataqxanaya spirtli içki gətirmək qadağan idi. Amma arada
hansısa məclis üçün bir paket içki alanda
mühafizəçinin cibinə 50 rubl-filan basırdıq, o
da özünü guya məsələdən
xəbərsizmiş kimi aparırdı. Bir
neçə gün öncə yataqxana rəhbəri
dəhlizdə mühafizəçini nəyə
görəsə bərk danlayırdı. Bəlkə mühafizəçi məsələni
bir-iki xarici tələbəni ələ verməklə
həll etməyə qərar vermişdi?..
Dəhlizdəki polislərdən biri
bizi aparan polislərdən soruşdu:
- Qeydiyyata almaq lazımdır?
Onlardan biri bizə sarı
döndü:
- Pasportunuz özünüzdədir?
Dilimiz
topuq vura-vura "xeyr" dedik. Polis
cavabımızı eşidər-eşitməz
həmkarına "Ehtiyac yoxdur" dedi. Bu dəfə
lap narahat oldum ki, bizim bölməyə gəlməyimiz
qeydiyyata belə salınmayacaq.
- Tələbə vəsiqəsi
üstümdədir - dedim, amma polis özünü
eşitməməzliyə vurdu.
Bölmənin
ikinci mərtəbəsinə qalxdıq. Uzun,
alaqaranlıq dəhlizdə idik. Dəhlizin
sonunda bir qapı görünürdü, o qapıya
tərəf addımlamağa başladıq. Qapıya
yaxınlaşanda üzərində bir rus müstəntiqinin
adının yazıldığını gördüm və
adı əzbərləməyə çalışdım. Düşündüm
ki, başımıza bir müsibət gəlsə, heç
olmasa, bu adamın adını əzbər bilməyim
yaxşı olar.
Polislərdən
biri qapını açıb içəri keçdi. Binhlə
mən həyəcanlı halda bir-birimizə baxırdıq. Öz-özümə
fikirləşdim ki, yarım saat bundan qabaq oturmuşdum
yataqxanadakı otağımda, filmə baxırdım,
çay içmək üçün yaxşı bir
peçenye də almışdım. Axı,
sənə lazım idi təmiz hava almaq? Çöldə
nə işin var, aç pəncərəni, zəhrimar
havanı nə qədər istəsən ud da.
Otaqdan
qarışıq səslər gəlirdi. Bir
neçə dəqiqə sonra qapı açıldı
və polislə müstəntiq dəhlizə
keçdilər. Müstəntiq
balacaboy, seyrək saçlı, qırmızı, dolu
yanaqlı bir adam idi. O, bizi başdan ayağa
süzdü, hiss elədim ki, idman şalvarımız onu
azacıq gülümsəməyə vadar eləmişdi.
- Niyə iki nəfər? - müstəntiq polislərə baxıb, sual verdi:
- Bu, vyetnamlıdır, bu isə... -
polis Binhi göstərərək dedi.
- Bəs bu kimdir? - müstəntiq polisin sözünü kəsib sərt
şəkildə soruşdu.
- Bu da azərbaycanlıdır.
- Azərbaycanlı? Bir
güllə ilə iki quş? - müstəntiq qımışaraq soruşdu və bu vaxt onun
ağzından gələn araq qoxusu burnumu
qıcıqlandırdı. - Onda Sergeyə zəng eləyib
deyin ki, lazım olmadı.
Müstəntiq
qapını açaraq bizi içəri dəvət
edəcək idi ki, birdən ayaq saxladı və qapını
təkrarən örtdü.
- Rusca bilirsiniz? - ikimizdən də soruşdu.
- Bəli - eyni vaxtda cavab verdik.
- Vyetnam dilini bilirsən? - üzünü çevirib, Binhdən soruşdu.
- Bəli.
- Haralısan? - təkrar Binhdən soruşdu.
- Vyetnamdan.
- Sən də azərbaycanca
bilirsən? - sonra məndən soruşdu. Müsbət
cavab verdim.
- Getdik onda - müstəntiq dedi və
qapını açdı.
İçəridə
böyük bir otaq vardı. Qapının
yanında bir-birindən aralı və
baxışlarını döşəməyə
dirəmiş iki nəfər mülki şəxs oturmuşdu. Onların
hər birinin yanında bir polis əyləşmişdi.
- Burada dayanın - müstəntiq
əli ilə bizə işarət elədi və
otağın başındakı masaya keçdi.
Mülki
şəxslər başlarını qaldıraraq
məyus-məyus, bir qədər də acıqlı
baxışlarla bizə nəzər yetirib, yenidən
başlarını aşağı saldılar. Onlardan
birinin qafqazlı olduğunu anladım. O biri isə asiyalıya oxşayırdı. Üst-başları
palçıq içində idi, paltarları bir-iki yerdən
cırılmışdı. Saçları
dağınıq idi. Hər
ikisinin üzündə zərbədən sonra yaranmış
göyərtilər hiss olunurdu. Deyəsən, dalaşmış,
bir-birlərini əməllicə əzişdirmişdilər.
- Vətəndaşlar, -
müstəntiq üzünü bu şəxslərə
tutaraq dedi - bax, dediniz ki, Vyetnam dilini, Azərbaycan dilini
bilmirsiniz, biz də axtardıq, sizə tərcüməçilər
tapıb gətirdik. Biri azərbaycanlıdır, biri də vyetnamlı.
Bu vaxt bu
mülki şəxslər təzədən bizə
nəzər saldılar və bu vaxt qafqazlının
azərbaycanlı olduğunu anladım. Gözlərində
nəsə doğmalıq vardı.
- Tələbələr, bu
şəxslər dava salıblar. Onların izahatını
almalıyıq. Özləri
başa sala bilmirlər. Başa
düşmürəm, Moskvada necə yaşayırlar... Soruşun,
görün, özlərinə necə bəraət
qazandıracaqlar.
Binh
vyetnamlının yanında əyləşdi, mən isə
azərbaycanlının. Özümü
azərbaycanca təqdim elədim, universitetdə oxuduğumu
bildirdim.
- Deyə bilərsinizmi hər şey
necə baş verdi? - deyə soruşdum,
amma cavab gəlmədi. Sualımı bir daha təkrar
eləyəndə azərbaycanlı cavab verdi:
- Söyüş söydü, mən
də vurdum.
Bu vaxt onun
partlamış dodağını gördüm və
deyəsən, danışmaq ona ağrı verirdi. Başqa
sual verməyə ürək eləmədim. Üzümü müstəntiqə tutdum:
- Cənab müstəntiq, bu şəxs
deyir ki, təqsiri yoxdur, onu söyüblər, o da vurub.
Sözümü bitirdikdən sonra
Binh də yarım-yapalaq ruscası ilə məni təkrar
edirmişcəsinə söylədi:
- Cənab müstəntiq, bu adam da özünü günahkar bilmir. Deyir, onu
təhqir ediblər, o da dalaşıb.
Binhlə
göz-gözə gəldik və bir-birimizi təkzib edən
sözlər deməyimiz bizi acıqlandırdı.
Müstəntiq üzünü
bizə - mənimlə Binhə tutdu:
- Uşaqlar, sizi gecə bura boş
yerə gətirməmişik. Vaxtımız yoxdur. Təfərrüatlı
soruşun, nə baş verib? İzahatı
yazaq, çıxıb gedək evimizə.
Mən azərbaycanlıya
dönüb dedim:
- Daha təfərrüatlı
danışa bilərsiniz.
- ....
- Başa düşürəm,
sizə danışmaq deyəsən, çətindir, amma
izahat üçün bu, çox vacibdir. Ədalətli
qərar üçün vacibdir.
- Nə deyim? - azərbaycanlı ağır-ağır başını
qaldırdı.
- Niyə dalaşdınız?
- Adam mənə böhtan atdı,
dedi fırıldaqlıq eləmişəm.
- Sonra?
- Mən də dedim yalan
danışırsan. Sonra söyüş söydü...
Müstəntiqin narazı
qalacağını düşünürək
sözünü kəsdim:
- Lap başdan danışa
bilərsiniz?
- Harasından? - key kimi üzümə baxdı.
- Bilmirəm... məsələn,
vyetnamlı ilə necə rastlaşdınız, sonra
hadisə necə oldu.
Hiss olunurdu ki, adam bölmədə
olmasından, düşdüyü vəziyyətdən
məmnun deyil. Gözlərindən bir məsumluq, yorğunluq
yağırdı. Ona
ürəyim acımışdı. Rusiyaya
yeni gəldiyi hiss olunurdu. Rusca yaxşı başa
düşmür və danışa bilmirdi. Onun
böhtana düşdüyünü görmək məni
təəssüfləndirdi. Bu cür
insanların çoxu Rusiyaya öz xoşları ilə
gəlmirdi, ehtiyac içində idilər və burada pul
qazanıb Azərbaycana, ailələrinə
göndərirdilər.
- Vyetnamlı oğlanın adı
Danqdır. "Yuqo-Zapadnı"da bazarda işləyirik. Yanbayan
piştaxtamız var, bankada turşu, mürəbbə
satırıq. Bu gün hava
soyuq idi, alver yaxşı getmədi. Axşam saat
yeddi olardı, fikirləşdim ki, camaatın işdən
çıxıb evə qayıdan vaxtıdır, gedib metronun
çıxışında sata bilərəm. Danqa dedim, sən də gəl, birlikdə gedək.
- Vyetnamlıya təklif etdiniz ki, o da
gəlsin metronun yanında alver eləsin?
- Hə.
- Niyə?
- Yazığın biridir də, dedim,
gəlsin, o da bir tikə çörək pulu qazansın.
Üzümü dərhal
müstəntiqə çevirib dedim:
- Cənab müstəntiq, bu
azərbaycanlı vyetnamlı ilə birlikdə bazarda
işləyir və çox yardımsevər insandır. Axşam
bazardan çıxıb, metronun yanına gəlib ki, alver
eləsin. Vyetnamlıya ürəyi
yanıb, deyib ki, bu adam da pul qazansın. Ona da təklif
edib ki, birlikdə gedək metronun yanında mal sataq.
Müstəntiq maraqsız halda
əlindəki sənədləri
vərəqləyərək başını qaldırmadan
dedi:
- Sonra?
Mən müstəntiqə
müraciət edəndə Binh də məni diqqətlə
dinləmişdi və hiss etmişdim ki, dediklərim onu
qıcıqlandırıb.
Yenidən azərbaycanlı ilə
danışmağa başladım və bir qədər sonra
Binh də müstəntiqə müraciət etdi:
- Cənab müstəntiq, bu
vyetnamlı çox xeyirxah adamdır. Metronun yanında
malları satmağa başlayanda azərbaycanlının
satmağa malı az olub. Vyetnamlı ona iki banka bal verib ki, o da satsın, pul qazansın.
Mən özümü
haqsızlıqla üzləşmiş kimi hiss etdim və
məsələni azərbaycanlıdan soruşdum:
- Bu vyetnamlı sizə öz
balından verib ki satasınız?
- Hə.
- Niyə?
- Bazarda işləyirik də. Hərdən
bir-birimizə kömək edirik.
- Siz ona bəs başqa cür
kömək etmisiniz?
- Niyə etməmişəm? O,
mənə bu gün bal verəndə mən də ona
pomidor turşusu verdim. Dünən Bakıdan gəlmişdi.
- Bir dəqiqə.
Üzümü müstəntiqə
tutub dedim:
- Cənab müstəntiq, bu
xeyirxahlıq qarşılıqlı şeydir. Bizim
azərbaycanlı da vyetnamlıya pomidor turşusu verib.
Müstəntiq üzünü
qaldırıb, təəccüblə bizə baxdı və
səsini qalın yerinə salıb dedi:
- Uşaqlar, buranı bazar
eləməyin. Mətləbə keçin.
Üzümü yenə
azərbaycalıya tutdum:
- Sonra necə oldu? Dava necə
başladı?
- Sonra rus müştəri gəldi,
məndən mürəbbə aldı. Vyetnamlıdan
da turşu.
- Nə turşusu?
- Pomidor.
- Pomidor turşusunu sizdən niyə
almadı?.. Vyetnamlıya
pomidor turşusunu siz vermişdiniz, axı.
- Bilmirəm. Mən torbaya mürəbbə
bankalarını yığırdım, vyetnamlıdan
soruşdu ki, turşu neçəyədir.
- ...
Bəlkə deyib ki, yaxşı pomidor turşusu var?
- Bilmirəm, başım
qarışıq idi, bəlkə də.
Üzümü müstəntiqə
tutaraq dedim:
- Cənab müstəntiq, sonradan bir
rus müştəri gəlib, vyetnamlı ona deyib ki,
yaxşı pomidor turşusu var. Müştəri də
vyetnamlıdan turşu alıb. Əslində isə pomidor
turşusunu vyetnamlıya verən azərbaycanlı idi. Heç
belə də haqsızlıq olar?!
Binh mənə qulaq verdikdən sonra
vyetnamlı ilə nəsə danışdı və
ayağa qalxdı:
- Cənab müstəntiq, bu, bazar
iqtisadiyyatıdır. Bacarırsa, azərbaycanlı da
turşu satsın!
Universitetdə iqtisadiyyat oxuyan
Binhə cavab verməyə hazırlaşırdım ki,
müstəntiq yorğun başını qaldıraraq
əsəbi halda dedi:
- Hörmətli
tələbələr, mənim vecimə deyil, kim kimə nə satıb. Deyin görüm dava necə
olub.
Üzümü azərbaycanlıya
çevirdim:
- Sonra nə oldu? - soruşdum.
- Rus malları aldı getdi.
- Bəs dava necə başladı?
- 5-10 dəqiqə sonra gəlib dedi
ki, fırıldaqçısan. Hər birkiloluq bankada 100-200
qram az mal var.
- Siz nə dediniz?
- Dedik elə şey yoxdur, yalan
deyirsən. O da söyüş söydü, dava
başladı. Vurdum onu.
- Kimi vurdunuz?
- Oğlanı.
- Hansı oğlanı?
Bu dəfə azərbaycanlı sual
dolu baxışla mənə baxdı:
- Rusu.
- Sonra vyetnamlı da sizi vurdu?
- Vyetnamlı məni niyə vursun?
Özümü karıxmış
kimi hiss etdim. Uzaqdan eşidirdim ki, Binh də nəyisə
qurcalaya-qurcalaya soruşur.
- Qardaş, sən rusu vurmusan, bəs,
səni kim vurub?
- OMON.
- OMON hardan çıxdı?
- Vyetnamlıyla rusu vuranda OMON
görüb gəldi.
- Vyetnamlı da rusu vurdu?
- Hə.
- Bəs vyetnamlını kim vurub?
- Dedim də, OMON.
- Sizin ikinizi də OMON döyüb?
- Hə.
Tam
çaşmışdım. Azərbaycanlı
məndən daha çaşqın idi. Məsələnin
məğzini yavaş-yavaş dərk etməyə
başlayırdım. Özümü
gülməkdən güclə saxlayırdım. Başımı
qaldırdım, gördüm, Binh də mat-məəttəl
oturub. Amma mənim gülməyə bənd olduğumu sezib, onun
da dodağı qaçan kimi oldu. Məsələ
aydın idi.
- Cənab müstəntiq... - deyə
başladım və hadisəni nəql elədim. Sonra Binh də
eyni əhvalatı müstəntiqə bənzər
şəkildə danışdı.
Bizi diqqətlə dinlədikdən
sonra müstəntiq ayağa qalxdı və mülki
şəxslərə xitabən dedi:
- Utanmırsınız, hələ
də yalan danışırsınız. İkinizin
də bankalarını bir-bir ölçdük. Bir kiloluq bankanı tərəziyə qoyursan, 200
qram az gəlir, 3 kiloluq bankanı tərəziyə qoyursan,
yarım kilo az gəlir. Ar olsun sizə. Müştərini
necə döymüsünüzsə, başına tikiş
qoyublar xəstəxanada.
Müstəntiq
susdu və bizə baxdı. Başa
düşdük ki, tərcümə etmək
zamanıdır.
Tərcüməni bitirdikdən sonra müstəntiq razı-razı dilləndi:
- Sağ olun, uşaqlar. Bugünlük bəsdir, gecə bölmədə qalsınlar, ağılları başına gəlsin, sabah özümüz həll edərik... Çox
gec oldu, taksiylə yataqxanaya qayıda biləcəksiniz?
Binhlə
ikimiz də idman şalvarında idik. Cibimdə pul
yox idi. Nə deyəcəyimi
düşünürdüm ki, Binh cavab verdi:
- Bəli.
Müstəntiq bizi polislərdən
birinə təhvil verdi və o, bölmənin
qapısına qədər bizi müşayiət etdi. Küçəyə
çıxdıq. Saat 1-ə
işləyirdi.
- Pulun var? Məndə yoxdur. - Binh qəflətən soruşdu.
Heyrətlə
üzünə baxdım. Cavabımı
üz ifadəmdən başa düşdü.
Yataqxanaya
doğru 20 dəqiqə piyada gedəsi olduq. Yolboyu
heç birimiz danışmadıq.
Soyuq
iliyə işləyirdi. Qar da
arsız-arsız hələ yağırdı...
Səməd SƏFƏROV
525-ci qəzet.- 2021.- 20 yanvar. S.
16-17.