Ömrə
bərabər gün...
(Əvvəli ötən
saylarımızda)
Üzü Təbrizə
Yolumuz hələ ki dağlarla əhatə olunmuş yerdən keçirdi. Mən tez-tez
Firudindən Azərbaycanın nə vaxt
başlayacağını soruşurdum. O da adəti üzrə: "Hələ bura
Kürdüstandır", - deyirdi. Yolumuz boyu bir yerdə
"Azərbaycan" yazılmış sözə rast
gəldim. Yenə ondan soruşdum:
- Bura haradır?
O da cavabında:
- Bura hələ
Kürdüstandır, - dedi.
- "Azərbaycan" yazılıb,
axı, - dedim.
- Hə, o söz burada
yerləşən "Azərbaycan" adlı mebel
fabrikinə aiddir.
Mən
nədənsə Firudinə inanmadım. Mənə
elə gəldi ki, o, düz danışmır.
Artıq
axşam saat altıya yaxın idi. Firudindən
acıb-acmadığını soruşdum. Başının işarəsi ilə ac olduğunu
dedi. Mən
ondan yolüstü qarşımıza çıxan
kafelərin birində dayanmağı xahiş etdim. Biraz
gedəndən sonra o, avtomobilini yolun kənarında salxım
söyüdlər arasında yerləşən bir kafedə
saxladı. Avtomobildən düşüb, söyüdlərin
altında olan masaların birində oturduq. Burada
diqqətimi bir şey də çəkdi. Masaların
bəziləri bizim dədə-babadan qalan taxtalara
oxşayırdı. Amma o taxtadan
daha çox, yerdən iyirmi-otuz santimetr
hündürlüyündə olan dördbucaq formalı masaya
bənzəyirdi. Ən
əsası da o idi ki, insanlar onun üstündə bardaş
qurub oturmuşdular və qarşılarındakı
böyük sini qabında olan düyü - bəlkə də
bizim bildiyimiz aş idi bu - yeyirdilər. Ağaclar arasında yerləşən bu kafe Təbriz
yolunun altında və aşağısında çay axan bir
dərənin üstündə idi. Buradakı
yaşıllıqla örtülü mənzərə göz
oxşayırdı. Bir az ətrafı seyr etdikdən sonra Firudindən nə
yeyəcəyimizi soruşdum. O da uzun-uzadı yemək
adları sadaladı. Lakin onun dediyi adların arxasında hansı
yeməklərin olmasını başa düşə
bilmirdim. Sonra dediyi sözlərdən biri
diqqətimi çəkdi:
- Nə, nə? - deyə ondan bir də təkrar etməsini soruşdum. O,
mənim belə maraqla soruşduğumdan təəccüblənib: - "Gəndom", - deyə təkrar etdi. Bu söz
bizim dildə bir az başqa cür
səsləndiyindən marağıma səbəb
olmuşdu. Onun nə olduğunu öyrənməyə
çalışdım. Firudin də
gah aşağı axan çayı, gah bizdən yuxarıda
olan çölu, otları göstərib mənə nə
isə başa salmağa çalışırdı. Mən isə onun söhbətlərindən bir
qədər usanıb:
- Heç nə başa
düşmədim! - deyərək, səsimi bir
az ucaltdım. Bu ara yanımızdan əlində
çay aparan on iki-on beş yaşlı bir uşaq
(görünür, bu kafedə çalışırdı)
dayanıb: "Əmi, buradadır!" - dedi və
əlindəki çayı və stəkanları
qonşu masada oturanlara verib yenidən bizə
yaxınlaşdı. Mən tez ondan soruşdum:
- Sən azərbaycanlısan?
- Bəli, burda hamı
azərbaycanlıdır.
- Sən burda işləyirsən?
- Hə. Bura da bizimdir, - dedi. - Babamla
işləyirəm.
Bu vaxt bizə ortayaşlı bir adam yaxınlaşdı və əvvəl farsca, sonra
duruxduğumuzu görüb azərbaycanca nə sifariş
edəcəyimizi soruşdu. Mən də rahat bir nəfəs
alıb: "Firudin!, - dedim - İndi nə
istəyirsən, mən sənə sifariş edim", -
deyə ona güldüm. Amma Firudin məni başa düşmədi. Hərəmiz
özümüzə sifarişlər verdik. Arada vaxt tapıb, kafenin sahibi Əli kişi ilə söhbət etməyə
çalışırdım. O, mənim Bakıdan olduğumu
biləndə sevindi. Ondan Azərbaycan ərazisinin nə vaxt
başlayacağını soruşdum. Bir az duruxub, ora-bura baxaraq, hansı tərəfdən
gəldiyimi soruşdu. Mən də, Kirmanşah
tərəfdən gəldiyimi, dedim. O da: "Siz Azərbaycana
təxminən yüz kilometr bundan əvvəl keçmisiniz",
- dedi.
Mən Firudinə baxıb dedim:
- Biz yüz kilometrdi ki,
Azərbaycandayıq.
O isə:
- Yox, buralar hələ qarışıqdı, - deyə söhbətdən
yayındı.
Əli kişi burdan
sonra yolumuz üstdə olan Azərbaycan
şəhərləri - Marağa, Azərişəhr və
s. şəhər və qəsəbələr haqqında
danışdı, Təbrizə təxminən beş saata
qədər yol olduğunu dedi. Kafenin sahibi Əli ilə hesablaşanda
və biləndə ki, məndə İran pulu yoxdu, bizdən
heç vəchlə pul almaq istəmirdi. Lakin
Firudinin köməkliyi ilə onunla hesablaşıb yolumuza
davam etdik.
Bağdaddan
uzağlaşdıqca, artıq mənim üçün onun
bir nağıl dünyası olduğunu duyurdum. O, mənim "1001 gecə" nağıllarında
oxuduğum Bağdada çevrilirdi. O, Qahirədən sonra
ərəb dünyasının ikinci böyük
şəhəridir və əhalisinin sayı doqquz milyona
yaxın olan bu şəhər eramızdan əvvəl
XIX-XVIII əsrlərdə yaşayış məskəni kimi
mövcud olmuşdu. 762-ci ildə Abbasilər
dövründə Əbu Cəfər Əl-Mənsur tərəfindən paytaxt şəhəri kimi yenidən inşa edilmişdi.
"Bağdad"
sözünün mənası bu günə kimi tam məlum
deyil. Onun müxtəlif dillərə
- arami, kildani, assuriya, akkad, kəş, fars və s.
dillərə aid olunduğu fərziyyə olunur.
Məsələn, akkad dilində, "Bəldad"
sözündən götürüldüyü və
"günəş Allahı" mənasında, kildani-arami
dillərindən götürülmüş iki sözün
birləşməsindən - yəni "Bəl" -
aramilərin Allahı, "dad" isə "silmək"
(yer üzündən silmək
- rəvayətə görə, Kildani
hökmdarı Nəbuxuznassor Bağdad üzərində
qələbə çalır və ona bu adı verir), fars
dilində "Bağ" - bağ , bostan (Fars hökmdarı
Ənuşiravan dövründə salınmış bağ)
və "Dad" - həmin
bağa "heyrət" - mənasında olan
sözlə birləşməsindən "Bağdad"
sözü yaranmışdır. İlan kimi qıvrılaraq,
Bağdadı yarıb keçən Dəclə çayı
onu Əl-Rasafa və Əl-Kəlx adlanan iki hissəyə
bölür. Rəvayətlərlə
dolu olan bu şəhər, çox qısa bir
müddətdə elm, mədəniyyət, ticarət, islam və ərəb aləmində fəlsəfi fikr
mərkəzinə çevrilmişdir. Burada elm
ocaqlarını təmsil edən akademiyalar yaranmış,
dünyanın ilk hündür binaları burada
tikilməyə başlamışdır. Təəccüblüdür
ki, bu gün Bağdadda hündür binalar, demək olar,
yoxdur, ya da lap azdır. Şəhər
əhalisinin əksər hissəsi xüsusi evlərdə,
villalarda, ya da dörd-beş mərtəbəli binalarda
yaşayırlar. Mənim
yaşadığım on dörd otaqdan ibarət
ikimərtəbəli ev-malikanə şəhərin
Əl-Rasafa tərəfində, "Haara Davudi" (Davudi
məhləsi) deyilən, xurma ağaclarıyla bol olan
yaşıl bir rayonda yerləşirdi.
Evin sahibi
orta məktəbdə coğrafiya müəllimi
işləmiş və təqaüdə
çıxmış Haccı Cəfər adlı bir
şəxs idi. Onun
aldığı aylıq təqaüd yeddi yüz əlli
dinar, o zaman 2500 dollara yaxın bir məbləğ olmuşdu. Haccı
Cəfərin dediyinə görə, bu pul, onların hər
bir ehtiyaclarına çatırdı və hətta ildə
iki dəfə harasa səyahət də edə bilirdilər. İndi
isə onun aldığı təqaüd, yəni yeddi yüz
əlli dinar o təqaüdü almağa getmək
üçün avtobus biletinə belə çatmır. İndi bir dolların
kursu iki min dörd yüz dinara çatıb və onun
təqaüdü bu gün təxminən otuz sentə
bərabərdir. Ona görə də, o, evini kirayə verməyə
məcbur olmuşdu. Geniş
həyətə malik olan və müxtəlif meyvə
ağacları ilə əhatələnmiş
ikimərtəbəli malikanənin illik kirayə qiyməti
doqquz min dollar idi. O, bu pulun
bir hissəsini şəhərin başqa bir yerində ev kirayəsinə sərf edir, qalan hissəsiylə
də ailəsi ilə bir il yaşayırdı. Bir dəfə
Haccı Cəfərdən onun müəllim kimi
aldığı məvaciblə bu boyda evin tikilməsinin
necə mümkün olduğunu soruşdum. O, mənə cavab verərək dedi: "Bir gün məni, qardaşımı və bacımı rayon
bələdiyyə idarəsinə çağırdılar
və Prezident Səddam Hüseynin şəhərdə
torpağı olan sakinlərə ev tikmək və onların
maliyyələşdirilməsi haqqında verdiyi
sərəncamı bizə bildirdilər. Sonra sahib
olduğumuz torpaq sənədlərini, ailə vəziyyəti
haqqında arayış gətirməyimizi istədilər. Biz də
öz növbəmizdə bu tələb olunan
sənədləri gətirib təqdim etdik. Bir
neçə gündən sonra bizi yenidən
bələdiyyə idarəsinə çağırdılar. Burada öyrəndik ki, bizim hər birimizə
ayrı-ayrılıqda ev tikməyə qərar verilib,
mənə və qardaşıma, hər birimizə dörd
yüz əlli min dollar, bacıma isə beş yüz min
dollar ayrılıb. Bu kömək həm də onu qaytarmamaq şərti
ilə verilirdi. Hər
birimiz özümüzə ev tikdirdik, mən də verilən
vəsaitlə bu evi tikdirdim", - dedi və dərindən
köksünü ötürüb onları bu günə
salanları lənətlədi.
İraqa tətbiq olunan sanksiya onun vaxtilə firavan yaşayan bütün əhalisini bu vəziyyətə salmışdı. Kasıbçılıq, işsizlik baş alıb gedirdi
ölkədə. BMT-nin "Neftin ərzaqla
əvəzi" proqramı əhalinin birtəhər
yaşamasını təmin edirdi. Bu proqram, eyni
zamanda, ölkədə istehsal olunan neftin qiymətini daha da
ucuzlaşdırmışdı. Onu da deyim ki,
burada su neftdən bir neçə dəfə baha idi. "Neftin ərzaqla əvəzi" proqramı
əsasında ildə iki dəfə - birinci və ikinci mərhələdən ibarət
neft bölümü kampaniyası keçirilirdı. Burada
iştirak edənlərin siyahısını və
sayını görəndə, ölkənin, xalqın
sərvətinin belə insafsızcasına
bölüşdürülməsinə adamın ürəyi
ağrıyır. Amma nə
etmək olardı, bu bəla İraqın üstünə
çökmüş növbəti sınaq idi. Bu haqda mənə tez-tez görüşdüyüm
adamlar, yerli əhalidən olan iş yoldaşlarım, getdiyim
nazirliklərdə müxtəlif mənsəbə malik
insanlar ürək yanğısı ilə danışırdılar. Ölkələrinin
bu qədər zəngin olmasına baxmayaraq (İraqda
təsdiq olunmuş neft ehtiyatı 143 milyard bareldir və
həmin vaxt bir gündə təxminən üç milyon
barel neft istehsal olunurdu), onun neftini hərə bir
tərəfdən çəkib aparırdı, əhali
isə yarıac, yarıtox yaşayırdı. Həmsöhbətlərim
bunun dözülməz olduğunu həmişə xüsusi
olaraq vurğulayırdılar. Bunu ən
çox neft nazirliyində eşidirdim. Çünki
pis-yaxşı ölkəni bu gün yaşadan da bu
nazirlikdir. İraq Neft Nazirliyi ölkəni ərzaqla təmin
etmək ücün gecə-gündüz
çalışır, neft istehsalını
artırırdı. Burda
işləyən mütəxəssislər öz
işlərini mükəmməl bilən yüksək
səviyyəli mühəndislər idilər. Mən
onların doğrudan da buna layiq olduqlarını, demək olar
ki, hər gün görürdüm. İşimin
əsas hissəsi bu nazirliklə bağlı olduğundan
mən buna tez-tez rast gəlirdim.
(Ardı var)
Zahid ŞAHSUVAROV
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 18.