Milli amalların böyük tərənnümçüsü

 

Xalq şairi Zəlimxan Yaqubun torpaqlarımızın bütövlüyü, Qarabağın qurtuluşu ilə bağlı ülvi arzuları çin oldu

 

Söz vaxtına çəkər deyiblər. 2005-ci il yanvar ayının 21-i idi. Dostum professor Rüstəm Kamalla Zəlimxan Yaqubun 55 illik yubileyi ilə bağlı onun yaradıcılığına həsr etdiyimizSazla havalıyam-sözlə diriyəmkitabını hədiyyə etmək üçün Mingəçevirdən Bakıya gəlmişdik.

Kitabın nəşrindən şairin özü xəbərsiz idi. O zaman Zəlimxan Yaqub həm də Millət Vəkili idi. Təxminən günorta radələrində şairə zəng etdik. Kiçik hal-əhvaldan sonra ad gününü təbrik etdik. Şair belə cavab verdi. “20 yanvar faciəsinin ertəsi nə ad günü ola bilər”. Lakin gəlişimizin məqsədini biləndə bu xəbər onun üçün gözlənilməz oldu. Axı bizim onun haqqında yazdığımız kitab şairin yaradıcılığına həsr olunmuş ilk təqqiqat - ilk kitab idi.  Hədiyyəmiz şairi çox sevindirmişdi.                                                       

Zəlimxan Yaqubun fitri istedadı,qeyri-adi yaddaşı, alovlu tribunluğu, yüksək vətənpərvərliyi, tükənməz enerjisi,dilinin şirinliyi, milliliyi, turançılığı, folklor yaddaşı, emossionallığı, bütünlüklə Zəlimxan fenomeni haqqında çox deyilib, çox yazılıb və hələ innən belə də yazılacaq, deyiləcəkdir. O, Azərbaycan ədəbiyyatı  tarixinə öz adını əbədi yazmış nadir söz ustadlarındandır. Əminəm ki, onun əsərləri, əsərlərində qoyduğu problemlər, poetik üslubu və dili hər zaman maraqlı və oxunaqlı olacaq, zamanın sərhədlərini aşaraq min illərə gedib çıxacaqdır. Zəlimxan poeziyası oxunduqca, öyrənildikcə daha orjinal, daha aktual, daha maraqlı olacaqdır.Onun  yaradıcılığına hansı baxış bucağından baxılmasından, hansı tərəfdən yanaşılmasından asılı olmayaraq sözünün sanbalı, gücü, mənası,ləngəri və ifadə forması ilə həmin dövrün oxucusunu heyrətləndirəcəkdir.    Zəlimxan Yaqub, şair haqqında,“ Vətən məcnunudu, safdı, dəlidi, xalqının bayraqtək qalxan əlidi” – deyərək, hər sətrindən, hər sözündən fəryad qopan əsərlərini yaradıb  və əgər bu əsərlərin yaranma tarixi əsasən  1990-1993-cü illəri əhatə edir. Həmin illərdə şairin bütün yaradıcılığı sanki bu problemlərə yönəlmişdi.    Böyük ədəbiyyatşünas-filosof Yaşar Qarayev şairin qeyd olunan əsərlərinin toplandığı “Şair harayı” kitabı haqqında yazırdı: “Kitabdakı şeirlər haraydır, gileydir şairin Atillaya dediyi şikayət, Pənah xana söylədiyi ağı, Xocalıya oxuduğu layladır.Bu ağı və laylalarla Şəhriyarı öz dərdindən halİ edir, Cavad xana, Babəkə, Qazan xana ürəyini boşaldır, əzabını bölüşmək üçün şaha, şeyxə və şairə-Şah İsmailə pənah gətirir”.

 

İblis yenə fitnəsində, şeytan şərində,

Ağrı canda, nisgil gözdə, yara dərində.      

Tağım uçdu, belim sındı Xudafərində,

Şeyxim mənim, şahım mənim, şairim mənim!

 

Və ya:

 

Qanlı bir yuxu gördüm, yuxu yozanım haray,

Ustad Dədə Qorqudum, ulu ozanım haray,                                        

Gəlsin Tüpdağıdanım, Halaypozanım haray,

Qüdrətimə xal düşdü, arıma güllə dəydi.    

 

Ta qədim zamanlardan bu günümüzədək müharibələrdə saz, söz silahla bərabər olub. Buna xalq qəhrəmanı Koroğlunun, Şah babamız Xətayinin timsalında öyrənmişik, bilirik. Bəzən elə olur ki, silahın görə bilmədiyini söz həll edir, silahla söz eyni səviyyəyə qalxır. Bəzən bir ordunun görə bilməyəcəyi bir savaşa sözlə əlac tapılır.     Zəlimxan Yaqub əsərlərində  şeirini, sözünü yarağa, gülləyə,  mərmiyə, ildırıma, şimşəyə  döndərir. Zəlimxan yaradıcılığında söz ordunu ayağa qaldırmağa qadir qüdrət sahibidir:      

 

Haqqın var baş olub, başda durmağa,                                                

Qaldır məmləkəti ayağa, şeirim!                                                

Misralar meydanda mərmiyə dönsün,                                                

Kəlmələr gülləyə, darağa, şeirim!

Qızıldan bahadır hər gün, hər saat,

Gözləmir, heç kəsi gözləmir həyat.

Torpağı silkələ, göyləri oyat,

Sığışma dəftərə, varağa şeirim!

 

Tarix Azərbaycana elə bir tale qismət eləmişdi ki, XX əsrin sonu, 90-cı illərin əvvəlləri müstəqilliyimizin bərpası ilə bağlı tarixin verdiyi fürsət erməni qonşularımızın növbəti xəyanətkarlığı, torpaqlarımızın növbəti qəsbi, işğalı,  eyni zamanda rus imperialistlərinin xəyanəti və daxili satqınlarımızın birgə fəaliyyətilə müşayət olunurdu. Cəmiyyətin mənəvi – psixoloji düşüncəsinin, ictimai fikrinin və bütün  enerjisinin milli dövlətçiliyimizin bərpasına, ərazi bütövlüyümüzün qorunmasına, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə,vətəndaş müharibəsinin qarşısının  alınmasına yönəldiyi və sərf olunduğu bir vaxtda  Zəlimxan Yaqub kimi, söz və sənət korifeyləri bu prosseslərdən kənarda qala, ona biganə ola bilməzdi. Bütün bu dəhşətləri görən və duyan Zəlimxan Yaqub yazırdı:         

 

Mənə nələr vermədi əsrin axır illəri,                                                 

Gözümə yaşı verdi, saçıma qarı verdi.                                       

Hər kəndə, hər şəhərə bir şəhid qəbirstanı,                                         

Hər evə, hər ocağa şəhid məzarı verdi.

 

Xalq və dövlət  Sovet imperiyasından təzəcə qopmuşdu.70 ildə xalqa sırıdılan və öyrədilən yaxşı-pis nə varsa,hamısından imtina edilmişdi. Yeni dəyərlər isə hələ yaranmamışdı. Bir tərəfdən milli dövlət quruculuğu prosesində buraxılan səhvlər və boşluqlar, hökm sürən başıpozuqluq və dərəbəylik, səriştəsizlik və özbaşınalıq, özündən müştəbehlik, digər tərəfdən müharibə, yenicə müstəqillliyini bərpa etmiş ölkədə çoxsaylı problemlər yaratmışdı. Bütün bu proseslər cəbhədə uğursuzluqlarla , torpaqlarımızın itirilməsi, gənclərimizin kütləvi şəhid olması ilə müşayət olunurdu. Məmləkət başsız qalmış, ara qarıışıb məzhəb itmişdi. Torpaq  isə yavaş-yavaş əldən gedir:

 

Parça-parça Azərbaycan əldən gedir,                                                

Yox, yox! Təkcə əldən getmir,                                                          

Başdan gedir, beldən gedir,                                                        

Xalqdan gedir, eldən gedir,                                                        

Gözlərimiz baxa-baxa gözdən olur Azərbaycan.                              

Gücü çatmır öz gücünü qaldırmağa,                                                  

Qüvvət gedir, dizdən olur Azərbaycan.                                             

Şuşa gedir, Ağdam gedir, Laçın gedir,                               

Yavaş-yavaş bizdən olur Azərbaycan.

 

Şair Qarabağ mövzusunda yazdığı əsrlərdən birini “Vətən yaraları” adlandırıb. Kəlbəcərin işğalına həsr olunmuş bu poema bir yazının,bir tədqiqatın mövzusudur. Poema bu misra ilə başlanır: “Dedilər ki,bu axşam Kəlbəcər də verildi". Müəllif “verildi” kəlməsini görün əsərdə necə təqdim edir:

 

... Birdən birə elə bil,                                                                   

Duyğularım, hisslərim kaman kimi gərildi!                                      

Söhbətə bax, sözə bax                                                               

Kəlbəcər də verildi...          

 

“Tək bircə Kəlbəcər gedibsə, əldən,mənim kimisinə haramdı dünya” deyərək haray çəkirdi Zəlimxan Yaqub:

 

Necə ola bilər ki,

Bircə günün içində məğlub olsun Kəlbəcər,

Bir daşı,bir qayası tərpənməsin tük qədər?!

Mən buna inanmıram,

Mən bu məğrur dağları məğlub olmuş sanmıram!     

 

Kəlbəcər Zəlimxan Yaqub üçün təkcə dağlar-daşlar, meşələr, bulaqlar, coşqun çaylar, dərin dərələr, quşqonmaz qayalar deyildi. Bu yerlər həm də xalqın etnik yaddaışnın yaşadığı məkan,sazımızın, sözümüzün, nağıllarımızın, dastanlarımızın vətəni  idi. Səməd Vurğun və Aşıq Şəmşir dastanının ünvanı idi Kəlbəcər. “Dillər bu gün dilsiz qalıb, Aşıq Şəmşir məzarından ayrı düşüb, aralanıb, Güllü nənə gülsüz qalıb”, ”Şəmşir ağlar zarı-zarı, saz üstündə qan yaş tökər” deyərək  Zəlimxan yanıb yaxılırdı. Kəlbəcəri verənləri kəskin ittiham edərək onları zamanın öhdəsinə buraxır.              

 

Öz xalqının adıyla, hər gün alver edənlər,                                        

Şan-şöhrət pilləsiylə özünə yer edənlər,                                             

Yada xoş gəlmək üçün özünə şər edənlər,                                         

Cildən-cilə girsə də,                                                                   

Dondan-dona düşsə də,                                                               

... Zaman söküb-tökəcək masqaları, donları,                                            

Sabunla kəndir tapıb xalq asacaq onları.

 

Belə olanda şair haray çəkir, fəryad qoparır. Ən uca dağın zirvəsin qalxaraq gur səsi ilə bütün Azərbaycana müraciət edir: “Gözünü yaş yandırıb, qəlbimi qəm tutanlara, ayağı yer, dili söz əli qələm tutanlara, ağsaqqalara, qocalara, sərkərdəyə, ozana, tariximizi qan içində yaradıb, qan üstündə yazanlara, əri şəhid olanlara, oğul məzarı üstə saçlarını yolanlara, toyu yasa dönənlərə, alışmamış sönənlərə, milyonçuya, rüşvətxora, oğruya, alçağa, baş kəsənə, atasından inciyib, anasından küsənə, qorxağa, fərariyə, kənara çəkilənlərə, aradan əkilənlərə, Vətən adı gələndə arzuları çin olanlara, qeyrətli oğullara, işi ancaq söz olub, söz üstə yarışanlara, qaçqın, köçkün, didərgin, evsiz-eşiksiz qalanlara, dili səssiz, laylasız, əli beşiksiz qalanlara, partiyalara, dəstələrə, dəstəbazlara, qurumlara, həyasız alverçilərə, halal ticarətçilərə, min dəfə soyulanı bir də üstəlik soyanlara, dünya malından ötrü öz doğma qardaşına daldan güllə atdıranlara, min dəfə əziləni yenidən əzdirənlərə, Vətəni qəlbində yox,cibində gəzdirənlərə səslənir, onları haraylayır”:                                                        

 

Mən sizi çağırıram,                                                                    

Mən niyə çağırıram?                                                                  

Bu çağırış, bu nida, bu səs nə deyir sizə?                                          

Ürəyimi göynədən,                                                             

Dodağımı yandıran, nəfəs nə deyir Sizə?                                           

Düşünün fikirləşin!                                             

 

Xəyanətkarları, satqınları lənətləyir Zəlimxan Yaqub: “Çoxu eşşək gəzir hərifləməyə, çoxu yəhərlənmiş hazır at gəzir, Şuşa əlimizdən gedəsi olsa, çoxu kəlləsinə güllə sıxırdı,”maşallah” hələ də salamat gəzir”:

 

"Vaqif! Ey sərvərim, ey tacidarım!"

Başdan Şuşa adlı tacı vermişik!

Şuşanı verməklə düşmən cənginə,

Məkkəni vermişik, Hacı vermişik!             

 

Və şairin son nidaları səslənir, xəbərdar edir, müraciət etdityi kəslərin hər birini:             

 

Vətən əgər dardadırsa, 

Mənim haqqım kaman kimi gəlirməkdir,

Ölünün də haqqı yoxdur,

Məzarında rahat yata,  

Onun haqqı dirilməkdir.      

Vətən əldən gedən olsa,

Vətəndaşın qalır bircə vəzifəsi,  

Bir kəndirdi, yağlı kəndir,

Bir boğazdı, bir ilməkdi!     

 

O illərdə şair Təkcə Dədə Qorquda,  Qazan xana, Şah Xətaiyə  müraciət etmirdı, həm də “Allahım, mənə bir ağsaqqal yetir” deyərək  Tanriya müraciət edirdi:

 

Allahım, mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.                                              

İstər göydən endir, özün bilərsən.                                              

... İstər Cavanşiri qaldır yerindən,

İstər Xətaini təzədən gətir.

... Baş ver, başımızda tac ola bilsin

Ruh ver, qolumuzda güc ola bilsin.                                                   

... Dönsün nəsillərin ziyarətinə,                                          

Məkkə ola bilsin, Hacc ola bilsin!                                                     

... Adamı insana, kütləni xalqa                                                            

Tayfanı millətə çevirmək üçün,                                                 

Allahım, mənə bir ağsaqqal yetir!

 

Və 1993-cü ildə Tanrı o, ağsaqqalı Azərbaycana yetirəndə,xalqın təkidli tələbi ilə Ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə Zəlimxan Yaqub yazırdı:

 

Addımbaşı ölümlə çarpışan şirim mənim,

Ölümsüzüm, olməzim ,əbədi dirim mənim,

Gur ocaqlar yandıran ocağım,pirim mənim,

Yüz minlərin içində minim yox ,birim mənim,

Allah özü də təkdir,baxma meydanda təksən,

Sən qalib gələcəksən! 

 

Lakin qalibiyyətin təmin edilməsi üçün çox  görmək lazım idi.Ən birincisi isə ordudan, ordu qurmaqdan başlamaq lazım idi. Qarabağın qalibiyyəti ordudan keçirdi. Şair haray çəkirdi: Mənə ordu gərəkdir, xəstəyə dərman kimi, mənə ordu gərəkdir, nəfəs kimi, can kimi,mənə ordu gərəkdir, sarsılmaz cahan kimi:

 

Düşmənin yuvasını əlimlə pozmalıyam.

Səngəri dırnağımla, dişimlə qazmalıyam.

Tarixi qələmlə yox, qanımla yazmalıyam,

Ordum varsa, yurdum var, ordum yoxsa, yurdum yox!

Gözlər od, əllər silah, canlar sipər olmalı,

Kirpiyimiz sıxılıb yurda çəpər olmalı,

Damarda qan coşmalı, canda təpər olmalı,

Ordum varsa, yurdum var,ordum yoxsa, yurdum yox!

 

Şair həm də soyuq səngərlərdə Vətənə keşik çəkən, başsız dəstəbaşçıların başsızlığı üzündən canını düşmən gülləsinə güdaza verən əsgərlərimizə müraciətən yazdığı “Əsgər qardaşma məktub” şeiri çox təsirlidir. Onun əsgərlərimizə müraciət formasına diqqət yetirin: “Mənim şah damarım,mənim sağ gözüm:

 

Özün qaz səngəri, özün aç yolu,

Dumandan, gümandan çıxart milləti.

Ən güclü ordunun zərbəsinə dön,

Ən ağır zamandan çıxart milləti,

 

Qələbə pay deyil, hədiyyə kimi.

Gətirib hardansa verələr sənə.

Özün qazanmasan lənət oxuyar,

Bu dağlar, bu düzlər, dərələr sənə,

 

Zəlimxam Yaqub bütün yaradıcılığı boyu Türk dedi, Turan dedi. O, Azərbaycanı Türkiyəsiz təsəvvür etmirdi.Əsərlərində, söhbətlərində, dastanlarında Bilgi xanla Oğuz xanın, Dədə Qorqudla Yunus Əmrənin, Şah Xətayi ilə Sultan Yavuzun, adını qoşa çəkirdi. “Əzəl-axır dünya türkün dünyası”dır deyird. Hiss edirdi ki, biz Qarabağda Böyük qələbəyə Türk qardaşlarımızla birgə nail olacağıq:

 

Döyüşdədir ağlın huşun yolları,

Döyüşdədir uçan quşun yolları,

Döyüşdədir qurtuluşun yolları,

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk,qalxan türk!

 

Şair bizim Böyük Qələbəyə, Müqəddəs Qələbəyə Gün kimi, Ay kimi inanırdı. O, bu qələbənin çox uzaqda olmadığını da hiss etmişdi. Şeirlərindən göründüyü kimi Qarabağ düyününü  danışıqlar yolu ilə deyil savaş yolu ilə həllini istəyirdi. Ömrünün sonuna yaxın Qarabağ haqqında yazdığı şeirlərdə xalqı, milləti savaşa, döyüşə çağırırdı:”Son saatım, son xilasım, son əlacım hücumdu” deyərək hər bir Vətən oğluna səslənirdi:

 

Qara buludların yaxasını cır,

Dəli şimşəklərin inadını qır,

Yer kimi silkələn,göy kimi hayqır,

Haydı Vətən oğlu sərhədləri aş,

Savaş istəyirəm,dəli bir savaş.

 

Hiss edirdi ki, bu “dəli savaş”da qalib olacağıq. Yoxsa bizi babaların ruhu bağışlamaz, gələcək nəsillər  bizi daşa basar, şəhidlərin ruhu od tutub yanar. Ona görə gur səsilə hayqırırdı:

 

Anam Azərbaycanım! Dayanma məzlum, fağır,

Məzlumların başına göydən od-alov yağır.

Bütün oğullarını səslə, döyüşə çağır,

Bir göz qırpımı belə qiymətli an deməkdir,

Tökülən hər damla qan bir həyacan deməkdir,

Bu gün döyüş meydanı Azərbaycan deməkdir.

Yaxşılara yaxşı ol, yaman ol yamanlığa,

Ana Vətən, hazır ol Böyük qəhrəmanlığa!

 

Zəlimxan Yaqub həmişə səsi,sözü,şeirləri ilə xalqı birliyə çağırırdı. Bu baxımdan onun “Şair harayı” poemasının finalı çox maraqlı və təsirlidir: “Nurlu axşam düşər, qızıl dan olar, qızıl sünbül bitər, qızıl dən olar, millətin dirəyi qızıldan olar, daşlar gül bitirər, qayalar çiçək, bu gün yumruq kimi birləşə bilsək”:

 

Torpağın dalınca torpaq gedəcək,

Ağacın dalınca yarpaq gedəcək,

Qanımız getdisə canımız gedib,

Baş getdi dalınca papaq gedəcək.

Dünya şirinlikdən daddan çıxacaq,

Papaq unudulub yaddan çıxacaq,

Ləçək bağlanacaq başlara ləçək,

Bu gün yumruq kimi biz birləşməsək!

 

Zəlimxan Yaqub 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyiBöyük ömrün dastanı” poemasında: ”...Şah İsmyıl Xətayim, igid oğlu, ər oğlu, O, da Heydər oğludur, İlham da Heydər oğludeyərək Prezident İlham Əliyevin  indi xalqımızı bir məslək, bir amal uğrunda birləşdirəcəyinə və  böyük qələbəyə nail olacağını inanırdı. Şair O günü görməsə də arzuları çin oldu. Cənab Ali Baş Komandan İlham Əliyev yumruq kimi birləşdirdi bu xalqı. Xalqımızın birlik rəmzinə çevrilən  bu “ Dəmir yumruq ” düşmənin başında ildırım kimi çaxdı. Ruhun şad olsun, Qarabağ arzuları çin olan Şair!

(Ardı var)

 

 

Ramiz GÖYÜŞOV

525-ci qəzet.- 2021.- 20 yanvar. S. 20.