Haqqında
danışmağa "qorxduğumuz" rənglər
Gəl əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə...
Uşaqdan böyüyə hər birimizin əzbər bildiyi və bəlkə də, hər gün pıçıldadığı misralardır bunlar. "Getmək"lə
bağlı çox şeirlər yazılıb, çox
fikirlər söylənib, amma heç biri Ramiz
Rövşənin nümunə gətirdiyimiz şeiri
qədər hisslərimizi, istəklərimizi ifadə edə
bilməyib.
Getməyə
hər zaman ehtiyac duyur insan. Bəzən
evindən, doğmalarından, bəzən
şəhərdən, ölkədən, bəzən
dünyadan, bəzən də özündən qaçmaq,
getmək istəyir. Heç kimin
olmadığı, heç kimin onu axtarmayacağı,
heç özünün də tanımadığı
məchulluğa qovuşmağa can atır.
Amma hara
getməli? Necə getməli? Kimə izah
edəcəksən ki, sən bu dünyanın insanı
deyilsən. Burada
boğulursan, əzilirsən, havan çatmır. Kimi
inandıra biləcəksən ki, həyat sizin
gördüyünüz rənglərdən ibarət deyil. Tanımadığınız,
görə bilmədiyiniz sirli-sehrli rənglər var,
təsvirəgəlməz, sayı-hesabı bilinməz. İzah
etməyə çalışsan, boz baxışlı, boz
gülüşlü adamlar sənə "dəli"
deyəcəklər. "Yazığın
başı oynayıb" söyləyəcəklər. "Hallusinasiya
görür" deyə başlarını bulayacaqlar. Təklənəcəksən.
Özünü təqdim edə bilmədikcə daha da
çarəsiz görünəcəksən. Yorulacaq, tükənəcəksən...
Bax bunu
bildiyin üçün də, susursan. Özünlə, öz dünyanla, öz
rənglərinlə baş-başa qalmaq üçün
uzaqlara, həmin məchul nöqtəyə doğru
getməli, ora çatmalı olduğunu hiss edirsən...
Və bir gün... O rənglərin
sehrindən, gözəlliyindən vəcdə gəlir,
bədən adlı qəfəsdən sıyrılıb
çıxaraq yüksəklərə qalxır,
səndən çooox aşağılarda qalan
dünyanın süni parıltısından tamamilə
fərqli olan işıq selinə düşür, bu selin bir
zərrəsi olmağın həzzini yaşayırsan.
Bütün varlığınla bir daha geri dönməyəcəyinə,
Onun, yalnız Onun olacağına, Ona
qarışacağına inandığın vaxt bir uşaq
səsi eşidilir:
- Ana, acmışam...
Bir telefon zəngi gəlir:
- Sabah saat 9-da iclas var...
Bir qarı gileylənir:
- Sümüklərim
qırılır, Allah kəssin belə ömrü...
Bir televiziya aparıcısı "həvəslə"
çığırır:
- Filankəs qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirdi...
Çırpılırsan yerə... Bir dəqiqə öncə yaşadığın həqiqi xoşbəxtliyin olmadığı yerə... Könülsüz-könülsüz boylanırsan sınıq-salxaq bədəndən... Amma həm də qəribə bir yüksəliş hiss edirsən özündə. O işığın "rəngi", o işığın "qoxusu", o işığın "səsi" tərk etməyibmiş səni... Sən
artıq içindəki işığın təsiri ilə
yaşamağa başlayırsan, fəqət yenə susursan. Kimsəyə
danışmırsan bu haqda. Amma
pay verirsən həmin işıqdan. Pay verirsən həmin
gileyli adamlara, yalqız adamlara, qatil adamlara... Özlərinə
söyləmədən, hiss etdirmədən işıq
olursan yollarında. İşıq
olursan ki, haqqında danışmadığın
rəngləri özləri görsünlər, hiss
etsinlər, yaşasınlar. Bu işıq yayıldıqca yeni
rənglər çıxır meydana. Yeni
rənglərin hərəsi də bir işığa
dönür. İşıq-işıq
artırsan, çoxalırsan. Çoxaldıqca
böyüyürsən. Böyüdükcə
həzz alırsan öz mövcudluğundan. Anlayırsan
ki, sən elə bu dünyaya aidsən. Niyə
gəldiyini bildiyin üçün getmək haqqında
düşünmürsən. Çünki
qanadlarının var olduğundan xəbərdarsan artıq. Və o qanadlarla uçub getməyə yox, bu dünyanı "qucaqlamağa" can atırsan.
Məhsəti MUSA
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 22.